Xəbər lenti
Dünən, 19:25

  

Əmir Hüseynovu 30 ildən  çoxdur tanıyıram. Milli azadlıq hərəkatı başlayanda Əmir də hər bir vətənpərvər kimi bu prosesə qoşulmuş, ölkəmizin sərhədlərinin qorunmasında, ermənilərə qarşı döyüşlərdə xüsusi fəallığı ilə seçilmişdi.

Əmir bəyin bu cəsarəti Heydər Əliyevin də diqqətini cəlb etmişdir ki, Moskvadan Azərbaycana qayıdarkən onu özünün mühafizəçisi götürmüşdü. Hər kəsin sadə vətəndaş Heydər Əliyevi görəndə üzünü yana çevirdiyi, tez-tez üzərinə hücum etdiyi, onun hər cür təxribata açıq olduğu bir zamanda sinəsini qabağa verən nadir adamlardandır Əmir - Onun yolunda hər şeyini fəda edəcək qədər səmimi, bunun müqabilində isə ondan heç nə gözləməyəcək qədər təmənnasız.

  

1991-ci ildən-1994-cü ilə qədər Heydər Əliyevin yanından ayrılmayan, xəstələnəndə başının üzərində dayanan, ağrısını-acısını onunla bərabər çəkən yeganə şəxsdir Əmir Hüseynov. Bu gün belə, Heydər Əliyev sevgisindən heç nə qazana bilmədiyi halda ona sadiq qalan, hər doğum və ölüm ildönümlərində, artıq çoxdan unudulmuş Qayıdış günlərində onun məzarını ziyarət etməyi özünün mənəvi borcu hesab edir. Bəzən qələbəlik üzündən öz liderinin qəbrini ziyarət edə bilmədən geri döndüyünün, bir zamanlar Heydər Əliyevə qarşı çıxanların indi ona ziyarət fürsətini belə vermədiyinin və bu durumun qəlbində yaratdığı üzüntünün dəfələrlə şahidi olmuşam. Hər dəfə də bu üzüntüsünü təkcə mənimlə paylaşıb. Haldan anlayan, bəzən təskinlik verən bir insan olduğum üçün, yəqin...

Onun Heydər Əliyev sevgisindən qazandığı yeganə dəyərli şey isə xatırələridir. Ən çox da Heydər Əliyevin onun barəsində dediyi “mənim fədaim” sözünü xatırlayır və bu ünvanı qazanmaqla qürur duyur.

 

Taleyin hikmətinə bax ki, Heydər Əliyevin fədaisi bu gün 60 illik yubileyini olduqca mütəvazi masada bir zamanlar Heydər Əliyevin siyasətini bəyənməyib tənqid edən, bəzən sərt şeirlər yazan Heydər Oğuz və kürvəsi Ədalət bəylə keçirdi. Onun fədailiyinin çörəyini yeyənlər isə Əmiri yada belə salıb telefonla da təbrik etmədilər. Ən maraqlısı isə odur ki, elə Əmirin 60 illik yubileyində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin Vasif Talıbovun Birləşmiş Ərəb Əmirliklərindəki mülkiyyətlərinə dair məlumat paylaşılmışdı. O Naxçıvan MR-in ki, büdcə vəsaiti problemi yaşadığı üçün Azərbaycandan hər il yüzmilyonlarla dotasiya alır. O Naxçıvanın ki, bu qədər dotasiya aldığı halda vətəndaşlarının böyük hissəsi Türkiyənin qul bazarında iş axtarır və hər seçkidə öz əvəzedilməz liderlərinə 94.6% səs verir. O əvəzedilməz liderə ki, Əmir Heydər Əliyevi qoruyanda...

  

Hər nə isə, mən Əmirin davasını etmək niyyətində deyiləm. Sadəcə onu vurğulamaq istəyirəm ki, Heydər Əliyevin fədaisi Heydər Oğuzla bir yerdə kasıb bir süfrədə 60 illiyini qeyd edəndə Vasif Talıbovun BƏƏ-də kəşf edilmiş yeni mülkiyyətinin fotolarını paylaşan tanınmış jurnalist Cavanşir Həsənli bu məlumatı oxucularla bölüşürdü.

 

Birləşmiş Ərəb Əmirlikləri, Ajmanda

Əl Talıbov qülləsi.

Rəsmi adı Al Rza Towerdir, Vasif Talıbovun oğlu Rza Talıbovun adını daşıyır. Bina Talıbovlar ailəsinə məxsus Gəmiqaya Holdinq tərəfindən inşa olunub.

Ünvanı belədir: 60, 1 Street, Ajman Industrial 2, Ajman Office 1201.

Bina yaşayış təyinatlıdır, 12-ci mərtəbəsində holdinqə daxil olan GƏMİQAYA REAL ESTATE daşınmaz əmlak şirkəti yerləşir. Talıbovların körfəz ölkələrindəki əmlakı bu şirkət vasitəsilə idarə olunur.

Yeri gəlmişkən, Talıbovların BƏƏ-dəki daha bir şirkəti GEMIKAYA GENERAL TRADING LLC-dir. Şirkətin ofisi Dubai Investment Parkda yerləşir. Şirkət ərəb ölkələrinə "Badamlı" sularının satışını, eyni zamanda Azərbaycanla Körfəz ölkələri arasında digər ticari əməliyyatları reallaşdırır. Ticarət şirkətinin gəliri 1 milyon dollar göstərilir.

Jurnalist Cavanşir Həsənli.

 

  Sözsüz ki, mən 60 illik yubileyində bu sözləri Əmirə demədim. Bəlkə də içində gəzdirdiyi qaysağını qoparmamaq üçün. Amma yadıma Xəlil Rzanın məşhur şeiri düşdü və mən Əmiri o şeirlə təbrik etdim. Mən bir daha Əmir Hüseynovun ad günü münasibətilə həmin şeiri paylaşır və yubilyara heç olmasa bundan sonra unudulmamaq xoşbəxtliyi arzulayıram.




Ana səhifəyə qayıt        Baxış: 2 844          Tarix: 14-02-2020, 01:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma