Xəbər lenti
Dünən, 19:25

 

Suriyanın şimal-qərbində gərginlik artarkən Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu Türk heyətinin İdlibdəki vəziyyəti müzakirə etmək üçün Moskvanı ziyarət edəcəyini açıqladı. Çavuşoğlu həmçinin İdlibə edilən hücumların bir milyondan çox vətəndaşı evlərini buraxıb Türkiyə sərhədinə köçə vadar etdiyini söylədi.

Əsəd gücləri ilə Türkiyə arasındakı birbaşa qarşıdurmaların yaşanmasından sonra İdlib ətrafındakı vəziyyət mürəkkəbləşir. Türkiyənin İdlibdəki hərbi varlığını gücləndirməsi Moskvanın hazırkı vəziyyətdən narahatlığı, Vaşinqtonun isə Ankaranın yanında olduğunu açıqlamasıyla eyni vaxta düşdü.

İdlib son üç ildir Rusiya ilə Türkiyə arasında Suriyadakı ən böyük anlaşılmazlıq sahələrindən biri oldu. Tərəflər hər dəfə atəşkəs razılaşmasına nail olmağa çalışsalar da, bu atəşkəslər ümumiyyətlə kövrəkliyi ilə yadda qaldı. 2018-ci ilin sentyabrında imzalanan Soçi sazişi İdlib və ətrafındakı Hələb, Hama və Latakiyaya qədər uzanan ərazinin durumunu müəyyənləşdirməyə çalışan Astana prinsiplərindən sonra ən əhəmiyyətli istinad nöqtələrindən biri hesab olunur.

İndiki hərbi əməliyyat başlamazdan əvvəl Moskva Ankaranın "müxalif döyüşçüləri və terrorçu qrupları" ayırmağı tələb edən Soçi sazişinin ən vacib müddəalarını yerinə yetirmədiyini söylədi və bu hərbi əməliyyatlar Rusiya-Türkiyə qarşıdurmasının siyasi səviyyəni aşdığını göstərdi.

Digər tərəfdən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dəməşqin Türkiyənin olduğu nöqtələrdən güclərini geri çəkməməsi halında İdlibdə hərbi əməliyyata başlamaqla təhdid edir. Bununla birlikdə, onun NATO-dakı müttəfiqi ABŞ Türkiyəyə dəstək verəcəyini açıqladı və təcili bir şəkildə Suriya xüsusi elçisini Ankaraya göndərdi...

İdlibdəki vəziyyət ürəkaçan deyil. Avropa paytaxtları Türkiyənin nəzarətində həll variantına daha yaxındırlar. Çünki bölgənin yeni bir qaçqın dalğasına səhnə olmasını istəmirlər. Almaniya qaçqın yardımları çərçivəsində Türkiyəyə 60 milyon dollar verən ilk ölkə oldu. Eyni zamanda Fransa, Almaniya, Rusiya və Türkiyənin iştirak etdiyi dördlü bir zirvə reallaşdırıldı. Ancaq Türkiyənin qarşısında Heyət Təhrir əş-Şamın içərisindəki xarici ünsürlərin aqibətilə əlaqədar böyük bir çətinlik var. Hər nə qədər bu təşkilatı terror yuvası kimi qiymətləndirsələr də Türkiyə onlarla birbaşa qarşıdurmaya girmək istəmir.

Suriyadakı vəziyyətə həll yolu tapmaq prosesi böyük çətinliklərlə üzləşir. Çünki bölgədəki müxtəlif tərəflər bu həllin keyfiyyəti və nəticələri ilə bağlı fərqli mövqelərdədirlər. Bəzi radikal və separatçı terror təşkilatlarının meydana çıxması vəziyyəti daha da çətinləşdirir. Bu vəziyyət Suriyadakı münaqişə tərəflərinin prioritetlərini də dəyişdirdi.

ABŞ rəsmiləri hər nə qədər İdlib mövzusunda Türkiyəni dəstəkləyən açıqlamalar vermiş olsalar da, xüsusilə PKK-nın Suriyadakı uzantıları ilə əlaqədar olaraq Ankaranın qarşısında yer alırlar. Rusiyanın Ankara səfirliyinin Twitter hesabı üzərindən paylaşılan iki fotoşəkil ABŞ-Türkiyə əlaqələrindəki ziddiyyəti göstərən ən gözəl mənzərəsidir. Həmin şəkillərin altında bu sözlər yazılıb: "Şərhi sizə buraxırıq". Fotolardan birində ABŞ dövlət katibi Mike Pompeonun "Türk əsgərlərinin öldürüldüyü İdlib hücumu sonrasında NATO müttəfiqimiz Türkiyə ilə birlikdəyik" ifadəsi yer alır. Digər fotoşəkildə isə YPG tərəfindən Vaşinqtona verilən silahların miqdarı və növləri, habelə Pentaqonun bu təşkilat üzvlərindən hərbi qüvvə yaratmaq üçün Konqresdən xüsusi büdcə istəməsi əks olunub.

 

Türk Twitter istifadəçiləri Rusiyanın Ankaradakı səfirliyinin bu paylaşımı ilə əlaqədar müxtəlif açıqlamalar veriblər. Bəziləri Rusiyanın PKK və onun törəmələrini terror təşkilatı kimi təsnif etməməsini paradoks adlandırıb, digərləri isə ABŞ və Rusiyaya güvənməyin ən pis variant olduğunu bildiriblər.

Mövcud çətinliklərə və hal-hazırdakı döyüşün Türkiyə və Rusiya üçün ən böyük təhdidlərdən biri olmasına baxmayaraq, İdlib böyük ehtimalla Moskva ilə Ankara arasında bir ayrılıq “stansiyası” olmayacaq. Çünki iki ölkə arasındakı əməkdaşlıq davamlılığını sürdürəcək qədər dərindir.

Suriyada Türkiyənin qarşı-qarşıya olduğu çətinliklər ABŞ və Rusiya kimi iki nəhəng oyunçunun qarşıdurmayla və ya razılaşmayla ofsaytda buraxılaraq həll edilə bilməz. Türkiyə bu iki ölkə olmadan oradakı vizyonunu reallaşdırmağa qadir deyil. Bununla birlikdə, həm tutulan yol, həm də münasibətlər və prioritetlər baxımından Ankara, Moskva və Vaşinqton arasında bir çox fikir ayrılığının olduğu da sirr deyil.

Basil el-Hac Casim

Independent Arabia

Çevirdi: Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 188          Tarix: 15-02-2020, 18:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma