Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Münhen debatı dünya mediası tərəfindən də diqqətlə izlənilib. Xüsusilə Türkiyə və Rusiya mətbuatı öz səhifələrində bu mövzuya ciddi yer ayırıb.
Rusiyanın NEWS.ru nəşrində bu gün dərc olunan bir məqalənin sərlövhəsi xüsusilə diqqəti cəlb edir. “Münhen konfransı Əliyevlə Paşinyanı yaxınlaşdırmadı: Paşinyan güzəştə hazır deyil, amma danışıqlar prosesində “mikro-inqilablar”a çağırır” sərlövhəli məqalənin tərcüməsini Ovqat.com oxucularına təqdim edirik:
Münhendə istirahət günlərində keçirilmiş təhlükəsizlik konfransı Bakı ilə Yerevanın əvvəlki kimi, Dağlıq Qarabağın statusu məsələsinin həllindən çox uzaq olduqlarını ortaya qoyub. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan konfrans çərçivəsində görüşüblər. Lakin onların arasında konstruktiv dialoq nəzərdə tutulsa da, görüş sonda tərəflərin artıq hər kəsə məlum olan mövqeyi ətrafında nəticəsiz fikir mübadiləsinə çevrilib.
Formal olaraq Münhen konfransındakı görüşün rəsmi danışıqlar deyil, diskussiya olacağı əvvəldən bəyan edilmişdi. Lakin görüşdəki danışıq tonunun özü artıq çox şeydən xəbər verirdi. Görünən odur ki, tərəflərin prinsipiallığını nəzərə alsaq, qısamüddətli perspektivdə irəliləyişə ümid etmək olmaz.
Diskussiyanın moderatoru olan ABŞ Milli Təhlükəsizlik Şurasının Rusya və Mərkəzi Asiya üzrə keçmiş direktoru Selesta Vallander dialoqa hazır olduqları üçün liderlərə təşəkkür edib. Əliyevlə Paşinyanın tarixi faktlarla bağlı fərqli fikirlər səsləndirmələrindən sonra moderator xanım soruşub: bəs tanınmamış “Dağlıq Qarabağ Respublikası” probleminin həlli üçün beynəlxalq birlik nə edə bilər?
“Ermənistana Dağlıq Qarabağın onun ərazisi və ya müstəqil dövlət deyil, qeyri-qanuni qurum olduğunu bildirmək lazımdır”. İlham Əliyevin suala ilk cavabı belə olub. Paşinyan isə öz növbəsində, belə münaqişələrin bir-iki addımla həll oluna bilməyəcəyini söyləyib. Erməni baş nazirin fikrincə, bunun üçün danışıqlar prosesində “mikro inqilablar” etmək lazımdır. Lakin hələlik bu barədə danışmaq mümkün deyil və iki liderin ötən ilin mart ayında Vyanada keçirdiyi görüş də bunu açıq şəkildə nümayiş etdirib. Vyana görüşünün sonunda birgə yekun bəyanat belə, qəbul edilməmişdi.
Münhendəki diskussiyanın nəticələri isə ortadadır. Azərbaycan prezidenti dialoqa hazır olduğunu dəfələrlə təkrar edib. O, Ermənistan rəhbərliyilə görüşlərdən çəkinmədiyini söyləyir. Paşinyana gəldikdə, baş nazir Azərbaycan xalqının maraqlarına hörmətlə yanaşmağın lazım olduğunu deyən edən ilk erməni lideridir və bunu öz nailiyyəti sayır.
Əslində, belə ritorika praqmatik danışıqlar üçün şərait yaratmalıdır. Xüsusilə ona görə ki, Bakı ilə Yerevan arasında vasitəçiliyi hər iki tərəflə möhkəm əlaqələri olan Moskva edir. Lakin çox vaxt tərəflərin sülhsevər bəyanatları başqa amillər üzündən nəticəsiz qalır. Hətta əgər Paşinyan “DQR” ətrafında vəziyyəti həll etmək niyyətində səmimi olsa belə, o, daxili siyasi qüvvələr nisbətini nəzərə almaya bilməz. Ermənistan rəhbərləri üçün Dağlıq Qarabağ münaqişəsindəki istənilən birtərəfli güzəşt siyasi intihar deməkdir. Bundan başqa, baş nazir hələlik iqtisadiyyatda da ciddi uğurlarla öyünə bilməz. Odur ki, diqqəti yayındırmaq üçün əldə başqa kozır olmalıdır. Başqa sözlə, narazılıq yaranar-yaranmaz, Ermənistan əhalisinin diqqətini həmin kozıra yönəltmək lazım gəlir. Bu mənada, Paşinyan üçün Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması olunmasından daha sərfəlidir.
Eyni zamanda, status-kvonun saxlanılması ilə də nəticə əldə etək mümkün deyil. Tərəflərin iddiaları özbaşına aradan qalxmayacaq və bunu hər kəs başa düşür. Hər iki dövlətdə artıq bir neçə nəsil yetişib ki, onlar üçün “DQR” ətrafındakı mübahisə həm ikitərəfli münasibətləri mümkünsüz edən həlledici bənd, həm də digər istiqamətlərdə qarşılıqlı təmasları çətinləşdirən əsas problemdir. Bundan başqa, Azərbaycan təmsilçilərinin dəfələrlə xəbərdar etdiyi kimi, bölgədə vəziyyət hər an “partlaya” bilər.
“Müharibənin hər an çox asanlıqla qızışması mümkündür. Vəziyyət təhlükəlidir və nəzarətdən çıxa bilər”, - deyə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bildirib.
Bölgədəki son ciddi toqquşalar dörd il əvvəl baş verib. “Dördgünlük müharibə” kimi yadda qalmış həmin hadisə həm Azərbaycan, həm də Ermənistan tərəfindən hərbçilərin həlak olması ilə nəticələnmişdi. Ondan sonra bu miqyaslı toqquşma baş verməsə də, gərginliyin istənilən an artacağını istisna etmək olmaz. Son insident də iki liderin Münhen görüşü ərəfəsində baş vermişdi. İlham Əliyevin sözlərinə görə, fevralın 15-də erməni snayper Azərbaycan hərbçisini qətlə yetirib. Təbii ki, belə təxribatlar yüksək səviyyəli danışıqların xarakterinə də təsirsiz ötüşə bilməzdi.
Renat Abdullin
Paylaş: