Xəbər lenti

 

İran deyəndə yəqin ki, bir çoxlarımızın ağlına ağlamaq gəlir. Məhərrəmlik ayı boyunca ağlaya-ağlaya sinə döyən, zəncir vuran insanların mənzərəsidir İran. Binəva iranlılar bəzən gözlərindən yaş gəlməyəndə belə özlərini ağlamaqlığa vurmalıdırlar ki, dostdan-düşməndən ayıb olmasın. Birdən onu “müqəddəslərin ruhuna ağlayan görməsələr, vətəndaşlıq borcunu yerinə yetirmədiyini” düşünənlər SEPAH-a məlumat versələr, “əcəba nə olar” qorxusu İran xalqını ağlamaq yarışına girməyə vadar edir. Beləcə yüz illərdir ağlaya-ağalaya özünə gün ağlamağa çalışan İranın gözündə yaş da quruyub, di gəl ki, ağ günə çıxa bilməyib. Hələ də ABŞ-ın, İsrailin qəfil hücumları xofuyla yatıb, bu xofla da oyanırlar. Başlarının üzərində sərnişin təyyarəsi uçanda belə, bunu raket zənn edib nişangaha alırlar.

Amma belə görünür ki, nə qədər indiki rejim qalır, İranın göz yaşları da qurmayacaq. Çünki molla rejimi göz yaşından xoşlanır, bunu özünün mövcudluğu üçün böyük qənimət kimi qiymətləndirir. Bu baxımdan İran iranlıların göz yaşıyla suvarılaraq ərsəyə gətirilən məhsula bənzəyir. Həmin məhsulun bağbanı isə molla rejimidir.

 


İranın dini lideri Ayətullah Seyid Əli Xameneinin ötən günlərdə Məhəmməd peyğəmbərin qızı Həzrət Fatimeyi Zəhranın haqqa qovuşması münasibətilə keçirdiyi müşavirədə öz məddahlarına buyurduğu təlimatlar da belə düşünməyə əsas verir. Ayətullah Xameneinin rəsmi saytı leader.ir-in məlumatına görə, dini rəhbər həmin müşavirədə deyib:

İstanbul, Halkalı


“Bir zamanlar Əhli-beyt məclislərində və şəhidlərə həsr edilmiş mərasimlərdə ağlamağın zəiflik əlaməti olduğunu təlqin edən ziyalınümalardan fərqli olaraq məddahlar bunun zəiflik yox, əksinə, meydanın ortasında olan bir adamın ali hisləri, izzət, qüdrət və şücaət hissi üçün bir vasitə, bu məclislərin baniləri və təbliğatçılarının pak imamlar olduğunu çatdırırlar”.

Aşura günü başyarma mərasimi


Ayətullah Xamenei Şəhid Hacı Qasim Süleymani və döyüş yoldaşlarının əzəmətli dəfn mərasiminin belə məclislərin aşkar nümunəsi olduğunu bildirib: “Bu gün ölkənin əsas ehtiyaclarından biri gənclərin ruhi, fikri və mənəvi gücünün dərinləşdirilməsi və yüksəlişi, Fatimə və Əhli-beyt (ə) maarifinin düzgün tanıtdırılmasını ehtiva edən yumşaq müharibə silahları ilə təchiz olunmasıdır. Belə bir silahla təchiz olunmaq İslam cəmiyyəti və dövlətinin toxunulmazlığına səbəb olur. Bu vəzifə və məsuliyyət məddahların üzərinə süşür. Əgər bu ağır vəzifəyə düzgün əməl edilməsə, Allahın sorğu-sualı və cəzası ağır olacaq”.

Ərdəbil məddahlıq məktəbinin yetirməsi mərsiyə deyir


İslam İnqilabının Rəhbəri Əhli-beyt maarifi, İmam Hüseyn və Həzrət Zəhranın adı və xatirəsinə həsr edilmiş məclislərin təsirlərindən bir nümunə qeyd edərək dedi: “ABŞ-ın dünyanı heyrətə gətirən nəhəng və vəhşi təzyiqləri qarşısında İran xalqının davam gətirməsi həmin maarifin bərəkətinin nəticəsidir. Belə bir ağır şəraitdə hər kəs İranın müqavimətçi əhalisinin 22 bəhmən yürüşü və general Süleymaninin dəfn mərasimindəki iştirakını gördü. Bu dözüm, həqiqətən, heyrətamizdir”.

İran, Əhvaz

İğdır, Aralıq, Türkiyə


O qeyd edib ki, məddahların mühüm vəzifələrindən biri İslami həyat tərzinin təbliği və dərinləşdirilməsidir: “Əgər düşmənin mədəni hücumu qarşısında həyat tərzini düzgün və İslami yola qaytarmaq istəsək, yeganə çarə mədəniləşdirmədir. Məddahlar bu mühüm işdə böyük təsirə malikdirlər”.


 Ovqat.com-dan zəruri qeyd:

Biz bu sözləri deyərkən qətiyyən Aşura mərasimlərinin keçirilməsinə qarşı çıxmırıq. Əksinə, bu mərasimlərin ədalətli cəmiyyət uğrunda mübarizələrin, yerli və imperialist zülmlərə qarşı dirənişlərin simvolu kimi qeyd olunmasının, İmam Hüseynin şəhadətinə ağlamağın, baş yarmağın yox, imamın biz müsəlmanlar üçün miras qoyub getdiyi şücaət örnəyini mənimsəməyin tərəfdarıyır. Bir zamanlar qələmə aldığım “Gəldi Aşura, Hüseynim” mərsiyəsində bu həqiqət dilə gətirilib.

Mərsiyədə “rəhbərimiz” deyəndə yalnız hansısa konkert şəxs nəzərdə tutulmur. Hədəfimiz bütün İslam dünyasını  öz sekulyar və ya teoloji ideologiyalarının əsiri edən rejim rəhbərləridir. Öz ölkəsində göz yaşı üzərində səltənət quranlar da bu hədəf dairəsindən kənarda dayanmırlar.




Ana səhifəyə qayıt        Baxış: 3 552          Tarix: 18-02-2020, 11:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma