Xəbər lenti

  

 Mərhum general Qasim Süleymaninin 40 mərasimində iştirak etmək üçün İrana səfər etmiş Azərbaycan Respublikası şiələrindən bir qrupu ölkənin Mədəniyyət və İslami Əlaqələr Təşkilatının qonağı olub. Qonaqlar Qasim Süleymaninin portretini bu təşkilatın rəhbəri Əbuzər İbrahimi Türkmənə təqdim ediblər.

Ovqat.com İranın yarırəsmi xəbər portalı Arannews.com-a istinadən xəbər verir ki, portretdə general Süleymani döyüş geyimində, əlində tüfəng və boynunda çəfiyə şəklində təsvir edilib .

Məlumata görə, Azərbaycanın sənət ustası Füzuli Şəfiyev bu rəsmi ali dini rəhbər Həzrət Ayətullah Xameneiyə hədiyyə etmək üçün çəkib. Rəssamın əsəri İranın Bakıdakı mədəniyyət attaşesinin əməkdaşlığı ilə ünvanına göndərilib. Hədiyyəni isə dini rəhbərə yox, başqasına çatdırıblar.

Qeyd edək ki, İran dini liderini Azərbaycanla əlaqələrdə nədənsə Mədəniyyət və İslami Əlaqələr Təşkilatı rəhbərinın əvəz etməsi ilk belə hadisə deyil. Xatırladaq ki, ötən ilin noyabrında Bakıda keçirilən beynəlxalq dini konfransa da (Dünya dindarlarının II sammiti) İran dini lideri Ayətullah Xamenei dəvət olunmuşdu. Hər kəs Ayətullahın özünün olmasa da onun beynəlxalq məsələlər üzrə köməkçisi Əli Əkbər Vilayətinin Bakıya təşrif buyuracağını gözləyirdi. Rəsmi Tehran isə sürpriz edərək konfransa Əbuzər İbrahimini göndərmişdi.

Maraqlıdır ki, həmin vaxt İsrail mətbuatı şok məlumat yaymışdı. Məlumata görə, Argentina XİN Azərbaycanın bu ölkədəki səfirini çağırıb Vilayətinin həbs olunub onlara veririlməsini tələb edibmiş. Vilayətinin sözügedən sammitə qatılmaması da bu səbəblə izah olunmuşdu. Baxmayaraq ki, Azərbaycanın Argentinanın tələbilə yaxın qonşusunun “boz kardinalı”na qarşı bu addımı atmayacağı şübhə doğurmurdu. Amma Vilayətinin məlum sammitə gəlməməsi yenə də bəzi ekspertlərdə rəsmi Tehranın hər ehtimala qarşı ehtiyatı əldən verməməsi qənaətini formalaşdırmışdı.

Azərbaycanlı rəssamın Xameneiyə göndərdiyi hədiyyənin də məhz Əbuzər İbrahimi Türkmənə verilməsi bu qənaətləri alt-üst edir. Belə görünür ki, İran dini rəhbərin Azərbaycanla əlaqəsinə Mədəniyyət və İslami Əlaqələr Təşkilatı nəzarət edir.




Ana səhifəyə qayıt        Baxış: 1 571          Tarix: 19-02-2020, 14:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma