Xəbər lenti
Dünən, 19:25

  

Bu gün saat 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni tərkibdə ilk iclası keçiriləcək.

Ovqat.com-un məlumatına görə, iclasın gündəliyində 4 əsas məsələ dayanacaq:

 

  1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi;

 

  1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi;

 

  1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi;

 

  1. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi.

İlk baxışdan yenicə seçkilərdən çıxmış Naxçıvan Muxtar Respublikanın siyasi həyatında bu gün tarixi hadisə yaşanacaq. Çünki yeni muxtar parlament öz yeni tərkibli idarəetmə orqanını məhz bu sessiyada formalaşdıracaq. Fəqət Naxçıvanı az-çox tanıyanlar hansısa böyük dəyişikliklər olacağını gözləmirlər. Bir neçə saatdan sonra başlayacaq sessiyada formalaşacağı gözlənilən yeni tərkib barədə 3 variant irəli sürülür.

 

Bunlardan biri Muxtar iradənin neçə illərdir arzuladığı, amma həyata keçirə bilmədiyi plan idi. Həmin plana əsasən, Naxçıvan MR Ali Məclisinin sədri Bakıya vitse-prezident kürsüsünə gətirilir, onun Muxtar Respublikadakı postu isə oğlu Seymur Talıbova ötürülürdü. Ötən il Naxçıvanda bütün məmurlar arasında pıçıltı texnologiyası ilə yayılaraq hazırlanan ictimai rəy əsasən bu istiqamətdə idi. Mümkünlük ehtimalı artıq sıfıra yaxın olan bu variantda Ali Məclis sədr vəzifəsinə Seymur Talıbovu gətirməli idi. Di gəl ki, tam Şimalı Koreya variantı adlandıra biləcəyimiz bu arzu paytaxtda yaşanan kadr islahatları nəticəsində suya düşmüş oldu. Artıq  Vasif Talıbovun ən yaxın çevrəsində belə bu versiyaya inanan yoxdur.

 

2-ci variant:

Ali Məclisin Sədri: Talıbov Vasif Yusif oğlu;

Ali Məclis Sədrinin Birinci Müavini: Zeynalov Azər Yadulla oğlu;

Ali Məclis Sədrinin Müavini: Talıbov Seymur Vasif oğlu.

 

3-ci variant

Bu variantın 2-cidən yeganə fərqi Ali Məclisin müavinindədir. Yəni Ali Məslisin sədri və onun birinci müavini olduğu kimi saxlanılır, artıq həyata keçirilməsinin mümkün olmayacağı anlaşılan və mənasız söz-söhbətə yol açmaqdan başqa işə yaramayan varis planı ümumiyyətlə gündəmdən çıxarılır. Bu varianta görə, indiki tərkibdəki Ali Məclisin Sədr müavini postu, yəni Seymur Talıbovun vəzifəsi İsmayıl Qəribli Cavanşir oğluna verilir:

Ali Məclisin Sədri: Talıbov Vasif Yusif oğlu;

Ali Məclis Sədrinin Birinci Müavini: Zeynalov Azər Yadulla oğlu

Ali Məclis Sədrinin Müavini: Qəribli İsmayıl Cavanşir oğlu.

  

Naxçıvan MR rəhbərliyinin bu gün yenidən təsdiqlənəcək tərkibi əhalisinin ən azı yarısı pərən-pərən salınmış diyardan topladığı səs faizi ilə hətta Pxenyan rəhbərliyini belə təəccübləndirərdi. Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yenidən sədr seçilməsi şübhə doğurmayan Vasif Talıbov 7 saylı Yuxarı Aralıq seçki dairəsi üzrə seçicilərin 4678-nin və ya 94,6 faiz səsini toplamışdır.

Onun birinci müavini Azər Zeynalov isə cənab sədrindən faiz hesabına görə sadəcə 3% geri qalmışdır - 91,4%.

25 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə  3942 seçicinin  səsini qazanan Seymur Talıbov da 90%-i geridə qoyanlardandır. O, topladığı səslərin faiz hesabına görə Azər Zeynalova 0,3%, öz atasına isə 3,5% uduzmuşdur - 91,1 faiz

 

Naxçıvanın potensial yeni rəhbərliyi arasında adı çəkilənlərdən  ən az seçici rəğbəti qazanan isə İsmayıl Qəriblidir. İsmayıl müəllim 4 saylı Yengicə seçki dairəsi üzrə seçicilərin 3274-nün və ya 67,2 faiz səsini toplamışdır. Görünür, İsmayıl müəllimə Naxçıvan MSK-nın bu cür ögey münasibəti yeni vəzifəsində öz həddini bilməsi mesajını vermək niyyətindən qaynaqlanır. Başqa sözlə desək, 67,2 faizlik səslə mandat “qazanan”  İsmayıl Qəribli yeni vəzifəyə irəli çəkilsə belə, 90 + X %-lik ali irqin nümayəndəsi olmadığını indidən anlamalı və öz yerini tanımalıdır.

Qeyd edək ki, Naxçıvanın ali irqinin 90%-dən çox səs toplamaması da təsadüfi deyil. Adətən təbiətdə 90%-dən çox saflıq kristallara məxsus olur. Ali irq də gərək kristal saflığında ola. Naxçıvan MR Ali Məclisində bu saflıq yalnız 3 şəxsə aiddir. Bunlardan ikisi ata-bala Talıbovlar, biri isə Azər Zeynalovdur. Bizə təəccüblü gələn də elə budur. Azər Zeynalov kristal saflığına görə necə Seymur Talıbovu 0.3% də olsa geridə qoya bilib? Görünür, Naxçıvan MR MSK-nın və 25 saylı seçki dairəsinin gözündən yayınan bülletenlər olub.  

 

Naxçıvan MR-də kristal saflığına yaxınlaşa bilən digər deputatlar bunlardır:

Məmmədov Nazim Məmməd oğlu - 31 saylı Naxçıvan şəhər seçki dairəsi, 81,2 faiz;

Əzimov Behruz Nurəddin oğlu - 33 saylı Naxçıvan şəhər seçki dairəsi, 81,7 faiz;

Həşimli Hüseyn Məmməd oğlu- 40 saylı Saltaq seçki dairəsi, 82,3 faiz;

İsmayılov Ehtibar Şəhrud oğlu - 41 saylı Ordubad şəhər seçki dairəsi 83,2 faiz;

Abbasov Vüqar Zakir oğlu - 24 saylı Naxçıvan şəhər seçki dairəsi 80,8 faiz;

Məmmədov İsa Mustafa oğlu 19 saylı Babək qəsəbə seçki dairəsi 80,4 faiz;

Niftəliyev Hüseyn Əsrafil oğlu - 18 saylı Nehrəm seçki dairəsi 81,2 faiz;

Məmmədova Yeganə Qurban qızı - 11 saylı Həmzəli seçki dairəsi 85,7 faiz.

 

Seçicilərin 80%-dən çoxunun səsini topladıqlarına görə bu şəxsləri Muxtar Respublikanın yarımkristal deputatları da adlandıra bilərik. Bu gün Naxçıvan Ali Məclisinin sədr müavini seçilməsi gözlənilən Qəribli İsmayıl Cavanşir oğlu saflılıq dərəcəsinə görə hətta yarımkristallara belə aid deyil. Bu baxımdan onun yüksək posta gətirilməsi Naxçıvansayağı inqilab sayılacaq. Necə ki, Barak Obamanın bir zamanlar zəncilərin avtobusa minmələrinə belə icazə verilməyən ABŞ-da prezident seçilməsi inqilabi hadisə kimi qiymətləndirilmişdi.

Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 805          Tarix: 24-02-2020, 07:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma