Xəbər lenti
Dünən, 19:25

 

9 fevral seçkisi ABŞ-ın Azərbaycandakı səfirliyinin, həmçinin bir sıra təşkilatların ümid etdiyi kimi keçməyib”.

Ovqat.com xəbər verir ki, bu iddianı Kanadanın “Geopolitical Monitor” nəşri irəli sürüb.

Nəşrin iddiasına görə, buna baxmayaraq, seçkilərin şübhəli nəticələri ABŞ-Azərbaycan münasibətlərinə təsir etməyəcək. Çünki Azərbaycanın ABŞ üçün çox böyük geostrateji əhəmiyyəti var.

Məqaləni olduğu kimi, Ovqat.com oxucularına təqdim edirik:

“Azərbaycan ABŞ-ın Cənubi Qafqazdakı strateji tərəfdaşıdır. İranla həmsərhəd olan bu ölkənin İsraillə güclü əlaqələri var. O, Xəzər dənizi hövzəsində həyata keçirilən enerji layihələrində mühüm rol oynayır. Odur ki, Azərbaycanda bu il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkisinin geosiyasi əhəmiyyətinə diqqət yetirilməlidir.

  

Vaşinqton-Bakı əlaqələri

Ötən il ərzində iki ölkə arasındakı əlaqələr sakit şəkildə inkişaf edib. 2019-cu ildə Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçirilib. Tədbirdə ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Peter Haas iştirak edib. Qeyd edək ki, komissiyanın ilk iclası hələ 2012-ci ildə keçirilmişdi.

İki ölkənin yüksək rütbəli rəsmilərinin yaxın illərdə baş tutmuş görüşlərinə digər misallar: 2018-ci il iyulun 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov ABŞ-ın dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattis ilə Brüsseldə görüşüblər. Bir ay sonra ABŞ prezidentinin o zamankı milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Cənubi Qafqazın 3 ölkəsinə səfər etmişdi. Bundan başqa, Azərbaycanın xarici işlər naziri Vaşinqtona 2019-cu ilin iyunundakı səfəri zamanı Boltonla yenidən bir araya gəlmişdi.

İki ölkə təhsil sahəsində də əməkdaşlıq edir. Məsələn, ötən ilin noyabrında Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Oklahoma Dövlət Universiteti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Doğrudur, bu iki ölkənin yüksək rütbəli rəsmiləri arasında görüşlərin tez-tez keçirildiyini söyləyə bilmərik. Lakin sadalananlar Bakı-Vaşinqton münasibətlərinin kifayət qədər isti olduğunu təsdiqləyir.

Azərbaycanın əsas problemi olan Ermənistanla ərazi mübahisəsinə gəlincə, Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun vasitəçiliyilə sülh yolu ilə həllini dəstəkləyir. Bununla yanaşı, o, regional sülhə, sabitliyə və çiçəklənməyə töhfə verilməsi səylərinə də ciddi dəstək göstərir.

Yeri gəlmişkən, Dağlıq Qarabağ münaqişəsində uzun illərdir heç bir dəyişiklik yoxdur. Bu mənada, yalnız 2016-cı ilin aprelində baş vermiş zorakılıq dalğasını istisna etmək olar. Vaşinqtonun Ermənistanla Azərbaycan arasında dialoqa dəstək verib-verməməsindən asılı olmayaraq, yaxın zamanlarda danışıqlar prosesində böyük irəliləyişin olacağına inam azdır. Bu arada, Azərbaycan və Ermənistan liderləri problemin həlli istiqamətində kiçik də olsa, irəliləyişə nail olmaq məqsədilə son dəfə bu ilin fevralında bir araya gəliblər.

 

Ticarət və investisiya

ABŞ-ın Azərbaycanla ticarət və investisiya sahəsində əməkdaşlıq imkanlarından danışarkən, enerji sahəsi ön plana çıxır. ABŞ Dövlət Departamentinin bir bəyanatında deyilir ki, Azərbaycandan Birləşmiş Ştatlara əsasən xam neft ixrac olunur və Amerika şirkətləri bu ölkədə həyata keçirilən neft hasilatı layihələrində iştirak edir. Yeri gəlmişkən, elə bu məqalənin hazırlandığı günlərdə  SOCAR AQŞ ilə “Halliburton” şirkəti arasında Bakıda birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumunun imzaladığı xəbəri yayılıb. Bu əməkdaşlıqda məqsəd həm quruda, həm də dənizdə yerləşən neft yataqlarındakı vəziyyətin araşdırılmasıdır.

Təəssüf ki, digər sahələrdə əməkdaşlıq bir qədər məhduddur. Bununla yanaşı, Bakı ABŞ-ın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşının məhz Azərbaycan olduğunu bildirir.

2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 860 milyon dollar olub. Həmin il Azərbaycandan ABŞ-a 330 milyon, ABŞ-dan Azərbaycana 550 milyon dollar dəyərində məhsul ixrac edilib.

Bu Cənub Qafqaz ölkəsinə səfər edən amerikalı turistlərin sayında artımın olduğu haqda məlumat isə yaxşı xəbərlərdəndir. Bildirilir ki, Amerikadan Azərbaycana turist axınının artması xalqlar arasında əlaqələrin inkişafına töhfə verməklə yanaşı, ölkəyə valyuta axınını da gücləndirir. Yeri gəlmişkən, Azərbaycan investisiyalar üçün təhlükəsiz ölkədir. Bakı ilə Vaşinqton arasında ikitərəli investisiya sazişi də imzalanıb. Amerikalı investorlar hər hansı problemli məsələ ilə bağlı İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzə müraciət edə bilər.

ABŞ-ın Xarici Özəl İnvestisiya Korporasiyası son 20 ildə Azərbaycanda həyata keçirilən biznes layihələrinə təxminən 230 milyon dollar sərmayə qoyub. ABŞ Dövlət Departamentinin məlumatına görə, korporasiya xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə, françayzinq, bank, mikromaliyyə, otel sahələrinə investisiya yatırıb.

  

Müdafiə sahəsində əlaqələr

 

Tramp administrasiyası ilə Tehran arasındakı gərginlik fonunda Vaşinqton İranın qonşularına, xüsusilə Azərbaycana diqqəti artırıb. Pentaqonun Konqresə ünvanladığı və Vaşinqtonda fəaliyyət göstərən “Security Assistance Monitor” araşdırmalar mərkəzi tərəfindən yayılmış hesabatda bildirilir ki, Birləşmiş Ştatların Müdafiə Nazirliyi 2018-ci maliyyə ilində Azərbaycana rəsmi olaraq 56,9 milyon dollar, 2019-cu ildə isə sərhəd və gömrük xidmətlərinin gücləndirilməsi üçün 42,9 milyon dollar yardım ayırıb. Üstəlik, sənəddə Azərbaycana bu sahələrlə bağlı regionun digər ölkələrindən daha çox maliyyə yardımı ayrılmasının zəruriliyi vurğulanır. Hesabata əsasən, ABŞ Azərbaycan, Qazaxıstan və Türkmənistana işlənmiş patrul katerləri də verib. Bu dəfə yardım proqramı əvvəlkilərdən daha genişdir.

Azərbaycanın Silahlı Qüvvələri ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyası ilə ABŞ Milli Qvardiyasının Tərəfdaşlıq Proqramı çərçivəsində də əməkdaşlıq edir. 2018-ci ilin ortalarında Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-mayor Mayls Dirinq Bakıda səfərdə də olub. O, Azərbaycan Müdafiə Naziriliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində görüşlər keçirib, nazirliyin Hərb Oyunları Mərkəzinə baş çəkib.

Bu arada, ABŞ səfirliyinin Müdafiə üzrə Əməkdaşlıq Ofisi bu ilin yanvarında keçirilmiş hərbi tibbi strateji görüşə sponsorluq edib. Görüşə ABŞ-ın Avropa Hava Qüvvələri, Quru Qoşunları, Oklahoma Milli Qvardiyası, Böyük Britaniya və Azərbaycandan nümayəndələr qatılmışdı.

 

Azərbaycanın mürəkkəb xarici siyasəti

Azərbaycan kifayət qədər çətin regionda yerləşir. Bu bölgə Rusiya, İran və Türkiyənin maraq dairəsindədir. “The Jerusalem Post” nəşri bildirir ki, Azərbaycanın eks-prezidenti Heydər Əliyevin 25 il əvvəl hakimiyyətə gəlməsi ilə Bakı qonşularına qarşı balanslaşdırılmış siyasət yürüdür (Ermənistan istisna olmaqla).

Vaşinqtonun Tehranla bağlı xüsusi siyasət yürütdüyü aydındır. Bunun fonunda Bakı bu cənub qonşusu ilə dostluq əlaqələrini qoruyur. Yeri gəlmişkən, yenədə də “The Jerusalem Post” nəşrində hələ 2018-ci ilin noyabrında dərc edilmiş məqalədə bildirilirdi ki, Azərbaycan İrana qaz verir, İran isə bunun müqavilində Azərbaycanın quru sərhədi olmayan Naxçıvan Muxtar Respublikasına həm “mavi yanacaq”, həm də digər lazımi məhsullar ixrac edir: “Azərbaycan ABŞ-ın müttəfiqi olsa da, onun İranın təcridi siyasətinə dəstək verəcəyini gözləmək real deyil. Bunun bir neçə səbəbi var. Ən əsası, İran qonşu ölkə kimi, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir”.

ABŞ ilə İran arasında müharibənin başlaması, şübhəsiz, Azərbaycana mənfi təsir göstərəcək. Bu halda o, İranda yaşayan etnik azərbaycanlı məcburi köçkünləri qəbul etməli olacaq. Bununla yanaşı, mümkün müharibə İranla Azərbaycanın həyata keçirdiyi birgə layihələri də (Rəşt-Astara dəmir yolunun tikintisi və s.) dayandıracaq.

Maraqlıdır ki, Bakı həm Vaşinqtonun ən qatı düşmənlərindən olan İranla mehriban əlaqələrə, həm də ABŞ-ın əsas müttəfiqlərindən olan İsraillə sıx münasibətlərə malikdir.

 

Yeri gəlmişkən, Azərbaycanın NATO ilə də əlaqələri var. Bu əlaqələr hələ 1990-cı illərdə “Sülh naminə tərəfdaşlıq” proqramı ilə qurulub. Bu gün tərəflər Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində əməkdaşlıq edir.

Bakının Avropa ilə münasibətinə gəlincə, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə də güclü iqtisadi əlaqələrə malikdir. Azərbaycanın əsas ticari tərəfdaşlarından biri məhz Aİ-dir. Bu ölkənin xarici ticarət dövriyyəsində Aİ-nin payı 41,7%-dir.

Moskva-Bakı əlaqələrinə gəlincə, onların münasibətləri kifayət qədər mürəkkəbdir. Şübhəsiz ki, Rusiya Azərbaycanı yenidən təsir dairəsinə salmaq istərdi. Bunun yollarından biri Bakının Avrasiya İqtisadi İttifaqına daxil edilməsi ola bilər. Lakin Moskvanın Yerevanla münasibətləri buna imkan vermir.

Nəhayət, Azərbaycan prezidenti İlham Əliyev hələ 2019-cu ildə bildirmişdi ki, Qara dəniz hövzəsi ölkələri son illərdə siyasi, hərbi, iqtisadi və enerji sahəsində fövqəldövlətlərin təsirinə daha çox məruz qalır.

 

Bu gün Bakı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı daxil olmaqla, müxtəlif qurumların fəaliyyətini dəstəkləyir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dəstəklənməsi onun Cənubi Qafqaz ölkələrilə Qara dəniz hövzəsində yerləşən dövlətlər arasında əlaqələrin inkişafına töhfə verməsidir. Bu, şübhəsiz ki, Vaşinqtonun da maraqlarına uyğundur. Xüsusilə nəzərə alsaq qki, ABŞ Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda son illər Qara dəniz hövzəsində hərbi-dəniz qüvvələrinin sayını artırıb...

9 fevral seçkisi

Belə bir geosiyasi şəraitdə bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilib. Azərbaycanın birpalatalı parlamenti 125 deputatdan ibarətdir. Ölkəyə 2003-cü ildən prezident İlham Əliyev rəhbərlik edir.

 

Fevralın 9-na təyin olunmuş parlament seçkisinə böyük ümidlər var idi. O, İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının (YAP) qələbəsilə başa çatıb – YAP yeni parlamentdə 70-dən çox yer qazanıb. Qalan yerlərə digər partiyaların namizədləri və müstəqil şəxslər seçilib.

Bu seçki ilə bağlı rəylər müxtəlifdir. Məsələn, britaniyalı müşahidəçi, London Diplomatik Akademiyasının direktoru Nabil Ayad deyir ki, “səsvermə prosesi zamanı hər şeyin yaxşı olduğunu və seçkinin sakit keçdiyini gördük. Bu, ölkədə demokratiya quruculuğunun bir hissəsidir”.

Digər tərəfdən, ABŞ-ın Azərbaycandakı səfirliyi seçkinin həqiqi rəqabətə imkan verməyən, imkanları məhdudlaşdıran qanunvericiliklə keçirildiyini bəyan edib. Bu yerdə bir məqam da qeyd olunmalıdır. ABŞ-Azərbaycan əlaqələrinə “Azadlığa Dəstək Aktı”na edilmiş 907-ci düzəliş təsirsiz ötüşməyib. Həmin düzəlişə əsasən, Vaşinqton Ermənistanla Dağlıq Qarabağ uğrunda mübarizə aparan Azərbaycana yardım edə bilməz. Bu sənədin hüquqi qüvvəsini ABŞ prezidenti dayandıra bilər.

İstənilən halda, Azərbaycanda keçirilmiş parlament seçkisindən sonra Konqresin, Konqresdəki Azərbaycan üzrə işçi qrupunun və ABŞ-ın digər dövlət institutlarının hansı addımlar atacağını gözləmək lazımdır.

 

Yekun

Əlbəttə, Azərbaycan-ABŞ əlaqələrinin necə inkişaf edəcəyini müəyyənləşdirmək çətindir. 9 fevral seçkisi ABŞ-ın Azərbaycandakı səfirliyinin, həmçinin bir sıra təşkilatların ümid etdiyi kimi keçməyib. Amma Vaşinqtonun Bakıya xüsusilə müdafiə sahəsində marağı bundan sonra daha da artacaq. Səbəb ilk növbədə Rusiya və İran amili, eyni zamanda, ABŞ-ın enerji şirkətlərinin maraqlarıdır.

Azərbaycana gəlincə, Qafqaz çətin qonşuların olduğu regiondur. Odur ki, Bakı müxtəlif dövlətlərin maraqlarını, bundan qaynaqlanan problemləri heç zaman unutmamalıdır. ABŞ Azərbaycandan coğrafi mənada uzaq olsa da, bəzən başı öz daxili məsələlərinə qarışsa da, iki ölkə arasında sıx əlaqələr qorunub saxlanmalıdır”.

Uaylder Alexandro Sançes

 




Ana səhifəyə qayıt        Baxış: 3 551          Tarix: 1-03-2020, 10:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma