“Türkiyə və Suriyanın iştirakı ilə üçtərəfli görüş keçirilməsini təklif edirəm”.
Ovqat.com xəbər verir ki, bu açıqlama ilə İran İslam Respublikasının Prezidenti Həsən Ruhanı çıxış edib.
Təklifin İdlibdə Türk ordusunun keçirdiyi uğurlu əməliyyatla eyni vaxtda – ötən həftənin şənbə günü gəlməsi xüsusilə maraq doğurur.
Məlumata görə, Ruhani bu təklifi türkiyəli həmkarı ilə telefon danışığı zamanı bildirib və ona açıq şəkildə Rusiyanın iştirakı olmadan üçtərəfli görüş keçirməyin zamanı gəldiyini deyib.
“Suriyanın ərazi bütövlüyünü qorumaq, terrorizmi aradan qaldırmaq, günahsızları müdafiə etmək, İdlib məsələsini tez bir zamanda həll etmək kimi prioritetlərimizi nəzərə alaraq, bu görüşdə ziddiyyətlər aradan qaldırıla bilər”, - Ruhani Ərdoğana mesajında bunları çatdırıb.
Qeyd edək ki, Suriyada Rusiya ilə İranın mövqelərinin son zamanlar haçalandığı barədə məlumatlar dolaşırdı. İlk mövqe haçalanması Putinin İrana Rusiyanın “yanğınsöndürən maşın” olmamasını, dolayısıyla ABŞ hücumu zamanı Moskvaya çox güvənməməsini xatırlatdığı zaman ortaya çıxdı. Daha sonra, xüsusilə, İran generalı Qasim Süleymaninin ABŞ tərəfindən öldürülməsiylə Rusiyanın İransız Suriya modeli üzərində çalışdığı barədə məlumatlar yayıldı, hətta bu məqsədlə onun İsrailə getdiyi bildirilirdi. Məlumatlara görə, İsraildən qayıdarkən Putin Suriyadakı rus hərbi hava bazasında Bəşər Əsədlə görüşmüş və ondan Təl-əvivin İran hərbçilərinə hücumlarına qarışmamasını tapşırmışdı. Həqiqətən də bu görüşdən sonra İsrail hava qüvvələrinin Suriyanın mərkəzindəki İran qüvvələrinə hücumları artmışdı.
Bildirildiyinə görə, bu hücumlarda ciddi itki verən əfqan legionerlərindən ibarət Fatimiyyun döyüşçüləri İdlibə göndərilərkən xeyli sevinmişdilər. İdlibdə isə onları və Suriya ordusunu kiçik başarılarından sonra Türk silahlı PUA-larının ağır zərbələri gözləyirdi. Türk Silahlı Qüvvələrinin son günlər keçirdiyi hərbi əməliyyatlarda yerindən qımıldamağa belə macal tapmayan İran və Suriya əsgərlərinin hərbi texnikaları da KORAL sistemilə “kor” vəziyyətinə düşürülmüş və taleyin ümidinə qalmışdılar.
Tam da bu sırada İran prezidentinin Türkiyəli həmkarına 3-tərəfli görüş barədə təklif verməsi acı reallıqla razılaşmaq məcburiyyətindən və Rusiyanın xəyanətinə cavab vermək niyyətindən qaynaqlana bilər.
Maraqlıdır ki, son döyüşlərin ardından Rusiyanın da geri addım atdığı hiss olunur. İdlibdəki Türk hərbi əməliyyatından əvvəl R.T.Ərdoğanın görüşmək təklifinə isti baxmayan Putin sözügedən əməliyyatdan sonra dünən bu görüşün vaxtını açıqlamış və martın 5-də Moskvada Türkiyəli həmkarı ilə bir araya gələ biləcəyini bildirmişdi. Bu gün isə Putin heç kiminlə döyüşmək fikrinin olmadığını vurğulamışdır.
Paylaş: