Xəbər lenti

   

Azərbaycan qeyri-adi ölkədir. Kimin buraya ayağı dəysə, bir müddətdən sonra bizimlə həmxasiyyət olur. Uzun müddət ölkəmizdə yaşayanları tədricən şirnikləşdirə-şirnikləşdirə rüşvətə öyrəşdirdiyimiz kimi, bu milli mədəni Brendimizi Avropa Şurasına belə daşıya bilmişdik. Avropa bir də gözünü açıb kürü diplomatiyasının ağır nəticələrini görəndə təəccüblənmişdi. Nədən ki, onlar bizi islah etməyin min dürlü yolunu axtararkən, biz onları artıq özümüzünküləşdirmişdik.

Bu qeyri-adi islahetmə etmə gücümüz deyəsən koronavirusa qarşı mübarizədə də öz bəhrəsini verib. Belə ki, bizdə bazar günləri rəsmilərimizin istirahət vaxtlarıdır. Koronavirus Azərbaycana ilk qədəmlərini qoyanda Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah məmurlarımızın illərlə öyrəşdiyi vərdişlərinə haram qatmağa qərar verdi. Operativ Qərargahın əmriylə bir çox dövlət orqanlarının bayram və istirahət günləri işə çıxması zərurəti yaradıldı. Sözsüz ki, bu köhnə hamama təzə tas gətirmək kimi bir şey idi. Bizim ağıllı məmurlarımız isə təzə taslardan xoşlanmadıqları üçün buna bir əncam qılmalı idilər.

Koronavirusla mübarizə aparan müvafiq dairələr deyəsən dövrün bu bəlasını da avropalı deputatlar kimi islah etməyi bacarıblar. Söhbət koronavirusu bazar günləri istirahət etmək mədəniyyətinə öyrəşdirməkdən gedir.

Dövrün bu bəlası ilə bağlı verilən rəsmi məlumatlar iddiamızı təsdiqləyir.

Ovqat.com Koronaviruz.az-a  istinadən xəbər verir ki, 29 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında  yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmayıb: “Hazırda aktiv koronavirus xəstələrinin sayı 163 nəfərdir, onlardan 17 pasiyentin vəziyyəti orta ağır, 23 isə ağırdır. Bu günədək Azərbaycanda ümumi yoluxanların sayı 182-dir və koronavirusdan 4 ölüm faktı qeydə alınıb”.

Sual oluna bilər: Avropalı deputatları kürü diplomatiyası ilə ram etməyi bacaran Azərbaycan yetkililəri koronavirusu necə islah ediblər? Axı, Avropa deputatlarından fərqli olaraq, koronavirusun ağzı yoxdur, vardırsa da hər halda kürü yemir.

Zənnimizcə, Koronavirus.az-ın bugünkü məlumatlarında keçən bəzi rəqəmlər bu suala kifayət qədər aydınlıq gətirir. Saytın statistik rəqəmləri əks etdirən cədvəlində indiyədək 25 mindən çox insanın labaratoriya müayinəsindən keçdiyi göstərilir. 10 milyon əhalisi olan bir ölkə üçün, sözsüz ki, bu, çox aşağı göstəricidir. Bu fakt sübut edir ki, Azərbaycan koronavirusu test nümunələrini az götürməklə islah etməyə çalışır.

Saytda qarşımıza çıxan digər dəlil bu günə olan məlumatın dünəndən hazırlanmasıdır. Bunu təsdiq edən dəlil saytın Ümumdünya Səhiyyə Təşkilatına istinadən verdiyi məlumatdır. Məlumatda deyilir: “Ümumdünya Səhiyyə Təşkilatının 29 mart 2020-ci il tarixinə olan məlumata görə, dünyanın 202 ölkəsində 575,444 nəfər koronavirusa yoluxub və xəstəlikdən 26,654 nəfər vəfat edib”. Halbuki Ümumdünya Səhiyyə Təşkilatının bu günə olan statistikası fərqlidir:

 

“Xəstəliyə yoluxanlar – 683 504

Ölənlər – 32 139

Müalicə olunanlar – 146 396”.

Göründüyü kimi, koronavirusla effektli mübarizənin çox bəsit yolu var – onu hesaba almamaq. Azərbaycan atalar sözündə də deyildiyi kimi, “çöp qorxan gözə düşər”. Biz koronavirusdan qorxmadığımız üçün hesaba almırıq, hesaba almadığımıza görə, o da bazar günləri istirahət edir. ABŞ kimi axmaq dövlətlər isə koronavirusdan qorxurlar və onu sayırlar. Bu da onlarda virusa yoluxanların sayını artırır və daha çox ölümlərə yol açır. Bizdə isə diabet və ürəkdən ölənlərin  sayı koronavirus qurbanlarından daha çoxdur. Deməli koronanı islah etmiş sayıla bilərik.

Koronavirusdan çəkinib daha çox vətəndaşını itirən ən qorxaq dövlətlərin siyahısını təqim edirik

İtaliya: 10.023

İspaniya: 6528

Çin: 3300

İran: 2640

Fransa: 2314

ABŞ: 2229

Birləşmiş Krallıq: 1028

Hollandiya: 640

Almaniya: 433

Belçika: 353

İsveçrə: 271

Cənubi Koreya: 152

Braziliya: 114

İsveç: 112

Türkiyə: 108

İndoneziya: 102

Portuqaliya: 100

Avstriya: 68

Filippin: 68




Ana səhifəyə qayıt        Baxış: 3 833          Tarix: 29-03-2020, 16:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma