Xəbər lenti
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
Rəşad AYDIN
Ovqat.com
Dünya iqtisadiyyatı son 30 ildə bir neçə qlobal böhran keçirdi, lakin onlardan heç biri həyatımızı bu qədər sürətlə dəyişmədi. Koronavirus pandemiyası turizm, nəqliyyat, istehsal zəncirlərini inanılmaz bir sürətlə məhv edir, dövlətləri sərhədlərini bağlamağa və dövlət qurumlarının fəaliyyətini yeni qaydada qurmağa məcbur edir, məktəblər və ali təhsil ocaqları sürətlə məcburən məsafədən təhsilə keçir. Ancaq əslində bütün bunlar uçuruma aparan yol deyil, əksinə texnoloji inqilaba əsaslanan, yeni bir reallığa aparan yoldur. Təbii ki, bu yol heç də asan olmayacaq.
Xərclərə qənaət və saysız - hesabsız ofis işçilərinə son
Dünyadakı minlərlə şirkət öz işçilərini evdən məşğulluğa keçirir. Qabaqcıl dünyada son bir neçə ildə aktiv şəkildə müzakirə edilən və təbliğ edilən “evdən işləmək” çağırışları bir anda dünyada milyonlarla işçi üçün gerçək hala gəldi. Çox güman ki, bu məcburi qlobal təcrübə uğurlu alınacaq və qaçılmaz olaraq əmək bazarının köklü şəkildə yenidən qurulmasına və buna görə də yeni sosial çağırışların yaranmasına səbəb olacaqdır.
Ofisdə işləyən işçilərin sayının azalması isə xərcələrin də azalmasına birbaşa təsir göstərəcək. Sahibkarlar ya umumiyyətlə ofis icarəyə götürməyəcək, ya da daha kiçik ofislər icarə edəcək ki, bu da təbii olaraq daha ucuz başa gələcək. “Evdən işləmək” zamanı katibələrə, təhlükəsizlik işçilərinə və ya sürücülərə də ehtiyac qalmayacaq. Nəticədə ofislərin təşkilati quruluşunda sadələşmə baş verəcək. Böyük şirkətlər işçilərin davranışlarına nəzarət etmək üçün daxili təşkilati xərclərə, nahar fasiləsinə, vahid geyimə və s. əlavə pul xərcləməyəcəklər. Çünki bunların heç birinin əhəmiyyəti olmayacaq. Əhəmiyyətli olan tək şey işçinin əməyi və bu əməyin nəticəsində meydana gələn məhsul olacaq.
Nəticədə insanlar iş həftəsi və ya iş günü kimi təlaşlardan qurtulacaqlar. Belə bir əmək münasibətlərinə keçid azyaşlı uşaqları olan ailələrin də işini xeyli asanlaşdırmış olacaq. Uşağın dünyaya gəlməsi və tərbiyəsi peşə karyerasını kəsmək üçün əsas olmaqdan çıxacaq. Sadalanan dəyişikliklər fonunda işçilərin sayında üçdə birə qədər azalmaya getmək mümkün olacaq. Ama təəssüf ki, bu cür fəaliyyət yeni işsizlər ordusunun meydana gəlməsinə də şərait yaratmış olacaq. Bu problemin aradan qaldırılması, işsizlərin sosial rifah halının yaxşılaşdırılası isə dövlətin üzərinə düşən vəzifə olacaqdır.
Kirayəsiz ticarət
Böhran pərakəndə satışda da dəyişikliklərə təkan verəcəkdir. Misal üçün internet üzərində bu və ya digər məhsulun qiymətini mağaza ilə müqayisə etdikdə onlayn satışın daha ucuz olduğunu görürük. Niyə? Səbəb sadədir. İnternet mağaza kirayə haqqı ödəmir, saysız-hesabsız işçi saxlamır. Qısası, bahalı butiklərdə olduğu kimi xərclərini çıxarmaq üçün hər malın üzərinə 100 faizdən də artıq qiymət qoymaq məcburiyyətində deyil. Bu cür ticarət paralel olaraq, çatdırılma fəaliyyəti ilə bağlı sənayeni də inkişaf etdirəcək. İnsanlar günlərlə və ya saatlarla sifarişlərini gözləmək istəməyəcəklər. Keyfiyyətli və vaxtında çatdırma bu və ya digər internet mağazasının ən başlıca üstünlüklərindən olacaq.
İnternet ticarətin inkişafı daşınmaz əmlaka tələbatın azalacağını və nəticədə daşınmaz əmlak qiymətlərində 25-40 % ucuzlaşmanın olacağını söyləməyə əsas verir. Pərakəndə satışla məşğul olan ticarət mərkəzləri həm icarənin aşağı olması həm də daha az işçi olması səbəbindən daha yaxşı gəlir əldə edə biləcəklər. Çünki bütün bunlar hətta çatdırılma üçün tələb olunan xərclərlə belə ümumi xərclərin ən az 25-30 % azalmasına imkan verəcəkdir.
Mənə belə gəlir ki, bu cür ticarətin nəticəsində daha çox qazananlar böyük ticarət şəbəkələri olacaqdır.
Dövlət institutlarında dəyişikliklər
Əmək bazarındakı tektonik dəyişikliklər ictimai münasibətlərin tamamilə fərqli bir quruluşuna səbəb ola bilər. Bu, hətta XX əsrin birinci yarısındakı sosializm uğrunda mübarizə ilə də müqayisə oluna bilər.
Dövlət iş yerlərini və adi həyat tərzini itirən vətəndaşların problemləri ilə üzləşməli olacaq. Bu mənada dövləti əsl sınaq gözləyir desək, yanılmarıq. Bu gün bizlər dövlət strukturlarına fəaliyyətimizi bu və ya digər formada tənzimləyən vasitə kimi baxırıq. Bir qism insanlar isə dövlət strukturlarına o qədər də vacib alətlər kimi baxmır. İkinci halda, cəmiyyətdə kortəbii liberalizm özünü daha açıq büruzə verir. Dövlətə laqeydlik əsasən ABŞ, Avropa və digər inkişaf etmiş ölkələr üçün xarakterikdir.
Koronavirusla əlaqəli böhran bir ildən çox davam edərsə, dünyanın bir çox ölkəsində ictimai düşüncədə “davamlılıq” siyasəti “böyümə” siyasətindən daha vacib olacaqdır. Dövlət, ilk növbədə, təminatçı, dayanıqlığı təmin edən bir mexanizm olaraq tələb olunacaq. Dövlətin dəyərinin belə artması insanların böhran vəziyyətində öz hüquqlarının bir hissəsindən imtina etmək istəyinin artması ilə əlaqələndiriləcəkdir.
Yeni səhiyyə, yeni əxlaq normaları
Koronavirus pandemiyası bəşəriyyətin həmrəyliyə hazır olduğunu nümayiş etdirdi; xalqlar və hökumətlər iqtisadi böyümə, gəlir əldə etmək ilə yaşlı insanların həyatının qorunması arasında vacib bir seçim etdi. Belə bir seçim, ötən əsrin birinci yarısında pensiya sisteminin və xalq təbabətinin formalaşmasından heç də az tarixi əhəmiyyət kəsb etmir. İnsanın dəyəri mütləqdir, insan kapitalı - işləmək və ailəsi, işəgötürəni və dövləti üçün gəlir əldə etmək qabiliyyəti ilə məhdudlaşmır.
Tibb isə ciddi bir təkan əldə edəcək və səhiyyənin inkişafında böyük dəyişiklik olacaqdır. Əgər bu gün inkişaf etmiş ölkələrdə bu, əsasən şəxsi məsələdirsə, yəni vətəndaş öz gəlirlərindən asılı olaraq bu və ya digər sığorta paketi alır və ona uyğun da xidmət əldə edirsə, başqa sözlə sağlamlığı üçün fərdi məsuliyyət daşıyırsa pandemiyanın yaratdığı sarsıntıdan sonra vətəndaşların həyatı və sağlamlığı daha çox ictimai məsuliyyət məsələsini ortaya qoymuş olacaq. Yəni, dövlət hər bir vətəndaşın həyatı və sağlamlığı üçün məsuliyyət daşımalı olacaq ki, bu da səhiyyə sahələrinin miqyasının genişlənməsinə gətirib çıxaracaqdır.
Təhsildə qlobal dəyişikliklər
Qlobal böhran fonunda təhsil sahəsində də inanılmaz dəyişikliklər baş verir. Demək olar ki, gözlərimizin qarşısında bir neçə günün içində əyani təhsil tamamilə dayandırıldı. Əksər ölkələrdə isə məktəblər və universitetlər fəaliyyətlərini dayandırmadılar, sadəcə təhsilin başqa yolunu seçdilər və ya seçməyə hazırlaşırlar. Bu yol – “distant” təhsil, yəni təhsil ocağına getmədən onlayn şəkildə təhsil almaq yoludur.
Əslində bir qism ölkələdə distant təhsil təcrübəsi demək olar ki, on ilə yaxındır mövcuddur. Kütləvi onlayn kursların sayı da durmadan artır. Bu cür kursların tələbələrinin sayı artıq universitet tələbələri ilə müqayisə olunur. İnsanlar artıq harada olmasından asılı olmayaraq Harvard, Kembric, Moskva Dövlət Universiteti və digər tanınmış universitetlərin müvafiq kurslarının dinləyicisi ola bilərlər. İnkişaf etmiş ölkələrdə artıq orta məktəblərdə də rəqəmsal platformalar inkişaf etdirilib və şagirdlərə dərs öyrənmək üçün müxtəlif seçim imkanları təklif olunur.
Yeni metodlar effektivliyinə baxmayaraq ənənəvi metodun tərəfdarları tərəfindən daim rədd edilir və nəzərə alınmırdı. Böhran və məcburi təcrid şəraiti isə sözün həqiqi mənasında hamını müasir texnologiyalarla bağlı təcrübələri mənimsəməyə məcbur edəcək. Böhranı aradan qaldırdıqdan sonra təhsilin artıq ənənəvi vəziyyətinə qayıdıb – qayıtmayacağı da sual altındadır. Böhran tədricən də olsa ənənəvi tədris formalarından imtina etməyə təkan verəcəkdir.
Ancaq bütün bunlara baxmayaraq, nə universitetlər, nə də məktəblər səhnəni tərk etməyəcək. Çünki insan sosial varlıqdır və təhsilin keyfiyyəti təhsil aldığın mühitin keyfiyyətindən birbaşa asılıdır. Bunu nəzərə alaraq deyə bilərik ki, tamailə virtual təhsil mümkün deyil. Məktəblər və universitetlərdə sinif və mühazirə otaqlarının yerini daha çox labaratoriya və təlim otaqları tutacaq.
Nəticədə onu deyə bilərik ki, pandemiyanın yaratdığı böhrandan sonra dünyanın əvvəlki kimi olmayacağı şübhəsizdir. İstər siyasi münasibətlərdəki dəyişikliklər olsun, istərsə də sosial həyatda, istər iqtisadi münasibətlərdə, istərsə də təhsil, səhiyyə və digər sahələrdə. Dünyamız dəyişəcək!
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar