Xəbər lenti

\
 
II Hissə
(Əvvəli bu linkdə:
Aİ-nin xarici siyasətdə üzləşdiyi çağırışlar və təhdidlər: Avropa ABŞ-dan niyə qopmaq istəyir?)
 
Vasif Hüseynov, 
BMTM-in baş məsləhətçisi




Çinin iqtisadi və geosiyasi güclənməsi Avropa İttifaqına (Aİ) necə təsir edir? 
 
Çin 2019-cu ildə Avropa İttifaqının ümumi xarici ticarət dövriyyəsinin 13,8 faizinə sahib olmaqla onun əsas ticarət tərəfdaşlarından biridir. Bu baxımdan onunla Avropa İttifaqı ölkələri ilə 15,2 faiz ticarət dövriyyəsi olan ABŞ arasında fərq getdikcə azalmaqdadır. Buna baxmayaraq, tərəflər arasında mürəkkəb siyasi və geosiyasi problemlər ikitərəfli münasibətlərin inkişafına və dərinləşməsinə mane olur. 2019-cu ildə Avropa İttifaqı ilk dəfə rəsmi olaraq Çini “texnoloji liderlik yarışında iqtisadi rəqib (“competitior”) və alternativ idarəçilik modeli təbliğ edən sistemik rəqib” (“systemic rival”) adlandırdı. Çinin Avropa İttifaqı ərazisində təsirini artırması və maliyyə çətinlikləri ilə üzləşən şirkətləri satın alması Aİ-də ciddi narahatlığa səbəb olur. Bu narahatlıq hələ 2016-cı ildə Çinin Bavariyada robot şirkəti “Kuka”nı almasında diqqət çəkmiş və ondan sonrakı müddətdə almanlar mümkün qədər çinliləri strateji əhəmiyyəti olan sahələrdən uzaq tutmağa çalışmışlar


 
Məsələn, 2018-ci ildə elektrik istehsalı müəssisəsi 50Hertz-in çinlilər tərəfindən alınmasının qarşısını almaq üçün axırda Almaniyada dövlətə məxsus olan KfW bankı prosesə müdaxilə etmiş və satışın qarşısını almışdır. Pandemiya şəraitində müflisləşən şirkətlərin Çindən qorunması daha böyük önəm almağa başlamışdır. Bunun nəticəsidir ki, Avropa Parlamentində çoxluğa sahib Avropa Xalqlarının Partiyası (EPP) parlamentar qrupunun lideri Manfred Veber təklif edib ki, Çinin Avropa İttifaqında müəssisələri almasına 12 aylıq müvəqqəti qadağa tətbiq edilsin. Təklifin reallaşacağı zəif ehtimal olsa da, Avropada siyasi çevrələrdə Çinlə bağlı narahatlığı anlamaq üçün vacib bir nüansdır. Bu arada İttifaqın şərqdəki üzvü Rumıniyada da Çinin investisiyalarına qarşı qərar qəbul edilib. Belə ki, may ayının sonunda Rumıniya hökuməti dövlətə məxsus enerji şirkəti olan Nuclearelectrica şirkətinə ölkənin yeganə nüvə enerjisi istehsal edən Çernavodadakı zavodda əlavə iki nüvə reaktoru tikintisi üçün Çinlə 2015-ci ildə imzalanmış müqavilənin ləğv edilməsini tapşırıb
 


Avropanın “Çin səddi”
 
Bu kimi problemlər Çinin Avropada investisiyalarına qarşı baryerlər yaratmaqla nəticələnib. Məsələn, 2019- cu ildə Çinin Aİ ölkələrində (Britaniya da daxil) investisiyasının həcmi əvvəlki ilə nisbətən 33 faiz azalaraq 18 milyard avrodan 12 milyard avroya düşüb. Baxmayaraq ki, ümumilikdə Çinin qlobal investisiyalarının həcmində 2016-cı ildən etibarən azalma müşahidə olunur, lakin Aİ-dəki 33 faiz azalma kifayət qədər böyük rəqəmdir. Qeyd etmək lazımdır ki, iqtisadiyyatı böyük ölçüdə qapalı olan Çin də Avropalı şirkətlərin investisiyalarına əngəllər yaradır və məhdudiyyətlər qoyur. Tərəflər 2014-cü ildən etibarən danışıqlar prosesində olan investisiya sazişini imzalamaqla bu sahədəki problemləri həll etmək niyyətindədir. Bu ilin sentyabr ayında Aİ – Çin liderlərinin sammitində sazişin imzalanması gözlənilirdi, amma pandemiya o sammitin də keçirilməsinə mane oldu. Bəzi müşahidəçilərə görə, tərəflərin kritik bir çox məsələdə razılığa gələ bilməməsi və ABŞ seçkilərindən öncə Trampa Aİ-ni Çin müttəfiqi kimi təqdim edərək avro-atlantik əməkdaşlıq tərəfdarı olan rəqibi Co Baydenə qarşı istifadə etməsinə mane olmaq sammitin təxirə salınması üçün əsas səbəblərdən ola bilər. 
 
İqtisadi maraqlar baryer tanımır
 
Aİ-də Çin ilə münasibətlərə dair digər önəmli məqam ondan ibarətdir ki, heç də bütün üzvlər Çin ilə sıx əlaqələrdən qaynaqlanan problemləri eyni dərəcədə qiymətləndirmir. Məsələn, Aİ-nin ən böyük iqtisadi güclərindən biri olan İtaliyada hakim dairələr hesab edir ki, Çin ilə hərtərəfli iqtisadi əməkdaşlıq böhranlı vəziyyətdə olan ölkə iqtisadiyyatının dirçəlməsi üçün faydalı ola bilər. Buna görədir ki, Brüsselin və Vaşinqtonun etirazlarına rəğmən Çin – Avropa ticarətində öz portlarının əhəmiyyətinin azalmağından ehtiyat edən İtaliya 2019-cu ilin martında Bir Kəmər – Bir Yol layihəsinə qoşulan ilk böyük Avropa iqtisadiyyatı oldu. Covid-19 pandemiyasının yaratdığı qarışıq beynəlxalq vəziyyətdə də İtaliya ilə Çin arasındakı münasibətlər diqqət çəkdi və Aİ-nin mərkəzi qurumlarında və digər aparıcı dövlətlərdə qısqanclıqla qarşılandı. Çin ilə sıx əməkdaşlığın tərəfdarı olan hakim koalisiya üzvü 5 Ulduz Hərəkatı partiyasının bu prosesdə xüsusi rolu da qeyd edilməlidir. İtaliyanın pandemiya ilə mübarizədə ciddi çətinliklə üzləşdiyi günlərdə Aİ ölkələrindən öncə ona kömək əli uzadan Çinə ictimai dəstək də güclənməkdədir. Aprel ayının əvvəllərində İtaliyada aparılmış ictimai rəy sorğusuna görə, Aİ-ni tərk etmək tərəfdarlarının sayı 2018-ci ilin noyabr ayındakı 20 faizdən 49 faizə yüksəlmiş, İtaliyanın Aİ kənarında alyanslar yaradarkən Çinin əsas tərəfdaş olmalı olduğuna inananların sayı isə 36 faizə çatmışdır.


 
Çin ilə münasibətlərin forma və şərtləri məsələsində Berlinin də özünəməxsus siyasəti mövcuddur. Qeyd edilməlidir ki, Çin Almaniyanın xarici ticari dövriyyəsində müstəsna əhəmiyyəti olan bir dövlətdir və bu baxımdan Aİ-də xüsusi yeri var. Məsələn, əgər 2019-cu ildə Britaniya da daxil olmaqla 28 Aİ ölkəsinin Çinə ümumi ixracı 198 milyard avro təşkil edibsə, bu miqdarın 96 milyard dolları yalnız Almaniyanın ixracatının payına düşür. Çin Almaniyanın avtomobil sənayesi üçün də böyük əhəmiyyətə sahib bir bazardır. Belə ki, son illər Almaniyanın qlobal avtomobil ixracının təxminən 25 faizi bu ölkənin payına düşüb. Bəzi alman avtomobil markaları üçün bu faiz daha yüksək olub, məsələn, “Volkswagen” avtomobillərinin 2018-ci ildə 40 faizi Çinə ixrac olunub. 
 
Qərbi Avropa nə əldən qoyur, nə Çindən doyur
 
Buna görədir ki, keçən ilin sentyabrın əvvəllərində, Honq Konq hökumət əleyhinə nümayişlərin tüğyan etdiyi və insan hüquqları pozuntularına görə Çinin beynəlxalq tənqidin hədəfində olduğu bir vaxt, böyük biznes nümayəndə heyəti ilə Pekinə səfər etmiş Angela Merkel Çin rəhbərliyi ilə münasibətlərin Çinin daxili məsələlərinə görə zədə görməməsi üçün ehtiyatlı davranış göstərmişdi. 14 illik hakimiyyəti ərzində Çinə 12- ci səfərini gerçəkləşdirən xanım Merkelin Çinlə iqtisadi münasibətlərə bu şəkildə önəm verməsi onun Aİ-dəki müttəfiqi Fransa Prezidenti Emmanuel Makron tərəfindən də dəstəklənir. Makron bir tərəfdən Almaniyanın Çin və ABŞ arasındakı gərginlikdə mümkün qədər Avropa maraqlarına uyğun yer tutması və beləliklə Pekini sərt tənqid etməkdən çəkinməsini haqlı hesab edir və özü də bu mövqeyi nümayiş etdirir, digər tərəfdən isə Merkelin Almaniyanın Aİ – Çin ticari əlaqələrindəki dominantlığını siyasi əlaqələrdə də əks etdirməsinə mane olmağa çalışır. 


 
Şərqi Avropanın Çin ümidi
 
Şərqi Avropadakı Aİ üzvləri də Çinlə münasibətləri yüksək səviyyədə saxlamaqda və əməkdaşlıq imkanlarının genişlənməsində maraqlıdır. Məsələn, bu ilin aprel ayında Macarıstan və Çin arasında imzalanan borc müqaviləsi ilə bağlı regionda Çinin əhəmiyyətini anlamaq üçün vacib məqamdır. Belə ki, Budapeşt və Belqrad arasında 150 km uzunluqda dəmiryolunun çəkilməsi üçün 2,1 milyard dollar dəyərindəki dəmiryolu layihəsinin icrası üçün nəzərdə tutulan bu müqavilə ilə Çin Avropa İttifaqı daxilində ilk belə infrastruktur layihəsində iştirak etmək imkanı əldə edib. Xərclərinin 85 faizi Çin və 15 faizi Macarıstan tərəfindən qarşılanan dəmiryolunun tikintisinə 2014-cü ildə Serbiyada başlanılıb, lakin bir neçə dəfə ləngimələrlə üzləşib. İndiki hesablamalara görə, 2025-ci ildə başa çatacaq layihə Çindən Yunanıstan üzərindən Qərbi Avropaya aparılan malların daşınmasını asanlaşdırmaq üçün də mühüm əhəmiyyətə malikdir. Bu layihə eyni zamanda 10 ildən artıq müddətdir ki, Şərqi Avropa ölkələri və Çin arasında 17+1 formatında aparılan əməkdaşlıq çərçivəsində ilk böyük həcmli infrastruktur layihəsidir
 
Avropa ABŞ-ın “göz yaşlarına inanmır”
 
Yuxarıda bəhs edilən səbəblərə görədir ki, Vaşinqtonun avropalı müttəfiqləri ABŞ-ın Çin ilə şiddətləndirdiyi konfrantasiyada yer almaqda həvəsli deyillər. Aİ tərəfindən Çinin Honq Konqun statusu ilə bağlı qanunvericilikdə etdiyi son dəyişiklikdən sonra ABŞ-ın Çinə qarşı yaratmaq istədiyi iqtisadi koalisiyaya qoşulmaqda da eyni şəkildə həvəssizlik nümayiş olunur. Bunun nəticəsidir ki, Honq Konq böhranı fonunda Çinin Xarici İşlər Naziri Vanq Yi ilə telefon danışığı aparan Fransa Prezidenti Makronun diplomatik konsulu Emmanuel Bonne tərəf müqabilinin diqqətinə çatdırdı ki, Fransa Çinin milli suverenliyini tanıyır və onun Honq Konqla bağlı məsələlərinə qarışmaq niyyəti yoxdur. Çini ABŞ kimi sərt tənqid etmək və sanksiyalarla hədələmək əvəzinə Aİ liderləri Pekinlə dialoqun aparılmasının və problemləri danışıqlar vasitəsilə həll etməyin vacib olduğunu vurğulayırlar. Bu vəziyyət də yuxarıda müzakirə olunan ABŞ – Aİ münasibətlərinin pozulması kontekstində daha bir gərginlik mənbəyidir


 
Lakin Avropa İttifaqı Çinlə münasibətləri korlamaqdan yayınmaqla yanaşı, eyni zamanda, həm əvvəldə bəhs olunan investisiyalar və bunun mümkün siyasi nəticələri məsələsində, həm də Çinin Avropanın qonşuluğundakı regionlarda güclənən iqtisadi və siyasi təsiri sahəsində ehtiyatı əldən vermir. Bu cəhətdən Aİ-nin Afrika ölkələri ilə münasibətdə son aylarda göstərdiyi cəhdləri xüsusilə qeyd etmək lazımdır. Koronavirus pandemiyasının bu cəhətdən əlaqələrdə durğunluq yaratmasına baxmayaraq, vurğulamaq lazımdır ki, keçən ilin dekabr ayında fəaliyyətə başlayan və Prezident Ursula von der Leyen tərəfindən “geosiyasi komissiya” adlandırılan Avropa Komissiyası ilk xarici səfərini dekabrın birinci yarısında məhz Afrikaya edib. Afrika Birliyinin (AB) baş qərargahının yerləşdiyi paytaxt Əddis-Əbəbə şəhərində AB-nin komissiya sədri Moussa Faki ilə görüşən avropalı lider bildirdi ki, Afrika ilə strateji əməkdaşlıq və miqrasiya probleminin həlli istiqamətində işlər onun fəaliyyətinin əsas hədəflərindən biri olacaq. Bununla yanaşı xanım Prezident bildirdi ki, o, Afrikaya hər hansı böyük plan ilə gəlməyib və səfərinin əsas məqsədi kontinentdəki trendlər və son proseslər haqqında müzakirələr aparmaq və eyni zamanda əməkdaşlıq perspektivlərini dəyərləndirməkdir. Aİ-dən fərqli olaraq, Çinin Afrika qitəsində müxtəlif həssas sahələri əhatə edən dərin əməkdaşlıq bağları var. Çin region ölkələrini sürətlə Bir Kəmər – Bir Yol layihəsinə cəlb etməklə yanaşı, son 11 ildir ki, ardıcıl olaraq Afrikanın ən böyük ticarət tərəfdaşıdır
 
Avropa İttifaqı və Rusiya münasibətlərinin normallaşması mümkündürmü? 
 
Qərb ilə Rusiya arasında 2014-cü ildə korlanan münasibətlərin tədricən normallaşması ehtimalı bir çox müşahidəçilər tərəfindən çoxdan gözlənilir. Belə ki, ABŞ üçün prioritet hədəf olan Ukraynanın Rusiyanın regional layihələrindən uzaqlaşdırılmasına nail olunub və indi bütün qüvvənin Çinlə rəqabətə cəmləşdirilməsi ehtiyacı yaranıb. Baxmayaraq ki, Krımın işğalına və Şərqi Ukraynadakı separatizmə dəstək verdiyinə görə Rusiyaya tətbiq olunmuş sanksiyaların ləğvi hələ ictimaiyyətə açıq müzakirə predmetinə çevrilməyib, ancaq tərəflər arasında siyasi yaxınlaşma hiss olunur və iqtisadi sferada da müəyyən irəliləyişlər diqqət cəlb edir. İki tərəf arasında bu yaxınlaşmada ABŞ və Aİ-nin ortaq hədəfləri olsa da, fərqli məqsədləri də mövcuddur: ABŞ üçün Rusiya ilə əməkdaşlığın bərpası daha çox Çinlə gərginləşən konfrontasiya fonunda Moskva və Pekin arasında əməkdaşlığın dərinləşməsinin qarşısını almaq, Avropa İttifaqı (xüsusilə Fransa və Almaniya) üçün isə ABŞ-la yaşanılan gərginliyin və etimadsızlığın fonunda təhlükəsizlik sahəsində dialoqun və iqtisadi sahədə əməkdaşlığın aparılması üçün lazımdır. Açıq şəkildə ifadə etməsələr də, Avropa İttifaqı liderləri ehtiyat edir ki, ABŞ artıq Soyuq Müharibə dövründəki kimi Avropa təhlükəsizliyi üçün qarant rolunu oynamaq istəmir. Trampın Almaniyadakı qoşunların sayını azaltması və Avropalı müttəfiqlərlə məsləhətləşmədən beynəlxalq təhlükəsizlik üçün həyati əhəmiyyət daşıyan məsələlərdə qərarlar verməsi onların bu narahatlığını artırır. 


 
Makronun “Rusiyapərəstliyi”: Siyasi və geosoyasi hədəflər
 
E.Makron Aİ-nin Rusiya ilə münasibətlərinin normallaşmasının əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Onun rəhbərliyi altında Fransa, 2019-cu ilin iyulun əvvəlində, Almaniya ilə birlikdə, Rusiyanın Avropa Şurası Parlament Assembleyasında səsvermə hüququnun bərpa edilməsinə dəstək vermişdi. Bunun davamı olaraq həmin ilin avqustunda Rusiya Prezidenti Vladimir Putini G7-nin sammitindən cəmi bir neçə gün öncə Fransada qəbul edən Makron ikitərəfli münasibətlər üçün müsbət siqnallar verib və hətta Rusiyanın G7-ə geri qaytarılmasına çağırıb. Fransa prezidenti inanır ki, ortaq maraqlar təşviq edilməli və Aİ ilə Rusiya arasında münasibətlər yenidən qurulmalıdır. O, eyni zamanda 2020-ci il 9 May Qələbə Günündə Rusiyaya səfər edəcəyini də bildirmişdi. Makronun Rusiyanı G7-yə qaytarmaq təklifinə Prezident D.Trump da müsbət reaksiya verərək bildirdi ki, Rusiyanın qrupa qayıtması münasibdir. Trump oxşar mövqeyi daha əvvəl də (məsələn, G7-nin 2018-ci ildə Kanadadakı sammitində) səsləndirib. Makronun bu çağırışına, Trumpdan fərqli olaraq, Almaniya və Britaniya rəhbərliyi müsbət reaksiya vermədi və Ukrayna məsələsində ciddi proqress əldə olunmadan bunu doğru hesab etmədiklərini bildirdi. 
 
Qərbin Rusiya ilə münasibətlərin normallaşmasına təkan verə biləcək amillər kimi həm iqtisadi, həm də geosiyasi məqsədləri qeyd etmək olar. Baxmayaraq ki, Rusiya ilə tam gücdə iqtisadi əlaqələrin bərpası Avropa İttifaqı iqtisadiyyatı üçün Rusiyaya olduğu qədər böyük iqtisadi anlam ifadə etmir, ancaq mövcud iqtisadi durğunluq və son aylarda müşahidə olunan geriləmə Rusiya ilə yaxınlaşma tərəfdarlarının səsini daha gücləndirir. Lakin Qərb – Rusiya münasibətlərinin istiləşməsinin geosiyasi tərəfi də önəmlidir və ehtimal etmək olar ki, daha çox əhəmiyyət kəsb edir. Rusiyanı Qərbdən sıxışdırdıqca onun Çindən asılılığının artması, tərəflər arasında hərbi əməkdaşlığın dərinləşməsi və bunun mümkün təsirləri Ukrayna böhranı başlandığı vaxtdan mətbuatda tez-tez qeyd olunurdu. Bu ehtimal elə əvvəldən Qərbin Rusiyanı məhdud şəkildə “cəzalandırmasına” başlıca səbəb idi. 
 


Rusiyanı necə “cəzalandırmalı”?
 
Amerikanın aparıcı geosiyasi tədqiqatçılarından olan Corc Fridmanın hələ 2014-ci ildə yazdığı kimi, Qərb Rusiyaya qarşı Ukrayna böhranı ilə bağlı sanksiyaları elə formada tətbiq edib ki, bu, nə Rusiyanı tamamilə diz çökdürərək aqressiv həmlələr etməsinə səbəb olsun, nə onu tamamilə Çinin qollarına itələsin, nə də elə təəssürat yaratmasın ki, Qərb Rusiyanı Ukraynaya görə ciddi şəkildə cəzalandırmadı. Məsələn, Rusiyalı ekspertlərin hesablamalarına görə sanksiyalar 2014-2017-ci illərdə Rusiya iqtisadiyyatına illik cəmi 40-50 milyard dollar zərbə vurub. Buna paralel olaraq isə, tərəflər arasında iqtisadi əlaqələr davam etdirilib. Məsələn, 2018-ci ildə Almaniyanın Rusiyaya investisiyası (3.7 milyard dollar) son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Oxşar böyümə Fransa – Rusiya iqtisadi əlaqələrində də qeydə alınıb: 2018-ci ildə iki dövlət arasındakı ticari əlaqələr 11% böyümə ilə 17 milyard dollara çatıb və Fransız şirkətlərinin Rusiyaya investisiyası isə 20 milyard dollar həcmində qeydə alınıb
 
Beləliklə, tərəflər arasında münasibətləri pozan və qarşıdurma səviyyəsinə çatdıran fundamental problemlər həll olunmasa da, Qərb və Rusiya arasında müəyyən yaxınlaşma cəhdlərinin şahidi oluruq. Xüsusilə, Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Rusiyanın narahat olduğu geosiyasi məsələlər nəzərə alınmalı və keçmiş Sovet ölkələri ilə bağlı siyasətdə provokativ addımlardan çəkinilməlidir. Avropada təhlükəsizliyin Rusiya ilə əməkdaşlıq etmədən mümkün olmadığına inanan Makronun fikrincə, Avropa İttifaqı həm Rusiya ilə münasibətləri, həm də “beyin ölümü” keçirdiyini iddia etdiyi NATO-nun və transatlantik əməkdaşlığın üzləşdiyi problemləri yenidən nəzərdən keçirməlidir. Bu yanaşma Fransanın, eyni zamanda, ümumilikdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində daha ehtiyatlı siyasət yeritməsinə və Rusiyanı qıcıqlandıracaq addımlardan çəkinməsinə səbəb olur.


 
 Nəticə 
 
 
Son illərə qədər özünü daha çox “yumşaq güc” və ya “normativ güc” kimi xarakterizə edən və xarici siyasətdə üzləşdiyi çətinlikləri daha çox normativ və iqtisadi rıçaqlarını işə salaraq həll etməyə çalışan Avropa İttifaqı (Aİ) üçün hazırda öhdəsindən gəlməli olduğu çağırış və təhdidlərin bir çoxu onun hazırlaşmadığı qəbildən imtahan suallarıdır. Donald Trampın Prezident seçilməsinə qədər təhlükəsizlik sahəsində böyük ölçüdə transatlantik əməkdaşlığa arxayın olan və özünün hərbi sənayesinə və ordu quruculuğuna etinasız yanaşan Aİ üçün ABŞ ilə yaşanan ziddiyyətlər narahatlıq doğurur. Baxmayaraq ki, son illərdə hərbi quruculuq sahəsində bir çox önəmli addımlar atılıb, lakin qısa zamanda Aİ-nin, özlərinin dediyi kimi, suverenliyə nail olması və ABŞ-dan asılılığı aradan qaldırması real görünmür. 
 


Buna baxmayaraq ki, Avropa İttifaqı hələ ki, Çin ilə münasibətlərdə ABŞ-ın tələblərinə boyun əyməyərək İttifaqın maraqlarına uyğun addım atmağa müvəffəq olub. Doğrudur, bu təhlildə müzakirə edilməyən, amma ABŞ-Aİ-Çin üçbucağında son aylarda xüsusi aktuallıq qazanmış 5G texnologiyasının inşasında İttifaq ABŞ-ın tövsiyə və tələblərini nəzərə alıb, amma hətta bu məsələdə də Vaşinqtonun təzyiqinə qarşı müqavimət göstəriblər. Çinin Avropa iqtisadiyyatı üçün önəmi və İttifaqın ən böyük iqtisadiyyatı olan Almaniya ilə böyük həcmdə ticarət əlaqələri Avropanı Pekinlə münasibətlərdə ehtiyatlı davranmağa vadar edir. Çinin iqtisadi ekspansiya üsullarını və idarəçilik modelini özü üçün “sistemik rəqib” hesab etsə də, pandemiyanın şiddətləndirdiyi iqtisadi böhran şərtlərində Avropa üçün Çinlə münasibətlər əhəmiyyət kəsb edir. 
 
Avropa İttifaqı Rusiya ilə əlaqələrdə də Vaşinqtonun yürütdüyü siyasi xətti tam dəstəkləmir və daha prinsipial davranmağın lazım olduğunu bildirir. Buna görədir ki, Prezident Trampdan fərqli olaraq Rusiyanı böyük yeddilərin sammitinə (G7) qaytarmaq üçün ilk növbədə Moskvanın Ukrayna məsələsində güzəştə getməsinin və problemin həlli yönündə irəliləyiş əldə olunmasının vacib olduğunu vurğulayır. Lakin, Avropa İttifaqı eyni zamanda Prezident Makronun geosiyasi vizyonuna uyğun şəkildə Rusiyanı onun üçün həyati olan məsələlərdə qıcıqlandırmamağa və ikitərəfli əlaqələrdəki problemlərin həlli üçün dialoqa təşəbbüslər göstərir. Aİ-nin bu yanaşması ona Rusiyanın özünün təsir dairəsi hesab etdiyi keçmiş Sovet ölkələri regionunda və xüsusilə Şərq Tərəfdaşlığı ölkələri ərazisində qətiyyətli beynəlxalq aktor kimi çıxış etməsinə mane olur. 
 
Yazıda əks olunmuş fikirlər müəlliflərə məxsusdur və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mövqeyini əks etdirməyə bilər.


Ana səhifəyə qayıt        Baxış: 3 761          Tarix: 26-06-2020, 12:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma