Xəbər lenti

“İlk növbədə demək istərdim ki, Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu ilin fevralında biz yeni sazişlə bağlı fəal danışıqlara başladıq. Ümidvaram ki, bu danışıqlar tezliklə başa çatacaq. Bu, ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün imkanlar yaradacaq”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır: “Ticarətimizin demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır.

Eyni zamanda, biz üzv dövlətlərlə ikitərəfli formatda əlaqələrimizi fəal şəkildə inkişaf etdiririk. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik.

Azərbaycan siyasi və iqtisadi islahatlar siyasətini davam etdirir. Biz demokratiyanın inkişafı, insan haqlarının qorunmasına böyük önəm veririk və buna ciddi şəkildə sadiqik”.




Ana səhifəyə qayıt        Baxış: 1 043          Tarix: 25-11-2017, 13:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma