Xəbər lenti

 
“Azərbaycanlı məcburi köçkünlər beynəlxalq ictimaiyyətin ədaləti bərqərar edəcəyinə hələ də inanır”.
 
 
Ovqat.com xəbər verir ki, Xocalı qətliamının şahidi Dürdanə Ağayevanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi səfiri Ancelina Coliyə yazdığı məktubunda belə deyilir.
 
ABŞ-ın “JEWISH JOURNAL” nəşrinin dünənki buraxılışında Zorla köçürülmüş insanlar: ümid və dözümlülük haqda hekayə” sərlövhəsilə  dərc olunan məktubu olduğu kimi təqdim edirik: 
 
“Azərbaycanın Qarabağ regionunda yerləşən doğma Xocalı şəhərimi son dəfə 1992-ci il fevralın 26-na keçən gecə görmüşəm. Əcdadlarımın əsrlər boyu yaşadığı, həmin gün alovlara qərq olmuş doğma şəhərimə son dəfə işğal və qətliamdan canımızı qurtaran zaman baxmışdım.
 
Təxminən 30 ildir məcburi köçkünəm. BMT bizi məhz belə adlandırır. Amma nə vaxtsa doğma evimə qayıdacağıma, yaxınlarımın məzarını ziyarət edəcəyimə ümidimi kəsmirəm. Biz – Qarabağdan olan qadın məcburi köçkünlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi səfiri Ancelina Coliyə məktub ünvanlamışıq. Yüz minlərlə azərbaycanlı məcburi köçkünün səsinin eşidiləcəyinə ümidliyik.


 
“Hörmətli xanım səfir
 
Siz müxtəlif humanitar tədbirlərin təşkilatçısı, xeyriyyəçi və xoşməramlı səfir kimi, uzun müddətdir qaçqınlarla bağlı məsələlərə diqqət göstərirsiniz. Biz bu fəaliyyətinizi yaxından izləyir və həyata keçirdiyiniz işləri görürük. Aclığın hökm sürdüyü, münaqişələrin olduğu, ekoloji fəlakətlərin baş verdiyi müxtəlif regionlara səfərlər edir, bu zaman oradakı insanların qayğısına qalır, onları dəstəkləyirsiniz. Acınacaqlı vəziyyətə düşmüş bu insanlara yardım əlinini uzadır, onların hüquqlarını müdafiə edirsiniz. Əlbəttə ki, sizin bu cür xeyirxah işləriniz tərifə layiqdir.
 
Bizi Sizə məktub yazmağa ruhlandıran məhz belə səyləriniz, bu cür fəaliyyətinizdir. Bizim hekayəmiz bu gün Azərbaycan paytaxtı Bakıda yaşayan 96 yaşlı qadın – Sarabəyim Mustafayeva haqdadır...
 
Azərbaycan paytaxtında bu ilin martından səssizlik hökm sürür. “Küləklər şəhəri” kimi tanınan paytaxtın küçələri boyu əsən külək sanki binaların arasında insanları “axtarır”. Əhali bu çətin dövrdə koronavirus pandemiyasından qorunmaq üçün evlərinə sığınıb.


 
Sarabəyim Mustafayeva da bu şəraitdə bütün günü pəncərədən küçəyə boylanır. Lakin o, təxminən 30 ildir sanki qəfəsdə yaşayır. Halbuki, Sarabəyim həyatının 70 ilini mənzərələrin qoynunda keçirib: sıx meşələri olan dağlar, otlaqlara səpələnmiş mal-qara və s. O, Azərbaycanın Zəngilan rayonunun Baharlı kəndində unikal həyat yaşayıb və o günləri bir an belə, yaddan çıxarmır. Sarabəyim xanım yaşlaşdıqca kəndlə bağlı xatirələri azala bilər. Amma onun doğma vətəninə qayıtmaq əzmi qətiyyən azalmayıb. Bu yaşlı qadının hər gününü axşam xəbərlərini izləməklə başa vurur. Sanki o, Zəngilanın qeyri-qanuni işğalının başa çatdığı ilə bağlı uzun müddətdir gözlədiyi xəbəri qaçırmaqdan qorxur. Bu zaman Zəngilandakı evinin açarını ovcunda sıxır...
 
Koronavirus pandemiyasının yaratdığı çətinliklər Sarabəyim xanım üçün yenilik deyil. 7 uşaq anası olan Sarabəyim (övladların ikisi ərinin əvvəlki həyat yoldaşındadır) 38 yaşında dul qalıb və o andan bu qadın üçün hər şey dəyişib. Həmin illər o, uşaqlarını tək böyütməli, onlara təhsil verməli idi.


 
Bu ağır missiyanı yerinə yetirdikdən sonra o, layiq olduğu dinc qocalıq keçirəcəyini düşünürdü. Amma bir anda onun həyatında növbəti çətin dövr başlayıb – Sarabəyim doğma yurdundan zorla qovulub. Yüz minlərlə azərbaycanlı kimi, o da 1993-cü ildə Azərbaycanın Qarabağ regionundan didərgin salınıb. Həmin vaxt Sarabəyim artıq Bakıda yaşayan övladının evində məskunlaşmışdı. Övladının, övladının ailəsinin bütün səylərinə rəğmən, qadın beton divarlı yeni mənzilində heç zaman rahatlıq tapa bilməyib. Sanki o, bu mənzilə, Zəngilan dağlarının, ağaclarının, bağlarının olmadığı şəhərdəki “qəfəs”ə öyrəşmək istəmir.
 
Bu gün Sarabəyim Mustafayeva bizim üçün həsrət, gözlənti və ümid rəmzidir. O, günlərini, aylarını, illlərini “qəfəs”də keçirən, doğma yurduna, evinə qayıtmağı səbirsizliklə gözləyən on minlərlə məcburi köçkün nənənin, babanın rəmzidir. Onlar ümid edirlər ki, evlərinin qapılarını müvəqəti bağlayıblar...
 


Bu insanlar üçün doğma yurdlarında qoyub-getdikləri sadəcə, evləri deyil. Onlar üçün ev - dörd divardan, daşdan və ya taxtadan daha böyük metafizik anlam kəsb edir. Azərbaycanlıların “ocaq” anlayışı var. Ocaq əcdadlarımızın ruhunun dolaşdığı yerdir. Dəyərlərimizi, inancımızı ocağımız qoruyur.
 
Sarabəyim xanım da öz ocağına qayıdacağı günü səbirsizliklə gözləyir. O, hələ də şəhər həyatına öyrəşməkdən imtina edir. Onun əksər həmyaşlısı doğma yurdundan uzaqda vəfat edib və nəticədə “məcburi köçkün qəbirstanlıqları” yaranıb. Sarabəyim xanım özünü həmin şəxslərin səfiri sayır. O, doğma Zəngilana qayıdacağına əmindir. O, hesab edir ki, həyatını itirmiş məcburi köçkünlərin ruhları yalnız o zaman rahatlıq tapacaq. Sarabəyimin mübarizəsi məhz o zaman başa çatacaq.
 
Azərbaycanda təxminən milyona yaxın insan Sarabəyim Mustafayevanın taleyini yaşayır. Onlar 30 ildən çoxdur ki, Ermənistanın təcavüzkar, işğalçı siyasəti nəticəsində qaçqın və məcburi köçkünlərə çevrilib. Onları məhz bu tale birləşdirir. 26 il əvvəl atəşkəs müqaviləsinin imzalanmasına baxmayaraq, təmas xəttində baş verən toqquşmalar bu gün də insan təlafatlarına yol açır. Bu zaman təmas xətti boyu yaşayan mülki əhali arasında da həyatını itirənlər olur.


 
Beləliklə, Dağlıq Qarabağda 5 il davam etmiş müharibə nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Onlar ilk öncə çadırlarda və vaqonlarda məskunlaşdırılmışdı. Körpələr bu cür ağır şəraitdə dünyaya gəlir, yaşlılar belə ağır şəraitdə vəfat edirdi. Belə acınacaqlı həyat şəraitilə iki nəsil mübarizə aparmalı olub. O illərdə yüz minlərlə uşaq normal qidalanmaqdan, təhsildən məhrum olmuşdu. Çadır düşərgələrində tibbi yardım üçün əsas dərmanlar belə, çatmırdı. Odur ki, insanlar ən müxtəlif xəstəliklərdən, həmçinin günvurmadan, soyuqdan, aclıqdan, hətta ilan sancmasından vəfat edirdi.
 
Maraqlıdır ki, beynəlxalq medianın gündəmindəki digər mövzuların fonunda bu insanların əzabları tədricən unudulub. Lakin azərbaycanlı məcburi köçkünlər beynəlxalq ictimaiyyətin ədaləti bərqərar edəcəyinə hələ də inanır.


 
Dünyada məcburi köçkünlərin statistikası aparılır və azərbaycanlı məcburi köçkünlər də bu uğursuz statistikanın bir parçasına çevrilir. Artıq 30 ildir! 30 ildir ki, nəsllərin həyati bu şəraitdə formalaşır. Kifayətdir! 
 
Səsimizin dünyada eşidilməsinə yardım göstərməyinizi xahiş edirik. Bu gün insanlıq qələbə uğrunda mübarizə aparmaq şansı qazanmalıdır. Odur ki, bizim hekayəmizlə tanış olmanızı, onu beynəlxalq ictimaiyyətə çatdırmanızı çox istərdik. Bu, bizim uşaqlığımızın, gəncliyimizin, evlərimizin, xatirələrimizin, yaxınlarımızın məzarlarının, bütünlükdə dünyamızın hekayəsidir.
 
Yeri gəlmişkən, təxminən 10 il əvvəl bir azərbaycanlı müxbirə ölkəmizə səfər edəcəyinizlə bağlı vəd vermişdiniz. O zaman biz bunu sevinclə qarşılamışdıq. Ümid edirik ki, koronavirus pandemiyası bitdikdən sonra, nəhayət, ölkəmizə səfər edəcək, Qafqaz regionunun və Azərbaycanın gözəlliyinə şahid olacaq, bu bölgəyə sülhün qayıtmasına yardımınızı əsirgəməyəcəksiniz. Bizim ölkəmiz əsrlər boyu sülhsevərliyilə məşhur olub”.
 



Ana səhifəyə qayıt        Baxış: 4 237          Tarix: 28-06-2020, 12:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma