Xəbər lenti

 
 
Çağdaş tariximizə aid yazılan hər bir əsər gənc nəslin tarixi bilgilər əldə etməsində önəmli rol oynadığ qədər yaxın tariximizi araşdıran tarixçi alimlərə də həmin dövrün hadisələrini tədqiq etmək üçün mühüm mənbə kimi əhəmiyyət daşıyır. 
 
Biz öz tariximizi nə qədər dərindən öyrənəcəyiksə, tarixi həqiqətləri xalqımızın bilik sferasına daxil edəcəyiksə, gələcəyə doğru daha inamla, daha cəsarətlə addımlayacaq, baş verən ictimai-siyasi proseslərdən millətimizin xeyrinə bir o qədər yararlana biləcəyik.
 
Çağdaş tariximizin ən önəmli və o zaman bütün dünyanın diqqət mərkəzində olan hadisələrdən biri də 1989-cu ildə başlayan Sərhəd hərakatı idi. Tikanlı məftilləri göz çıxaran, gözətçi dəstələrinin silahlarının sinəmizə tuşlandığı, həndəvərinə kimsənin yaxınlaşa bilmədiyi bu sərhəd adi sərhəd deyildi. Bu sərhəd şairin dili ilə desək, sinəmizdə Araz boyda açılan şırım idi. Bu sərhəd canı bir, qanı bir milləti bir-birindən ayıran, qərinələr boyu öz doğmalarına həsrət qoyan bir sərhəd idi.
 
Dostumuz Bünyamin Qəmbərlinin şair-publisist H.Oğuzun redaktorluğu ilə 2019-cu ildə nəş olunan “Sərhəd hərakatı” adlı kitabı həmin dövrə işıq salan, bir çox qaranlıq məqamlara aydınlıq gətirən, bu hərəkatda canı könüldən iştirak edən soydaşlarımızın əməyinə düzgün qiymət verən qiymətli əsərlərdən biridir. Bu gün həmin olayları kimin necə qiymətləndirməsindən, hansı yöndən işıqlandırılmasından asılı olmayaraq bu hadisə 200 ilə qədər iki qanlı imperiyanın ayır-buyur” siyasəti nəticəsində parçalanmış, ikiyə bölünmüş, dilindən, dinindən, milli kimliyindən, mənəvi dəyərlərindən uzaq salınmış bir xalqın yaranmış tarixi şəraitdə təzədən öz bütövlüyünə qovuşma istəyindən doğan bir hərəkat idi və sovet quruluşunun dağılma prosesi bu olayın gerçəkləşməsini qaçılmaz edirdi.


 
Bünyamin bəy Sərhəd hərəkatının əhəmiyyəti, yararları haqda danışmazdan öncə kitabın əvvəlində rus və fars şovinizminin vahid bir xalqa qarşı yeritdiyi “parçala, hökm sür siyasəti”nin gətirdiyi bəlaları, az ya çox dərəcədə hər iki imperiyanın ayrı-ayrı zamanlarda dilimizə, soykökümüzə, milli kimliyimizə, tarixi şəxsiyyətlərimizə, milli mücadilə mücahidlərinə qarşı apardığı qəddar siyasəti diqqətə çatdırır və bu yolda çəkilən məşəqqətləri, can, torpaq itkilərini ürək ağrısı ilə dilə gətirir.
 
Əsər boyu xalq dilindən səslənən ağılar, bayatılar və ya özünün əlavə etdiyi şeirlər bu siyasi, iqtisadi, mənəvi itkiləri, ayrılıq həsrətini bədii dillə anlatmaqda yardımçı olmuş və əsəri daha oxunaqlı etmişdir. Hadisələrin sonrakı inkişafı bir az əvvəlki tarixlərdə Naxçıvanda yaradılan gizli təşkilatlar, onların Azərbaycanda fəaliyyət göstərən oxşar təşkilatlarla bu və ya digər qaydada əlaqələri, hadisələr başlayarkən bu təşkilatların artıq müəyyən hazırlıqlı şəkildə ortaya çıxması göstərilir. 
 
Müəllif Sərhəd hərakatı ilə bağlı xatirələri ilə yanaşı, o dövrün hadisələrinin canlı iştirakçılarının da qeydlərini, sənədlərini, fotolarını daxil etmiş və bu hadisələrdə kiminsə rolunu qabardıb, kiçiltmədən əldə olunan nailiyyətlərin xalqa məxsus olduğunu qərəzsiz şəkildə ifadə etdmişdir.
 
Azərbaycanın digər bölgələrindən fərqli olaraq anklav şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının ozamankı ağır durumu, mərkəzindən aralı düşən xalqın ağır, məşəqqətli həyat tərzi, arxasında sovet ordusunun durduğu ermənilərin   bölgəni açıq təhdidləri, yerli   kommunist rəhbərlərin xalqın deyil, Moskva yönətiminin yanında yer alması  oxucunun diqqətinə çatdırılır və xalq hərəkatı fəallarının hansı ağır şəraitdə xalqın önündə səf aldığı göstərilir.


 
Hərəkatın Tonqal, Zəncir, Çadır adlı üç mərhələsinin hər bir Naxçıvan sakini üçün böyük sınaq məktəbi olması, bu mərhələlərdə yerli hakimiyyət, hüquq mühafizə orqanları tərəfindən göstərilən maneələrə baxmayaraq əhalinin monolit şəkildə birləşməsi, hərəkatın önündə gedən fəalların hər cür təxribatlara uymadan məqsədə doğru cəsarətlə addımlaması, Moskvanın dişi qanlı sərhəd qoşunlarına qarşı bölgə camatının dinc diqənişi  tarix araşdırıcıları üçün ibrətli materiallardır. Sərhəd hərəkatının 70 ildən artıq dövr ərzində milli oyanış uğrunda aparılan gizli mübarizənin davamı olaraq meydana çıxmasını diqqətə çəkən müəllif iki qardaş arasında olan tikanlı məftillərin dağıdılmasını sovet və İran rejiminə qarşı xalqımızın həmrəylik hərəkatı kimi dəyərləndirir və bu hadisənin xalqımız, xüsusilə onun ayrılmaz hissəsi olan, məlum tarixi səbəblərdən Azərbaycandan coğrafi cəhətdən təcrid olunmuş Naxçıvan üçün həyati məsələ olduğunu bildirir.
 
Bu hərəkat 100 illərlə bir-birindən ayrı salınan güney və qüzey Azərbaycanın qovuşmasına vəsilə oldu.  Haqlı olaraq qeyd olunur ki, sərhədlərin dağıdılması sonradan rus qoşunlarının Azərbaycan ərazilərindən birdəfəlik  çıxarılmasına, sərhəd zolağında yerləşən minlərlə hektar münbit torpaqların xalqın ixtiyarına verilməsinə, sərhədlərimizin milli ordumuz tərəfindən qorunmasına vəsilə oldu. Sərhədlərin aradan götürülməsi Naxçıvanın rus-erməni hərbi blokadasından çıxmasına, Türkiyə-İran-Naxçıvan əlaqlərinin yaranması fonunda Azərbaycanın haqq davasının dünyaya çatdırılmasında, təcrid şəraitində yaşayan Naxçıvanla adı çəkilən ölkələr arasında ticari, iqtisadi, mənəvi əlaqələrin möhkəmləməsində ciddi rol oynadı. Dünya Azərbaycanlıllarının Həmrəylik Bayramı kimi təsbit edilən Sərhəd hərəkatı ilə bağlı hadisələr hələ uzun müddət ayrı-ayrı araşdırıcıların mövzu obyektinə çevriləcək və B.Qəmbərlinin ağır zəhmət hesabına ərsəyə gətirdiyi bu əsər bu istiqamətdə tədqiqat aparan müəlliflər üçün ən gözəl töhfə olacaq. 

Nurəddin İsmayıl


Ana səhifəyə qayıt        Baxış: 4 207          Tarix: 2-07-2020, 18:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma