Xəbər lenti

 
Məlum olduğu kimi, DTX-nın  XİN-də korrupsiyaya qarşı əməliyyat apardığı sırada Ovqat.com bir sənəd paylaşmışdı. Həmin sənəddə nazirliyin Özbəkistandakı səfirlik əməkdaşlarının mənzil kirayəsi üçün 74 min 400 dollar vəsait ayırdığı, amma onun 66 min dollarının təyinatı üzrə xərcləndiyi göstərilir, geri qalan 8 min 400 dolların isə “buxarlandığı” ehtimalı ortaya çıxırdı.
 
 Maraqlıdır ki, səfirlik büdcəsində 8 min 400 dollar qala-qala onun bir əməkdaşı öz puluna kirayə qalırdı. Məntiqən mənimsənən vəsaitin də həmin əməkdaşın haqqı kimi görünürdü. Məlumat saytımızda dərc olunduqdan qısa müddət sonra öz hesabına kirayədə qalan atteşe işdən uzaqlaşdırılmışdı.
 
Ovqat.com-un bu xəbərinə Özbəkistan səfirliyindən rəsmi cavab verilib.
 
AzərTAC-a göndərilən rəsmi açıqlamada səfirlik əməkdaşının həqiqətən də öz haqqını tələb etdiyi üçün işindən uzaqlaşdırıldığı dolayısıyla təsdiq olunur və həmin vəsaitin ona yox, hazırda mövcud olmayan I katib üçün ayrıldığı bildirilib. 
 
Məlumatı olduğu kimi dərc edir və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.
 
Son günlər Azərbaycanın Özbəkistandakı səfirliyinin keçmiş əməkdaşı tərəfindən bəzi saytlarda səfirliyə qarşı haqsız və böhtan xarakterli məlumatlar yayılıb.
 
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin attaşesi Elnur Hüseynov 2019-cu ilin fevralında Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinin attaşesi vəzifəsinə təyin edilib. Xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə E.Hüseynov Xarici İşlər Nazirliyinin 2020-ci il 8 iyul tarixli əmri ilə tutduğu vəzifədən və habelə nazirlik sistemindən azad olunub.
 
Səfirliyin məlumatında deyilir: “Səfirliyə təyinatından öncə Elnur Hüseynov bilik səviyyəsi ilə bağlı yanlış məlumatlar verib. Göndərilmiş təqdimatda onun rus, ingilis və türk dillərini bildiyi qeyd edilib. Özbəkistanda bütün rəsmi yazışma və danışıqlar beynəlxalq dil kimi rus və ingilis dillərində aparılır. E.Hüseynov səfirliyə attaşe təyin edildikdən sonra məlum olub ki, o, həmin dilləri bilmədiyi üçün təlimatları, tapşırıqları icra edə bilməyib, bu isə nəticədə səfirliyin iş prosesində ciddi problemlərin yaranmasına səbəb olub. Bu barədə səfirlik Xarici İşlər Nazirliyinə məlumat verib.
 
E.Hüseynov, həmçinin xidməti istifadə üçün sənədləri mətbuata ötürərək “Dövlət sirri haqqında” Qanunun tələblərini pozub. O, iddia edir ki, səfirlik əməkdaşlarının mənzil icarə xərcləri üçün illik ümumilikdə 74 min 400 ABŞ dolları nəzərdə tutulmasına baxmayaraq, real xərc (səfirliyə göndərilən vəsait) 66 min ABŞ dolları təşkil edir. Bununla əlaqədar bildiririk ki, səfirliyə göndərilən vəsaitə dair cədvəldə bir əməkdaş ştatı (I katib) öz əksini tapmayıb. Bu vəzifə hazırda vakant olduğu üçün cədvələ daxil edilməyib. Əgər ilin sonuna qədər qeyd edilən ştat vakant qalarsa, təbii ki, vəsait (8 min ABŞ dolları) dövlət büdcəsinə avtomatik olaraq qaytarılır.
 
Səfirliyin digər iki əməkdaşı kimi, E.Hüseynov üçün də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən şəhərdə xüsusi mənzil icarəsi üçün vəsait nəzərdə tutulmayıb, ona və digər əməkdaşlara səfirliyin ərazisindəki mövcud dörd ikiotaqlı mənzildə yaşamaq şəraiti yaradılıb. Lakin E.Hüseynov bu təklifi qəbul etməyib, icarə xərclərini öz imkanları hesabına ödəyərək şəhərin mərkəzində ev tutub.
 
Xüsusilə qeyd etmək istəyirik ki, bəzi saytlarda yerləşdirilmiş böhtan xarakterli məqalədə “...bataqlıq kimi ad qazanan bir ölkə...” kimi təqdim edilən Özbəkistan, əslində, Azərbaycana qardaş olan və bütün nüfuzlu beynəlxalq təşkilatlarda bizim mövqeyimizi qətiyyətlə dəstəkləyən ölkədir. Onu da unutmayaq ki, Özbəkistan MDB ölkələri arasında yeganə dövlətdir ki, Ermənistanı təcavüzkar adlandırıb və Daşkənddə Ermənistan səfirliyinin açılmasına hələ də icazə verməyib.
 
Bəzi KİV-lərə xatırlatmağı məqsədəuyğun hesab edirik ki, hər hansı bir məsələ haqqında bilərəkdən yalan məlumatların yayılması, habelə “məxfi” və ya “xidməti istifadə üçün” nəzərdə tutulan sənədlərin dərc edilməsi qanuna ziddir. Azərbaycanın Özbəkistandakı səfirliyi bu və ya digər məsələlərlə bağlı KİV-lərin istənilən suallarına ətraflı cavab verməyə həmişə hazırdır”.
 
Hörmətli səfir Hüseyn Quliyevin diqqətinə çatdırırıq ki, sənədin təqdimat dərəcəsində “gizli” və ya “xidməti istifadə üçün” qrifi yazılmayıb. Məxfi olmayan sənədləri ictimailəşdirməyin cəzalandırılmasının nə dərəcədə qanuni olduğu barədə hüquqşünasların mövqeyini öyrənməyə çalışacağıq.




Ana səhifəyə qayıt        Baxış: 3 946          Tarix: 11-07-2020, 23:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma