Xəbər lenti

 
İki gündən sonra Belarusda prezident seçkiləri keçiriləcək. Bütün post-sovet məkanlarında olduğu kimi, Belarusda da əslində seçkilərin nəticəsi indidən bəllidir: yenə qutulardan Lukaşenko çıxacaq.  Lukaşenko isə Rusiyaya düşmən kəsilib və bu gedişlə növbəti seçkilərdən sonra Minsk Moskva ilə müttəfiqliyə son qoyacaq. 
 
Bəs, bu ayrılıqdan kim nə qədər itirəcək?
 
Ovqat.com xəbər verir ki, Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin iddiasına görə, Moskva üçün bu itki 20 milyard ABŞ dollarından çox ola bilər. Amma bu məbləğə Minskin öz borclarından, o cümlədən Belarus Atom Elektrik Stansiyasının tikintisi üçün aldığı kreditlərdən imtina edəcəyi təqdirdə yaranacaq itkilər daxildir. Bundan əlavə, Moskva Belorusdakı uzaqməsafəli radiolokasiya sistemi olan RLS və sualtı qayıqlarla uzaqda nəzarət qovşağı da daxil olmaqla xeyli hərbi infrastrukturu itirəcək. Rusiyanın enerji daşıyıcılarının tranziti ilə bağlı problemlər də yaranacaq. Bunların hesabını çıxarmaq isə asan deyil.
 
Nəşr yazır:
 
Belarusun hazırkı rəhbərliyi Rusiya ilə münasibətləri gərginləşdirmək yolunu seçib. Özü də təkcə ritorikada deyil, həm də praktiki iqtisadi addımlarla. Minsk faktiki olaraq, istehlak etdiyi Rusiya qazının pulunu ödəməkdən boyun qaçırır və Rusiya aktivlərini öz ərazisində ələ keçirməyə hazır olduğunu göstərir”. 


 
Məqalədə qeyd olunur ki, Belarus-Rusiya münaqişəsinin Ukrayna ssenarisi üzrə inkişafı zamanı Belarus hökumətinin Rusiya qarşısındakı maliyyə öhdəliklərindən imtina etməsi gözlənilir: “Belarusun Rusiya qarşısında xarici borcu 7,5 milyard dollardan çoxdur. Üstəlik, rəsmi Minsk Rusiya ilə Belarus nüvə stansiyasının tikintisi üçün 10 milyard ABŞ dolları dəyərində kredit alıb. Belarus Rusiya ilə münasibətləri pozacağı təqdirdə, Moskva bu pulların heç vaxt geri qaytarılmaması ehtimalı ilə də üzləşə bilər”.
 
Rusiyanın itirəcəyi təkcə maliyyə vəsaiti deyil. O, həmçinin vacib hərbi-strateji obyektləri də itirə bilər. Nəşrin yazdığına görə, ziddiyyət genişlənərsə, Rusiya Atlantik, Hind, Sakit okeanlarının akvatoriyalarında atom sualtı qayıqları ilə uzaq əlaqə qovşağından istifadə edə bilməyəcək: “Minsk bölgəsindəki "Vileyka" rabitə qovşağı 600 ha-dan çox sahədə bir anten sahəsidir və on minlərlə kilometrlik siqnalın ötürülməsini təmin edir. Bu obyektə çıxışın itirilməsindən maliyyə zərərini dəqiq qiymətləndirmək çətindir. Söhbət, yəqin ki, bir neçə milyard dollardan gedir.
 
Rusiyanın raket hücumu haqda xəbərdarlıq sisteminə (SPRN) daxil olan Baranoviç rayonunda yerləşən "Volqa" radiolokasiya stansiyasına çıxışı dayandırılacağı təqdirdə, Rusiya da az itki verməyəcək. Beləliklə, ən təvazökar hesablamalara görə, Belarusla münasibətlərin pozulması halında Rusiyanın itkiləri 20 milyard dolları aşacaq.
 
"Belarusla vəziyyət kifayət qədər mürəkkəb görünür və ən pis ssenaridə bizi Ukrayna ilə olduğu kimi, münasibətlərin qırılması gözləyir. Nəticədə, yalnız borcların ödənilməsindən imtina etmək, Rusiyanın hərbi infrastrukturunun milliləşdirilməsi, neft – qaz tranzitinə qadağa qoymaq kimi problemlərlə yanaşı, Belarusda istehsal olunan malların qiymətinin qalxmasını gözləmək olar", - deyə Plexanov adına Rusiya İqtisad Universitetinin dosenti Yekaterina Novikova bildirir. İqtisadçının bildirdiyinə görə, son üç ildə Belarusun illik ixracının 42% - i Rusiya ilə iqtisadi əlaqələrə aiddir.


 
“Belarusla yolları ayıracağı halında Rusiya çox şey itirəcək, lakin bu, qarşı tərəfin itirəcəyindən az olacaq", – deyə MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixin bildirir. O, xatırladıb ki, Rusiya ilə Ukrayna arasındakı qarşıdurmaya baxmayaraq, bu ölkələr ticari əlaqələrini davam etdirir və enerji daşıyıcılarının Avropaya tranzitini təmin edirlər. Bununla yanaşı, Jarixin Rusiya ilə münasibətlərin pozulmasının faktiki olaraq öz sənayesinin bir çox sahələrini itirən Ukraynaya baha başa gəldiyini xatırladıb”.
 
Ovqat.com-un əlavəsi
 
Sözsüz ki, Rusiya nəşrinin bu hesabları sadəcə “mühasibat uçotu” xarakterlidir. Belarusun Rusiya üçün dəyəri isə bu cür hesablarla ifadə edilə bilməz. Belarusu geosiyasi əhəmiyyəti Rusiya üçün əvəzedilməzdir.
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 241          Tarix: 7-08-2020, 15:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma