Xəbər lenti
 
 
 
Azərbaycanın Qoşulmama Hərəkatına ötən ildən başlayan sədrliyi dövründə (bu, 2022-ci ilədək davam edəcək) təşkilat getdikcə dirçəlməkdədir.
 
Ovqat.com xəbər verir ki, Argentinanın “La City” nəşrində dərc olunan “Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dirçəlişi sərlöhvəli məqalədə bu iddia irəli sürülür. 
 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərova tərəfindən qələmə alınan məqalənin ispan dilindən tərcüməsini təqdim edirik.
 
 
Dünyada üzvlərinin sayına görə BMT-dən sonra ən böyük təşkilat Qoşulmama Hərəkatıdır. Bu qurum ölkələrin milli müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyü və təhlükəsizliyinə hörmət prinsipləri əsasında fəaliyyət göstərir. Onun başlıca məramı daha güclü dövlətlərə tərəfkeşlik etməmək, başqa sözlə, tərəfsizliyi qoruyub saxlamaqdır.
 
Qoşulmama Hərəkatı 1961-ci ildə Belqradda təşkil olunmuş sammitdə yaradılıb. İlkin mərhələdə Hərəkatın 25 üzvü olub. Sonradan onların sayı 125-dək artıb. Qoşulmama Hərəkatına üzvlük xüsusilə müstəmləkə sisteminin süqutu – Afrika, Asiya, Latın Amerikası və dünyanın digər yerlərində xalqların müstəqillik uğrunda mübarizəyə başlaması, dekolonizasiya prosesilə daha geniş vüsət almağa başlayıb. O vaxtdan qurum beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında böyük rol oynayır, strateji xətt olaraq qərəzsizlik, qoşulmama prinsiplərinə sadiqlik göstərir.
 
Qoşulmama Hərəkatının dünya siyasətindəki rolu ilə bağlı zaman-zaman mübahisələr yaşanıb. Bəziləri hesab edir ki, o, ən aktual beynəlxalq məsələlərə təsir etmək gücünü, bununla da bir beynəlxaq qurum kimi əhəmiyyətini itirib. Lakin Azərbaycanın hərəkata ötən ildən başlayan sədrliyi dövründə (bu, 2022-ci ilədək davam edəcək) təşkilat getdikcə dirçəlməkdədir. Hərəkata sədrliyi 2019-cu ildə qəbul etmiş Azərbaycan təşkilat daxilində əməkdaşlıq və həmrəyliyi təşviq, beynəlxalq münasibətlərdə onun rolunu artırmaq üçün kollektiv fəaliyyəti təşkil etmək əzmini ortaya qoyub.
Beləliklə, Bakının 2019-cu ilin sonlarından quruma sədrliyə başlaması ilə Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərdə yeni dönəmə qədəm qoyub. O vaxtdan Azərbaycanın təşəbbüsü ilə Hərəkatın 2 zirvə toplantısı keçirilib. Onlardan birincisi 25-26 oktyabr 2019-cu ildə Bakıda baş tutub. İkinci – COVID-19 ilə mübarizəyə həsr edilmiş toplantı 4 may 2020-ci ildə videokonfrans şəklində keçirilib. İkinci toplantı xüsusilə əhəmiyyətli olub. Dünyanın COVID-19 ilə mübarizə apardığı ilk aylarda məhz Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının 40 üzvü virtual sammitdə bir araya gəlib. Bu onlayn görüşün təməl fəlsəfəsi üzv dövlətlərin pandemiyanın sosial-iqtisadi, həmçinin siyasi nəticələri, səhiyyə sahəsindəki qlobal böhranla birgə mübarizəsinin təşkili olub. Başqa sözlə, 4 may sammiti Hərəkatın təməl sənədlərində vurğulanan əsas prinsiplərə sadiqlik göstəricisi sayıla bilər.
 
Bir sözlə, yüksəlişdə olan “orta güc” dövlət Azərbaycan bu qrup daxilində konsensusun əldə edilməsi, bununla da bu qlobal böhrana qarşı koordinasiyalı fəaliyyətin təşkilində liderliyi öz üzərinə götürüb.
 
Son sammitin nəticələrindən biri də Qoşulmama Hərəkatına üzv dövlətlərin təməl humanitar və tibbi ehtiyacları haqda məlumatların müəyyənləşdirilərək, sədr tərəfindən potensial donorlara təqdim edilməsi olub. Başqa sözlə, toplantı nəticəsində üzv dövlətlərin ehtiyaclarını özündə əks etdirən “məlumat bazası”nın yaradılması qərara alınıb.
 
Yeri gəlmişkən, həmin dövrdə Azərbaycan özü Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizə səylərinə dəstək olaraq, quruma 10 milyon dollar yardım ayırıb. Məbləğin yarısı Qoşulmama Hərəkatının Afrika, Asiya və Latın Amerikasından olan üzvlərinin ehtiyaclarının ödənməsinə yönəldilib.
 
Onlayn sammitin daha bir əlamətdar hadisəsi Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi iclasının çağırılması təşəbbüsü olub. Hərəkat üzvləri tərəfindən dəstəklənən bu təşəbbüs, BMT-nin 130-dan çox ölkəsinin dəstəyini qazanıb.
 
Beləliklə, Qoşulmama Hərəkatı Azərbaycan rəhbərliyi altında beynəlxalq ictimaiyyəti pandemiya bəlası ilə kollektiv mübarizəyə səfərbər edə bilib. Odur ki, BMT-nin COVID-19-la bağlı xüsusi sessiyasının pandemiya ilə mübarizədə qlobal platformaya verəcəyinə inanırıq.
 
Beləliklə, Qoşulmama Hərəkatı belə dərin böhran dönəmində üzvlərin təhlükəsizliyi uğrunda səfərbər ola biləcəyini, bununla da dünyada sülh və təhlükəsizliyə töhfə verə biləcəyini sübut edib. Azərbaycanın sədrlik etdiyi qurumun COVID-19 pandemiyasına reaksiyası onun dirçəlişinin göstəricisidir. Azərbaycan təşkilata sədrliyinin ilk ilini başa vurmaqdadır. Bu 1 ildə qurumun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu ortadadır. COVID-19 pandemiyası arzulanmaz hadisə olsa da, o, Qoşulmama Hərəkatının qlobal miqyasda önəmli hədəflərə can atan birlik olduğunu, çevik, təsirli və nəticəyə hesablanmış addımlar ata biləcəyini nümayiş etdirib.
 


Ana səhifəyə qayıt        Baxış: 3 416          Tarix: 26-08-2020, 12:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma