Xəbər lenti
 
 
Ölkə başçısı İlham Əliyev dünən AzTV-yə verdiyi müsahibəsində Ermənistan hakimiyyətinin regional iddiaları ilə bağlı çox önəmli fikirlər irəli sürdü. Əhalisi 3 milyon qədər olmayan, iddiaları isə yerə-göyə sığmayan İrəvanı “Sorosun nökərləri” adlandıran ölkə başçısı nədənsə, Rusiya və İrana toxunmadı. Erməni ideoloqlarının elə həmin gün paylaşdığı bir məqalə isə İrəvanın  xarici siyasət strategiyasında Tehrana nə qədər önəm verdiklərini göstərir.  
 
Ovqat.com “Арменовед” adlı blogerin “Ermənistanın İran amili” sərlövhəli yazısını təqdim edir.


 
Ermənistanın milli təhlükəsizlik konsepsiyası və strategiyası kontekstində prioritet yerlərdən birini İran amili tutur. Başqa cür də ola bilməz. İran Ermənistanın əsrlər boyu qonşu olduğu bir ölkədir. İmperializmin müasir forması olan qloballaşma şəraitində İran Qərb və Şərq sivilizasiyalarının toqquşmasında əsas oyunçulardan biri kimi çıxış edir. İran isə ilk  dəfə deyil ki, regionda hegemon rol oynamağa cəhd edir. Məşrutiyyət hərəkatı (1907-1911-ci illər) illərində Asiyada bu ilk burjua-demokratik inqilabın ideyaları Türkiyə, Əfqanıstan, Hindistan və Yaxın Şərqin bir sıra ölkələrinə yayıldı. XX əsrin 40-cı illərinin sonunda İran öz neftinin milliləşdirilməsi uğrunda mübarizəyə başladı və bu mübarizəni uğurla başa çatdırdı. Ərəb dünyasında neft sahibi olan ölkələr də ondan nümunə götürdülər.
 
İranın son zamanlar hegemoniya uğrunda mübarizəsi qoşunları qapısına dayanan ABŞ-a qarşı dirəniş zərurətindən irəli gəlir. ABŞ-ın Yaxın Şərq siyasətinin təhlili tədqiqatçıları bu qənaətə gətirib çıxarır ki, Vaşinqtondakı müəyyən qüvvələr regionda möhkəmlənmək üçün Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Pakistan və İran sərhədlərini qlobal şəkildə yenidən nəzərdən keçirməyə hazırlaşırlar.
 
Ona görə də regionda konyukturanın daim dəyişdiyi başadüşüləndir. Üstəlik, regionun şahmat taxtasındakı fiqurlar İran ətrafında yerləşib. Belə ki, ABŞ-ın strateji tərəfdaşı olan Türkiyə Vaşinqtonun dəstəklədiyi kürd separatçılarının fəallaşdırması fonunda obyektiv olaraq Türkiyənin bir hissəsini İraqın şimal rayonları ilə bərabər "Azad Kürdüstan"a vermək niyyətindədir və bu amil ənənəvi rəqibi olan İranla Türkiyəni yaxınlaşdırmağa başlayıb.


 
Bütün bu gözlənilməz hadisələr fonunda ermənilərin payına düşə biləcək miskin tale də müəyyənləşir. Məsələ tarixi Ermənistan ərazisinin bir hissəsinin - Diyarbəkirdən tutmuş Vana, Erzuruma və Qara dənizin sahillərinə, Gürcüstanın Artvin rayonunun bir hissəsi olan bitişik ərazilərə qədər torpaqları kürdlərin "sakit" yolla ələ keçirilməsi ilə nəticələnə bilər. Kürdlər ABŞ-ın birbaşa girov götürdüyü bölgədəki xəritələrə əsasən Ermənistanın əzəli torpaqlarının sahibi olmağa hazırlaşırlar. Maraqlıdır ki, kürd liderlərindən biri tərəfindən bu haqda birmənalı bəyanatlar səsləndirilib ki, kürdlər Ararat dağını Ermənistana verəcək, qalan hər şey isə özünə götürüləcək...
 
İranın şimal əyalətlərində də vəziyyət ürəkaçan deyil. Teorik olaraq, Şimali İranın böyük bir hissəsinin Azərbaycan Respublikasına (Bakı) birləşdirilməsi yolu ilə bu ölkəni böyütməyə çalışan amerikalılar bu yeni Birliyi Xəzərə bağlamağa çalışırlar ki, öz məqsədləri üçün istifadə etsinlər.
 
Böyük Azərbaycanın yaranması İran üçün də, Ermənistan üçün də zərərli nəticələrə gətirib çıxara bilər. Nəticədə Ermənistan bu yaxınlarda Asiya dünyasına açılan qapılarını - İran vasitəsilə Fars körfəzi zonasına, Hind okeanına, Orta Asiyaya və Çinə, həmçinin Yaxın Şərqdəki erməni torpaqlarına çıxışını itirər.



 
Amerika hərbi kontingentinin İraqdakı etirazına və ya ixtisarına dair bəyanatlara baxmayaraq, ABŞ yaxın gələcəkdə Xəzər zonasına daxil olmaq cəhdlərindən əl çəkməyəcək. Deyəsən, İran ABŞ-la qarşıdurmada qalib gəlir.
 
Avropa İttifaqı ölkələrinin İranla bütövlükdə Yaxın Şərqlə bağlı yanaşmaları da dəyişir. Tədqiqatçıların fikrincə, ABŞ-dan müstəqil hərəkət etmək istəyən Avropa Birliyi özü ilə İran arasında bir körpü sayılan Ermənistan vasitəsilə bu ölkəyə nüfuz etmək üçün Türkiyədən yan keçməyə çalışırlar. Avrasiya ölkəsi olan Ermənistan sözün əsl mənasında tarixi vasitəçilik rolunu oynamalıdır. Bununla yanaşı, o, həm İran, həm də Avropa İttifaqı ölkələrinə qarşı bitərəf, eyni mövqeli siyasət yürütməlidir.
 
Avropa ölkələri – Almaniya, Fransa və s. həmişə Yaxın Şərqə doğru can atıblar. Bu baxımdan Almaniyanın Yaxın Şərq, xüsusilə də İran bazarına çıxmaq cəhdləri maraqlıdır. Kayzer Almaniyasının Berlin–Belqrad–Bağdad–Bəsrə xətti üzrə nəhəng dəmir yolu magistralının tikintisi layihəsini xatırlamaq kifayətdir. İkinci Dünya müharibəsindən əvvəl İran Şah Rza Pəhləvinin timsalında Hitler Almaniyası ilə yaxınlaşmaq cəhdləri göstərilmişdi. Onun oğlu Məhəmməd Rza Şahın hakimiyyəti illərində Buşəhrdəki ilk atom elektrik stansiyasının layihəsini və tikintisini alman mütəxəssisləri həyata keçirməyə başladılar.
 
İranın regionda və bütövlükdə dünyada mövqeləri daim möhkəmlənir. O, Rusiya və Çinlə münasibətlərini möhkəmləndirir. Hazırda İran Çinin əsas neft tədarükçüsüdür. Rusiyaya gəlincə, o, almanların başlatdığı Buşəhr Atom Elektrik Stansiyasını tikib 2-ci blokun tikintisini həyata keçirir və Yaxın Şərqdə ilk AES-in 3-cü enerji blokunun tikintisi ilə bağlı müqavilə imzalayıb.


 
İran dünya nüvə klubunun üzvlüyünə ciddi şəkildə müraciət edir. Bunun üçün onun kifayət qədər əsası var. İran Buşəhr AES kimi daha 11 stansiyanın tikintisini planlaşdırır. Təbii ki, bu stansiyalara xidmət etmək üçün ona nüvə yanacağı – uran lazımdır. Bu, İrandan nüvə proqramına çevrilməsini tələb edəcək. Bir çox analitiklər İranın bu hüququnu tanımağa meyllidirlər. Bir neçə on illik müstəqil tarixi olan İsrail, Pakistan və Şimali Koreya kimi gənc ölkələr bu hüquqa malikdirlərsə, nəyə görə bu, minillik dövlətçilik ənənəsinə malik İrana eyni hüquq verilməsin?
 
İranın yaxın onilliklər üçün iddialı planları var. İran rəhbərliyi ölkə əhalisinin sayını 120 milyon nəfərə çatdırmaq niyyətindədir. Bu hədəf kifayət qədər ərazisi və resursları olan İrana güc verir.
 
Regionda dəyişən konyukturada Ermənistanın taleyi bir sıra digər faktorlarla necə müəyyənləşəcək? Ermənistan tarixi, geostrateji və digər şərtlərdən çıxış edərək, İran amilini daim nəzərə almalı və İranla xüsusi münasibətlər qurmalı, SSRİ dağıldıqdan sonra iki ölkə arasında formalaşmış münasibətlər prinsiplərinə riayət etməlidir.


 
Ermənistanın xarici siyasəti Rusiya–Cənubi Qafqaz–Yaxın Şərq xətti ilə Şimal–Cənub meridianının oxu nəzərə alınmaqla qurula bilər. Cənubi Qafqazda o, Avropa ölkələri, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında geniş oxlarla kəsişir. Ermənistan Rusiya–Ermənistan– İran istiqamətinə meridian oxuna ciddi əməl etməlidir, Türkiyə–Azərbaycan vektor ölkələrinə Ermənistan-Rusiya və Ermənistan-İran münasibətləri sferalarına nifaq, pozğunluq, dağılma və s. elementləri yeritməyə əsas verməməlidir.
 
Dünyada qloballaşma şəraitində keçirilən "böyük şahmat oyunu"nda sırf geosiyasi amil böyük əhəmiyyət kəsb edir: ABŞ-ın və onun əlaltılarının geosiyasəti "dənizçilik", “idxalat” prinsipinə əsaslanır. Halbuki Rusiya, İran və Avrasiyanın digər ölkələri öz geosiyasi konsepsiyalarını “kontinental", "uzunmüddətli" əsasda qurur. Tədqiqatçılar bu parametrlərdə “dəniz” ə qarşı mübarizədə “quru” nun “mövqe üstünlüyü” əldə etdiyini aşkarlayıblar. İran faktorunun Ermənistanın xarici siyasətində məhz belə bir "uzunmüddətli" qalması nəzərdə tutulur.




Ana səhifəyə qayıt        Baxış: 3 470          Tarix: 20-09-2020, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma