Xəbər lenti

 
 
Bu günlərdə müşahidəçilər Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə onsuz da darmadağın olmuş sülh prosesində növbəti “kərpicin düşməsi”nə şahid olub. Səbəbi Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın avqustun sonunda Azərbaycanın işğal altındakı ərazilərində keçirilmiş hərbi təlimlərə qatılmasıdır. Onun üzərində Azərbaycanın rəmzi olan hədəfləri nişan alması sosial şəbəkələrdə xüsusilə geniş yayılıb. Halbuki, Akopyan cəmi 2 il əvvəl əlində gül dəstəsi tutaraq, sülh çağırışı edirdi...
 
Ovqat.com-un məlumatına görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM)  İdarə Heyəti sədrinin müavini Esmira Cəfərovanın  ABŞ-ın Eurasia Review” nəşrində dərc olunan ““Məxməri inqilab” populizmi “Madrid prinsipləri” üzrə danışıqlara son qoydu sərlövhəli məqaləsi bu cümlələrlə başlayır.


 
Məqalədə qeyd olunur:
 
“Ermənistanın birinci xanımının bu hərəkəti Azərbaycan tərəfini çaşdırıb və haqlı olaraq qıcıqlandırıb. Üstəlik, Azərbaycanın Tovuz rayonu istiqamətində bu il iyulun 12-14-də baş vermiş hərbi toqquşma, həmçinin ondan əvvəlki və sonrakı hadisələr Ermənistan rəhbərliyinin münaqişənin sülh yolu ilə həlli üçün konstruktiv danışıqlar aparacağına inamı onsuz da sarsıtmışdı. Başqa sözlə, Paşinyanın xanımının hərbi formada poz vermə icmarıcı yenilik deyil. O, övladını hələ 2018-ci ildə hərbi xidmət keçməsi üçün... məhz Azərbaycan ərazisinə göndərmişdi.
 
Beləliklə, Ermənistanda 2018-ci ildə hakimiyyəti gəlmiş “inqilabçı” hakimiyyətin Ermənistan-Azərbaycan münaqişəsilə bağlı silsilə təxribatları sülh danışıqlarına ciddi zərbə vurub. Bu təxribatçı, dağıdıcı addımlardan biri də Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” bəyanatıdır. Erməni baş nazir bu bəyanatı ilə əslində, təhlükəli “miatsum” ideologiyasını (Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistana birləşdirilməsi) yenidən gündəmə gətirib.


 
Yerevanın təxribatçı addımları kimi Azərbaycanın işğal altındakı ərazilərində “parlament və prezident seçkiləri”nin keçirilməsini, Paşinyanın 2020-ci ilin mayında tarixi Azərbaycan şəhəri olan Şuşaya səfərini də qeyd etmək olar.
 
2020-ci ilin martında isə erməni tərəfi danışıqlar prosesini dayandıracaq daha real addım atıb – Yerevan danışıqlar masası üzərində heç bir sənədin olmadığını bəyan edib. Halbuki, Ermənistanla Azərbaycan illərdir ATƏT-in Minsk qrupu həmsədrlərinin – Fransa, Rusiya və ABŞ-ın vasitəçiliyilə hazırlanmış “Madrid prinsipləri” adlı sənəd ətrafında müzakirə aparır. Həmin sənəd hələ 2007-ci ildə elan edilib, 2009-cu ildə isə yenilənib.
 
Ermənistanın müdafiə naziri David Tonoyanın 2019-cu ildə verdiyi “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatı, Paşinyanın 1920-ci ildə imzalanmış, lakin ratifikasiya edilməmiş Sevr müqaviləsinin prinsipləri ətrafında debatların bərpası cəhdi də Yerevanın konstruktiv danışıqlara maraq göstərmədiyinin sübutudur. Yerevan Sevr müqaviləsini əsas götürərək, Türkiyəyə qarşı da ərazi iddiaları ilə çıxış edir.


 
Yeri gəlmişkən, bu günlərdə Ermənistan Milli Elmlər Akademiyasında “Sevr müqaviləsi və erməni məsələsi” mövzusunda forum belə, keçirilib. O, sənədin imzalanmasının 100-cü ildönümünə həsr edilmişdi. Nikol Paşinyan tədbirdəki çıxışı zamanı xüsusi vurğulayıb ki, “Sevr müqaviləsi tarixi faktdır və bu gün də belə olaraq qalır... Bu gün tarixi ədalət bərqərar olur, erməni xalqının demoqrafik potensialının reallaşması, iqtisadiyyatının bərpası üçün münbit şərait yaradılır. Sevr müqaviləsi yerinə yetirilməsə də, tarixi fakt olaraq qalır. Onu yada salmaq, anlamaq, əhəmiyyətini unutmamaq bizim tarixi borcumuzdur”.
 
2020-ci il avqustun əvvəlində erməni millətçiləri də Sevr müqaviləsilə bağlı bəyanat yayaraq, onu “böyük geosiyasi əhəmiyyətə malik sənəd” adlandırıblar. Millətçilər “Böyük Ermənistan” xülyasını bir daha gündəmə gətirərək, məhz Sevr müqaviləsinə istinadla Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edirlər.
 
Bir sözlə, Azərbaycan rəsmilərinin Ermənistanın yeni rəhbərliyilə bağlı nikbinliyi uzun sürməyib. Məsələ ondadır ki, Bakı Ermənistanın yeni rəhbərliyinin çox reklam etdikləri “inqilab”ı danışıqlar prosesində də təkrar edəcəyinə, sülh danışıqlarını vicdanla aparacağına, nəticədə Ermənistan-Azərbaycan münaqişəsilə bağlı ədalətin bərqərar olacağına ümid edirdi.


 
Lakin bu gün sülh danışıqları ilə bağlı vəziyyət ortadadır. Bu, Ermənistan rəhbərliyinin mövqeyindən asılı məsələdir. Onların mövqeyisə təəssüf ki, nikbinliyə əsas vermir. Bu gün erməni tərəfi davamlı olaraq təhlükəli hərbi əməliyyatlara əl atmaqla yanaşı, ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif etdiyi prinsiplərə, həmçinin danışıqlar formatına qarşı çıxır. Məsələn, Yerevan 2019-cu ilin martından bəri işğal altındakı Dağlıq Qarabağ regionunun danışıqlar prosesinə müstəqil tərəf kimi cəlb edilməsinə təkid göstərir. Əlbəttə ki, bu təklif həm Azərbaycan, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edilir.
 
Bundan başqa, artıq deyildiyi kimi, Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin  “Madrid prinsipləri” əsasında həllinə qarşı çıxır. Bu prinsiplərə əsasən, regionun yekun statusu müəyyən edilməmişdən qabaq Ermənistan silahı qüvvələri işğal altındakı əraziləri tərk etməlidir. Bu, danışıqlar prosesində hər zaman müzakirə edilib. İndisə Yerevan bu haqda çox sərt danışır: “2018-ci ilədək verilmiş və Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini özündə ehtiva edən təkliflər Ermənistan üçün qəbuledilməzdir”.


 
Azərbaycan rəsmiləri və ekspertlər Ermənistanın militarist, təxribatçı mövqeyindən narazılıqlarını ifadə edirlər. Onlar hesab edir ki, Ermənistanın “məxməri inqilab”ı başa çatdırmış yeni rəhbərliyi istər daxili, istərsə də xarici siyasətdə, müttəfiq seçimində əvvəlki hakimiyyətin yolu ilə gedir.
 
Bu məqalənin müəllifi də bu ilin aprelinədək problemin həllinə ehtiyatlı nikbinliklə yanaşırdı. Şəxsən mən də 2020-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyiş olacağına ümid edirdim. Lakin artıq sentybarın sonlarıdır və ilin başa çatmasına təxminən 3 ay qalır. İndi, ilin sonunadək hər hansı irəliləyişə ümid demək olar ki, qalmayıb.
 
Hər halda, Paşinyan hökuməti danışıqlar prosesinin “dalana dirənməsi” üçün hər şeyi edir. Ermənistan hakimiyyəti məsələyə sağlam düşüncə ilə yanaşmır, davamlı olaraq təxribatlara əl atır. O, özündən əvvəlki rejimin siyasətini təkrarlayır, müdriklikdən uzaq xarici siyasət yürüdür. Demək, iqtisadi çətinliklər içərisində olan Ermənistan bundan sonra da regional layihə və təşəbbüslərdən kənarda qalacaq.


 
Bir sözlə, Ermənistanda baş vermiş “məxməri inqilab”ın üzərindən iki il ötdükdən sonra deyə bilərik ki, hətta bu “məxməri inqilab fasadı” belə, Yerevanın şovinizmini gizlədə bilmir. Bu gün onlar duyğuların istismarı ilə məşğuldur. Deyəsən, Ermənistan rəhbərliyi bu siyasətin həm regional təhlükəsizlik, həm də öz xalqı üçün nə ilə nəticələnəcəyini anlamır”.
 


Ana səhifəyə qayıt        Baxış: 4 719          Tarix: 21-09-2020, 17:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma