Xəbər lenti

 
 
İrəvan Azadlıq Təşkilatı Milli Məclis deputatlarına müraciət edərək, “Ali Sərkərdə” titulunun təsis olunması və ilk olaraq Ali Baş Komandan İlham Əliyevin bu mükafata layiq görülməsi təklifi irəli sürüb.
 
Ovqat.com təşkilatın müraciətini təqdim edir:
 
Azərbaycan Respublikası Milli Məclisinə İrəvan Azadlıq Təşkilatının müraciəti
 
Hörmətli millət vəkilləri!
 
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə iki əsrə yaxın məğlubiyyət sindromuna son qoyuldu. 19-cu əsrin əvvəllərindən bu yana nümunə üçün göstəriləcək tək bir qalibiyyət tariximiz belə yoxdur.
 
 
1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi ilə torpaqları ikiyə bölünən Azərbaycan sonrakı bütün tarixi boyu torpaq itirə-itirə yaşayıb. Bizim tarixin üzüağ səhifələri Şah İsmayl Xətai və Nadir şah dövrləri ilə xatırlana bilər. Ardınca xanlıqlar dövrü, parçalanmış ölkə, çar Rusiyasının əsarətində keçən illər, 1918-də qurulan Xalq Cümhuriyyətinin kövrək ömrü və yenidən rus tabeliyi - SSRİ-nin tərkibində 70 illik həyat, müstəqilliyin bərpasının ilk illərində isə təzədən torpaqların itirilməsi bizi qələbəyə, sevincə tamarzı qoymuşdu. Yəni iki əsrə yaxındır ki, Azərbaycan torpaqlar itirib, iki əsrə yaxındır ki, bu məmləkətin və insanlarının üzü gülmürdü, qələbə yaşamırdı, işğal olunan torpaqlarını ala bilmirdi.
 
Qarabağ problemi ilə bağlı tarixə baxdıqda görürük ki, əvvəlcə, İrəvanın siyasi konyukturaya görə məcbur şəkildə verilməsi və Ermənistanın paytaxtına çevrilməsi, sonra 1992-1993-cü illərdə Qarabağın işğalı 20 faiz ərazilərimizin itirilməsinə səbəb olmuşdu.
 
2020-ci ilin 27 sentyabrından isə bir başqa Azərbaycan, bir başqa tarix və Ordu var. Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iki əsrə yaxın həsrətə, sindroma son qoymaqdadır. Bu, əlbəttə ki, kitablara, dastanlara düşəcək bir tarixdir. Tale boyu torpaq itirmiş Azərbaycan indi ərazilərini işğaldan azad edir, xalqın 200 illik sınmış qüruru, məğlubiyyətlər seriyasına son qoyulur.
 
Bu, təkcə torpaqların alınması, Azərbaycanın bütövləşməsi deyil. Bu, İlham Əliyevin erməniliyə ağır zərbəsidir, xalqın qürurunu özünə qaytarmaqdır, üzərindəki işğal ləkəsini təmizləməkdir. Artıq Azərbaycan işğal tarixinə son qoydu və qalibiyyət tarixini qızıl hərflərlə yazdı. Cənab ali baş komandan, prezident İlham Əliyev tərəfindən Qarabağın azadlıq əfsanəsi yazıldı və bu gün hər bir vətəndaşımız bunun əyani şahididir.
 
Heç şübhəsiz ki, cənab Ali Baş Komandan həm səngərdə, həm də diplomatiyada Azərbaycanın Milli Qəhramanıdır və ölkəmizin ən ali ordeninə layiqdir. Məhz İlham Əliyevin fəaliyyətinin nəticəsində bu gün hər birimiz alnı açıq, başı dik “Qarabağ Azərbaycandır” deyə bilirik. 
 
Hörmətli millət vəkilləri!
 
İrəvan Azadlıq Təşkilatı Sizlərə müraciət edərək təklif edir ki, Azərbaycan Respublikasının Ali Sərkərdəsi titulu təsis edilsin və Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının Ali Sərkərdəsi tutulu ilə təltif edilsin.
 
Hörmətlə, Təbriz Musayev
“İrəvan Azadlıq Təşkilatı”nın sədri


Ana səhifəyə qayıt        Baxış: 6 447          Tarix: 13-11-2020, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma