Xəbər lenti
 
 
AMEA-nın Fizika İnstitutunda aləm dəyib bir-birinə.
 
Ovqat.com AMEA-nın rəsmi məlumatlarına istinadən xəbər verir ki,  İnstitutun direktoru, akademik Nazim Məmmədov, elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər.
 
Fizika İnstitutunun faktiki başsız qalmasının əsas səbəbi nə olsa yaxşıdır? - əlbəttə, korrupsiya.
 
AMEA Rəyasət Heyətinin 8 yanvar iclasına çıxarılan ilk elmi-təşkilati məsələ Fizika İnstitutunda aparılmış yoxlamanın nəticələri haqqında olub.
 
Məsələ ilə bağlı çıxış edən yoxlama komissiyasının sədri, AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bildirib ki, AMEA Rəyasət Heyətinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə yaradılmış komissiya tərəfindən AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin tərkibinə daxil olan Fizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2020-ci ilin 17- 25 dekabr tarixlərində yoxlama aparılıb.


 
Onun sözlərinə görə, Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənilməsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparılmaması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub”, - AMEA-nın rəsmi məlumatında belə deyilir.
 
Akademik çevrələrdən aldığımız məlumata görə, söhbət milyonlarla manatlıq vəsaitin göyə sovrulmasından gedir.
 
Başqa ölkələrdə bu ittihamlardan sadəcə biri hüquqi məsuliyyət doğurduğu halda, Azərbaycanda hətta işdən qovulmalar belə, İnstitutda heyrətlə qarşılanıb. Bildirilir ki, Fizika İnstitutunun rəhbərliyi niyə vurulduqlarını hələ də anlaya bilmirlər. Onlar İnstitutdakı yeyintiləri təkbaşına deyil, AMEA-nın rəhbərliyi ilə birgə həyata keçirdiklərini bildirirlər. Bəs necə olur ki, başda Ramiz Mehdiyev olmaqla AMEA rəhbərliyinə “gözün üstə qaşın var” deyən yoxdur, onlar isə “günah keçisi” kimi qurban edilirlər?


 
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev yazdığı facebook statusunda Fizika İnstitutunda yaşanan “yarpaq tökümünü” şərh edərkən bildirib ki, dünyada elmin inkişafına dair layihələr işlənilir, strategiyalar qəbul olunur, Azərbaycanda isə vaxtilə Elmlər Akademiyasının tacı sayılan Fizika institutunda korrupsiya və maxinasiyalar tüğyan edir.
 
Deputat facebook statusunda tələb edib ki, təcili Fizika İnstitutuna "Elmin İnkişafı Fondu"ndan verilən fantastik rəqəmlərlə ifadə olunan qrant layihələrinin icrası da yoxlanılmalıdır: “Birinin məbləği 3.000.000 manat idi. Həmin vaxtlar Elmin İnkişafı Fondunun Himayədərlar Şurasının sədri akademik Ramiz Mehdiyev idi”.
 
Akademik çevrələrdən aldığımız məlumata görə, rəsmi açıqlamada Fizika İnstitutunda yoxlamaların 17-25 dekabr tarixlərində aparıldığı iddia olunsa da, əslində təftişlər daha erkən - sentyabr ayının 25-də başlamışdı. Maraqlıdır ki, ilk təftiş zamanı İnstituta təşrif buyuran AMEA-nın prezidenti Ramiz Mehdiyev və onun müavini İsa Həbibbəyli yoxlamalarının nəticəsindən xeyli razı qalmışdılar. Hətta akademik Ramiz Mehdiyev institut əməkdaşları qarşısında çıxış edərək elmi-tədqiqat müəssisəsində yaradılan şəraitdən məmnunluğunu ifadə etmişdi. Bununla belə, Baş akademik institutda bəzi çatışmazlıqların olduğunu da diqqətə çatdıraraq qeyd etmişdi ki, bu kimi nöqsanlar büdcə vəsaiti ilə yanaşı, daxili imkanlar və müxtəlif layihə, qrantlar hesabına aradan qaldırılmalıdır. 



Ramiz Mehdiyev cəmi 3.5 ay əvvəl Nazim Məmmədovu yaxşı korrupsiya bacarığına görə mükafatlandırmışdı
 
Akademiya rəhbərlərinin iradından belə pul qoxusu gəldiyini hiss edən Fizika İnstitutun direktoru Nazim Məmmədov xeyli sevinsə də, Ramiz Mehdiyevin və İsa Həbibbəylinin eyhamlı iradlarına eyni üslubla cavab verməyi də yaddan çıxartmamışdı. O, Baş akademikə və onun müavininə xatırlatmışdı ki, “institutda mövcud olan müasir avadanlıqların əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Elmi İnkişaf Fondunun qrant layihələri çərçivəsində əldə olunub”. Yəni bununla Akademiya rəhbərliyinin diqqətinə çatdırmaq istəmişdi ki, bəli, işimizdə nöqsanlar, çatışmazlıqlar, hətta ciddi yeyinti halları da var. Amma bütün bunların hamısı Azərbaycan Respublikasının Prezidenti yanında Elmi İnkişaf Fondunun himayəsi və iştirakı ilə həyata keçirilib.
 
İnstitutun digər rəhbər kadrları da  çatışmazlıqlar barədə Akademiya rəhbərliyini məlumatlandırmışdılar. Akademik Cavad Abdinov, həmçinin innovasiya və transfer üzrə direktor müavini Ayaz Bayramov həmin görüş zamanı çıxış edərək İnstitutdakı mövcud çatışmazlıqlar haqqında danışmışdılar. Akademik Ramiz Mehdiyev öz növbəsində müxtəlif istiqamətli elmi tədqiqatların daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq institut rəhbərliyinə müvafiq tapşırıq və tövsiyələri vermişdi. 


 
Üzərindən cəmi 3 ay yarım keçəndən sonra isə İnstitutun bütün rəhbərliyi işdən qovulmuşdu. Görünür, İnstitut rəhbərliyi baş akademikin “müvafiq tapşırıq və tövsiyələri”ni layiqincə yerinə yetirə bilməyiblər.
 
Akademik çevrələrin məlumatına görə, sentyabrın 25-də Fizika İnstitutunda aparılan yoxlamalar təkcə bu qurumla məhdudlaşmır. Əksinə, əsas hədəf Ramiz Mehdiyevin 10 ildən artıqdır rəhbərlik etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Elmi İnkişaf Fondunun fəaliyyətini təftiş etməkdir. İddia olunur ki, hər il milyonlarla manat vəsaitin ayrıldığı Elmi İnkişaf Fondunda şəffaflığın olmaması və qrantların necə gəldi paylaşılması korrupsiya üçün ciddi şərait yaradır. Azərbaycan rəhbərliyi son 10 il ərzində “elmi layihələri”n maliyyələşdirilməsinin heç bir nəticə vermədiyi görüb qrantların necə göyə sovrulduqlarını araşdırmaq qərarına gəlib.  
 
Ramiz Mehdiyevin 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib Elmlər Akademiyasının rəhbəri vəzifəsinə təyin olunması da bu amillə əlaqələndirilir. Bildirildiyinə görə, 2019-cu ilin oktyabr ayında yeni vəzifəsinə təyin olunan Ramiz Mehdiyevin qarşısında “elmi layihələr”ə ayrılan astronomik rəqəmlərin hesabatını vermək üçün 1 il möhlət qoyulub. Akademikin ən çox qrantların ayrıldığı Fizika İnstitutunda sentyabrın 25-də yoxlamalara başlaması da verilən möhlətin dolması ilə izah olunur. Baş akademik ya korrupsiya zəncirində iştirak edənləri bir-bir ifşa etməli, ya da qrantların hamısının öz nəzarəti altında yeyildiyini boynuna almalı və məsuliyyətini daşımalı idi.


 
Maraqlıdır ki, akademikin öz tərəfdaşlarını güdaza vermək əməliyyatı başlayar-başlamaz II Qarabağ müharibəsi başladı və bu da hesabat prosesini bir neçə ay uzatdı. İddialara inansaq, müharibə səngidikdən sonra Ramiz Mehdiyevdən yenidən hesabat tələb olunub. O da yeni ilin ilk iş günlərində “elmi qrant oğrularını” cəzalandırmağa başlayıb
 
Yanvarın 8-də AMEA Rəyasət Heyətinin cari ildə keçirilən ilk iclasında cəzalanan təkcə ən böyük qrant yeyicisi kimi tanınan Fizika İnstitutunun rəhbərliyi olmayıb. Elmi İnkişaf Fondunun Himayədarlar Şurasının iki üzvü - İsa Həbibbəyli və İbrahim Quliyev də AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad ediliblər. Cəzalandırılan bu iki şəxs yenidən akademiyanın sadəcə vitse-prezidenti vəzifəsinə seçilsələr də bunun müvəqqəti xarakter daşıdığı bildirilir. Təxminlərə görə, Ramiz Mehdiyev öz ortaqlarının üzə durmamasını təmin etmək üçün onlara tam toxuna bilməyib.


 
Bununla belə, İsa Həbibbəyli və İbrahim Quliyevin qələminin artıq qırıldığı sirr deyil. Xüsusilə İsa Həbibbəylinin hətta son qalası Naxçıvan Muxtar Respublikasındakı mülkiyyətinin hansı pulla tikildiyi araşdırılır. Artıq ona məxsus yanacaqdoldurma məntəqələrinin sökülməsinə və digər müəssisələrinin əl dəyişdirməsinə qərar verildiyi vurğulanır. Həbibbəylilərin ailə biznesinin əl dəyişdirməsinin əsl səbəbinin Elmi İnkişaf Fondundan yoxa çıxan vəsaitlərdən ona düşən payın kompensasiya edilməsi ilə əlaqədar ola biləcəyi də istisna edilmir. Başqa sözlə, cənab akademik zəhmət çəkib varidatını sataraq Elmi İnkişaf Fondundakı açıqları doldurmaq üçün qollarını çırmalamalıdır. İndiki böhran şəraitində onun satacağı mülkiyyəti hansı ağılsızın alacağı xeyli müəmmalı görünsə də, akademikin gələcək karyerası (əgər vardırsa) “borcunu” qəpiyinə qədər geri qaytarmaqdan keçir.


 
Akademik məsələ bununla da bitmir. Qələmi qızıl yumurtalayan İsa Həbibbəylinin bir məddahiyyəlik məqalələrlə vəzifəyə gətirdiyi övladları da iş yerlərini itirə, hətta akademik barəsində daha ciddi tədbirlər görülə bilər. Prinsipcə, Elmi İnkişaf Fondunda Azərbaycan xalqının varidatının necə tarümar edilməsinin ortaya çıxması üçün ən qısa yol da budurRamiz Mehdiyevin özünü sığortalamaq üçün qurban verdiyi komanda yoldaşlarını müvafiq ittihamlarla məhkəməyə çəkmək və onların bülbül kimi ötməsini təmin etmək. Yəqin ki, Azərbaycanın hüquq mühafizə orqanları bu üsuldan yetərincə faydalanacaqlar və hər kəsə məddahlıqla korrupsiya əməllərini ört-basdır etməyin mümkün olmayacağını əyani şəkildə göstərəcəklər.

Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 848          Tarix: 10-01-2021, 07:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma