Xəbər lenti

 
ABŞ-da prezident seçkilərinin illərlə formalaşmış ənənələrindən biri köhnə rəhbərin yeni liderə öz postunu təhvil verərkən məktub yazmasıdır. 
 
Ovqat.com xəbər verir ki, Tramp da bu ənənə sadiq qalıb.
 
Onun məktubu isə xeyli qısa olub: “Co, özün də bilirsən ki, seçkini mən qazandım”.


 
Donald Trampın bu bir cümləlik məktubu onun öz postunu təhvil verməklə razılaşmayacağını və prezidentlik kürsüsü uğrunda mübarizəsini davam etdirəcəyini göstərir. Təsadüfi deyil ki, bu gün Ağ evdən ayrılıb Florida ştatına uçmaq üçün getdiyi aeroportda Tramp tərəfdarlarına ünvanladığı müraciətində də bunu gizlətməyərək deyib: “Əvvəl-axır, yenidən geri qayıdacağıq”.
  
Müşahidəçilərin fikrincə, Trampın növbəti seçkilərə qatılaraq prezidentlik uğrunda mübarizə aparmaq şansı var və o, bundan istifadə edəcək. Hətta onun yeni partiya quraraq siyasi fəaliyyətini davam etdirəcəyi güman olunur. 


 
Qlobal iqtisadi rəqabətdə getdikcə Çinə uduzan ABŞ-da xalqın mühüm hissəsi Trampın apardığı mühafizəkar iqtisadi siyasətlə iqtisadiyyatı dirçəltdiyinə inanırdı. Əslində onun son seçkilərdə koronavirus sürprizi ilə qarşılaşmasaydı, rəqibindən müqayisəedilməz dərəcədə çox səs toplayacağı və seçkiləri şəksiz qazanacağı güman olunurdu. Pandemiya dövründə yürütdüyü uğursuz siyasəti nəticəsində nüfuzunu xeyli itirməsinə rəğmən, ABŞ seçicisinin yarısının səsini toplamağı bacarması da Trampa hələ də böyük rəğbət duyulduğunu təsdiqləyir.
 
Trampın yeni partiya quraraq fəaliyyətini davam etdirməsinin ən böyük zərbəsinin Respublikaçılara dəyəcəyi düşünülür. Bəzi iddialara görə, o, indiyədək təmsilçisi olduğu Respublikaçı elektoratın 70%-i  tərəfindən dəstəklənir. Hətta ABŞ-da Trampizm deyilən bir cərəyanın yarandığı bildirilir. 
 
Yeni hakimiyyətin xarici və daxili siyasətdə yaşayacağı uğursuzluqlar, xüsusilə iqtisadi zəifləmə Trampizmin ciddi şəkildə böyüməsinə yol aça və hər iki partiyanın sosial dayaqlarını laxlada bilər. İddialara görə, ABŞ-ın hər iki ənənəvi partiyası məhz bundan çəkindiyinə görə, Trampı impiçment etmək istəyirlər. Zira vəzifədə olmasa belə, onun barəsində verilmiş impiçment qərarı növbəti dəfə seçkilərə qatılmasını əngəlləmək işinə yaraya bilər. Əgər bu baş verərsə, ABŞ-da Tramp tərəfdarlarının sayının daha da artaracağından çəkinilir. 
 
Qısası, Tramp hələ uzun müddət ABŞ-ın boğazında ilişib qalan kal armuda çevriləcək.




Ana səhifəyə qayıt        Baxış: 5 720          Tarix: 20-01-2021, 23:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma