Xəbər lenti
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Azərbaycan ilə Türkmənistan arasında imzalanan “Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” təkcə regionun deyil, həm də dünyanın enerji siyasətinə ciddi təsir göstərəcək. Bu həqiqət iki ölkə rəhbərinin dünən keçirdikləri videokonfrans formatlı görüşdə dilə gətirdikləri fikirlərdə də öz əksini tapdı. Türkmənbaşı Qurbanqulu Berdiməhəmmədov dünənki çıxışında iki dövlətin imzaladığı memorandumun beynəlxal enerji axınlarının çöhrəsini dəyişdirəcəyinə eyham vuraraq dedi: “Bizim ölkələr qlobal gündəliyin prinsipial əhəmiyyətli mövzusu olan enerji təhlükəsizliyi, beynəlxalq enerji axınlarının konfiqurasiyası barədə təsəvvürlər və bütövlükdə dünya energetikasının arxitekturası haqqında eyni fikirdədirlər”. Azərbaycan Prezidenti İlham Əliyev də həmkarının fikirlərini təsdiqləyərək bildirdi ki, “sözügedən layihə təkcə ölkələrimizin deyil, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq”.
Göründüyü kimi, hər iki lider “Dostluq” yatağının birgə istismarının qlobal təsir imkanlarından danışır və “dünya energetika arxitekturası”nın yenidən şəkillənəcəyinə eyham vururdular. Qurbanqulu Berdiməhəmmədovun “bu məsələdə biz də Azərbaycanla həmfikirik” deməsi isə haqqında danışılan qlobal enerji layihəsinin bizə məxsus olduğunu, Türkmənistanın isə bu layihəyə sadəcə qoşulduğunu göstərir.
Sual oluna bilər: Xəzərin “Dostluq” yatağı nədir və hansı böyük potensiala malikdir ki, “dünyanın energetika arxitekturası”nda mühüm dəyişikliklərə yol açsın?
Məlumata görə, Sovet İttifaqının son illərində Azərbaycan neftçiləri tərəfindən kəşf olunan yataq Xəzər dənizinin ölkəmizlə Türkmənistan sərhədlərinin ortasında yerləşir. Türkmənistan sahillərinə daha yaxın olması yatağın kimə məxsusluğu barədə iki ölkə arasında uzun illər mübahisələrə yol açmış, nəhayət, dünən tərəflər birgə istismar məsələsində ortaq fikrə gələrək memorandum imzalamışlar. Beləcə, uzun illərdən bəri davam edən mübahisələrə də son qoyulmuşdur.
Mübahisənin sona çatması yatağın yeni ad almasını da şərtləndirmişdir. Bu zamanadək Azərbaycan tərəfi yatağı “Kəpəz”, Türkmənistan tərəfi isə “Sərdar” adlandırırdısa, bundan sonra o, “Dostluq” adı daşıyacaq. Sözsüz ki, bu ad simvolik xarakter daşıyırdı və uzun illərdən bəri iki dövlət arasında ixtilafa çevrilən məsələnin qarşılıqlı faydaya əsaslanan prinsiplərlə həllinə işarə edir. Yeri gəlmişkən, yatağın ortaq istismarı Azərbaycan tərəfinin uzun illərdən bəri irəli sürdüyü təklifi idi və Türkmənistan bununla razılaşmaq istəmirdi. Mərhum Heydər Əliyevin dövründən indiyədək davam edək mübahisələr sonunda Azərbaycanın təklif etdiyi prinsiplər üzərində razılaşma ilə nəticələndi.
Yatağın iqtisadi dəyəri
Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, yataqda təqribən 100 milyon ton neft və qaz ehtiyatının olduğu ehtimal edilir: “İndiki texnologiyalar nəzərə alınsa, bunun 50 milyonunu hasil etmək mümkündür. Bu isə təqribən 35 milyard dollar deməkdir". Müqayisə aparsaq; “Şahdəniz” yatağından Azərbaycan 2006-cı ildən 2018-ci ilə qədər 100 milyard kub metr qaz çıxarıb və 50 milyon ton sıxılmış qaz (LNG) bunun təxminən yarısına, 51 milyard kub metr təbii qaza bərabərdir, “Dostluq” yatağının potensialının böyüdüldüyü qədər də çox olmadığı ortaya çıxır.
Üstəlik, ekspert İlham Şabanın dediyi 50 milyon ton enerji resursunun 35 milyard dollar olması fikri də 2007-ci illərə aiddir. Zira, ekspert də bu rəqəmi məhz həmin illərdə dilə gətirmişdi. İndiki qiymətlər isə xeyli ucuzlaşıb. Ötən il Türkiyə Qaradənizdə 320 milyard kub metr təbii qaz rezervi kəşf edəndə ölkənin Enerji və Təbii Sərvərlər naziri Fateh Dönməz bu yatağın maddi dəyərinin 65 milyard dollar olduğunu açıqlamamışdı. Bu hesabla, 1000 kub metr təbii qazın hazırda real qiyməti hardasa 200 dollardır. Belə çıxır ki, Azərbaycanla Türkmənistanın birgə istismar edəcəyi yataqdan 50 milyard kub metr qaz hasil ediləcəksə, tərəflər indiki tariflərlə uzağı 10 milyard dollar qazana bilərlər.
Yatağın geosiyasi dəyəri
Bununla belə, biz 14 il ərzində qlobal enerji bazarında maddi dəyəri 3 dəfədən də çox azalan “Dostluq” (keçmiş adıyla “Kəpəz”/ “Sərdar”) yatağının həm Azərbaycan və Türkmənistana, həm də dünya enerji təhlükəsizliyinə gətirəcəyi dividentləri xor görmək istəmirik. Sadəcə hesab edirik ki, “Dostluq” yatağının birgə istismarının geosiyasi dəyəri maddi dəyərindən daha yüksəkdir. Əslində hər iki liderin dünənki görüşdə səsləndiridikləri fikirlər də bu ehtimalı gücləndirir.
Növbəti sual: Bu qədər kiçik həcm və potensialla “Dostluq” yatağı dünyanın enerji təhlükəsizliyinə hansı dividentlər qazandıra bilər?
Məsələ burasındadır ki, “Dostluq” yatağından hasil olunacaq təbii qazın Azərbaycanın qlobal qaz kəməri layihəsi TANAP-TAP-la Avropaya nəqli nəzərdə tutulur. Həcmcə az olmasına baxmayaraq, Orta Asiya qazının ilk dəfə bu layihəyə qoşulması çox mühüm strateji əhəmiyyət kəsb edir. Belə ki, TANAP və TAP inşa olunanda Orta Asiya qazının da bu kəmərlər vasitəsilə nəql olunacağı planlaşdırılırdı. Məhz bu səbəbdən TANAP Azərbaycanın ümumi qaz potensialından iki dəfə böyük həcmdə inşa olunmuşdu. Plana görə, ilkin illik nəql 16.2 milyard m3 olacaq, daha sonra bu miqdar 30.7 milyard m3-ə qədər artırılacaqdı. Azərbaycanın illik qaz ixracatının 16 milyard m3 həcmindən çox olmadığını nəzərə alsaq, artılacaq əlavə 14 milyard m3-in digər mənbələr hesabına başa gələcəyi aydındır. Di gəl ki, TANAP-dan ilk qaz axışı 3 il əvvəl başlamasına baxmayaraq, hələ də Orta Asiya qazının bu layihəyə cəlbi reallaşmayıb. Zənnimizcə, bunun səbəbi Rusiyanın Orta Asiya ölkələrinə təzyiqi ilə bağlıdır.
Sirr deyil ki, TANAP-TAP layihəsi Rusiyanın “Türk axını” və “Cənub axını” layihəsinə alternativ olaraq planlaşdırılıb. Məqsəd Avropanı Rusiyanın enerji asılılığından qurtarmaqdır.
Məlum olduğu kimi, Avropanın qaz tələbatının hardasa 40%-ni verən Rusiya həm “qoca qitə”ni öz təzyiqi altında saxlayır, həm də enerji resurslarının ixracından böyük kapitallar qazanaraq güclənir. Xüsusilə hərbi cəhətdən ABŞ-ın ən ciddi rəqibi olan bu ölkənin çökdürülməsi və içinə qapadılması Pentaqonun başlıca hədəflərindəndir. Bunun yolu isə Rusiyanı əsas gəlir mənbələrindən mərhum etmək və daxili problemləriylə çarpışan ölkə hala gətirməkdən keçir. Rusiyanın çökdürülməsi planının uğurla həyata keçməsi üçün ilk növbədə Avropanı qazla təmin edəcək yeni alternativlər tapılmalı və Qərbə enerji ixracına start verilməlidir. Dünyanın enerji resurslarının toplandığı məkanlar isə o qədər də çox deyil. Əsas mənbələr Yaxın Şərq, Xəzər hövzəsi və Amerika qitəsidir. Qərbə ən yaxın coğrafiya isə Yaxın Şərq və Xəzər hövzəsidir. Məsələyə bu aspektdən nəzər salanda Rusiyanın Yaxın Şərqin Avropaya açılan qapısı sayılan Suriyada ölüm-dirim mübarizəsi verdiyinin əsl səbəbi aydın olur.
Təsadüfi deyil ki, Rusiyanın hərbi müdaxilələr yolu ilə Suriyada qarşısını almağa çalışdığı enerji resursları simasını dəyişib LHG şəkilində Qərbə axır. TANAP layihəsi coğrafiyasında ən iri alıcılardan olan Türkiyədə ötən il enerji ixracı sahəsində Rusiyanı keçən Qətər, LNG qazı ilə ölkə ehtiyacının 20%-ni ödəyir və bununla Azərbaycandan sonra ikinci yeri tutur. Azərbaycan isə ötən ildən etibarən Türkiyə qaz idxalatının 33%-ni verir. Baxmayaraq ki, enerji ehtiyacının 30%-dən çoxunun bir qaynaqdan alınması, yeri gələndə, ciddi təhlükəsizlik risk doğurur, Türkiyənin Azərbaycana güvənci böyük olduğundan ölkəmizə imtiyazlı yanaşır. Bu imtiyazın əldə edilməsinin əsas səbəblərindən biri də Azərbaycanın dünya bazarındakı gündəlik kursa uyğun qiymət siyasəti yürütməsi, yeri gələndə qazını qardaş ölkəyə daha ucuz satmasıdır. Rusiya isə müxtəlif bəhanələrlə Türkiyəyə ən bahalı qiymətə qazını satır. Bu da Ankaranı başqa alternativlərə yönəlməyə vadar edir.
Görünür, bunun nəticəsidir ki, ötən ilə qədər Türkiyəyə qaz idxalında birinci yeri tutan Rusiya getdikcə aşağılara doğru geriləyib. İndi o, Türkiyənin qaz ehtiyacının cəmi 10%-ni ödəməklə ABŞ-a yaxınlaşır. ABŞ özünün LNG qazıyla Türkiyənin enerji ehtiyacının 9.4%-ni qarşılayır.
Eyni mənzərəni biz Rusiyanın “Türk axını” adlanan enerji marşrutu üzərindəki digər ölkələrdə də görürük. Buna görə də, Şərqi Avropa ölkələri rus qazına alternativ arayışı içindədirlər. Ötən il Belarus belə, Rusiyanın ona bahalı qaz satdığını əsas gətirib hətta ortaq düşmən kimi gördüyü ABŞ-a ağız açmalı olmuşdu.
Əslində TANAP-TAP layihəsi olmasaydı belə, ABŞ və Avropa ölkələri rus qaz inhisarçılığından xilas olmaq üçün başqa alternativlər tapacaqlardı. Hətta bir zamanlar Orta Asiya və Azərbaycan qazı hesabına çəkilməsi planlaşdırılan NABUKKO qaz kəməri layihəsi də bu axtarışların məntiqi nəticəsində ortaya çıxmışdı. Azərbaycanın buna həvəs göstərməməsi və özünün TAP layihəsinə üstünlük verməsi Türkmənbaşı Qurbanqulu Berdiməhəmmədovun təbirilə desək, “dünya energetikasının arxitekturasını” yenidən şəkilləndirdi.
Bütün bu detalları nəzərdən keçirəndə Türkmənistanın uzun illərdən sonra “Kəpəz”/ “Sərdar” (indiki adıyla “Dostluq”) yatağının Azərbaycanla birgə istismarına razılıq verməsinin əsl səbəbi aydınlaşır: Aşqabada enerji ixracatı sahəsində TANAP-TAP vasitəsilə Avropaya bağlanmaq sərf edir. Digər alternativlərdən biri Çinə, digəri isə Rusiya üzərindən Qərb ölkələrinə qaz nəqlidir ki, hər iki sahədə də Türkmənistanı qane etməyən problemlər mövcuddur. Çinlə iqtisadi əlaqələrdə bacardığı qədər məsafə saxlayan Aşqabad Moskvaya da çox belə bağlamır. Nədən ki, Moskvanın ondan ucuz alıb xaricə baha satmaq kimi pis xasiyyəti var.
Görünən budur ki, Türkmənistan “Dostluq” yatağının birgə istismarı və nəqli ilə, Rusiyanın təzyiqi səbəbindən ehtiyatla yanaşdığı TANAP-TAP layihəsində ilk addımı atmaq, sonrakı mərhələlərdə digər enerji sahələrini də bu projeyə cəlb etməyə çalışır. Zənnimizcə, Aşqabadın bu nəbz yoxlamasından sonra Qazaxıstan da prosesə qoşula bilər.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar