Xəbər lenti

 
Bu gecə İranın paytaxtı Tehranda hava hücumu təhlükəsini bildirən həyəcan siqnalı verilib. 
 
Ovqat.com xəbər verir ki, həyəcan siqnalının ardınca Tehran əhalisi dərhal yeraltı sığınacaqlara axışıb.
 
Tehrana uçan təyyarələrin enişinə izn verilmədiyi bildirilir. Hətta paytaxt aeroportuna enmək istəyən Türkiyə Hava Yollarına aid bir təyyarənin Bakıya yönləndirildiyinə dair xəbərlər var.
 


Tehranın vali köməkçisi Həmid Rza Quderzi həyəcan siqnalı ilə bağlı açıqlama verərək hər hansı təhlükəsizlik probleminin olmadığını, sadəcə siqnalizasiya sisteminin sınaqdan çıxarıldığını deyib.
 
Müşahidəçilər isə bu açıqlamaya inanmırlar. Onların fikrincə, siqnalizasiya sisteminin  gecə yarısı yoxlamaq “yaxşı zarafat” deyil və Tehran idarəçiliyi bunu gündüz çağı da edə bilərdi. Mümkündür ki, İran hərbi qüvvələri səmada hansısa gözləmədikləri yad cism aşkarlayıb təcili həyəcan siqnalını işə salıblar.
 
Qeyd edək ki, Tramp hakimiyyətinin son ilində, xüsusilə general Qasım Süleymaninin qətlindən sonra İran hava hücumundan müdafiə tədbirlərini gücləndirmiş, siqnalizasiya-radar qurğularını ən həssas hala gətirmişdir. Həssaslıq o qədər yüksək həddədir ki, hətta ötən il yanlışlıqla Ukraynaya məxsus sərnişin təyyarəsini təhlükə obyekti kimi alqılayan İranın HHM sistemləri onu vurmuşdu. 


 
Co Baydenin hakimiyyətə gəlməsi ilə ABŞ-ın İrana qarşı mövqeyi qismən yumşalsa da, təhlükə azalmamış, bu dəfə İsrail əsas təhdid mərkəzinə çevrilmişdir. Bəzi ekspertlər ABŞ-ın indiki hakimiyyətinin yenidən “nüvə sazişi”nə qayıdacağı təqdirdə İsrailin İrandakı nüvə obyektlərinə hücum edəcəyini proqnozlaşdırırlar. Bu ehtimal rəsmi Tehran tərəfindən də ciddi qəbul olunur. Bir neçə gün əvvəl İsrail və İran hərbi yetkililərinin bir-birini təhdid edən açıqlamaları da sözügedən ehtimalı gücləndirir. Zira, yanvarın 26-da İsrail ordusunun Baş Qərargahının rəisi   Əviv Koçavi orduya İranın nüvə fəaliyyətini dayandırmaq üçün orduya hücuma hazırlıq əmri verdiyini açıqlamış və rəsmi Tehranın buna cavabı özünü çox gözlətməmişdi. Koçavinin məlum təhdidkar açıqlamasından bir gün sonra İran dövlət televiziyasına çıxan ölkənin Baş Qərargahının rəis müavini Əbülfəzl Şikarçi istənilən hücum anında Tehranın Tel Əvivi və Hayfanı yerlə yeksan edəcəyini bildirmişdi. Bu gecə Tehranın yuxusunu ərşə çəkən həyəcan siqnalının məhz bu qarşılıqlı hədə-qorxulardan sonra baş verməsi təsadüfi görünmür. Görünür, ən aktiv həssaslıq durumuna gətirilən İran HHM sistemləri səmada yenə gözləmədiyi obyekt müşahidə edib. 
 
Bu cür həssas vəziyyətdə İrana istənilən uçuşlar təyyarələr üçün ciddi təhlükə yarada bilər. Ümidvarıq ki, AZAL bu təhlükəni nəzərə alıb proflaktik tədbirlər görəcək.





Ana səhifəyə qayıt        Baxış: 5 921          Tarix: 30-01-2021, 08:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma