Xəbər lenti


Kommersant, Rusiya
01.02.2021


Müəlliflər: Sergey Strokan, Kiril Krivoşeyev, Arşaluys, Mqdesyan

Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlər müavinlərinin görüşü keçirilib. Toplantıda Dağlıq Qarabağda bütövlükdə bölgədə nəqliyyat infrastrukturunun açılması mexanizmi razılaşdırılıbGörüş Azərbaycanın Ağdam rayonunda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin açılması ilə eyni vaxta təsadüf edibRusiya Azərbaycan prezidentləri Vladimir Putin İlham Əliyev Mərkəzin açılmasınını alqışlayıblar.

Ermənistanda isə Türkiyə hərbçilərinin bölgəyə gəlişi və Yerevanın hərbi əsirlərin qaytarılmasındakı fəaliyyətsizliyi çox insanın narazılığına səbəb olub. Müxalifət baş nazir Nikol Paşinyanı Bakı və Ankara ilə sövdələşməkdə günahlandırır. İndi onun istefası ikiqat israrla tələb edilir.
Buzlar yanvarda əridi
Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Aleksey Overçuk, Şahin Mustafayev və Mger Qriqoryanın həmsədrliyi ilə üçtərəfli işçi qrupun birinci iclası sırf nəqliyyat məsələrinə həsr olunub. Ehtirasları coşdurmamaq üçün toplantıda siyasi nizamlama və təhlükəsizlik problemləri müzakirə edilməyib. Tərəflərin bəyanatı da son dərəcə ehtiyatlı olub.

“Hələlik heç nə demək olmaz, biz ilk dəfədir görüşürük. İşlər necə gedəcəksə, gedəcək”, - deyə Rusiya baş nazirinin müavini hələ danışıqlar ərəfəsində bildirmişdi. O, işçi qrupun yaradılmasının üç ölkə liderinin yanvarın 11-də Moskvada apardıqları danışıqların nəticəsi olduğunu xatırladıb.
Cənubi Qafqazda nəqliyyat əlaqələrinin qurulmasından təkcə danışıqların tərəfləri deyil, həmçinin qonşu dövlətlər – Gürcüstan, Türkiyə və İran da faydalanacaq. Lakin məsələ ondadır ki, tərəflər arasında dəmir yolu və avtomobil yolunun açılması üçün bir neçə alternativ ssenari mövcuddur. Onların isə tərəflərin hər biri üçün həm müsbət, həm də mənfi cəhətləri, iqtisadi səmərəsi və siyasi riskləri, həmçinin təhlükəsizlik problemləri var.
“Hələ Sovet İttifaqının vaxtından Azərbaycan ərazisindən Ermənistana iki çıxış var. Onların hər ikisi Azərbaycana Naxçıvan və Türkiyə ilə ilə əlaqə yaratmağa imkan verir. Şimal marşrutu İcevandan keçməklə Yerevan üzərindəndir. Cənub marşrutu isə Zəngilandan keçir”, - deyə “Valday” diskussiya klubunun eksperti Fərhad Məmmədov bildirib: “Yəqin ki, ermənilər Bakının şimal yolundan istifadə etməsini istəyəcək. Azərbaycan üçün isə cənub yolu daha əlverişlidir, çünki o azad edilmiş ərazilərdən və Ermənistanan kiçik bir hissəsindən keçir. Bu, təhlükəsizliyin təmininə də imkan verir”.

Logistika üzrə eksperti Norayr Gevorkyan isə “Kommersant”a açıqlamasında Yerevana daha çox şimal marşrutunun sərf etdiyini təsdiqləyib. Ekspertin fikrincə, bu yolu bərpa etmək daha asandır, çünki yolun çox hissəsi işlək vəziyyətdədir.

Avtomobil yollarının açılmasına gəldikdə, Gevorkyan hesab edir ki, bu, Yerevan üçün vacib deyil: “Azərbaycandan keçəcək avtomobil əlaqəsi rentabelli deyil. Çünki bu marşrutla Rusiyaya yol Gürcüstan üzərindəndir. Bu, yolun 900 kilometr uzanması anlamına gəlir”.

“Mürəkkəb işdir, təhlil edilməli və nizamlanmalı çox məsələ var. Lakin qərara gəlmək mümkündür. Əminəm ki, işlək sistemin yaradılması üçün bütün bu elementlər ekspertizadan keçməlidir”, - deyə Ermənistan baş nazirinin müavini Mger Qriqoryan Moskva görüşü ərəfəsində bildirib. O əlavə edib ki, qarşıya qoyulmuş məsələnin həlli üçün etimad mühiti yaratmaq lazımdır.

Rusiya hökumətinin saytına yerləşdirilmiş məlumatda qeyd edilir ki, üçtərəfli qrupun işi üç ölkə liderinin 9 noyabr 2020-ci il tarixli bəyanatının 9-cu bəndi və 11 yanvar 2021-ci il tarixli bəyanatının 2,3 və 4-cü bəndlərinin həyata keçirilməsinə yönəlib.

İşçi qrupun ilk görüşü nəticəsində dəmir yolu, avtomobil yolu və kombinə edilmiş marşrut üzrə daşımaların təşkili, o cümlədən onların təhlükəsizliyinin, sərhəd, gömrük, sanitar, baytar, fitosanitar və digər nəzarət növlərinin təmin edilməsi üzrə ekspertlərdən ibarət altqrupun yaradılması qərara alınıb. “Tərəflər 2021-ci il fevralın 2-nə qədər ekspert qruplarının formalaşdırılmasını başa çatdırmaq və 2021-ci il fevralın 5-dək onların ilk toplantılarını keçirmək barədə razılığa gəliblər”, - deyə Rusiya hökumətinin məlumatında bildirilir.
Nəqliyyat infrastrukturunun bərpası və inkişafı ilə bağlı məsləhətləşmələrin fevralın ilk həftəsində başlanacağını nəzərə alsaq, əsas intriqa bu danışıqlar ideyasını əvvəldən narazılıqla qarşılayan Ermənistan müxalifəti məsələyə necə yanaşacağı ilə bağlıdır.

Məsələn, eks-prezident Serj Sarqsyanın başçılıq etdiyi Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan hərbi əsirlərlə bağlı üçtərəfli komissiya yaradılmadığı halda, kommunikasiyaların açılması ilə bağlı belə bir qrupun yaradılmasını qəribə sayır. “Ya Paşinyan əvvəldən bu məsələyə önəm verməyib, ya da probemi həll etmək iqtidarında deyil. Onu hakimiyyətdən kənarlaşdırmaq lazımdır”, - deyə Armen Aşotyan bildirib.

“Əsas məsələ hərbi əsirlərin qaytarılmasıdır. O həll olunmamış hansı kommunikasiyalar, hansı yollardan söhbət gedə bilər?”. Bu isə müxalifətçi “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Arman Abovyanın fkridir.
Erməni müxalifətinin lideri Vazgen Manukyan isə Moskva danışıqları ərəfəsində bəyan edib ki, baş nazir Nikol Paşinyanı hakimiyyətdən qanuni yolla kənarlaşdırmaq mümkün olmasa, “üsyan yaratmaq” lazım gələcək.

Rusiya ilə Türkiyəni monitorinq birləşdirdi
Bu arada, erməni müxalifəti üçün daha bir xoşəgəlməz xəbər ötən şənbə Azərbaycanın Ağdam rayonunun Qiyaməddinli kəndi yaxınlığında Qarabağ münaqişəsi zonasında atəşin dayandırılmasına nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması olub.

Xatırladaq ki, üç ölkə liderinin sülhün bərpası üçün dönüş nöqtəsi olan 9 noyabr bəyanatında Rusiya-Türkiyə Mərkəzi haqqında heç bir xatırlatma yoxdur. Onun yaradılması haqda Memorandum iki gün sonra, noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu ilə Hülusi Akarın danışıqları nəticəsində qəbul olunub. Bu zaman Mərkəzin harda yerləşəcəyi, işin necə qurulacağı məsələləri ciddi fikir ayrılıqları yarandığından, danışırlar ağır keçib.

“Ankaranın bölgədə istənilən fəallığı Ermənistanda ən azı ehtiyatla qarşılanır, əksər hallarda isə təhlükə kimi qəbul olunur. Mərkəzin formalaşdırılmasının özü Moskva ilə Ankara arasında müharibədən sonrası diplomatik sövdələşmə nəticəsində Türkiyənin münaqişədəki faktiki iştirakını rəsmiləşdirmək, onun bölgədə təsirini genişləndirmək cəhdidir”, - deyə erməni hərbi ekspert David Arutyunov “Kommersant”a bildirib. Onun fikrincə, Rusiya və Türkiyə hərbçiləri arasında fikir ayrılıqları yaranarsa bu, “erməni tərəfi üçün mənfi fəsadlar” verə bilər.

Bakıdakı həmsöhbətimiz Fərhad Məmmədov da sülhməramlılar arasında mübahisələrin ola biləcəyini istisna etmir. “Lakin bu məsələlər Rusiya-Azərbaycan-Türkiyə formatında operativ qaydada həll olunacaq”, - deyə ekspert qeyd edib.

Yerevan lap əvvəldən Türkiyə hərbçilərinin istənilən şəkildə bölgəyə gəlməsinin əleyhinə olsa da, Ankara Qarabağda onun mövcudluğunu legitimləşdirməyə imkan verən variantı önə çəkib. Nəticədə Türkiyə özünün münaqişə zonasında hərbi mövcudluğunu qanuniləşdirməyə müvəffəq olub. Lakin bu, Qarabağın özündə və döyüşlər nəticəsində Bakının nəzarətinə keçmiş ətraf ərazilərdə edilməyib. Rusiya-Türkiyə Monitorinq Mərkəzi Ağdam rayonunun hələ ötən ilki müharibədən əvvəl də Azərbaycanın nəzarəti altında olan ərazisində yerləşir. Mərkəzin işində iştirak edəcək Rusiya hərbçiləri Qiyaməddinli yaşayış mərkəzinə Stepanakertdən (Xankəndi - WM) gəlib.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Rusiya-Türkiyə Mərkəzinin şəxsi heyəti paritet əsaslarla – hər tərəfdən 60 hərbçi olmaqla formalaşdırılacaq. Onun komanda qərargahında da hər tərəfdən bərabər sayda hərbçi xidmət edəcək. Prinsipial məqam ondan ibarətdir ki, Mərkəzin münaqişə tərəflərinin hərbi rəhbərliyi və Rusiya sülhməramlı kontingentinin qərargahı ilə birbaşa rabitə əlaqəsi də olacaq.

Mərkəzin açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin və Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Karaosmanoğlu iştirak ediblər. Monitorinq Mərkəzinin fəaliyyətə başlamasını Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev şənbə günü telefonla müzakirə ediblər. “Tərəflər ümid edir ki, Mərkəzin fəaliyyəti Dağlıq Qarabağ ətrafında vəziyyətin gələcək sabitləşməsinə, Rusiya və Azərbaycan prezidentlərinin, həmçinin Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il bəyanatında qeyd olunmuş razılaşmalara lazımi şəkildə əməl olunmasına imkan verəcək”, - deyə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

İlham Əliyevin mətbuat xidməti isə həmin gün Azərbaycan prezidentinin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla da telefon danışığı olduğunu bildirir. “İlham Əliyev Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı ilə bağlı Türkiyə prezidentini təbrik edib. Dövlət başçıları bu Mərkəzin fəaliyyətə başlamasının bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunması işinə xidmət edəcəyinə əminliklərini bildiriblər”, - deyə məlumatda qeyd olunur.

Azərbaycanlı politoloq İlqar Vəlizadə “Kommersant”a bildirib ki, Moskva ilə Ankara arasında yaradılmış dialoq mexanizmi mübahisəli məsələlərin həllinə imkan verir: “Fikir ayrılıqları yaranarsa, onlar hərbçilər arasında birbaşa əlaqə vasitəsilə həll olunacaq. Rusiya, Türkiyə və Azərbaycanın planlarına bölgədə daha bir münaqişənin yaranması daxil deyil”.

(Rus dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Kommersant


Ana səhifəyə qayıt        Baxış: 4 612          Tarix: 1-02-2021, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma