Şair Əli Kərimin həyat yoldaşı Elza Kərimova prezident İlham Əliyevə müraciət edib.
Ovqat.com-un məlumatına görə, Unikal.org-a da göndərilən müraciətdə Göyçay Şəhərindəki Əli Kərim parkının dağıdılmasına etiraz edilir.
Məktub müəllifi şair Əli Kərimin 1969-cu ildə doğulduğu Göyçayda, Boz dağın ətəyində dəfn edilərkən orada qanqallıqdan başqa bir şey olmadığını bildirir və yalnız Ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti dövründə onun qəbrinin üstünün götürüldüyünü, qəbrin ətrafında park salındığını, parka şairin adı verildiyini qeyd edir. Daha sonra müraciətdə deyilir: "Qısa müddətdə orada ağaclar əkildi, abadlıq işləri aparıldı. Parkın girişində Əli Kərimə abidə qoyuldu”.
Məktub müəllifi Elza Kərimova sonrakı illərdə Göyçay Rayon İcra hakimlərinin Əli Kərimin xatirəsinə hörmətsizlik etdiyini bildirir. Müəllif yazır: "Hal-hazırdakı Göyçay Rayon İcra hakiminin hərəkətlərini diqqətinizə çatdırmaq istəyirəm. İcra hakimi parkda istirahət mərkəzi, attraksion yaratmaq məqsədilə Əli Kərimin qəbrinin yerini dəyişdirmək fikrinə düşüb. Ailəmizin qəti etirazlarından sonra icra hakimi məqsədinə nail olmaq üçün dörd tərəfdən, hündür daş hasar çəkdirərək Əli Kərimin qəbrini parkdan ayırıb. Bununla da kifayətlənməyib Əli Kərimin parkın girəcəyində yerləşən heykəlinin yerini dəyişdirərək onu qəbrin arxasına, parkın ən ucqarına aparıb. Görəsən, icra hakimi nə cəsarətlə Azərbaycan poeziyasının, Göyçayın fəxri Əli Kərimin xatirəsinə belə hörmətsizlik edir?”
Məktub müəllifi daha sonra ölkənin hər yerində tikinti-abadlıq işlərinin getdiyini, parklar salındığını vurğulayır və əlavə edir: "Nə səbəbə istənilən yerdə istirahət yerləri, attraksionlar tikmək mümkün olduğu halda Göyçay Rayon İcra hakimi Əli Kərim parkına üz tutub, Əli Kərimin xatirəsinə qarşı belə hörmətsizlik etmək qərarına gəlmişdir. Əli Kərimin heykəlinin günahı nə idi və kimə mane olurdu? Nə üçün şairin qəbri hasarla parkdan təcrid edilib? Ağla gələn ilk fikir budur ki, Əli Kərimin qəbrini kənar yerə keçirmək istəyənlər yavaş-yavaş onu parkın ərazisindən çıxarmaq, Əli Kərim parkının da adını dəyişmək məqsədi güdürlər”.
Şairin həyat yoldaşı məktubunu bu sözlərlə bitirir: "Çox hörmətli cənab Prezident! Son ümid yeri kimi Sizə müraciət edir, Göyçaydakı Əli Kərim parkında baş verənlərə son qoymağı xahiş edirəm”.
Paylaş: