
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri, mərhum Vəli Əliyev 2 il əvvəl dünyasını dəyişib. Akademikin vəfatından sonra akademiyanın Naxçıvan bölməsinin apardığı araşdırmalar nəticəsində Naxçıvan şəhərinin yaşının 8 min olduğunu müəyyənləşdirilib.
Ovqat.com xəbər verir ki, “Gündəlik Naxçıvan” adlı facebook səhifəsinin iddiasında belə çıxır. Məlumatda deyilir:
Məlumatı bu linkdən oxuya bilərsiniz
“Qazıntılara əsasən verilən rəsmi məlumata görə, Naxçıvan şəhəri ərazisində eramızdan əvvəl VI minillikdən başlayaraq məskunlaşma olduğu müəyyən edilib...
Naxçıvanlı alimlərin fikrincə, Naxçıvantəpə yaşayış yerində aşkar olunan arxeoloji tapıntılar Naxçıvan şəhərinin hələ qədim zamanlardan Azərbaycanın tərkibində yer aldığını və burada yayılan mədəniyyətlərin əsas mərkəzi olduğunu təsdiq edir”.
Soruşa bilərsiniz: Naxçıvan alimlərinin bu kəşflərinin məhrum akademik Vəli Əliyevin vəfatına nə dəxli var?
Bu suala cavab vermək üçün gəlin, bir ay əvvəl Ovqat.com-un Baş redaktoru Heydər Oğuzun paylaşdığı bir statusa nəzər salaq:
"Naxçıvanın 5000 yaşı var"
Vasif “xan”a baş vəziri Azər Zeynalov 2009-cu ildə xəbər gətirir ki, bəs, sən demə, Naxçıvanın 5000 il yaşı varmış. Bu fikir xan həzrətlərinin də beyninə batır və əli çatan, ünü yetən bütün alimləri yanına çağırıb Naxçıvanın yaşını düzgün araşdırmağı əmr edir.
Başda akademik İsa Həbibbəyli ilə Naxçıvan Milli Elmlər Akademiyasının prezidenti İsmayıl Hacıyev olmaqla bir çox elm xadimi "ləbbeykə, ya xan" deyib, tapşırığı qısa müddət ərzində 100% yerinə yetirirlər. Elə həmin il bu böyük kəşfin sağlığına Muxtar Respublikada “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan” adlı beynəlxalq konfrans keçirilir.
«Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan» mövzusunda keçirilən beynəlxalq simpoziumda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Taıbovun Ç I X I Ş I
Konfransda iştirak edən alimlərdən birindən eşitdiyimə görə, iclası çıxış sözü ilə açan İsa Həbibbəyli Culfa rayonu ərazisində Nuh peyğəmbərin daban izlərini gördüyünü bildirir. Akademikin bu iddiasına konfransın xarici qonağı Vitali Otreşenko adlı alim dəhşətli dərəcədə təəccüblənir. Otreşenkonun təəcübləndiyini görən İsa Həbibbəyli özünə haqq qazandırmaq üçün deyir ki, inanmırsınız Qədir Qədirzadədən soruşun. O da mənim yanımda idi, Nuhun daban izini bərabər görmüşük.
Qibleyi-aləmin də iştirak etdiyi konfransda Vitali Otereşenko deyəsən səhv məclisə gəldiyini düşünərək zalı tərk edir. Ardınca dəyərli ziyalı mərhum Q. Qədirzadə ona qoşulur.
Konfransda əsl mərəkə bundan sonra başlayır. Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsinin məşhur alimlərindən biri (qardaşı oğlu ilə dost olduğumdan adını açıqlamıram) ayağa qalxıb deyir: “Mən başa düşmürəm, burda nə çətin iş var? Bir halda ki Muxtar Respublika rəhbərliyi Naxçıvanın yaşının 5000 olduğunu hesab edir, gəlin, biz də elə deyək. Hətta 5000 nədir, lap 10000 desək, qurd keçini yeməyəcək ki?” AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri, mərhum Vəli Əliyev isə açıq şəkildə 5000 il söhbətinə qarşı çıxır və Naxçıvanın 3500 il yaşı olduğunu bildirir.
Konfransda yaşanan xırda insidentlərdən kefi pozulan "Xan" həzrətləri İsa Həbibbəyli ilə akademik İsmayıl Hacıyevə tapşırır ki, nə yolla olursa olsun, Vəli Əliyevi yola gətirin, o, da Naxçıvanın 5 min illik yaşı olduğu fikrini qəbul etsin.
Hər 1 qrama bir 1 il
Bu akademiklər Vəli Əliyevi aparırlar Şərurdakı "Arpaçay" restoranına. Yeri gəlmişkən, bu restoranın da "deputat Musa"ya aid olduğu vurğulanır. Vəli Əliyev başlayır onları ələ salmağa. Hər 100 qram vurduqca Naxçıvanın tarixini 100 il artırır. Yəni hər 1 qrama bir 1 il. Deyir ki, İsa müəllim, bax, sənin xətrinə 200 il, İsmayılın xətrinə 200 il, qibleyi aləmin xətrinə isə 500 il artırdım. Axı yenə 5000 il etmir. İsa ilə İsmayıl müəllim isə bilmirlər ki, Vəli müəllim onları ələ salır. Vəli müəllimi dilə tuta-tuta axırda gəlib gəlib 4500 ildə dayanırlar. 4500 ildən sonra Vəli müəllim “Nuh deyir, peyğəmbər demir”. Deyir ki, ta üz vurmayın, burdan o tərəfə qalxa bilmərəm. Çünki qarnımda vurmağa yer qalmayıb.
Bunlar da sevincək gedib xana deyirlər ki, bəs Vəli müəllimi tədricən haqqa gətiririk. Cəmi 500 il kəsirimiz qaldı. Bir dəfə də Vəli müəllimlə xudmani məclis təşkil etsək, bu kəsiri də tamamlayacağıq. Xan da onlara dəstək və Naxçıvanın tarixinin düzgün müəyyənləşdirilməsinə töhfə vermək üçün ertəsi gün Vəli müəllimi qəbuluna çağırır.
Xan görüşdə Naxçıvanın 5 min illik şəhər mədəniyyətindən söhbət açanda Vəli müəllim qayıdıb deyir ki, nə 5000 il -5000 il salıbsınız? Naxçıvanın cəmi 3500 yaşı var. Xan dərhal İsa müəllimlə İsmayıl müəllimə baxır. İsa Həbibbəyli Vəli müəllimə deyir: Bəs axı biz dünən razılaşmışdıq ki, Naxçıvanın yaşı 4500 il olsun. Vəli müəllim gülərək cavab verir ki, “yemək masasında tarixi müzakirə etməzlər. Dünən nə dediyimi xatırlamıram”.
Görünür, Vəli müəllimin vəfatından sonra Həbibbəyli ilə İsmayıl Hacıyev aranı xəlvət görüb planı 160% doldurmaq qərarına gəliblər. Necə ki, seçkilərdə Naxçıvan seçiciləri bəzən 105% səs verirlər.
Paylaş: