Xəbər lenti
Dünən, 19:25



 

Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun 18-də Azərbaycana səfər edib. 

 

Ovqat.com-un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən xanım Lyayen həmkarı ilə Aİ ilə ölkəmiz arasında bağlanacaq yeni sazişin imzalanması məsələsini müzakirə edib.

 

Görüşdən sonra keçirilən mətbuat konfransında bunu İlham Əliyev də təsdiqləyərək bildirib: "Biz Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində işləyirik. Bunu elə indicə xanım Prezidentlə müzakirə etdik və ümidvarıq ki, gələn ay bunu başa çatdıra bilərik".

 

Dövlət başçısı deyib ki, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində hazırlanacaq bu saziş ikitərəfli əməkdaşlığımıza mühüm töhfə olacaq. “Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq”, - İlham Əliyev vurğulayıb.

 

İlham Əliyevlə Aİ yetkilisinin görüşündən sonra Energetika naziri Pərviz Şahbazov da Azərbaycanda səfərdə olan Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonla bir araya gəlib. Məlumata görə, bu görüşdə Prezident İlham Əliyevlə xanım Ursula Fon der Lyayen tərəfindən imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” müzakirə edilib. Tərəflər energetika sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi məsələsində fikir birliyinə gəliblər.

 

Tədbirdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, dekarbonizasiya, enerji keçidi, hidrogen də daxil olmaqla bərpa olunan enerji, enerji səmərəlilyi, elektrik enerjisi, “yaşıl enerji” texnologiyaları sahələrində əməkdaşlıqla bağlı müzakirələrin aparıldığı bildirilir. Görüşdə həmçinin bərpa olunan mənbələrdən istehsal olunan enerjinin elektrik şəbəkəsinə inteqrasiyası, dənizdə külək enerjisi, hidrogen iqtisadiyyatı, karbon ticarəti, istixana qazları emissiyalarının azaldılması kimi sahələrdə təcrübə mübadiləsinin vacibliyi vurğulanıb. İşğaldan azad edilmiş ərazilərimizdə Yaşıl Enerji Zonasının yaradılması istiqamətində görülən işlər haqqında məlumat verilib, bərpa olunan enerji, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi layihələrinə və Azərbaycan-Gürcüstan-Rumıniya Qara dəniz sualtı kabel layihəsinə dəstək imkanlarının, bununla yanaşı Azərbaycandan Avropaya hidrogen ixracı potensialının araşdırılması kimi bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumdan irəli gələn əməkdaşlıq istiqamətlərinin reallaşdırılması üzrə Yol Xəritəsinin hazırlanması və qarşılıqlı maraq kəsb edən məsələlər üzrə müzakirələrin Azərbaycan-Aİ enerji dialoqu mexanizmi çərçivəsində davam etdirilməsi razılaşdırılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 5 485          Tarix: 18-07-2022, 22:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma