Xəbər lenti

 

Mətin Məmmədli 
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasının dosenti 
 
Ermənistanın xarici siyasətində prioritet kimi qəbul etdiyi məqamlardan biri də beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biri olan Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı əlaqələrdir. İrəvanın Moskva ilə sıx tərəfdaşlığı Ermənistanın qeyd etdiyimiz güc mərkəzi ilə bir çox sahələrdə əməkdaşlığına mane olmur. Xüsusilə, Ermənistanı Aİ – nın “Şərq tərəfdaşlığı” proqramının fəal iştirakçılarından hesab etmək olar. Ermənistanın Aİ – nın “Şərq tərəfdaşlığı” proqramında iştirakına dair dövrlərə görə müqayisəli təhlilinə keçməzdən öncə bu ölkənin geosiyasi mövqeyinə və xarici siyasətində Aİ – nın yerinə ümumi nəzər salaq. 
 
Ermənistanın Aİ ilə münasibətləri : mürəkkəb geosiyasi mövqe kontekstində
 
 Hər bir ölkənin olduğu kimi Ermənistanın da xarici siyasətinin müəyyənləşməsində malik olduğu geosiyasi mövqe mühüm rol oynayır. Geostrateji əhəmiyyətinə görə Avrasiyasın vacib regionlarından (Cənubi Qafqaz) birində yerləşməsini, qonşu dövlətlərlə münasibətlərini, siyasi – iqtisadi inkişaf səviyyəsini, sosial – mədəni öznəməxsusluğunu Ermənistanın geosiyasi mövqeyini şərtləndirən əsas amillərdən hesab etmək olar. İrəvanın qonşu dövlətlərlə münasibətlərinin xarakteri Ermənistanın geosiyasi mövqeyini mürəkkəbləşdirməklə yanaşı, ölkənin xarici siyasət prioritetlərinin də müəyyənləşməsində əsas rol oynayır. Məlum problemlər səbəbindən Ermənistanın qonşu Azərbaycan və Türkiyə ilə münasibətləri kifayət qədər kəskin xarakter daşıyır və ikitərəfli əlaqələr yox səviyyəsindədir. Ermənistanın regionda özünü geosiyasi baxımdan “sıxılmış“ və təhdidlər arasında hiss etməsi onun təhlükəsizlik qayğılarını həm xarici siyasət, həm də müdafiə strategiyasında üst səviyyəyə qaldırır. Bu baxımdan realistlərin “qorxu ölkələrin xarici siyasətini və hərbi yanaşmasını formalaşdırır” fikrini Ermənistanın xarici siyasətinə də aid etmək olar. Belə demək mümkündürsə, təhlükəsizlik faktoru Ermənistanı regionda maraqları və təsir imkanları olan böyük gücə “sığınmağa” vadar edir. Rusiyanın timsalında böyük gücün himayəsini qəbul edən Ermənistan həm təhlükəsizliyini, həm də regionda digər hərbi – siyasi maraqlarını, iddialarını təmin etməyə çalışır. Nəticədə, Ermənistan hərbi-siyasi, iqtisadi baxımdan Rusiyadan tam asılı vəziyyətə düşərək Moskvanın regionda “vassalı” na çevrilmişdir. 
 
Ermənistanın düşmüş olduğu belə bir geosiyasi “labirint” zaman – zaman erməni cəmiyyətini də, siyasi elitasını da qayğılandırmış və bu narahatlıq müxtəlif formalarda ifadə edilmişdir. Bir çox tanınmış ermənilər ölkələrinin Rusiyadan ciddi siyasi-iqtisadi, təhlükəsizlik baxımdan asılılığını bütövlükdə erməni dövlətçiliyinin mövcudluğuna böyük təhdid kimi qəbul etdiklərini açıqlamaqdan çəkinmirlər. Məhz Ermənistanın müstəqillik əldə etdikdən sonra dünyanın digər güc mərkəzləri ilə də münasibətləri inkişaf etdirmək siyasətini həm də Moskvanın ölkə üzərində dominant təsirini azaltmaq məqsədi daşıdığını qeyd edə bilərik. Xüsusilə, Ermənistanın Qərblə, onun əsas hərbi – siyasi, iqtisadi ittifaqları ilə münasibətlərini bu kontekstdə qiymətləndirmək olar. 
 
Ermənistanın xarici siyasətində prioritet kimi qəbul etdiyi məqamlardan biri də Aİ ilə münasibətlərdir. Avropa İttifaqı Ermənistanın ən böyük ticarət tərəfdaşıdır və hər iki tərəf son illərdə münasibətlərin bütün səviyyələrdə inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirib. Ermənistan - Aİ münasibətlərinə təsir göstərən amilləri əsasən qısa olaraq belə qeyd etmək olar – Aİ-nın Cənubi Qafqazda geosiyasi maraqları və bu maraqlardan irəli gələn fəal diplomatiyası; İrəvanın geostrateji, iqtisadi – siyasi maraqları; Aİ ölkələrində kifayət qədər təşkilatlanmış və siyasi baxımdan xeyli fəal olan erməni diasporunun mövcudluğu


 
Ermənistan-Aİ münasibətləri 1990-cı illərin ortalarından formalaşmağa başlamışdır. Ermənistan və Aİ arasında 1996-cı ildə imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq haqqında saziş və İrəvanın 2004-cü ildə İttifaqın Avropa Qonşuluq Siyasətinə qoşulması ikitərəfli münasibətlərdə ilk addımlardan hesab olunmalıdır. Bu addımlar Ermənistana Aİ-nın dəyərləri, prinsipləri ilə daha yaxından tanış olmaqla bərabər, Brüsseldən geniş dəstək almağa imkan verdi. 
 
Ümumiyyətlə, 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Aİ-nın Ermənistanla münasibətlərinə ittifaqın post-sovet məkanı ilə bağlı siyasəti çərçivəsində yanaşılmalıdır. Həmin dövrdə Aİ-nın post-sovet məkanı ölkələri ilə bağlı siyasətinin əsasında ilkin tanışlıq, maraq dairəsinin müəyyənləşdirilməsi, münasibətlərin formalaşdırılması və s. dayanırdı. 
 
Ermənistanın “Şərq tərəfdaşlığı” proqramında iştirakı 
 
Ermənistanın Aİ-nın “Şərq tərəfdaşlığı” proqramında iştirakı ikitərəfli münasibətlərdə yeni mərhələ hesab edilir. Haşiyəyə çıxaraq qeyd etmək istərdim ki, “Şərq tərəfdaşlığı” proqramı 2009-cu ilin mayında Polşa və İsveçin təklifi ilə meydana çıxmışdır və Aİ-nın bu təşəbbüsü keçmiş SSRİ-nin 6 ölkəsini – Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldovanı əhatə edir. Bu təşəbbüs Avropa çərçivəsində qeyd etdiyimiz 6 ölkə ilə dərin və hərtərəfli azad ticarət sazişlərini, Aİ-nın maliyyələşdirdiyi proqramları, “mobillik və təhlükəsizlik paktları“nı, vizasız səyahəti, Aİ-nın əmək bazarına girişi, Aİ qanunvericiliyinə və standartlarına uyğunlaşmanı, insanlar arasında əlaqələrin intensivləşdirilməsini nəzərdə tutur. “Şərq tərəfdaşlığı” proqramının iki əsas məqsədini belə qeyd etmək olar : post – sovet məkanının qeyd olunan 6 ölkəsini siyasi, hüquqi, iqtisadi-ticari cəhətdən Avropa standartlarına uyğunlaşdırmaq və bu ölkələrdə islahatlar – keçid prosesini dəstəkləmək. Onu da qeyd etmək istərdim ki, “Şərq tərəfdaşlığı” proqramı bir çox təhlilçilər tərəfindən Aİ – nın post-sovet məkanı ilə bağlı geostrategiyasına xidmət edən “yumşaq güc“ siyasəti kimi də dəyərləndirilir və Rusiyanın bu proqrama neqativ münasibəti həm də bu amillə əlaqələndirilir. Ümumiyyətlə, onu da əlavə etmək istərdim ki, “Şərq tərəfdaşlığı” proqramının mahiyyəti region ölkələrinin tədricən Avro – Atlantik məkana inteqrasiyasını və nəticədə, Rusiyadan uzaqlaşmasını nəzərdə tutur
 
Son 12 ildə Ermənistan-Aİ münasibətləri “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində heç də “hamar” olmamışdı. Bu illər ərzində ikitərəfli münasibətlər böyük ümid verən hadisələrlə, xəyal qırıqlığı yaşadan kəskin dönüşlərlə xarakterizə olunur. Şərti olaraq Ermənistanın “Şərq tərəfdaşlığı” proqramında iştirakını 3 mərhələyə ayırmaq olar: 


 
Birinci mərhələ 2009-2013 – cü illəri əhatə edir ki, bu mərhələdə Ermənistan ittifaqla əməkdaşlıqda daha iddialı görünərək Aİ ilə Assossasiya Sazişinin imzalanması məqsədi ilə danışıqlar aparmışdır. 
 
2013 – 2017 – ci illəri əhatə edən ikinci mərhələni Ermənistan – Aİ arasında münasibətlərin yenidən müəyyənləşdirilməsi və yeni müqavilənin imzalanması məqsədi ilə tərəflər arasında danışıqların aparılması dövrü kimi xarakterizə etmək olar. 
 
Nəhayət, üçüncü mərhələ, 2017 – ci ilin noyabrında Ermənistan və Aİ arasında Hərtərəfli və Geniş Tərəfdaşlıq haqqında Sazişin imzalanması ilə başlayan, bu gün də davam edən münasibətlərin bir çox sahələrində irəliləyişlərin əldə edilməsi dövrü kimi qeyd edilə bilər. 
 
Ermənistan, həm hakimiyyət, həm də cəmiyyət olaraq 2009 – cu ildə “Şərq tərəfdaşlığı” proqramına böyük həvəslə qoşulmuşdu. Ermənilərin demək olar ki, yekdil olaraq proqramda iştiraka pozitiv yanaşmasının bir çox səbəbləri vardı. Bu səbəblərdən biri həmin dövrdə erməni hakimiyyətinin istər daxili ictimai rəydə, istərsə də müəyyən mənada beynəlxalq səviyyədə legitimlik problemi yaşaması ilə bağlı idi. Belə ki, 2008 – ci ildə keçirilən prezident seçkilərinin şübhəli nəticələri və bu nəticələrə etiraz məqsədi ilə keçirilən etiraz aksiyalarının zorakılıqla dağıdılması ( bu aksiyaların birində 10 nəfər dinc etirazçı güc strukturları tərəfindən qətlə yetirilmişdir) yeni seçilmiş prezident Serj Sarkisyanı ciddi siyasi çağırışlarla üz - üzə qoymuşdur. Yaranmış böhranlı vəziyyətdən çıxmağın yollarından biri kimi Ermənistanın köhnə-yeni hakimiyyəti nüfuzlu qlobal və regional aktorlarla siyasi anlaşmaların əldə edilməsində görürdü. Aİ-nın “Şərq tərəfdaşlığı” proqramında fəal iştirak o zaman Sarkisyan rejiminə məhz marjinal siyasi maraqlarının təminatı baxımından əlverişli görünürdü. Onu da qeyd etmək istərdim ki, 2008 – ci ildə sərhədlərin açılması ilə bağlı Türkiyə ilə aparılan danışıqlar prosesinə və əldə edilən razılaşmalara da daha çox bu kontekstdən yanaşıla bilər. 


 
Eyni zamanda Ermənistan dövlətinin və cəmiyyətinin də maraqları Aİ – nın məlum proqramında fəal iştirakı tələb edirdi. Rusiyanın ölkə üzərində təsirini azaltmaq, davamlı təhlükəsizliyə və iqtisadi inkişafa nail olmaq üçün dünyanın digər güc mərkəzləri ilə də münasibətləri inkişaf etdirmək strategiyasını Ermənistanın xarici siyasətdə həyata keçirməyə çalışdığı ənənəvi prioritetlərə aid etmək olar. Bu baxımdan, Aİ – nın “Şərq tərəfdaşlığı” proqramı İrəvan üçün həm İttifaq ölkələri, həm də proqrama daxil olan digər ölkələrlə siyasi-iqtisadi əlaqələri dərinləşdirmək imkanı kimi görünürdü. Həmçinin, Ermənistanın vətəndaş cəmiyyəti də “Şərq tərəfdaşlığı” proqramında iştiraka ölkədə dərin kök salmış korrupsiya ilə mübarizə, demokratik normaların, islahatların gücləndirilməsi fürsətlərindən biri kimi qəbul edirdi. Sadə ölkə vətəndaşlarının da böyük hissəsi Avropaya inteqrasiya etməklə yaşayış standartlarının yaxşılacağına ümid edirdi və bu ümid hələ də qalmaqdadır. Bir vacib məqamı da qeyd etmək istərdim ki, Ermənistanın “Şərq tərəfdaşlığı” proqramına qoşulduğu ilk illərdə Aİ-na inam artaraq davam etmişdir. Məsələn, 2009 – cu ildə keçirilən rəy sorğusunda Aİ-na inam 31 % təşkil edirdisə, 2011 – ci ildə göstərici 37 % qalxmışdır.
 
Beləliklə, 2009 – cu ildə Ermənistanın böyük həvəslə qoşulduğu “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Aİ ilə 4 il ərzində apardığı danışıqlar İrəvanı Brüssellə Assosasiya Müqaviləsini imzalamağa xeyli yaxınlaşdırdı. Rusiyanın 2013 – cü ilə kimi Ermənistan və Aİ arasında Assossasiya Müqaviləsi ilə bağlı aparılan danışıqlar prosesinə seyrçi yanaşması da İrəvanda qeyd olunan müqavilənin imzalanacağına ümidləri xeyli artırmışdır. Buna baxmayaraq, 2013 – cü ilin aprelində, Assossasiya Müqaviləsi ilə bağlı İrəvan-Brüssel arasında aparılan danışıqların müsbət yekunlaşdığının bəyan olunması Moskvada ciddi narahatlıq doğurmaqla yanaşı, Rusiyanın Ermənistana təzyiqləri artırmasına səbəb oldu. Rusiyanın Ermənistana təzyiqləri artırmaq üçün istifadə etdiyi vasitələri əsasən belə qeyd etmək olar – Ermənistanın Rusiyadan iqtisadi-siyasi baxımdan asılılığı və Ermənistan – Azərbaycan münaqişəsi. Bununla da, əksər təhlilçilərin də gəldiyi qənaətə görə İrəvan son anda, 2013 – cü ilin sentyabrında Rusiyanın sərt təzyiqləri nəticəsində qərarını dəyişərək Moskvanın təşəbbüsü ilə yaradılan Gömrük və Avrasiya İqtisadi İttifaqına qoşulmalı oldu. Həmin dövrdə Ermənistan düşmüş olduğu vəziyyətdən çıxmaq üçün həm Aİ ilə Assosiasiya Sazişini, həm də Avrasiya İqtisadi İttifaqına qoşulmaq üçün yeni təşəbbüs irəli sürsə də İrəvanın bu təklifi Brüssel tərəfindən qəbul edilmədi


 
2013 – 2015-ci illəri Ermənistanın Aİ ilə münasibətləri yenidən müəyyənləşdirmək dövrü kimi dəyərləndirilə bilər. Avrasiya İqtisadi İttifaqına qoşulduqdan sonra Ermənistan Aİ-na inteqrasiya siyasətini dayandırmadı və o zamanki prezident Sarkisyan hər iki ittifaqla münasibətləri dərinləşdirmək niyyətlərinin ciddi olduğunu bəyan etdi. 2015-2017-ci illərdə Ermənistan-Rusiya münasibətlərində yaranan müəyyən “enişlər” də İrəvan-Brüssel əlaqələrinə əlavə stimul verirdi. Xüsusilə, 2016-cı ilin aprelində baş verən “dörd günlük müharibə“ dən sonra Rusiyanın erməni ictimai rəyində etibarlı təhlükəsizlik qarantı kimi mövqeyi zəifləməyə başladı. Son on ildə erməniləri narazı salan əsas məqamlardan biri də Rusiyanın Azərbaycana silah satışını həyata keçirməsi idi. Erməni ictimai rəyində təhlükəsizlik qarantı kimi Rusiyaya etimadın zəifləməsi Ermənistanda keçirilən rəy sorğularından da məlum olurdu. Məsələn, son illərdə keçirilən rəy sorğularından birində respondentlərin 51 % - i Rusiyanın Ermənistan – Azərbaycan münaqişəsinə neqativ təsir göstərdiyini bildirdiyi halda, rəyi soruşulanların 59 % - i Ermənistanın yenidən Azərbaycanla müharibəyə daxil olacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvana kömək etməyəcəyi qənaətində idi. Onu da əlavə etmək istərdim ki, İkinci Qarabağ müharibəsindən sonra erməni ictimai rəyində anti – Rusiya meyillərinin daha da gücləndiyi müşahidə edilir. Bu amilin yaxın və orta perspektivdə Ermənistan-Aİ münasibətlərinə də təsir göstərəcəyini ehtimal etmək olar. 
 
2015 – ci ildə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Ermənistan və Aİ arasında yeni tərəfdaşlıq müqaviləsinin imzalanması məqsədi ilə növbəti danışıqlar prosesi başladı və bu proses 2 il davam etdi. Aparılan danışıqlar prosesinin nəticəsi olaraq 2017 – ci ilin noyabrında Ermənistan və Aİ arasında Hərtərəfli və Geniş Tərəfdaşlıq haqqında Saziş imzalandı. Saziş Ermənistana Aİ ilə bütün, o cümlədən də siyasi və təhlükəsizlik səhələrində də əməkdaşlıq etməyə imkan verir. Bu sənədin 2013 – cü ildə imzalanması nəzərdə tutulan Assosiasiya Sazişindən əsas fərqi ondan ibarətdir ki, Ermənistan və Avropa İttifaqı arasında azad ticarət zonasının yaradılmasını özündə ehtiva etmir. Hal – hazırda Ermənistan – Aİ münasibətləri tərəflərin 2017 – ci ildə imzaladığı Hərtərəfli və Geniş Tərəfdaşlıq haqqında Sazişlə tənzimlənir. Bu günə kimi Saziş Aİ – na üzv olan bütün dövlətlər, o cümlədən də Avropa Atom Enerjisi Birliyi və Ermənistan tərəfindən ratifikasiya edilib. O da qeyd olunmalıdır ki, Sazişin 2021 – ci ilin mart ayında qüvvəyə minəcəyi gözlənilir. 


 
2018-ci ilin yazında Ermənistanda baş verən “məxməri” hakimiyyət dəyişikliyindən sonra İrəvan – Brüssel münasibətlərində xüsusi canlanma müşahidə olunur və hər iki tərəf son illərdə münasibətlərin bütün səviyyələrdə inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirib. 2019 – cu ilin fevralında Ermənistan baş naziri Paşinyan Aİ – nın “Şərq tərəfdaşlığı” proqramı üzrə rəsmiləri ilə görüşündə qeyd etmişdir ki, iki tərəfli əməkdaşlıqda Hərtərəfli və Geniş Tərəfdaşlıq haqqında Saziş bizim üçün əsas vasitədir və İrəvan Sazişin bütün şərtlərini həyata keçirmək niyyətindədir. Aİ son iki il yarımda Ermənistanla siyasi, iqtisadi, sosial sahədə geniş əməkdaşlıq edir və Paşinyan hökumətinin “islahat” saydığı addımlarına ciddi siyasi-maliyyə dəstəyi verir. Bu gün bir çox səbəblərdən Ermənistan hökumətinin gündəliyində Aİ – na üzvülük məsələsi olmasa da, münasibətlərin intensivləşməsi gələcəkdə belə bir perspektivi İrəvan üçün istisna etmir. Nəzərə almaq lazımdır ki, Ermənistan ictimai rəyi də Aİ ilə münasibətlərin dərinləşdirilməsinə pozitiv yanaşır. Ümumiyyətlə, son illərdə Ermənistan hakimiyyətinin xarici siyasətdə ABŞ və Aİ-na doğru reveranslar etməsini həm də Rusiyanın təsir dairəsindən tədricən uzaqlaşmaq siyasəti kimi də dəyərləndirmək olar. Beləliklə, Paşinyan hökumətinin Ermənistanın xarici siyasətində çoxvektorlu balanslaşdırma xəttini gücləndirmək siyasəti ölkənin Aİ – nın “Şərq tərəfdaşlığı” proqramında daha fəal iştirakını zərurətə çevirir. 
 
Bütün bunlarla bərabər, son zamanlarda baş verən hadisələrin, xüsusilə də İkinci Qarabağ müharibəsinin doğurduğu nəticələrin Ermənistan – Aİ münasibətlərinə təsir etməyəcəyini düşünmək yanlış olardı. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinin nəticələrini Ermənistan – Rusiya, Ermənistan – Aİ münasibətləri kontekstində paradoksal hesab etmək olar. Bu müharibə nəticəsində bir tərəfdən erməni ictimai rəyində Rusiya əleyhinə meyillər artsa da, digər tərəfdən Moskvanın Ermənistan üzərində siyasi-iqtisadi, hərbi – təhlükəsizlik baxımdan təsir imkanları daha da gücləndi. Üç ölkə (Azərbaycan, Ermənistan, Rusiya) liderinin imzaladığı 9 noyabr (2020) və 11 yanvar (2021) bəyanatları münaqişəni yekunlaşdırmaqla bərabər bölgədə yeni geosiyasi, geoiqtisadi reallıqların yaranmasına da rəvac verdi. Bu bəyanatlara konkret olaraq İrəvan - Moskva münasibətləri kontekstində yanaşsaq onu qeyd edə bilərik ki, Avrasiya İqtisadi Birliyinin heç bir üzvü ilə quru əlaqəsinə malik olmayan Ermənistan Azərbaycanla nəqliyyat – kommunikasiya əlaqələrinin bərpasından sonra ölkəmiz üzərindən Rusiyaya daha çox bağlanacaq. Nəticədə, bu amilin Ermənistanın Avrasiya İqtisadi Birliyinə daha dərindən inteqrasiyasına səbəb olacağını gözləmək olar. İkinci Qarabağ müharibəsindən sonra baş verən bu proseslərin həm siyasi, həm də iqtisadi aspektdən Ermənistan – Aİ münasibətlərinə təsir edəcəyi qaçılmaz görünür. Sonuncu Qarabağ müharibəsindən sonra Ermənistanın Rusiyadan siyasi – təhlükəsizlik baxımdan asılılığının artmasının İrəvan – Brüssel münasibətlərinin inkişafına əlavə məhdudiyyətlər gətirəcəyi ehtimalı xeyli yüksəkdir. Bu səbəbdən də Paşinyan hökumətinin son illərdə Aİ ilə münasibətlərdə xüsusi “canfəşanlıq” etməsinin yaxın və orta perspektivdə real nəticələr verəcəyini gözləmək, fikrimcə, doğru olmazdı. Eyni zamanda, məsələyə iqtisadi aspektdən yanaşdıqda da, qeyd etmək olar ki, ölkəmizlə nəqliyyat - kommunikasiya əlaqələrinin bərpasından sonra Ermənistanın Rusiya və Avrasiya İqtisadi Birliyinə üzv dövlətlər ilə iqtisadi – ticari əlaqələrinin genişlənəcəyi şübhə doğurmur. Təbii ki, bu amilin də perspektivdə Ermənistan – Aİ arasında iqtisadi – ticari əlaqələrə təsir edəcəyini düşünmək doğru olardı. 


 
Nəticə: 
 
Əvvəldə də qeyd etdiyimiz kimi Ermənistanın “Şərq tərəfdaşlığı” proqramında iştirakı özündə uğurları və uğursuzluqları ehtiva edən ziddiyyətlərlə zəngin olmuşdur. Məqalədə, Ermənistanın “Şərq tərəfdaşlığı” proqramında iştirakını 3 mərhələyə ayırdıq və bu mərhələlərin hər birinin həm də ikitərəfli münasibətlərin xarakterinə görə birinin digərindən fərqləndiyini qeyd etdik. Son olaraq Ermənistanın bu proqramda iştirakının əsas məqamlarını ümumiləşdirmək istərdim. 
 
Ermənistanın Aİ – nın “Şərq tərəfdaşlığı” proqramında iştirakının tarixinə nəzər salanda İrəvan üçün ən böyük uğursuzluğun 2013 – cü ildə, Proqramda iştirakın 1 – ci mərhələsində imzalamağa hazırlaşdığı Assossasiya Müqaviləsindən imtina etməsini qeyd edə bilərik. Həmin dövrdə baş verən bu proses Ermənistan – Aİ münasibətlərinə daim öz mənfi təsirini göstərmişdir. Həmçinin, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması da İrəvanın Brüssellə münasibətlərinin sərhədlərini müəyyən etdi
 
Bütün bunlarla yanaşı, İrəvanı “Şərq tərəfdaşlığı” proqramının fəal iştirakçılarından hesab etmək olar. Son 12 ildə Ermənistan Proqramının digər iştirakçıları olan Ukrayna və Gürcüstan kimi Avropa İttifaqına tam inteqrasiya siyasətini həyata keçirə bilməsə də İrəvan siyasi, iqtisadi – ticari maraqlarını təmin etmək üçün Aİ – nın imkanlarından kifayət qədər istifadə etməyə çalışıb. Məsələn, Aİ Ermənistana müxtəlif sahələrdə yardım edən ən böyük beynəlxalq donordur. Aİ-nın maliyyə yardımı əsasən bu sahələri əhatə edir: enerji səmərəliliyinin artırılması, nüvə təhlükəsizliyi, təhsil, ictimai nəqliyyat, məhkəmə sistemi, əkinçilik, əsas dövlət xidmətlərində innovasiyalar və s. 
 
Ermənistanla Aİ arasında ticarət əlaqələri son bir neçə ildə əhəmiyyətli dərəcədə artmışdır. Tərəflər arasında idxal və ixracın müqayisəsinə nəzər salaq : 2009-cu ilin (1 – ci mərhələnin) məlumatları göstərir ki, Ermənistana idxal məhsulları 535 milyon avro, ixrac məhsulları isə 161 milyon avroya bərabər olub. 2019 – cu ildə isə, Proqramda iştirakın 3 – cü mərhələsində, idxal təxminən 785 milyon avroya qədər, ixracatı isə təxminən 407 milyon avroya qədər artıb
 
“Şərq tərəfdaşlığı” proqramında Ermənistanın əldə etdiklərindən biri də Aİ ilə viza rejiminin qarşılıqlı olaraq yumşaldılmasını nəzərdə tutan razılaşmalar olmuşdur. Qeyd olunan razılaşmalara misal olaraq “Mobillik Tərəfdaşlığı” (2011), “Viza asanlaşdırma” (dekabr 2012) və “Readmissiya” müqavilələrini (aprel 2013) göstərmək olar. Göründüyü kimi, bu müqavilələr Ermənistanın “Şərq tərəfdaşlığı” proqramında iştirakının 1-ci mərhələsində imzalanmışdır. Həmçinin, Aİ-nın Ermənistanla birgə həyata keçirdiyi təhsil proqramlarını da (Erasmus – Mundus, Erasmus +) burada qeyd etmək yerinə düşər. Məhz bu proqramların nəticəsində minlərlə erməni gənci Avropanın müxtəlif universitetlərində təhsil almaq imkanı əldə etmişdir. 


 
Beləliklə, Ermənistanın, son 12 ilə yaxın dövr ərzində “Şərq tərəfdaşlığı” proqramında fəal iştirakını zərurətə çevirən məqsədlərini belə sıralaya bilərik: iqtisadi inkişafına, enerji sektorunun təkmilləşdirilməsinə, sosial strukturunun, ictimai dövlət xidmətlərinin müasirləşdirilməsinə ciddi dəstək almaq, Avropa ilə insani əlaqələrini genişləndirmək, təhsil sahəsində əməkdaşlıq etmək, siyasi – ictimai sahədə pozitiv dəyişiklikləri dərinləşdirmək, milli qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırmaq və nəhayət, İrəvanın geostrateji maraqlarını təmin etmək. Bu gün Ermənistanın cari siyasi-iqtisadi vəziyyətini, ətrafında formalaşmış geosiyasi reallıqları nəzərə alanda İrəvanın Aİ ilə əməkdaşlıqdan güddüyü strateji məqsədləri hələ reallışdıra bilmədiyini görə bilərik. Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın Aİ ilə münasibətləri dərinləşdirmək siyasətinin gələcəyi xeyli “dumanlı” görünür. Baxmayaraq ki, Ermənistan, qeyd etdiyimiz kimi, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Aİ – nın imkanlarından siyasi-iqtisadi maraqlarını təmin etmək üçün maksimum yararlanmağa çalışıb və bu istiqamətdə də müəyyən uğurlara nail olub. Ancaq Ermənistanın düşmüş olduğu siyasi – iqtisadi böhrandan çıxması üçün bu uğurların əhəmiyyəti xeyli azdır.


Ana səhifəyə qayıt        Baxış: 4 959          Tarix: 26-02-2021, 14:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma