Xəbər lenti
 
 
Rusiya Qara dənizi öz "daxili gölünə" çevirmək istəyəcəyi təqdirdə Ukrayna buna qarşı tədbirlər hazırlayır.
 
Ovqat.com xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba bildirib.
 
Onun sözlərinə görə, NATO üzvü olan Rumıniya, Bolqaristan və Türkiyə ilə tərəfdaş dövlətlər – Ukrayna, Gürcüstan və hətta Moldova öz səylərini birləşdirməsə, Rusiya Qara dənizi öz daxili gölünə çevirəcək: “Onu yarı böləcək və öz zonasında tam hökmranlığa başlayacaq".
 
Ukraynanın bu ideyaları Qara dəniz ölkələri ilə müzakirə etdiyini deyən Kuleba qeyd edib ki, Kiyevin sözügedən su hövzəsində təhlükəsizliyin təmini ilə bağlı konkret ideya və təklifləri var.
 
Qeyd edək ki, bazar ertəsi günü Azərbaycan səfərindən sonra Gürüstana gedən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Batumidə keçirilən beynəlxalq konfransında Ukrayna Prezidenti ilə görüşmüşdü. Konfransda həmçinin Gürcüstan və Moldovanın liderləri Salome Zurabişvili ilə Mayya Sandu da iştirak etmişdilər. Qara dənizin 3 tərəfdaş ölkəsinin liderləri Şarl Mişel ilə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" istiqamətində birgə hərəkət planını müzakirə etmiş və "assosiativ üçlük" yaratmışdılar. “Üçlüy”ün qarşıya qoyduqları əsas hədəflərdən biri də Qara dənizdə birgə hərəkət etmək planı ilə bağlıdır. Bunun üçün isə həmin təşəbbüsün Avropa İttifaqı və NATO ölkələri tərəfindən dəstəklənməsi tələb olunur.
 
Ukrayna prezidentinin Batumi konfransında dilə gətirdiyi fikirlərdən belə anlaşılırdı ki, o, Aİ-nın “Şərq Tərəfdaşlığı” çərçivəsində region dövlətlərinə verdiyi dəstəkdən çox da məmnun deyil. Zelenski çıxışında “Şərq Tərəfdaşlığı” layihəsini “siyasi məzmun və geopolitik dünyagörüşü” tam aydın olmayan “yarıölü” ideya adlandıraraq, Avropa İttifaqını sərt tənqid atəşinə tutmuşdu. Onun fikrincə, İttifaq bu problemi həll etməsə, dekabrda keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitinin də heç bir əhəmiyyəti qalmayacaq.


 
"Növbəti “Şərq Tərəfdaşlığı” sammiti dekabr ayında baş tutmalıdır. Bu, çox vacibdir, lakin Avropa Birliyi tərəfindən “Şərq Tərəfdaşlığı” hədəflərinə dair strateji baxışın hazırlanmaması bu formatı daha az maddi və yarıölü vəziyyətə salır. Biz hesab edirik ki, sammit xatirinə sammit keçirməyə ehtiyac yoxdur. Bizdə insanlar ölür, müharibə gedir. Bu təşəbbüsün gələcəyi üçün siyasi məzmuna və geopolitik baxışa ehtiyacımız var. Açığı, bu sammitin ümumiyyətlə məqsədəuyğun olub-olmadığını anlamırıq” - Zelenski bazar ertəsi günü keçirilən Batumi konfransında danışarkən belə demişdi.
 
Ukrayna Prezidentinin sözlərinə görə, növbəti sammit Avropa Birliyinin ən yaxın tərəfdaşlarla münasibətlərini aydın şəkildə əks etdirməlidir: "Bu təşəbbüs Avropa arzularımızın reallaşmasına nə qədər töhfə verəcəksə, biz də onu bir o qədər dəstəkləyəcəyik".
 
Şarl Mişel isə öz növbəsində xatırlatmışdı ki, Avropa İttifaqı öz tərəfdaşlarının yol infrastrukturunun yenilənməsi və istifadəsi üçün böyük investisiya paketi hazırlayıb. Onun sözlərinə görə, burada söhbət Aİ-nin tərəfdaş ölkələrlə rəqəmsal transformasiyadan gedir.
 
Məlumata görə, Batumi konfransında Ukrayna, Gürcüstan və Moldova “Şərq Tərəfdaşlığı” çərçivəsində Aİ-nin daxili bazarına inteqrasiya, nəqliyyat, enerji, rəqəmsal bazar, yaşıl iqtisadiyyat, səhiyyə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi sahələrində ittifaqla yaxınlaşmaq da daxil olmaqla bir çox prioritetlərini müəyyənləşdiriblər.


 
Göründüyü kimi, Aİ Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaz səfəri təkcə bu regionla məhdudlaşmayıb. O, Gürcüstan səfəri zamanı həm də Qara dəniz tərəfdaşlarının liderləri ilə görüşüb və Rusiyaya qarşı vahid cəbhədən çıxış etmək barədə konkret addımlar atıblar. Şarl Mişelin Ermənistanda olarkən bu ölkəyə 2.6 milyard dollar ayırdığı ortaya çıxmışdı və erməni ekpertlərin fikrincə, bu yardımın məqsədi İrəvanı Rusiyadan ayrımaqdır. Odur ki, “Şərq Tərəfdaşlığı” tənliyində yeganə məchul qalır – Azərbaycan. Bəs Azərbaycanın yeri bu tənlikdə nəyə bərabər olacaq?
 
Fikrimizcə, “Şərq Tərəfdaşlığı” tənliyindəki son məchulun dəyərini Aİ-nin Ermənistana ayırmağı planlaşdırdığı 5 milyard avro müqabilində Azərbaycana verdiyi 150 milyon avro çox aydın şəkildə ifadə edir. Hakimiyyət yönümlü bir çox deputatlar bunu Şarl Mişelin fransız əsilli olması və Ermənistana tərəfkeşlik etməsi ilə əlaqələndirsələr də, əslində nədənsə, bir məqamı “unudurlar”. Söhbət ondan gedir ki, həmin vəsait “Şərq Tərəfdaşlığı” layihəsinin həyata keçirilməsi üçün ayrılıb. Azərbaycan isə müxtəlif səbəblərdən bu layihədə yer almaq istəmir.
 
Üstəlik, bu vəsait təkcə Ermənistan üçün də nəzərdə tutulmayıb. İyulun əvvəlində regiona gələn Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi səfərə başladığı Tbilisidə jurnalistlərə verdiyi açıqlamasında “Şərq Tərəfdaşlığı”na namizəd ölkələrin iqtisadi dirçəlişi üçün Aİ-nin 17 milyard avro cəlb etməyi planlaşdırdığını bildirmişdi. Ermənistana isə bu vəsaitdən cəmi 2.6 milayrd avro ayrılmışdı, vəd edilən 3 milyard avro isə daha sonrakı 4 ildə veriləcək. Deməli, yerdə qalan 10 milyard avroya yaxın vəsait öz namizədlərini gözləyir. Azərbaycan öz israrçı tərəfsizliyindən geri çəkilmədikcə, həmin vəsaiti də Ukraynanın, Gürcüstanın və Moldovanın alacağı şübhə doğurmur.


 
Əslində öz istəyimizlə Aİ yardımlarından imtina etməyimizə baxmayaraq, düşünüldüyü kimi, biz heç də bu qurum üçün əhəmiyyətsiz və ya Ermənistana fəda ediləcək qədər dəyərsiz deyilik. Tbilisi səfərinin ertəsi günü - iyulun 7-də Azərbaycana gələn Varhelyinin Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov və Energetika naziri Pərviz Şahbazov ilə görüşü barədə təəssüratları də bu fikri təsdiqləyir. Baxmayaraq ki, Avropa İttifaqı rəsmisinin bu formatda qarşılanması Azərbaycanın Aİ ilə yalnız enerji sahəsində əməkdaşlıq etmək istəməsindən xəbər verirdi, bununla belə, Varhelyi Azərbaycan rəsmiləri ilə görüşdən sonra paylaşdığı Twitter paylaşımında Aİ ilə siyasi inteqrasiyaya çox da həvəs göstərməyən rəsmi Bakını ““Şərq Tərəfdaşlığı” planının əsas tərəfdaşı” adlandırmışdı. Aİ rəsmisi Twitter paylaşımında həmçinin bildirmişdi ki, Azərbaycan rəsmiləri ilə “görüş zamanı "Şərq Tərəfdaşlığı” üçün İqtisadi və İnvestisiya Planının potensialı ilə bağlı geniş fikir mübadiləsi aparıblar”.
 
Zənnimizcə, “Şərq Tərəfdaşlığı” layihəsində passiv rol oynamasına baxmayaraq, Aİ-nin Azərbaycan məsələsinə bu qədər müstəsna yanaşması təsadüfi deyil. Belə ki, ölkəmizin yerləşdiyi coğrafiya və sahib olduğu təbii sərvətlər Azərbaycan olmadan “Şərq Tərəfdaşlığı” layihəsinin həyata keçirilməsini mümkünsüzləşdirir. Üstəlik, rəsmi Bakının bu addımı ata bilməməsinin indiyədək çox mühüm səbəbləri (bəzilərinə görə, bəhanələri) də vardı.
 
2015-ci ildə keçirilən Riqa sammitində ölkəmizin və Ermənistanın bu təşəbbüsə qoşulması müzakirə olunanda rəsmi Bakı öz ərazilərini işğal edən bir dövlətlə eyni çətir altında birləşməyin mümkünsüzlüyünü irəli sürmüş və Aİ ilə yalnız iqtisadi və biznes sahəsində əməkdaşlıq edəcəyini vurğulamışdı. Üzərindən iki il keçəndən sonra – 2017-ci ildə Brüsseldə düzənlənən növbəti sammitdə Azərbaycanın təklif etdiyi əməkdaşlıq modeli üzrə danışıqlar başlamışdı. 2018-ci il iyulun 11-də isə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının sədri Donald Tuskun iştirakı ilə “Azərbaycan və Aİ arasında tərəfdaşlığın prioritetləri” haqqında sənəd paraflandı. Həmin sənəddə də tərəfdaşların ərazi bütövlüyünün təmin olunması bir daha vurğulanırdı.
 


Ermənistana gəlincə, 2017-ci ilin 24 noyabrında bu ölkənin xarici işlər naziri Edvard Nalbandyanla Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogherini arasında “Hərtərəfli və Geniş Tərəfdaşlıq haqqında saziş” imzalanıb. Dolayısıyla, digər tərəfdaşların ərazi bütünlüyünə hörmət göstərməsi İrəvanın qəbul etdiyi öhdəliyə çevrilmişdi.  Sazişin 2018-ci il iyunun 1-dən müvəqqəti olaraq tətbiq edilməsi nəzərdə tutulurdu. Maraqlıdır ki, Serj Sarkisyan hökumətinin imzadığı bu sazişin müvəqqəti qüvvəyə minməsinə 2 ay qalmış, Ermənistanda “məxməri inqilab” baş verdi, Sarkisyan məşhur filmdə deyildiyi kimi, “o günü görə bilmədən” hakimiyyətdən getdi.
 
Görünən budur ki, 2018-ci ilin aprelində hakimiyyətə gətirilən Paşinyan əslində qəsdən “böyük güzəştlərin” qucağına atılmışdı. Nəticədə Qərb yönümlü yeni Baş nazirin öhdəliklərini yerinə yetirmək çətinliyinin ağuşunda çırpınması 44 günlük müharibə ilə sona çatmışdı. Müharibədən sonra yenidən parlament seçkilərinə qatılan erməni lideri xalqın dəstəyini alaraq “Şərq Tərəfdaşlığı” yolunda “Dağlıq Qarabağ” adlı böyük yükdən azad olaraq addımlamaq haqqı qazanmışdı. Aİ “Şərq Tərəfdaşlığı” layihəsi üçün ayırdığı 17 milyarda avronun 2.6 milyardı da məhz bundan sonra İrəvana verilmişdi. Təbii ki, öz iqtisadiyyatını bu layihəyə uyğunlaşdırması üçün. Məhz bu səbəbdən də erməni millətçiləri bu vəsaiti “Ermənistanın satın alınması” kimi dəyərləndirirlər.



Məsələyə bu aspektdən nəzər salanda görürük ki, Ermənistandan fərqli olaraq, 2015-ci ildə “Şərq Tərəfdaşlığı” proqramının siyasi aspektlərindən haqlı səbəblərlə faktiki imtina edən rəsmi Bakı dolayısıyla onun yardımını da geri çevirmişdi. Zənnimcə, bizə Ermənistanla müqayisədə olduqca cüzi – 150 milyon dollar ayrılmasının səbəbi həmin imtinadan irəli gəlir. Bununla belə, rəsmi Bakının əslində haqlı iradını bəhanəyə çevirməsinin səbəbi də artıq ortadan qalxır. 44 günlük müharibədə öz ərazilərini işğaldan azad edən Azərbaycan bu ilin dekabrında keçiriləcək Aİ “Şərq Tərəfdaşlığı” sammitində yenidən imtahanla qarşı-qarşıya qalacaq. Ya ona təqdim olunan “Hərtərəfli və Geniş Tərəfdaşlıq haqqında saziş”i imzalayacaq, ya da Belarus kimi, öz taleyini Rusiyaya bağlayacaq. Prinsip etibarilə, Aİ Şurasının Prezidenti Şarl Mişelin Bakıda olarkən səsləndirdiyi bəyanatda ifadə etdiyi bu fikirlər də sözügedən ehtimalı gücləndirir: “İkinci mövzu dekabr ayında keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığına həsr olunacaq Zirvə görüşünə hazırlıqla bağlıdır. Bizim üçün gözləntiləri müəyyən etmək məqsədilə fikir mübadiləsini aparmaq vacibdir. Hər iki tərəfdən həmin Zirvə görüşünə hazırlıq gedir”.


 
Mişellə görüşdən dərhal sonra Rusiya prezidenti Vladimir Putinin Azərbaycanlı həmkarını görüşə çağırması da Moskvanın narahatlığından xəbər verir. Prezident İlham Əliyevin həmin görüşdə səsləndirdiyi bəzi fikirlər isə Rusiya ilə əməkdaşlığa daha meylli olmasını ortaya qoyur. Görünür, Moskvadan gələn təzyiqlər biz gözlədiyimizdən daha güclüdür, fəqət onu da unutmaq olmaz ki, Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramına hələ də tam qoşulmayan yeganə ölkə kimi qalıb. Digər 5 ölkədə Rusiyaya meylli hakimiyyətlər uzaqlaşdırılıb və yerlərinə Qərbpərəst qüvvələr gətirilib. Rəsmi Bakı ölkəmizi bu təhlükədən sığortalamaq üçün, yəqin ki, “Şərq Tərəfdaşlığı” layihəsinə tam qoşulacaq və bu mövqeyini möhkəmləndirmək məqsədilə bəzi təxirəsalınmaz tədbirlər görəcək. Əks halda Qərbin daha ağır imtahanları ilə qarşı-qarşıya qala bilərik.
 
Heydər Oğuz,
Ovqat.com
 
 



Ana səhifəyə qayıt        Baxış: 7 094          Tarix: 21-07-2021, 12:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma