Xəbər lenti
21-01-2025, 19:46


 

"Səddam Hüseynin ruhu Müqtəda Sədrdə təcəlli etdi"

 

İran ideoloqları uzun illər Azərbaycan hakimiyyətini Qarabağın işğaldan azad olunmasında Tehranın imkanından yararlanmamaqda ittiham edir və bunu ən böyük xəyanət kimi qiymətləndirirdi. Onların iddiasına görə, Azərbaycan nə qədər saxta islamçılıq niqabı altında gizlənən İranın ətəyindən yapışmadıqca Qarabağ problemini həll edə bilməyəcək. Çünki Qarabağ yalnız cihad şüarı altında alına bilər və islamçı dəyərləri qəbul etməyən toplum bu dəyərlərdən uzaq olduğu üçün qarşıya qoyduğu hədəfi reallaşdırmaq imkanından da məhrumdur. 

 

Allahın inayəti ilə Azərbaycan 44 günlük müharibədə bu hədəfinə böyük ölçüdə çatdı və bundan sonrakı mərhələdə diplomatik sahədə aparılacaq mübarizə ilə Qarabağın qalan hissəsini də özümüzə birləşdirməyimiz qalır. Fəqət əldə etdiyimiz bu uğurda biz İranı nəinki öz yanımızda görmədik, əksinə o, qarşımıza ermənilərinin himayədarı kimi çıxdı və bu gün də öz düşmən siyasətini yürüdür. 

 

Bir çoxları fikirləşə bilər ki, Azərbaycan 44 günlük müharibədə İranın əsas iki düşməni Türkiyə və İsrailin yardımı ilə bu uğuru qazandığından Tehran istər-istəməz bizim qələbəmizi həzm edə bilmir. İlk baxışdan məntiqli görünən bu mülahizə ən kiçik tənqidə belə dözmür. Zira İranın yardımları ilə İŞİD zülmündən qurtulan İraqın bugünkü vəziyyəti göz qabağındadır. İraq beynəlxalq tərəfdaşlarının yardımı ilə İŞİD-i məğlub etməyi bacarsa da, bu uğurda İranın rolu gözlənildiyi qədər böyük olmadı. Əksinə, İraq Ordusu İrana bağlı qüvvələrin, o cümlədən Həşdi-Şabinin məzhəbi bölünmələri artırdığını əsas gətirərək, onların bu mübarizəyə qatılmasını arzulamır və bunu açıq şəkildə dilə gətirirdilər. 

 

Təsadüfi deyil ki, İraq Ordusu Mosul uğrunda mübarizəyə Həşdi-Şabinin iştirakı olmadan başlamış və İrançı qüvvələr iş işdən keçdikdən sonra hadisələrə müdaxilə etmişdi. Görünür, İŞİD-ə qarşı mübarizədə özlərinin də payının olmasını və daha sonrakı mərhələdə bundan İraq əhalisinin başına qaxınc kimi istifadə edilməsini arzuladıqlarından son anda qələbəyə şərik çıxmaq istəmişdilər. Necə ki, 44 günlük müharibənin ilk mərhələsində bizi Yaxın Şərqdən sünnü terrorçular gətirib savaşdırmaqda ittiham edən bu dövlət müharibədən sonra Xamaneinin üzünü belə görmədiyimiz fətvasını gözümüzə soxurdu. Nə yazıq ki, öz məlum çıxışı ilə İranın saxta iddialarına haqq qazandıran şeyxülislan Allahşükür Paşazadə həzrətləri indiyədək etdiyi bu böyük qəbahətin üzrünü istəməyib və utanmaz-utanmaz öz postunu əlində saxlayır. Eynilə Azərbaycan meyxanaçılarından biri məzhəbindən, dini inanışından asılı olmayaraq, xalqımızın qəhrəman oğullarının böyük şücaətlə qazandıqları bu savaşı hansısa “Hüseynçilərin” adına yazmağa çalışır və real faktları İrana bağlı qüvvələrin xeyrinə təhrif edir. 

 

İraq təcrübəsi onu da göstərir ki, İranın bu kimi məsələlərə müdaxiləsi xeyirdən çox zərər gətirir və istər Elçibəy, istərsə də Əliyevlər hakimiyyəti Qarabağ probleminin həllinə bu ölkəni yaxınlaşdırmamaqda tamamilə haqlı idilər. Nədən ki, İraq xalqı minlərlə qurban hesabına İŞİD problemini həll etsə də, hələ də İran zülmündən xilas olmayıb bəlkə də uzun müddət qurtula bilməyəcək də. İraqın nüfuzlu siyasi-dini lideri Müqtəda əs-Sədr tərəfdarlarının İran qüvvələrinə qarşı başlatdıqları mübarizəyə Tehranın reaksiyası da bundan xəbər verir. SEPAH-a bağlı “Eqtisadiselam” nəşrinin bu gün dərc etdiyi bir məqalə də bu ehtimalı gücləndirir.

 

İraqın şiə lideri Müqtəda Sədrin son hərəkətlərindən məlum oldu ki, o, “anti-İran” mövqeyi ilə Səddam Hüseyndən fərqlənmir. Bu da Bağdadın süqutu ilə Tehranın süqutu uğraması perspektivi yaradır”, -Ovqat.com-un məlumatına görə, İranın “Eqtisadiselam” nəşri İraqda baş verən hadisələri şərh edərkən belə yazıb.

 

Jurnalist Məcid Mötəmədinin qələmə aldığı yazıda bildirilir:

 

İraqda hadisələr kritik və həlledici mərhələyə çatıb və aşağıdakı məqamları ehtiva edir:

 

1. Şəhid müqavimət komandirlərinin (Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndis) fotoşəkillərini yandıran Müqtəda əs-Sədr tərəfdarlarının dünənki hərəkəti 

Sədrin məqsədini açıq şəkildə ortaya qoydu; İraqda müqavimət cərəyanının (Həşd əş-Şabi qüvvələri) məhv edilməsi.

 

2. Bu kontekstdə bu layihənin “podratçı”sı Müqtəda Sədr, “işəgötürən” isə Səudiyyə Ərəbistanıdır. Təxminən bir il əvvəl Müqtəda əs-Sədr Səudiyyə Ərəbistanına rəsmi səfər edib və pərdə arxasında bu ölkə ilə geniş əlaqələr qurub.

 

3- Yavaş-yavaş aydın olur ki, Müqtəda Sədr şiə olsa da, Səudiyyə Ərəbistanının təhlükəsizlik və ideoloji qüvvələri tərəfindən ələ keçirilib və Ər-Riyad ondan faktiki olaraq İraqdakı şiə cərəyanlarının daxilinə sızmaq üçün istifadə edir.

 

4. Sədrçilərin İraqdakı xaosunun yeni dövrünün vaxtı ilə bağlı əhəmiyyətli və mənalı bir məqam; 

 

Bu, İraqın böyük şiə dini rəhbərlərindən biri olan Ayətullah Seyid Kazım Haerinin qocalığına görə artıq səlahiyyət işlərini yerinə yetirə bilmədiyini və tərəfdarlarının Ayətullah Əlinin ardınca gedəcəyini bildirməsindən sonra baş verib. Xameneyi İslam dünyasının lideri kimi müstəmləkəçilik və təkəbbürlə mübarizəyə çağırıb.

 

5. Həmçinin İraqda iğtişaşların yeni mərhələsində Müqtəda Sədr tərəfdarları Həşdi Şabi ofislərinə hücum ediblər. Həşdi Şabi İraqda İŞİD-in məhv edilməsində böyük rol oynayan İraqdakı müqavimət hərəkatının mühüm tərkib hissəsidir.

 

6. Bu vəziyyətdə İraqda Həşdi Şabinin hər hansı formada zəifləməsi və ya məhv edilməsi müqavimət axınının kəsilməsinə səbəb olacaq və birbaşa İranın milli təhlükəsizliyinə və ərazi bütövlüyünə təsir edəcək. Səudiyyə Ərəbistanının Müqtəda əs-Sədrin rəhbərliyi altında həyata keçirmək istədiyi siyasətin məqsədi budur.

 

7. Bu xüsusda diqqət çəkən məqam budur ki, Müqtəda əs-Sədr İraq Baas ordusunun sağ qalanları və Səddam Hüseyn tərəfdarları ilə ittifaq yaradıb. Bu hərəkat 1359-cu ildə İrana hücum edən və bu diyarın ən yaxşı gənclərini öldürən qüvvədir.

 

8. Belə bir vəziyyətdə İraqda müqavimət hərəkatı və Həşdi-Şabi qüvvələrinin hər hansı bir zəifləməsi BƏƏS qüvvələrinin və Sədr hərəkatının güclənməsi deməkdir və bunun eyni nisbətdə İranın ərazi bütövlüyünü və milli təhlükəsizliyini zəiflədəcəyi açıqdır. 

 

9. Bu vəziyyət ölkənin siyasi və təhlükəsizlik qüvvələrinin nəyin bahasına olursa-olsun mümkün və zəruri vasitələrlə; İraqdakı müqavimət cəbhəsi qüvvələrini dəstəkləməsi və Səudiyyə Ərəbistanının İraqdakı əlaltılarına, xüsusən də Bəasçılara bu qüvvəni zəiflətməsinə imkan verməməsi zərurəti yaradır.

 

10. Unutmayaq ki, İranın bu mövzuda bir çox güc rıçaqları var ki, onlardan biri də İraq BƏƏS rejiminin İrana qarşı təcavüzünə görə “təzminat” tələbidir.

 

İran indiyədək müxtəlif səbəblərdən, o cümlədən mehriban qonşuluq prinsipləri və İraqdakı müttəfiqlərinin, o cümlədən şiə hərəkatı və müqavimət cəbhəsinin gücləndirilməsinə köməklik göstərdiyi üçün təzminat məsələsini irəli sürməsə də, bu hüquq hələ də öz qüvvəsindədir.

 

11. Bu açıq mesaj İraqda yerləşən, Səudiyyə-Amerika xəttinə meylli hökumətə göndərilməlidir ki, İranın İraqdakı müttəfiqlərinin və milli maraqlarının zəiflədilməsi bu məmləkətin özündə fitnə odunu yandırmaq deməkdir və fitnəçilər özləri də bu atəşdə yanacaqlar.

 

12. Bizim üçün İraq İranla eynidir. Bağdad Tehranla eynidir... Səudiyyə Ərəbistanı Müqtəda Sədr kimi piyadalardan və muzdlulardan istifadə edərək Bağdadı fəth etsə; sanki Tehranı nəzarətə götürmüş olacaq.

 

13. 8 illik təcavüz və müqəddəs müdafiədən sonra və şəhid komandirin xidmətləri sayəsində bu qədim diyarın təhlükəsizlik qalxanı o qədər genişlənib ki, müdafiə səddi Tehrandan Bağdada daşınıb... Bəs Sədrinin quldurlarına və muzdlularına niyə nə qədər icazə verilir? Bağdadın təhlükəsizliyini pozmağa nail olmaq üçünmü!?

 

14. Bağdadın Səudiyyə-Amerika agentləri tərəfindən süqutu halında anti-İran qüvvələri, o cümlədən Baas qüvvələri, İŞİD muzdluları, Cəbhət ən-Nusra və s. İranın qərb sərhədləri boyunca yerləşdiriləcək. Hal hazırda müqavimət cəbhəsi və İraqdakı Həşdi Şabi qüvvələrinin İranla ümumi sərhəddə yerləşməsinə və bu sektorun təhlükəsizliyini təmin etməsinə baxmayaraq bu təhlükə gözdən qaçırılmamalıdır.

 

15. Vətəndaş müharibəsi yaratmaq və nəticədə İraqın parçalanması və bu ölkəni Tehranın məhəlləsində terror hücrələrinin mərkəzinə çevirmək İran düşmənlərinin digər hədəflərindəndir”.

 

Bu yazıdan da göründüyü kimi, İran İraqı özünün bir parçası kimi təqdim etməkdən çəkinmir və bu ölkədəki Həşdi-Şabi hakimiyyətini əldən buraxmayacağını gizlətməyə belə lüzum görmür. Bu isə açıq-aşkar İraqın ilhaq olunmasının etirafıdır.

 

Ovqat.com

 

 





Ana səhifəyə qayıt        Baxış: 6 330          Tarix: 31-08-2022, 12:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma