Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan dünən İraqın ən radikal şiə din lideri kimi tanınan Müqtəda əs-Sədrlə telefonla danışıb.
Ovqat.com xəbər verir ki, Türkiyə prezidenti həmsöhbətini rəhbərlik etdiyi Sayrun Lil-İslah koalisiyasnın iki həftə öncə keçirilən parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Liderlər telefon söhbətində İraq türkmənlərinin problemlərini də müzakirə ediblər. Ərdoğan son seçkilərdə türkmənlərin seçki saxtakarlığı nəticəsində haqsızlığa uğradıqlarıyla bağlı gileylərini Müqtəda əs-Sədrə çatdırıb, problemin araşdırılması və həll edilməsi üçün Türkiyənin də əlindən gələn köməkliyi göstərəcəyini bildirib. Müqtəda əs-Sədr isə türkmənlər də daxil, bütün iraqlı sosial qrupların haqqını müdafiə edəcəyini vurğulayıb.
Qeyd edək ki, İraq türkmənləri, artıq iki həftədir, seçkilərin saxtalaşdırıldığı iddiasıyla siyasi aksiya keçirirlər. Onlar Kərkükdə Bağdad yolunun qarşısında toplanaraq şüarlar səsləndirir və bülletenlərin əllə sayılmasını tələb edirlər. İraqın hazırkı Baş naziri Heydər İbadi də bu məsələyə münasibət bildirərək, türkmənlərin tələbinin yerinə yetirilməsinin mümkünlüyünü dilə gətirib. Bunun üçün isə İraq MSK qərar verməlidir, amma sözügedən qurum, hələ ki, susur.
Əslində Rəcəb Tayib Ərdoğanla Müqtəda əs-Sədr arasında dünən baş tutan telefon söhbətinin başqa daha mühüm səbəbi də var. Bilindiyi kimi, İraqın işğalından sonra cəsarətli addımlarıyla ön plana çıxmağı bacaran Müqtəda əs-Sədr həm ABŞ, həm də İrana qarşı mövqeyilə seçilir. Məhz bu səbəbdən də onun rəhbərlik etdiyi koalisiyanın hakimiyyəti dövründə Türkiyə-İraq münasibətlərinin xeyli yaxınlaşacağı güman olunur. Nədən ki, İraqda böyük təsir dairəsinə malik olan hər iki dövlətdən uzaq dayanan əs-Sədr bu boşluğu digər regional güclərin hesabına doldurmalı və yeni müttəfiqlər, hamilər axtarmalıdır. Bu baxımından regionda müstəqil və özünəməxsus siyasi xətt tutmağa çalışan R.T.Ərdoğan əs-Sədr üçün vazkeçilməz tərəfdaşa çevrilə bilər.
Bununla belə, əs-Sədrin İraqı indiyə qədərki siyasi cizgisindən fərqli istiqamətə yönləndirməsi qarşısında da olduqca çətin, hətta aşılmaz problemlər dayanır. Həmin problemlərdən ən başlıcası isə Müqtəda əs-Sədrin xeyir-duası ilə qurulacağı gözlənilən hökumətin uzunömürlü olmayacağı ehtimalıdır.
İrəli sürdüyümüz ehtimalı şərtləndirən amillərə, gəlin, daha geniş perspektivdən nəzər salaq.
Bilindiyi kimi, mayın 12-də keçirilən parlament seçkilərində Müqtəda əs-Sədrin rəhbərlik etdiyi “Sayrun Lil-İslah” (İslahata yürüş) ittifaqı seçki qutularından birinci olaraq çıxdı. İttifaqda ölkənin ən radikal şiə partiyası “İstiqamə” ilə yanaşı İraq Kommunist Partiyası yer alır. “Sayrun Lil-İslah”ın bir-birinə zidd iki siyasi görüşü özündə birləşdirməsi bu ittifaqın uzun müddət davam edəcəyini şübhə altına salır. Parlamentə düşmək üçün İraq kommunistləri bu gün əs-Sədrin himayədarlığını qəbul etsələr də, sabah ortaya çıxacağı gözlənilən görüş müxtəlifliklərinin koalisiya üzvlərinin yolllarını ayıracağı istisna edilməməlidir.
Məsələ təkcə bununla da bitmir. Müqtəda əs-Sədrin ətrafında birləşən “Sayrun lil-İslah” seçki yarışını birinciliklə başa vursa da, təkbaşına hökumət quracaq qədər mandat qazanmayıb. Belə ki, İraq parlamenti 329 millət vəkilindən ibarətdir. İraq MSK-nın məlumatına görə isə, o, cəmi 54 deputat çıxara bilib. Hökumət qurmaq naminə parlamentdən yetərli səs almaq üçün onun daha 111 deputatın razılığını almağa ehtiyacı var. Bu isə ən yaxşı halda 3 parlament partiyası ilə ittifaqa getmək deməkdir. Nəzərə alsaq ki 4 partiyalı koalisiyada ortaq məxrəcə gəlmək asan olmayacaq, deməli, Müqtəda əs-Sədr ciddi güzəştlərə getmək məcburiyyətindədir.
Parlamentdə təmsilçilik hüququ qazanan digər partiyaların xarakterinə nəzər salanda isə ortaq məxrəc dairəsinin xeyli dar olduğu ortaya çıxır. Belə ki, parlament seçkilərinin ikincisi Fəth İttifaqı 47 səs toplayıb və bu qrup İrana bağlı Həşdi-Şabi birliklərinin siyasi qanadıdır. İraqın İŞİD-dən azad edilməsində müstəsna xidmətlər göstərən Həşdi-Şabi bütün öncəki hakimiyyətlərdən ciddi imtiyazlar tələb edir, bir çox islahatların həyata keçirilməsini əngəlləyirdi. Arxasında İranın olduğunu nəzərə alsaq, Fəth İttifaqının Müqtəda əs-Sədrə də böyük problemlər yaradacağı ortadadır.
İran isə əs-Sədrin rəhbərlik etdiyi koalisiyaya birmənalı şəkildə qarşı çıxır. Hələ fevral ayında İran Dini Lideri Ayətullah Əli Xameneyinin baş müşaviri Əli Əkbər Vilayəti verdiyi bəyanatda Sədrin ittifaqını nəzərdə tutaraq, "Liberallarla kommunistlərin İraqı idarə etməsinə icazə verməyəcəyik" demişdi. Bu qəti mövqe əs-Sədrin qarşısında ən böyük maneə kimi dayanacaq.
Sözsüz ki, İraq Kommunist Partiyası ilə ittifaq qurması əs-Sədrin İranın gözündən düşməsinin yeganə səbəbi də deyil. Fikrimizcə, bu məsələdə ən ciddi problem İraqın 44 yaşlı gənc liderinin siyasi düşüncə olaraq ərəb millətçiliyinə meyli və seçkidən əvvəl Səudiyyə Ərəbistanına gedib vəliəhd Məhəmməd bin Salmandan xeyir-dua almasıdır. Yaxın Şərqdə özünün ən böyük düşməni saydığı Səudiyyə sarayından alınan bu xeyir-dua İranın həqiqətən də əs-Sədrə laqeyd qalmayacağını təsdiqləyir.
Di gəl ki, Müqtəda əs-Sədrin quracağı koalisiyada “Fəth”-i kənarda qoymaq imkanları yoxdur. Əks halda, həm koalisiya ortaqlarını daha da artırmalı, həm də İranı daha çox qıcıqlandırmalı olacaq. Ən əsası isə, “Fəth”-in təmsil etdiyi Həşdi-Şabi İraqın ən təsirli hərbi qüvvəsidir. Məlumatlara görə, İraq ordusundan belə güclü olan Həşdi-Şabinin 300 min döyüşçüsü var və onlar istənilən an siyasi hakimiyyət uğrunda döyüşməyə hazırdırlar.
“Fəth”-in İrandan başqa, yerli dəstəkçiləri də var və bu da Müqtəda əs-Sədri xeyli narahat edir. Yerli dəstəkçilər arasında ən çox önə çıxan isə İraq şiələrinin böyük dini lideri Sistanidir. İraqın İŞİD-dən xilas olunmasında mühüm rol oynayan Sistani ilə əs-Sədr arasında əzəli rəqabət var və Müqtəda əs-Sədr indiki zamanda bu böyük din adamıyla aralarındakı qaysağı qaşımaqda maraqlı deyil. “Siyasi dəcəllik” əs-Sədrin dini avtoritetini yerlə yeksan edər.
Yalnız “Fəth” ilə ərsəyə gətiriləcək koalisiya da hökumət qurmaq üçün yetərli olmadığından Müqtəda əs-Sədrin arayacağı 3-cü müttəfiq sabiq Baş nazir Heydər əl-İbadinin rəhbərlik etdiyi Zəfər İttifaqıdır. Seçkilərdə 42 mandat alan Heydər əl-İbadi öz hakimiyyəti dövründə İran-ABŞ arasında var-gəl etməsiylə yadda qalıb. Onun yenə də bu balanslaşdırıcı siyasətdən istifadə edərək Müqtəda əs-Sədr koalisiyasında yer tutacağı güman olunur.
Yeni hökumət koalisiyasının 4-cü ortağının və ya ortaqlarının kim olacağı isə bilinmir.
Müqtəda əs-Sədr hökumətinin daha başqa problemi də var. Parlament seçkilərində özünün hakimiyyət hərisi olmadığını göstərmək üçün “Sayrun lil-İslah” lideri Müqtəda əs-Sədr namizədliyini verməmişdi. Dolayısıyla o, parlamentə də düşmədi. İraq seçki ənənələrinə görə, Baş nazir də ola bilməyəcək. Görünən budur ki, Müqtəda əs-Sədr bu seçkidən sonra əzəli rəqibi ayətullah Seyid Əli Hüseyn Sistani kimi dini lider vəzifəsini icra edərək, İraqa kənardan nəzarət etmək missiyasına üstünlük verəcək. Fəqət Sistanidən fərqli olaraq, Müqtəda əs-Sədrin dini alim statusu da yoxdur və böyük ehtimalla, bundan sonra da olmayacaq.
Bütün bu amillər ABŞ-ın İraqı işğal etdikdən sonra parlamağa başlayan və uzunmüddətli mübarizə nəticəsində, nəhayət, hakimiyyət astanasının son pilləsinə qədər yüksələn Müqtəda əs-Sədrin uğurlarının nisbi olacağını təsdiqləyir. Bəlkə də o, əcdadları əs-Sədr ailəsinin nəsillər boyu qazandığı nüfuzu “öz bacarıqsızlığı” ilə xərcləmək üçün planlı şəkildə indiki mövqeyə gətirilib. Bu ehtimalın nə dərəcədə doğru və ya yalan olduğunu növbəti İraq hakimiyyətinin fəaliyyəti müəyyənləşdirəcək.
Hələlik isə oxucularımıza tam 3 il əvvəl Müqtəda əs-Sədrlə bağlı qələmə aldığımız siyasi portret yazısını təqdim edirik:
Heydər Oğuz
Ovqat.com
Paylaş: