
Rusiya müxalifətinin liderlərindən Mixail Xodorkovski Rusiya Maliyyə Nazirliyinə aid maraqlı bir sənəd paylaşıb.
Ovqat.com-un məlumatına görə, sənəddə Ukraynada həlak olan rus əsgərlərinin sayı göstərilir və Rusiya hökumətindən həlak olan əsgərlərin ailələrinə kompensasiya ayrılması xahiş olunur.
Sənəddə 25.08.2022-ci il tarixinə qədər döyüşlərdə 48 759 əsgərinin öldürüldüyü vurğulanır. Bildirilir ki, Rusiya Federasiyası ölən əsgərlər üçün 361 milyard rubl kompensasiya ayırıb və Maliyyə Nazirliyi daha bir trilyon rubl tələb edir.
“Rusiya Maliyyə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyinin 25 avqust 2022-ci il tarixli 172/7/3894 nömrəli xüsusi hərbi əməliyyat zamanı həlak olmuş hərbçilərin ailələrinə kompensasiyaların ödənilməsi üçün maddi dəstək verilməsinə dair məktubu qəbul edib və baxıb. 2022-ci ildə Ukraynada hərbi əməliyyat və 2023-cü il üçün müvafiq federal büdcə xərclərini planlaşdırır. Müdafiə Nazirliyinin məlumatına görə, 24 avqust 2022-ci il tarixinə qədər Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı Rusiya Federasiyası Silahlı Qüvvələrinin 48 759 hərbçisi həlak olub.
Rusiya Federasiyası Hökumətinin 29 iyul 1998-ci il tarixli 855 nömrəli Fərmanına uyğun olaraq, Rusiya Federasiyası Müdafiə Nazirinin 6 may 20212-ci il tarixli 1100 nömrəli və 24 dekabr 2015-ci il tarixli 833 nömrəli əmrləri ilə hər qurban ailəsinə birdəfəlik 7,4 milyon rubl məbləğində müavinət ödənilir. Beləliklə, göstərilən tarixə qədər 361,9 milyard rubl ödənilib və ya yaxın gələcəkdə ödənilməlidir. Bu da 2022-ci ilin federal büdcədə müvafiq tədbirlər üçün ayrılmış vəsaitin 98% -ni təşkil edir.
Ukraynada xüsusi hərbi əməliyyatın başa çatdırılmasının konkret vaxtı müəyyən olunmadığı görə Müdafiə Nazirliyi ölən hərbçilərin ailələrinə birdəfəlik müavinətlərin verilməsi üçün ayrılan vəsaitin müvafiq qaydalara uyğun təmin edilməsi məntiqindən hərəkətlə, sözügedən məbləğin 2022-ci ilin sonuna qədər, həmçinin 2023-cü il üçün nəzərdə tutulmasını xahiş edir.
Əlavə zəruri ayırmaları hesablamaq üçün cari ilin sonunadək xüsusi hərbi əməliyyatın başlandığı andan bu günə qədər bir ay ərzində ölənlərin orta sayının 8132 nəfər götürülməsi təklif edilir. Beləliklə, bu ilin sonuna qədər 271,5 milyard rubl, 2023-cü il üçün isə 724,1 milyard rubl məbləğində əlavə maliyyə ayrılması tələb olunur”.
Qeyd edək ki, gələn ilin sonuna qədər əlavə 1 trilyon rubl məbləğində vəsaitin ayrılmasının təklif olunması Rusiya Müdafiə Nazirliyinin Ukrayna müharibəsində daha 135 min əsgər itirəcəyini proqnozlaşdırdığından xəbər verir. Çünki Rusiya Federasiyasının qanunvericiliyinə əsasən, övladını itirmiş hər ailə üçün 7,4 milyon rubl məbləğində kompensasiya verilirsə, 1 trilyon rubl 135 min ailəyə ödəniləcək məbləğə bərabərdir.
Ukrayna Silahlı Qüvvələrinin 9 sentyabr 2022-ci il tarixli hesabatına görə, müharibə başlayandan bəri döyüşlərdə 51 min 900 rus əsgəri öldürülüb. Mixail Xodorovskinin dünən paylaşdığı məlum sənəd də bu faktı təsdiqləyir.
Paylaş: