Xəbər lenti


Səudiyyə-ABŞ əlaqələri gün keçdikcə daha da gərginləşir. Səudiyyənin OPEC+ çərçivəsində neft hasilatını azaltmaq qərarından sonra Ər-Riyad və Vaşinqton arasında sular durulmur. Son olaraq Səudiyyə tərəfi “Səhradakı Davos” kimi adlanan nəhəng iqtisadi forumuna ABŞ rəsmilərini dəvət etmiyib. Qərb mətbuatı da Baydenin ABŞ biznesmenlərinə Səudiyyəyə investisiya qoyulmaması barədə çağırış edəcəyini iddiasını irəli sürür. 


Demokrat Partiyasının konqresmenləri isə Baydendən Səudiyyə qarşı daha konkret addımlar tələb edir. Təkliflər arasında Səudiyyədə yerləşdirilmiş amerikan hava sistemlərinin Ukraynaya göndərilməsi, son silah satışı paketlərinin ləğvi, Pentaqonla Səudiyyə ordusunun birgə layihələrinin təxirə salınması kimi məsələlər var. Amma təkliflərin hər birinin əks təsirləri də nəzərə alınmalıdır. Məsələn, Səudiyyənin havadan müdafiə sistemlərinin zəiflədilməsi neft yataqlarını Yəməndəki Husilərin raket hücumlarına daha açıq hala gətirəcək. Husilərin 2019-cu ildəki kimi yataqlarına böyük hücumlar etməsi neftin hasilatını kəskin azaldacaq, bu da öz növbəsində neftin bazar qiymətini kəskin artıracaq. Və ya amerikan silah sənayesinin ən böyük müştərisi olan Səudiyyənin silah sifarişlərinin ləğv edilməsi ABŞ-da bu sahədə çalışan minlərlə insanın işini itirməsinə gətirib çıxara bilər. Ona görə də Demokratların Səudiyyə ilə oynamaq istədiyi oyun göründüyündən daha mürəkkəbdir.


Ümumiyyətlə, yaxın tarixdə Səudiyyə Krallığı qlobal sistemdə dəyişiklik yaradan proseslərin mərkəzində olur. 1990-cı ildə Küveyti işğal edən İraq lideri Səddam Hüseyn gözünü Səudiyyəyə dikmişdi. Səddam təhdidinə qarşı amerikanları köməyə çağıran Səud monarxiyası ABŞ ordusunun İraqa qarşı uğurlu əks-hücumundan sonra taxtını qoruya bilmişdi. Birinci Körfəz müharibəsi kimi adlandırılan bu hadisələr Sovet İttifaqının çöküşündən sonra ABŞ hegemoniyasındakı təkqütblü sisteminin başladığının hərbi elanı olmuşdu. Bundan sonra, Səudiyyə də tam olaraq ABŞ-ın “qanadlarına” sığınmış, ikili arasında asimmetrik əlaqələr formalaşmışdı. Bu günlərdə Səudiyyənin bu asimmetrik əlaqələri pozaraq ABŞ-a qarşı daha cürətkar davranması qlobal sistemdə baş verən dəyişikliklərdən xəbər verir. 


Görünən odur ki, amerikanların bir gözünün Uzaq Şərqdə Çinlə mübarizədə olduğunu anlayan digər regionlardakı ABŞ-ın ənənəvi müttəfiqləri, əvvəlki kimi iki gözlərini də okeanın o tayına dikmək yerinə, alternativ yanaşmaları nəzərdən keçirirlər. 


Şərqə Baxış Analitik Mərkəz




Ana səhifəyə qayıt        Baxış: 7 176          Tarix: 19-10-2022, 09:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma