Xəbər lenti



«Əfsuslar olsun ki, uzun illərdir Azərbaycanda bizim dövlət müstəqilliyimizi həzm edə bilməyən, onu qəbullanmayan İranı araşdıran,tədqiq edən güclü araşdırma mərkəzləri qurmamışıq. Halbuki, biz bunu illər öncə reallaşdırmalı idik. Eyni sözləri Ermənistan barədə də deyə bilərəm».


Ovqat.com-a bu barədə açıqlama verən Sülh Araşdırmaları İnstitutunun rəhbəri, politoloq Kamal Əliyevin fikrincə, ölkədə fars dilini bilən şəxsləri biraraya toplayıb onların biliyindən,analitik qabiliyyətindən istifadə edərək İran haqqında beyin mərkəzləri yaratmalı idik; «Yoxsa ki, bu iş «turanşik»lərlə, qaraqışqırıqçı, hay-küyçü şəxslərlə olmaz. Yəni, mütəxəsislər İranın siyasətini, sosiologiyasını, kültürünü, tarixini öyrənməklə bu istiqamətdə daha çevik və ugurlu nəticələr əldə etmək mümkündür. Məncə,bu itiqamətdə tələsməliyik. Onillərdir azərbaycanlı məmurlar xalqın varidatını çapıb talayırlar. Lazımdırsa, onların vəsaitlərini müsadirə edərək İran və Ermənistanla baglı araşdırma mərkəzlərini yaradıb maliyyələşdirmək olar», - Kamal Əliyev bu qənaətdədir.


Onun fikirincə, media sahəsində də xeyli problemlərimiz var. Həmsöhbətimiz vurguladı ki,İranda Azərbaycan dilində fəaliyyət göstərən "Səhər"kanalı ölkəmizə qarşı media siyasəti həyata keçirir, ancaq biz buna adekvat, təsirli cavab verə bilmirik: "Təklif edirəm ki,ABŞ-da fəaliyyət göstərən Günaz TV-nin fars və türk dillərində fəaliyyətini təmin etmək üçün İranla sərhəd bölgələrində bürolar yaratmalıyıq. Naxçıvanda, Astarada, Beyləqanda televiziya və radio kanallarının türk və fars dillərində fəaliyyət göstərən bürolarını yaradıb İranın anti-Azərbaycan siyasətinə cavab verə bilərik. Əslində, bu dediklərim çoxdan həyata keçirilməli idi. Yenə də müəyyən işlər görmək olar. Bu dediklərim təkcə İrana yox,Ermənistana da aiddir", - deyə Kamal Əliyev bildirib.


Həmsöhbətimiz onu da vurgulayıb ki, biz indi Azərbaycanın bötövləşməsi, İranın parçalanması kimi mövzuları qabartmaqdansa, daha çox molla rejiminin insan hüquqlarını pozdugunu, etnik azlıqlara qarşı diskriminasiya siyasətini yeritdiyini bəyan etməliyik:"Bilirsiniz, İran kifayət qədər mürəkkəb ölkədir və bu ölkənin teokratik rejimini o qədər də ağılsız hesab etməməliyik. Düşünürəm ki, biz Azərbaycanın bütövlüyündən danışmaq əvəzinə, yaxşı olardı ki, İranda dini terrorizmin hökm sürməsindən bəhs edək, bu ölkədəki etnosların milli və mədəni hüquqlarının pozulması mövzusuna fokuslanaq. Ona görə ki, Bütöv Azərbaycan kimi mövzuların qabardılması üçün hələ kifayət qədər əsaslar formalaşmayıb. İkincisi, biz İrandakı 30 milyonluq soydaşlarımıza xitab edərkən, elə etməliyik ki, bu, rejimin əlinə separatçılıq bəhanəsini verməsin. Çünki belə oldugu təqdirdə,rejim farslara təlqin edəcək ki, görürsünüz,digər xalqlar separatçılıq edir və bu,sizin də xeyrinizə deyil .Bu baxımdan, zamanı düzgün qiymətləndirməli və indi daha çox soydaşlarımızın mədəni hüquqlarının bərpa edilməsi istiqamətində çaba göstərməliyik. Deməyim budur ki, əgər milyonlarla azərbaycanlı İranda milli və mədəni hüquqlarına qovuşarsa, növbəti mərhələdə müstəqilliyin əldə edilməsi prosesi daha da sürətlənər. Mən hələ bu məsələdə qlobal güclərin geopolitik maraqlaqlarını, strategiyasını demirəm"-deyə Kamal Əliyev fikirlərini tamamladı.

Namiq Əsədullayev




Ana səhifəyə qayıt        Baxış: 5 829          Tarix: 24-10-2022, 10:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma