Prezident İlham Əliyevin dünən imzaladığı Fərmanla Naxçıvan MR DTX-nın rəisi və müavinin adlarının bir sıra qanunvericilik aktlarından çıxarılması «Qara Pişiy»in 2 il əvvəl pıçıldadığı bəzi məlumatlara aydınlıq gətirir.
Xatırlayırsınızsa, hardasa 1 il əvvəl «Qara pişik» Naxçıvandan xəbər gətirmişdi ki, bəs 44 günlük savaş bitəndən bir neçə ay sonra Muxtar Respublikanın DİN-də bəzi mühüm dəyişikliklər baş verib. Əvvəla, müəyyən səbəblərdən «xan» həzrətlərinin gözündən düşən sabiq nazir Fazil Ələkbərov işdən uzaqlaşdırılıb, ardınca da MR DİN-də bir sıra mühüm şöbələr ləğv edilib. Həmin şöbələrdən bəziləri:
Narkotiklərlə mübarizə şöbəsi,
İnsan alveri ilə mübarizə İdarəsi,
Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi,
Maddi texniki təminat şöbəsi,
Daxili təhlükəsizlik şöbəsi,
Daxili təhqiqatlar şöbəsi,
Təhqiqat şöbəsi,
Xüsusi təyinatlı əməliyyat taboru və s.
Bu məlumatda diqqət çəkən əsas məqam ondan ibarət idi ki, yuxarıda adı çəkilən şöbə və idarələrin olmaması Naxçıvan MR DİN-ni nazirlikdən çıxarıb adi polis idarəsinə, ən yaxşı halda isə Baş Polis idarəsinə çevirirdi. Biz də bu məlumata istinad edərək, yaxın zamanlarda Naxçıvan MR DİN-in ümumiyyətlə ləğv olunacağını düşünmüşdük. İndiyədək bu ehtimalımız özünü doğrultmasa da, hər halda həmin gümanımızı dəstəkləyən bəzi əlamətlər də yox deyildi.
Məsələn, Naxçıvan MR sabiq daxili işlər naziri Fazil Ələkbərov gedər-gəlməz məzuniyyətinə göndərilsə də onun yerinə təyinat xeyli gecikmişdi. Yeni nazir xələfinin məcburi «məzuniyyətindən» hardasa 1.5 il sonra öz vəzifəsinə təyin olunmuşdu. Bununla belə, bu təyinatdan sonra Prezident İlham Əliyevin generallıq rütbəsinə yüksəltdiyi şəxslər arasında yeni nazir Rəşad İsmayılovun adına rast gəlmək mümkün deyildi. O, hələ də polis polkovniki rütbəsindən uzağa gedə bilməyib. Halbuki, Rəşad İsmayılovun müavini, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri Səlim Niftalıyev general-mayor rütbəsi daşıyır. Belə çıxır ki, general-mayor Səlim Niftalıyev tabe olduğu polkovnik Rəşad İsmayılovla hər qarşılaşdıqlarında fərağat durub ona əsgər salamı verməlidir. Doğrusu, bu anormal durum Rəşad İsmayılovdan çox Səlim Niftalıyevin paqonuna yaraşmır. Şəxsən mənim fikrimcə, çox general Səlim Niftalıyevin yerində olmaq istəməz.
Təbii ki, Prezident də bunun fərqindədir, amma yenə Rəşad İsmayılova generallıq rütbəsi verib, həm onu, həm də Səlim Niftalıyevi bu xəcalətli durumdan xilas etmək istəmir. Belə anlaşılır ki, Ali Baş Komandan, general mayor Səlim Niftalıyevi polkovnik Rəşad İsmayılovun müavini statusunda görmək istəmir. Əslində formal olaraq Səlim Niftalıyev Rəşad İsmayılovun müavini də deyil. Azərbaycan Prezidenti İlham Əliyevin 7 noyabr 2017-ci il tarixli Sərəncamı ilə Səlim Cəfər oğlu Niftaliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri təyin edilmişdi. Məntiqlə, Səlim Niftalıyevin vəzifəsi Rəşad İsmayılovun qondarma nazirliyindən daha yüksəkdir. Amma Naxçıvanın öz qaydaları var və bu diyarda «xan» qərarı Prezident Sərəncamından daha yüksək olduğundan Səlim Niftalıyev Rəşad İsmayılovun müavini sayılır.
Görünür, Muxtar Respublika reallığından doğan bu anormal vəziyyət Naxçıvan MR Daxili İşlər naziri Rəşad İsmayılovun da «xətrinə dəydiyindən» indiki vəzifəsinə təyinat aldıqdan sonra «kiçik torpağın» «54 ballıq» polis kursantlarının məzuniyyət iclasında çıxış edərkən, Heydər Əliyevin və Vasif Talıbovun yüksək siyasi təcrübələrindən danışmış, Prezident İlham Əliyevin xidmətlərini isə unutmuş və çıxışın heç bir yerində onun adını çəkməmişdi. Sanki bununla da öz aləmində Ali Baş Komandanından «qisas» almışdı.
Sözsüz ki, Rəşad İsmayılovu «qisas» riskinə gedəcək qədər narahatlığı səbəbsiz ola bilməz. Yəqin ki, o da artıq adının nazir, özünün isə polis rəisi olduğunun fərqindədir və istər-istəməz buna qeyri-iradi reaksiyalar verir.
Bütün bunları bir araya topladıqdan sonra ortaya bu qənaət çıxır: Naxçıvan MR DİN-də struktur islahatları Naxçıvan MR DTX-dan qabaq başlayıb, amma bu faktiki durum qanuni çərçivəyə salınmayıb. Deməli, yaxın günlərdə biz Rəşad müəllimin öz müavini qarşısında acizlik sindromuna yaxalanması hallarından xilas olacağını da görəcəyik. Böyük ehtimalla o, bundan sonra rəsmən də Naxçıvan Baş Polis İdarəsinin rəisi vəzifəsini icra edəcək. Təbii ki, əgər Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazov ona bu vəzifəni layiq görsə. Amma Vilayət Eyvazovun Ali Baş Komandandan «qisas almaq» eşqinə düşən bir polkovniki bu məsul vəzifəyə təyin edəcəyi də inandırıcı görünmür.
Adamın lap dəsmal götürüb Rəşad İsmayılovun halına ağlamağı gəlir. Ara yerdə o boyda «nazir»in kirvəsi «Gestapo» Cəlilə bağladığı ümidlər çilik-çilik oldu.
Paylaş: