Xəbər lenti


 

Dünən Naxçıvan Muxtar Respublikasının bütün məktəb direktorlarına təlimat verilib ki, təcili boş okladlara işçi götürülsün.

 

Ovqat.com-un əldə etdiyi məlumata görə, Naxçıvanda aparılan yoxlamalar təhsil sisteminə gəlib çatmamış Muxtar Respublika rəhbərliyinin bu addımı atması təhsil sistemində indiyədək həyata keçirilən “ölü canlar” siyasətini paytaxtdan gələn müfəttişlərdən gizlətmək məqsədi daşıyır.

 

Digər maraqlı məlumat Naxçıvanın Maliyyə Nazirliyindən gəlib. Mənbəmiz bildirir ki, “Rafael Əliyevin yarıtmaz fəaliyyətindən” can qurtarmaq ucun 2023-cü il 1 yanvar tarixindən Naxçıvan MR Maliyyə Nazirliyində Azərbaycan Respublikası Maliyyə orqanlarında istifadə edilən "SAP" proqramına keçiləcək. Bu isə o deməkdir ki, Naxçıvanda xərclənən hər qəpiyin hara getdiyi Bakı şəhərindən aydın şəkildə görünəcək. 

 

“Artıq bu istiqamətdə hazırlıq işləri start götürdü”, - deyən həmsöhbətimiz Naxçıvan MR Maliyyə naziri Rafael Əliyevin vəziyyətinin xeyli mürəkkəb olduğunu bildirir. Onun sözlərinə inansaq, Vasif “xan”ın və onun oğlu Seymurun oduna yanan binəva Rafael müəllim hər gün Bakıdan gələn müstəntiqlər tərəfindən dindirilir. Dindirilmə zamanı onun ürəyi şuluq etməsin, deyə MR Maliyyə Nazirliyinin binası qarşısında təcili yardım maşını gözləyir. 

 

“Yoxlamaların nəticəsindən asılı olmayaraq, Rafael Əliyevin kitabı bağlanıb. Onun bu yoxlamalardan “salamat” çıxması üçün maliyyə yeyintilərinin əsl səbəbkarları barədə istintaqa müfəssəl məlumat verməlidir. Rafael Əliyevdə o ürək nə gəzir? Görünür, tez-tez ürəktutmasına yaxalanması da keçirdiyi tərəddüdlə bağlıdır. Adam necə desin ki, mən Seymur Talıbovun göstərişi ilə bu qanun pozuntularına yol vermişəm? Yoxlamalardan sonra “müəllim”in (Seymur Talıbovun ləqəbi) üzünə necə baxa bilər? Üstəlik, kimlərinsə cinayətkar əmrlərini yerinə yetirməsi onu məsuliyyətdən xilas etmir. Ona görə də qorxusundan danışa bilmir, dərdini ürəyinə salır, halı pisləşir”, - deyən mənbəmiz Naxçıvan kulislərində artıq Rafael Əliyevin xələfinin kim olacağının müzakirəsinin getdiyini bildirib. Mənbəmizin fikrincə, yeni nazir Bakıdan təyin olunacaq.

 

Mənbəmiz SAP proqramının əslində 15 ildir Naxçıvanda tətbiq olunmasının planlaşdırıldığını, lakin “xan” həzrətlərinin müxtəlif bəhanələrlə bundan yayındığını, “rəsmən Bakının tələblərini qulaq ardına vurduğunu” da bildirdi. O qeyd etdi ki, paytaxtdan Naxçıvana ayrılan vəsaitlər əsasən kənd təsərrüfatı sahəsində ciddi yeyintilərə məruz qalıb: “İndiyədək kənd təsərrüfatına ayrılan subsidiyalardan Naxçıvandakı heç bir fermerə 5 qəpik pul çatmayıb. Ayrılan vəsaitin hamısı MR Maliyyə Nazirliyində yeyilib”.

 




Ana səhifəyə qayıt        Baxış: 8 118          Tarix: 6-11-2022, 07:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma