Xəbər lenti


Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda baş verən qanunsuzluqlar, zabitlərin qarşılaşdıqları haqsızlıqlarla bağlı redaksiyamıza göndərilən şikayət məktublarının ardı-arası kəsilmir. 

 

Ordu mənsublarına edilmiş bu zülmü ölkəmizin müdafiə gücünü zəiflətməyə yönəlmiş təxribat hesab etiyimizdən Ovqat.com olaraq aldığımız məktubları dövlət sirrini pozmamaq şərtilə dərc etməyi qərara aldıq. 

 

Məktub müəlliflərinin təhlükəsizliyini nəzərə alıb onların ad və soyadlarını açıqlamamağa üstünlük veririk. Etibar etdiyimiz sövlət qurumları onların adlarını öyrənmək istəsələr, biz mənbələrimizi yalnız bu qurumlara açıqlaya bilərik. 

 

Ehtiyatda olan kəşfiyyatçı zabitin məktubu

 

Mən ehtiyatda olan zabit kimi “Hərbi xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddənin "j" bəndinə əsasən 2021-ci ildə öz arzumla ehtiyata buraxılmışam.

 

Qeyd etmək istəyirəm ki, mən N saylı hərbi komandirinin müavini vəzifəsində xidmət etdiyimə görə Azərbaycan Respublikası “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” 29 iyun 2004-cü il tarixli  711-IIQ №-li Qanununa və müvafiq normativ hüquqi aktlara əsasən kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçusu statusuna malik olmuşam.

 

Həmin Qanunun 16.2-ci və 20.7-ci maddələrinin tələblərinə əsasən kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularına müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir.

 

Mən hərbi xidmətdə olarkən 2021-ci ildə bir dəfə: 15 mart 2021-ci ildən 22.03.2021-ci il tarixədək 205 nömrəli hərbi hospitalda ambulator müalicədə olmuşam (qeyd etdiyim faktı təsdiq edən 205 nömrəli hərbi hospitalın 2234 nömrəli 18 oktyabr 2021-ci il tarixli arayışı Əlahiddə Ümumqoşun Ordu komandanlığına gördərmişəm), lakin buna baxmayaraq mənə (xidmət etdiyim dövrdə, ehtiyata buraxılarkən və bu günədək) yuxarıda qeyd etdiyim müavinət ödənilməyib.

 

Mən ehtiyata buraxıldıqdan sonra bununla bağlı Əlahiddə Ümumqoşun Ordu Komandanlığına müraciət etmişəm, lakin bu günədək mənim qanunla nəzərdə tutulmuş hüququm təmin edilməyib. 

 

Belə ki, Əlahihiddə Ümumqoşuna Ordunun Maliyyə-Plan şöbəsinin rəisi İsmayıl İsmayılov “raportla hərbi hissə komandirinə müraciət etmədiyiniz üçün adınız əmrə düşməyib, bu səbəbdən də müalicə pulunun ödənilməsi qanunauyğun deyil” məzmunlu 03 fevral 2022-ci il tarixli 470 nömrəli cavab məktubu ilə mənim qanuni tələbimi təmin etməkdən və mənə qanuni əsaslarla nəzərdə tutulmuş müavinətin ödənilməsindən imtina edib.

 

Məlumat üçün bildirirəm ki, mənimlə eyni hərbi hissədə kəşfiyyat bölmə rəisi vəzifəsində xidmət etdiyi üçün mənimlə eyni, yəni “kəşfiyyat fəaliyyəti subyekti” statusuna malik olan ehtiyatda olan polkovnik-leytenant Ömərov Səbuhi Babaxan oğlu Əlahiddə Ümumqoşun Ordu Komandanlığına 2022-ci ildə müraciət etmiş, 2022-ci ilin may ayında 2021-ci ildə 205 nömrəli hərbi hospitalda ambulator müalicədə olduğuna görə qanunla nəzərdə tutulmuş müavinət ona tam şəkildə ödənilmişdir. Səbəb də odur ki, mən Respublika hərbi prokurorluğuna bu barədə yazılı şikayət etmişəm və onlar məni “qara siyahı”ya salıblar. 

 

Ömərov Səbuhi Babaxan oğlu mənim  yanımda olarkən ordu qərargahında xidmət  edən general Rəhim Cəfərov ona zəng etdi ki, sən də şikayət etmisən? O da “hələ ki etməmişəm” cavabını verdi. Rəhim Cəfərov Ömərov Səbuhiyə dedi ki, sən şikayət edənlərə qoşulma, mən Ordu komandanından xahiş edəcəm sənin haqqını ödəsin. Ömərov Səbuhi şikayətçi olmadığı üçün onu qiymətləndirib, haqqı olan müalicə və müayinə pulunu verdilər. Mən isə bu barədə bir çox qrumlara müraciət etməyimə baxmayaraq hələ də müraciətimə baxılmayıb.

 

Əlahiddə Ümumqoşun Ordu Komandanlığının qeyd etdiyim ayrı-seçkiliklə müraciətlərə yanaşması ilə mənim Dövlətimizin Əsas Qanunu olan Konstitusiyanın 25-ci maddəsində təsbit edilmiş “bərabrəlik hüququ”mu kobud şəkildə pozmuşdur! 

 

Bundan əlavə, Əlahiddə Ümumqoşun Ordu Komandanlığı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsində nəzərdə tutulan “hamı qanun və inzibati orqan qarşısında bərabərdir”, 12.2-ci maddəsində təsbit edilmiş “inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır”, 15.2-ci maddəsində göstərilmiş “qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz” və 22.1-ci maddəsində qeyd edilmiş “inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar” tələblərini kobud şəkildə pozmuşdur. 

 

Yuxarıda göstərilənləri nəzərə alaraq, qanunvericiliyin tələblərinə əsasən müalicə olunmağımla əlaqədar nəzərdə tutulmuş müavinətin mənə ödənilməsi barədə yenidən araşdırmanın başladılması üçün lazımi tədbirlərin görülməsinə göstəriş verməyinizi Sizdən xahiş edirəm”.




Ana səhifəyə qayıt        Baxış: 6 991          Tarix: 10-12-2022, 19:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma