Xəbər lenti

  ________________

“Ölkəmizin azadlığı, müstəqilliyi uğrunda  mübarizə aparan vətənpərvər qüvvələrimiz dar ağacına çəkilərlərsə, xalqımız qarın toxluğunu bayram edə bilərmi? Axı, milli qeyrəti olan hansı azərbaycanlı Vətənimizin inkişafını və çiçəklənməsini istəməz”.

 _________________

 

 

Hörmətli Saleh müəllim!

Yazdığım açıq məktuba əsəbi və emosional şəkildə cavab vermənizə baxmayaraq, bəzi məqamlara aydınlıq gətirdiyiniz üçün Sizə öz minnətdarlığımı bildirirəm. Qeyd etdiyiniz kimi, bu cür polemikaların mətubatda işıq üzü görməsi yalnız ümumi işimizin xeyrinə ola bilər.  Odur ki, Sizə növbəti cavab məktubumu yazmağa qərar verdim.

Bir daha xatırladıram ki, həmişə çox dil bilməyin tərəfdarı olmuşam və bu cür insanlara qarşı böyük rəğbət duymuşam. Oxucularda çaşqınlıq yaranmasın deyə, xatırlatmaq istəyirəm ki, mən “Sinqapurun inkişafı çoxdilliliklə əlaqədar deyil” yox, “bu ölkənin iqtisadi inkişafında dil amili müəyyən rol oynaya bilərdi” kimi bir cümlə işlətmişəm. İstər Siqapurda, istərsə də Qazaxıstanda iqtisadi inkişafın yalnız dillə bağlı olması fikrinə etirazımı bildirmişəm.

Qazaxıstanla bağlı razılaşmadığım məqamda məni ittiham etməyiniz yersizdir. Məqalələrinizin birində yazmışdınız ki, rus dilinə ikinci dövlət dili statusu verdikdən sonra bu ölkədə qazaxca danışanların sayı 35%-dən 80%-ə yüksəldi. Mən isə deyirəm ki, Qazaxıstanda dövlət dili əvvəl zatən rus dili idi və məktəblərin, demək olar, hamısında bu dildə dərs keçirilirdi. Qazaxıstan dövlət müstəqilliyi əldə etdikdən sonra qazax dili vüsət alıb inkişaf etməyə başladı.

Üstəlik, Qazaxıstanın hardasa 40%-i rusdur. Bu qədər etnik rusun yaşadığı ölkənin dövlət dillərindən biri, təbii ki, rusca olmalıdır. Necə ki, eyni səbəbdən İsrailin də dövlət dillərindən  biri ərəbcədir. Bəs, Azərbaycanın əhalisinin neçə faizi rusdur?

1965-ci ildə dörd dilə rəsmi ünsiyyət vasitəsi statusu verib islahatlara başlayan və böyük inkişaf mərhələsinə qədəm qoyan Sinqapuru müasir dövrümüzlə eyniləşdirib müqayisə etmək nə dərəcədə doğrudur? O vaxtdan 50 ildən artıq zaman keçir.

Hörmətli ziyalımız, hansısa bir dövlətin tarixi təcrübəsinə baxıb, onu eynilə model götürüb istənilən dövlətə tətbiq etməq doğru deyil. Model dövlət ola bilmək üçün eyni xarakterlərin, təsir imkanlarının, xarici təhdid amillərinin də eyni olması şərtdir. Allah eşqinə, bizimlə Sinqapur arasında hansı xarakterik bənzərliklər var?

Keçən yazımda da qeyd etmişdim ki, dünya miqyasında  tanınmış Sizin kimi bir alimlə iqtisadi sahədə mübahisə etmək fikrim yoxdur. Sizə olan hörmət və rəğbətimdən də, ümidvaram ki, xəbəriniz var. Ancaq bir şeyi diqqətinizə çatıdırmaq istərdim ki,  iqtisadi göstəricilərinə görə  dünya sıralamasında layiqli yer tutan Yaponya kimi dövlət bu inkişafa  hansısa xarici dilə xüsusi statusu verməklə nail olmayıb. Əksinə, Yaponiya öz milli-mənəvi dəyərlərinə sədaqətlə indiki inkişaf mərhələsinə qədəm qoyub. Eynilə Yaponiya kimi iki dünya müharibəsindən məğlubiyyətlə çıxan, xarabalıqlar üzərində özünü yenidən inşa edən Almaniya da inkişafını xarici mədəni-mənəvi dəyərlərə sarılmasına borclu deyil. Yaxud heçdən bir dövlət yaradan və 70 il kimi qısa zaman ərzində dünyanın ən aparıcı hərbi, iqtisadi gücünə çevrilən İsrail nəinki xaricdən mədəni-mənəvi dəyərlər almadı, əksinə, başqa mədəniyyət dairəsinə daxil olan insanları işğal etdiyi ərazilərə gətirərək yəhudiləşdirdi. Amma bu özününküləşdirmə siyasəti onun inkişafına mane olmadı. Təsadüfi deyil ki, bu gün İsrailin bir çox nazirləri, dövlət adamları rusdilli olsalar da, dövlət dilləri ibranicə və ərəbcədir. Ərəbcənin dövlət dili qəbul edilməsi isə sırf simvolik xarakter daşıyır. Bu ölkənin Fələstin torpaqları üzərində qurulması bu addımı məcburən atmağa səbəb olmuşdu. Baxmayaraq, ingilisdillilərlə bizdən daha rahat ünsiyyət qurur, İsrail bu dili özünün dövlət dilinə çevirməyib.  

Əlbəttə, mühim əhəmiyyət kəsb edən məsələlər sizin kimi  alimlərimizin iştirakı ilə Milli Məclisdə müzakirə obyektinə çevrilsəydi, daha yaxşı olardı. Nə yazıq ki,  bu təklifi həyata keçirmək üçün mənim heç bir səlahiyyətim yoxdur.

Mənə elə gəlir ki, rus dilinə  xüsusi dövlət statusu verilməsi ilə bağlı  təklifinizdə mübahisələrə səbəb, sizin düşündüyünüz kimi, mövzuya fərqli üsullarla yanaşmağımız yox, fərqli siyasi baxışlara malik olmağımızdır. Xocalının, Kərkinin və digər rayonlarımızın işğalını yada salın. Burada söhbət  millətçilikdən yox, dövlətçiliyimizdən, onun  məhvolma təhlükəsindən gedir. Bu gün dünyada baş verən  çaxnaşmalar, köçlər, yerdəyişmələr, yeni dövlətlər yaratmaq üçün edilən cəhdlər gözümüz qabağında baş vermirmi?  Vətənimizin, torpaqlarımızın düşmənlərdən qorunması uğrunda  şəhid olan yüzlərlə bacı və qardaşlarımızı yaddan çıxarmaq mümkündürmü? Müstəqiliyimizi itirəcəyimiz təqdirdə Azərbaycanın xoşbəxt gələcəyindən söhbət gedə bilərmi?  Ölkəmizin azadlığı, müstəqilliyi uğrunda  mübarizə aparan vətənpərvər qüvvələrimiz dar ağacına çəkilərlərsə, xalqımız qarın toxluğunu bayram edə bilərmi? Axı, milli qeyrəti olan hansı azərbaycanlı Vətənimizin inkişafını və çiçəklənməsini istəməz.

Mənim fikrimcə, millətini azad, dövlətini müstəqil görmək istəyən hər bir ziyalı öz məqalə və çıxışları ilə Rusiyanın dövlət adamlarına  təsir etməyə çalışmalı,  onları  işğalçılıq siyasətlərindən əl çəkməyə səsləməlidilər, rus dilini gətirib dövlətimizin rəsmi ünsiyyət vasitəsinə çevirməməlidir. Məni  bu gün  ən çox narahat edən Rusiyanın hələ də işğalçılıq siyasətindən əl çəkməməsidir. Bu çəkişmələrdən uğurla çıxmaq, müstəqilliyimizi qoruyub möhkəmləndirmək isə  dövlətimizin qarşısında duran  başlıca vəzifə olmalıdır.

Ancaq unutmaq olmaz ki, ölkəmiz çox mühüm strateji əhəmiyyət kəsb edən coğrafi ərazidə yerləşir. Cənubi Azərbaycan, Şimali Azərbaycan və Türkiyənin bir araya gəlməsi nəticəsində möhtəşəm güc mərkəzi yarana bilər ki, bu da  böyük dövlətlərin maraq dairəsinə ziddir.  Belə bir şəraitdə balanslaşdırılmış siyasət  aparmaqla dövlətimizi  həm qorumaq, həm işğaldan azad etmək, həm də surətli inkişaf yoluna yönəltmək əlbəttə, çox çətin və ağrılı bir işdir.

Cənubi Azərbaycandan fərqli olaraq bizdə dilimizin sovet dönəmində  təşəkkül tapdığını vurğulayırsınız. Keçən dəfə qeyd etdiyim kimi, bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, o vaxt bizdə dövlət dili Azərbaycan dili idi. Lakin Qazaxıstanda dövlət dili rus dili  olduğundan, Sizin də qeyd etdiyiniz kimi, o vaxt orada yaşayanların yalnız 35 faizi Qazax dilində danışırdı. Cənubi Azərbaycana gəldikdə isə İranda da dövlət dili Azərbaycan dili yox, farscadır.  Bununla özünüz  də  dolayısı ilə təsdiq etmiş olursunuz ki, başqa dövlətlərin əsarəti altında yaşayan millətlərin dili və azadlığı məhvə məhkumdur.

Hörmətli Saleh müəllim!

Din məsələsinə gəldikdə, “bu barədə bir çox məsələlərdə Sizinlə razıyam” demişəm. Ancaq fikrimcə, bu işdə çox böyük diqqət və həsasslıq tələb olunur.  Tarixdə qalmaq üçün inqilabi şüarlar  səsləndirmək vəziyyətdən çıxış yolu deyil. İnsanları  dini inanclarına görə təqib etmək yox, başa salmaq lazımdır. Unutmaq olmaz ki, mənsub olduğumuz İslam dinində tədqirəlayiq müsbət cəhətlər az deyil. Böyük rus yazıçısı L. N. Tolstoy vəfat edərkən, bilirsinizmi, cibindən nə çıxmışdı? – “İmam Əlinin 100 kəlamı”.

 Məncə, bir vaxtlar Azərbaycanda maliyyə naziri kimi çox mühüm  bir sahəyə rəhbərlik etdiyiniz dövrdə Sizin bu ideyaları həyata keçirmək yolunda daha  geniş imkanlarınız var idi. Fikrimcə, dediyiniz problemləri cözmək üçün   lazımi konsepsiyalar işlənib hazırlandıqdan sonra müvafiq addımlar atmaq olar. Görünür, bu sahədə də  xüsusi dövlət proqramına ehtiyac var.

 

Sizə dərin hörmətlə:                  

Aləm Kəngərli




Ana səhifəyə qayıt        Baxış: 1 521          Tarix: 24-07-2017, 09:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma