Xəbər lenti


Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun rəhbərliyi ilə apellyasiya instansiya məhkəmələri, habelə Bakı və Sumqayıt şəhərlərində yerləşən ixtisaslaşmış və rayon (şəhər) məhkəmələrinin sədrləri ilə görüş keçirilib.

 

“Qafqazinfo” xəbər verir ki, İnam Kərimov çıxışında məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatları diqqətə çatdırıb, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə-hüquq sisteminin yeni çağırışlara uyğun inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

 

Bildirilib ki, yeni tərkibdə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası tərəfindən artıq qısa müddət ərzində müxtəlif istiqamətlərdə, o cümlədən hakimlərin seçim prosesinin sadələşdirilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi və digər sahələrdə konkret hədəflər müəyyən edilib.

 

Eyni zamanda, məhkəmə sistemində korrupsiyaya şərait yaradan hallara qarşı xüsusi qətiyyət göstəriləcəyi, vətəndaşlarda haqlı narazılıq doğuran neqativ hallar üzrə təsir tədbirlərinin bundan sonra da həyata keçiriləcəyi diqqətə çatdırılıb. Məhkəmələrdə şəffaflığın təmin edilməsi ilə bağlı məhkəmə sədrlərinin üzərinə düşən vəzifələr qeyd edilib.

 

Görüşdə digər mövzularla bağlı da müzakirələr aparılıb.

 

Ovqat.com-un məlumatına görə, ölkədə məhkəmə-hüquq sistemindəki islahatlar uzun illərdir, davam etsə də, böyük məsafələr qət olunmayıb. Belə ki, Prezident İlham Əliyev son dəfə məhkəmə-hüquq sistemində islahatlara Baş prokuror Kamran Əliyevi indiki vəzifəsinə təyin edildiyi vaxtda start vermişdi. 2020-ci ilin 1 may tarixində ölkə başçısı yeni baş prokurorla keçirdiyi videoformat tipli görüşündə bu barədə təlimatları vermiş, ölkədə aparılacaq hüquq islahatlarının konkret yollarını göstərmişdi. O, həmin təlimat xarakterli çıxışında demişdi:

 

“Burada sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin.

 



Kadrların peşəkarlığı da daim diqqət mərkəzində olmalıdır və siz bu məsələ ilə ciddi məşğul olmalısınız. Həm bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilər yüksək peşəkarlığa malik olmalıdırlar, eyni zamanda, bu vacib amillə bərabər, dövlətçiliyə sədaqət prinsipləri də həmişə üstün olmalıdır. Çünki bu gün müstəqil dövlətimizin uğurlu yaşaması və möhkəmlənməsi, ilk növbədə, dövlətçiliyimizin möhkəmləndirilməsi ilə bağlıdır. Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da uğurla inkişaf etsin, müstəqilliyimiz daim möhkəmlənsin. Əlbəttə ki, istənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdırlar, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır.

 

Digər vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir. Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”.

 

Prezident həmçinin vurğulamışdı ki, heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir: “Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir”. 

 

Göründüyü kimi, Prezident İlham Əliyevin “qızım sənə deyirəm, gəlinim sən eşit” prinsipinə uyğun şəkildə Baş prokuror Kamran Əliyev vasitəsilə bütün məhkəmə hüquq sisteminə ünvanladığı islahat mesajlarında üzərində dayandığı əsas prinsiplər bunlar idi: hamının qanun qarşısında bərabərliyi, kadr peşəkarlığı, rüşvətxorluğun tamamilə qarşısının alınması və s. Ən əsası isə Prezident məhkəmə-hüquq sisteminin kadrlarından vətənpərvərlik və milli dövlətçilik dəyərlərinə bağlılıq tələb edirdi.

 

Nə yazıq ki, bu sözlərin üzərindən 3 il keçməsinə baxmayaraq, Azərbaycanın məhkəmə sistemlərində hələ də ölkə başçısının təlimatlarında nəzərdə tutulan prinsiplərin heç biri işləmir. Heç uzağa getməyək, bu yazının müəllifi bir neçə gün öncə Suraxanı rayon Məhkəməsinin iclasında şəxsən özü ilə bağlı aparılan məhkəmədə bunun birbaşa şahidi olmuşdur. 

 

Hakimin yazı müəllifi ilə bağlı çıxardığı qərəzli hökm sonradan dəyişdirilərək, dünyada analoqu görülməyən qanun pozuntusuna yol verilməklə qalmamış, hətta xüsusi ittiham qaydasında başlayan cinayət işinə daha sonra qanunazidd şəkildə mülki iddia da əlavə olunmuşdu. Bundan əlavə, müttəhim tərəfinin əməllərində onun barəsində çıxarılan hökmün istinad etdiyi CM-nin 147.2. maddəsində nəzərdə tutulan 3 cinayət tərkibinin heç biri bulunmamaqda idi. Üstəlik, yazı müəllifi dəfələrlə hakimə iddiaçı tərəflə mübahisəsinin Azərbaycanın milli maraqlarının müzakirəsindən başladığını, qarşı tərəfin İranın təxribat xarakterli deinformasiyasını həqiqət kimi göstərərək düşmən dövlətə faktiki xidmət etdiyini, sözçüsü olduğu Naxçıvan xanlıq rejiminin separatçı mövqe tutduğunu və ittihamçının da məhz bu separatçı rejimin mövqeyini açıq şəkildə müdafiə etdiyini, müttəhim tərəfi ən ağır küçə söyüşləri ilə təhqirinə məruz qoyduğunu və təhqiramiz kampaniyanı rəsmən təşkil etdiyini xatırlatsa da, hakim bütün qanunvericilik aktlarını bir kənara atıb onu cəzalandırmışdı.  

 

Nəzərə alsaq ki, məhkəmədə ittiham olunan tərəf bir jurnalistdir və hakim hətta bunu bildiyi halda, belə bir qanunsuzluğa yol vermişdisə, səsi heç yerə çatmayan sadə vətəndaşların başına məhkəmə zallarında nə oyunların açıldığı ortadadır və həqiqətən də Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovu öz vəzifə məsuliyyətini anlamayan hakimlərə qarşı mübarizədə ciddi imtahan gözləyir.

 




Ana səhifəyə qayıt        Baxış: 5 837          Tarix: 5-08-2023, 14:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma