Xəbər lenti

 

Xəbər verdiyimiz kimi, Bakixanov qəsəbəsi, Akif Mustafayev küçəsi 29, mənzil 2 ünvanında yaşayan Qüdrət Hüseynovun evi qəzalı vəziyyətə düşüb. Demək olar ki, mənzilinin bütün divarları çatlayan vətəndaşın döymədiyi qapı qalmayıb. Bütün idarə və təşkilatlardan isə əliboş geri qayıdıb.

 

Şikayətçinin Ovqat.com-a verdiyi məlumata görə, evi “Paşa Sığorta” tərəfindən sığortalanıb. Sığortalama işləri aparılarkən ona ev qəzalı vəziyyətə düşərsə, zərərinin 25 min manatının şirkət tərəfindən ödəniləcəyi vədi verilib. Vətəndaşla sığorta şirkəti arasında bağlanan müqavilədə də bu vəd rəsmən bəyan olunub. 

  

Di gəl ki, evi yaşanmaz hala düşən vətəndaşın qarşısında götürülən bu öhdəlik yerinə yetirilmir. Sığorta şirkətinin nümayəndələri qəzalı mənzilə baxış keçirdikdən sonra verdikləri ilk rəydə ev sahibinə 1964 manat kompensasiya ödəyə biləcəklərini bildiriblər. Bununla razılaşmayan Qüdrət Hüseynovun israrlı tələbləri qarşısında yumşamağa başlayan “Paşa Sığorta” bir neçə gündən sonra növbəti təklifini irəli sürüb - 5056 manat. Qüdrət Hüseynov yenə “Mərəndə gəlməyəndə” isə əməlli başlı cəzalandırılıb. Sığorta şirkətindən şikayətçiyə bildirilib ki, ona ümumiyyətlə kompensasiya düşmür. Çünki vətəndaşla bağlanan müqavilədə çökmə hadisəsi halında evə dəyən zərərə kompensasiya ödənilməsi nəzərdə tutulmayıb. 

 

Şirkətin Siğorta İddiaları Departamentinin rəhbəri Zaur Abasovun şikayətçiyə göndərdiyi məktubda deyilir: 

 

“Məlumat üçün nəzərinizə çatdırırıq ki, "İcbari Sığortalar haqqında" Azarbaycan Respublikasının Qanununun 36.1-ci maddəsində daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsinə səbəb ola biləcək hallar sadalanmışdır. Lakin çökmə prosesi həmin hallara aid edilməmişdir. Bu səbəbdən da çökmə nəticəsində əmlaka dəyən zərərlər siğorta təminatı ilə əhatə olunmur və sığorta hadisəsi hesab edilmir”.

 

Qeyd edək ki, vətəndaşla “Paşa Sığorta” arasında bağlanan müqavilədə kompensasiya ödənilməsinə səbəb olacaq hallar bu şəkildə təsnifatlandırılıb: 

 

“Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:

* Yanğın, ildırım düşməsi; 

* Məişətdə və istehsalatda istifadə olunan qazın

partlayışı; 

* Elektrik naqillərində baş verən qısa qapanma;

*Buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və cihazların partlayışı;

*Subasma, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, subasma;

*Hər hansı predmetin və onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması;

* Yerüstü nəqliyat vasitəsinin dəyməsi;

* Zəlzələ, vulkan, firtina, qasırğa, tufan, dolu, sel, daşqın, yer sürüşməsi, leysan və digər təbii fəlakətlər;

* Üçüncü şəxsin/şəxslərin qanuna zidd hərəkətləri”.

 

Sığorta şirkətindən vətəndaşa göndərilən məktubda şirkət qəzalı edə kompensasiya ödəməməsinin səbəblərini əsaslandırmaq üçün “daşda keçən” ekspert rəyləri də almağı bacarıb. Milli Elmlər Akademiyasının Respublika Seysmeloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli tərəfindən Paşa Sığortanın sorğusuna verilən cavab belədir:

 

“Sizin, 20.09.2023-cü il tarixli, 4920/ 1-2310541590 nömrəli məktubunuza cavab olaraq bildirmək istəyirəm ki, 04.08.2023-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində zəlzələ baş verməmişdir”. Yəni evin qəzalı vəziyyətə düşməsinin seysmoloji səbəbdən baş vermədiyi bu şəkildə təsdiqlənib. 

 

Geoloji Kəşfiyyat Agentliyinin Axtarış planaalma və monitorinq şöbəsinin layihə meneceri Temuraz Ələkbərov isə hadisənin sığorta şirkəti ilə vətəndaş arasında bağlanan müqavilədə nəzərdə tutulmayan təbiət hadisəsi – çökmə nəticəsində baş verdiyi qənaətinə gəlib:

 

“Vizual araşdırmalar zamanı müəyyən olunmuşdur ki, qeyd olunan sahədə atmoster yağıntılar nəticəsində ərazinin geoloji quruluşunda iştirak edən bərkiməmiş və ya zəif bərkimiş çoküntülərin dayanıqlığının zəifləməsi və texnogen amillərin təsiri ərazidə çökmə prosesinin baş verməsinə səbəb olmuşdur. Proses nəticəsində tikilinin divarlarında müxtəlif ölçülü çatlar və künc hissələrində aralanmalar qeydə alınmışdır. Bundan əlavə tikilinin zirzəmi hissəsində, həyətyanı sahəsində qabarmalar və çatlar müşahidə edilmişdir”.

   

Qüdrət Hüseynov isə onun qarşısına qoyulan bu dəlillərin öhdəlik borcundan yayınma cəhdi kimi qiymətləndirir: “Əvvəla, Geoloji Kəşfiyyat Agentliyinin Axtarış planaalma və monitorinq şöbəsinin verdiyi rəydə hadisənin “atmoster yağıntılar nəticəsində” baş verdiyi bildirilir. Müqavilədə sığorta halı kimi qiymətləndirilən təbiət hadisələrindən biri də leysan, dolu kimi atmosfer yağıntılarıdır. Sığorta şirkəti isə terminlərlə oynayaraq, təbiət hadisələri nəticəsində meydana gələn bir halı, yəni çökmə hadisəsini əsas gətirib öz öhdəlik borcunu yerinə yetirməkdən boyun qaçırır. Bir növ, səbəbi yox, nəticəni bəhanə kimi göstərir. 

  

İkincisi, əgər doğrudan da mənə kompensasiya düşmürdüsə, onda niyə ilk müraciətimdə 2 min manata yaxın, ikinci müraciətimdə isə 5 min manatdan çox yardım təklif edilmişdi. Belə çıxır ki, ilk günlər evimin qəzalı vəziyyətə düşməsinin səbəbi təbiət hadisə idi, daha sonra saatlar keçdikcə, o, qeyri-təbiət hadisəsinə çevrildi?”.

  

Şikayətçinin fikrincə, Paşa Sığortanın işçiləri şirkətin və təsisçilərinin nüfuzundan istifadə edərək, vətəndaşlarla ürəkləri istədikləri kimi davranırlar: “Bilirlər ki, şirkətin təsisçilərinin hörmətinə hər kəs susacaq və onların bu əməlindən sahibkarlar xəbər tutmayacaq, beləcə, kimlərinsə xəyali kölgəsinə sığınanlar meydanda at oynadacaqlar”. 

 

Şikayətçi hazırda “Paşa Sığorta”nı məhkəməyə verməyə hazırlaşır. Dediyinə görə, məqsədi sığorta şirkətinin işçilərinin əməlindən şirkət sahiblərinin xəbər tutmasına nail olmaqdır: “Açığı, mən hesab edirəm ki, işçilərin bu əməlindən sığorta şirkətinin sahiblərinin xəbəri yoxdur. Ona görə də, “Paşa Sığorta”nı məhkəməyə verəcəyəm ki, hər kəs “məcburi sığorta” adıyla vətəndaşların haqqının necə yeyildiyindən xəbər tutsun”.

 




Ana səhifəyə qayıt        Baxış: 4 726          Tarix: 21-10-2023, 20:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma