“Vasif Talıbovdan sonra böyük ümidləri yaranmış Naxçıvan camaatı indi çox pərt, məyus durumdadır. Talıbovun gedişindən sonra əksər sahələrdə olduğu kimi səhiyyədə də nəinki problemlər həll edilmədi, əksinə, bu gün bacarıqsızlığı ilə ad çıxarmış Samiq Sadıxovun Səhiyyə naziri olmasından sonra vəziyyət daha da pisləşib”.
Naxçıvanın tibb müəssisələrində işləyən həkim-laborantların Ovqat.com-a yazdıqları şikayət məktubunda belə deyilir.
Şikayətçilərin iddiasına görə, bu adam naziri təyin edildikdən sonra Naxçıvanın bütün səhiyyə müəssisələrindən istifadə efiilmiş şprisləri mərkəzləşdirilmiş qaydada yığdıraraq plastik kimi satdırır:
“Belə acgözlük hələ Naxçıvan səhiyyəsində görünməmişdi. Bu günlərdə isə məlun olub ki, Samiq Sadıxov Naxçıvandakı laboratoriyalarda çalışan ixtisasca bioloq olan laborant həkimlərin maaşlarını 1100 atadan 400-500 manata endirmək barədə göstəriş verib. Əmək Məcəlləsinə əsasən, çalışan işçinin əmək haqqısının nəzərdə tutulan məbləğdə ödənilməsi qanunun tələbidir. Hələ bu azmış ki, nazirin başqa bir qanunsuz göstərişi ilə hər analiz verən xəstəyə görə bioloq ixtisaslı olduğu üçün hakim labaroanta ödənilən sığorta pulu da kəsilib”.
Şikayətçilərin fikrincə, hələ Sovet dönəmindən bioloqlara laborant-həkim kimi işləmək icazəsi verilirdi və bu gün bu sahədə 30-40 il iş stajı olanlar var: “Azərbaycanın digər regionlarında da kurs keçmiş bioloqlar dövlət və özəl xəstəxanaların laboratoriyalarında çalışırlar və buna görə onlar əmək haqqı ödənişinə hər hansı ayrı seçkiliyə məruz qalmırlar”.
Məktub müəllifləri qeyd edirlər ki, xəstəxanada ən ağır iş məhz laboratoriyada gedir: “Bütün xəstələr ordan keçir, ən ağır yoluxucu xəstələrlə risk altında işləyirik- bu müasir dövrümüzdə daha çoxdu. Laboratoriya işi bioloqlar üçün daha uyğundu, yəni hər hansı bir xəstəliyin, virusun tapılması üçün bioloqlar çalışır. Xəstəni bioloqla həkimin birliyi sağaldır. Belə bir halda, bioloqlara Samiq Sadıxovun "qeyri- ixtisas" damğası vurub Əmək məcəlləsinə zidd olaraq işlədiyi işin müqabilini yox, istədiyi pulu verməsi qanunsuzluq və diskriminasiyadır. Bu, Azərbaycanın Səhiyyə sisteminə qarşı həqarətdir, bütün qanunvericiliyi əzib tapdamaq, işçiləri aşağılayaraq onları ayrı-seçkiliyə məruz qoymaqdır."
Bildirilir ki, əmək haqqı kəsintisi barədə bütün xəstəxanaların mühasibatlığına göstəriş verən Samiq Sadıxov onlara deyib ki, "kəsin görək hələ bir necə reaksiya olur".
Müəlliflər əlavə ediblər ki, Naxçıvanda səhiyyə işçilərinin maaşı avqust ayından artırılıb. Və bu artımı 3 aydan sonra Samiq Sadıxov laborant- həkimlərə- ixtisasca bioloq olanlara verməkdən imtina edir. İndiyə qədər səhiyyədə belə bir problem olmayıb. İxtisasca həkimlər də bioloqlarla birlikdə çalışıb, eyni işi görüb eyni əməkhaqqı alıblar. İndi Samiq Sadıxovun laborantlar üçün təyin etdiyi pul sanitarların maaşlarına bərabərdi. Bəyəm indiyə qədər bioloqun etdiyi analiz səhvmi idi? Ya maaş kəsiləndən sonra analizin cavabı düz olacaq? Eyni işi görən adama necə fərq qoyula bilər?”.
Laborantların şikayətlərinin nə dərəcədə əsaslı olub-olmadığını öyrənmək üçün Naxçıvan Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Sualımızı cavablandıran Baş mühasib Qulu müəllim bildirdi ki, yayılan məlumatlar şayiədən başqa bir şey deyil: “Son aylarda həkim-laborantların maaşı nəinki azalmayıb, əksinə artıb. 3 ay bundan əvvələ qədər onlar 900 manat civarında maaş alırdılar. 3 aydır ki, maaşları qalxıb 1100-1200 manat civarında olub. Maaşlarda hər hansı dəyişiklik isə nəzərdə tutulmur”.
Paylaş: