2024-cü il Naxçıvan müəllimləri üçün qalmaqallı başladı. Ötən gün məktəb direktorları müəllimlərə zəng edərək dərsə “xan” rejimindən qalma uniforma ilə gəlmələrini tapşırıb. Müəllimlər yenidən “xan rejimi”nə qayıdışın şokundan xilas olmamış bu gün dərs saatlarında ikinci bir bəd xəbərlə üzləşiblər: bundan sonra məktəblərdə hazırlıq kursları keçirilə bilməz.
Ovqat.com-a bu barədə məlumat verən müəllimlərdən biri deyir:
“Biz müəllimlər istəyirdik ki, rahat olaq - istər uniforma, istərsə də haqqımız barədə. Amma çox təəssüf ki, bu, uzun çəkmədi. Son 2-3 gün olar ki, yenə əvvəlki halımıza qayıtdıq”.
Şikayətçi dərsdən sonra hazırlıq kurslarının təşkil olunmasının qadağan edilməsinə “müəllimlərin zehni əməyinə göz dikilməsi” kimi qiymətləndirərək bildirir: “Bu gün məktəb rəhbərliyi vurğuladı ki, sabahdan hazırlıq olmayacaq, özü də məhz ibtidai siniflərə. Təhsil söbəsinin müvəqqəti müdiri məktəblərə yazılı şəkildə sənəd göndərib ki, olmaz. Başa düşə bilmirəm, müdiri əvəzləyici şəxs qanun yarada bilərmi?”.
Müəllimin sualını Naxçıvan MR Təhsil Nazirliyinin bir rəsmisinə ünvanladıq. Adının çəkilməsini istəməyən həmsöhbətimiz Naxçıvan şəhər Təhsil şöbəsinin müdiri Gülxanım Orucovanın həqiqətən də məktəblərə bu cür təlimat yolladığını bildirdi. Onun sözlərinə görə, şagirdlərə yalnız məktəblərdə dərsdən sonra hazırlıq kursları təşkil etmələri qadağan olunub: “Amma onlar fərdi hazırlıq dərslərini öz evlərində keçə bilərlər”.
Qeyd edək ki, Ovqat.com məktəblərə göndərilən sözügedən məktubun kopyasını əldə edib. Rəsmi məktubda bildirilir:
“Naxçıvan şəhər ümumtəhsil müəssisələrinin rəhbərlərinə
Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində ibtidal sinif şagirdlərinin dərsdən sonra fərdi hazırlıqlara cəlb edilməsinin aradan qaldırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Tahsil Nazirliyinin 09 yanvar 2024-cü il tarixli, 1/010 nömrəli məktubu icra üçün Sizə göndərilir
Qoşma 1 (bir) vərəq
Naxçıvan Şəhər Təhsil Şöbəsi müdiri vəzifəsini müvəqqəti icra edən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri:
Gülxanım Orucova”
Məktubdan da görünür ki, bu təlimat Təhsil şöbəsinin müdirinin yox, Naxçıvan MR Təhsil Nazirliyinin qərarıdır. Nə qədər qanunidir, qanuni deyil, ümidvarıq ki, bu suala biz yox, Azərbaycan Elm və Təhsil Nazirliyi cavab verə bilər. Nazirlikdən rəsmi açıqlama gözləyirik.
Paylaş: