Xəbər lenti
Dünən, 19:25


 

“Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov adətən öz xeyirxah əməlləri ilə reklam olunub. Onun tələbələrə, öz işçilərinə göstərdiyi diqqət zaman-zaman sosial şəbəkələrdə geninə-boluna işıqlandırılıb. Ovqat.com-a göndərilən bir şikayət məktub isə əzbərləri pozacaq mahiyyətdədir.

 

Məktubun müəllifi “Palmali”yə məxsus “Şəhid Adil İbrahimli” adını daşıyan tanker gəmisində bosman vəzifəsində işləyən Nəsimi Şükürovdur. Şükürov yazır:

 

Şəkildə: Nəsimi Şükürovun "Palmali" şirkətlər qrupuna göndərdiyi məktub


“Salam, Heydər bəy.

 

Mən Şükürov Nəsimi Əliağa oğlu.

 

“Palmali”yə məxsus “Şəhid Adil İbrahimli” adını daşıyan tanker gəmisində çalışdığım zaman iş qəzası keçirmişəm. 1-2-ci dərəcəli yanıq xəsarətləri almışam.

 

Şirkətin məsul şəxsləri mənə “ərizə yaz, şirkət adına nə lazımdırsa olunacaq”, - dedilər. Ərizə yazdığım vaxtdan artıq iki aydır keçir. Hər həftə zəng vururam kompensasiya ilə bağlı, Əli deyir Vəliyə de, Vəli deyir Əliyə de. Sonunda yanvar ayının 12-i məni çağırdılar Bakı ofisinə. Elə danışdılar ki, az qala vətən xaini çıxacaqdım. Xəstəxanaya və iynə dərmanlara xərclədiyim məbləğdən əlavə mənə 900 AZN təklif edirlər. Guya ki, bunu da mənə yardım məqsədilə verirlər”.

 

Şəkildə: Bosmanın qəzadan sonrakı halı


Şükürovun bildirdiyinə görə, 27 oktyabr 2023-cü il tarixində saat 4 radələrində o, bosman işlədiyi gəminin yük anbarını yuyarkən qəza baş verir. Qəza nəticəsində 82oC hərarətində kimyəvi yuyucu maddə onun üstünə tökülür və bosmanın beldən aşağı hissəsi ilə qolları yanır. Təcili İzmail xəstəxanasına aparılan Şükürov burada 20 gün müalicə olunur. Amma xəstəxananın sanitar vəziyyəti və xəstənin qəbul etdiyi antibiotiklər onda yeni xəstəliklərin yaranmasına yol açır: “İzmail xəstəxanasında 27 oktyabrdan 16 noyabra qədər müalicə almışam. Qəbul etdiyim preparatların ağırlığı və xəstəxananın antisanitar vəziyyəti məndə digər xəstəliklərin yaranmasına səbəb oldu. Müalicə mədəmin qanaxması (çatların meydana gəlməsi) və 12 barmaq bağırsağın xorasına gətirib çıxardı. 17 noyabrda müalicəmi davam etdirmək üçün Bakıya gəldim. Müayinə zamanı həm də Hepatit A xəstəliyinə yoluxduğum məlum oldu. Beləliklə, bu zamanadək müalicəmi  2 istiqamətdə aparırdım: yanan yerlərimin müalicəsi və mədə-bağırsaq xəstəliklərinə qarşı mübarizə. İndi isə buna 3-cü istiqamət də əlavə olunub: Hepatit A-nın müalicəsi”.

 

Şəkildə: Şükürovun Hepatit A xəstəliyinə yaxalandığını təsdiqləyən sənəd


Şikayətçinin dediyinə görə, iş qəzasının nəticəsində yaranan sağlamlıq problemlərinin həlli üçün onun indiyədək 1570 manat xərci çıxıb. Kompensasiya almaq üçün üz tutduğu “Palmali” şirkəti isə ona cəmi 2500 manat təklif edir. Halbuki ona daha çox kompensasiya ödənilməlidir: “Əvvəla, hadisə şirkətlə bağladığım kontraktın bitməyinə 3 ay qalmış baş verib. Deməli, sağlamlıq səbəbindən işləmədiyim 3 aylıq maaşımı da verməlidirlər. İkincisi, sığorta pulu da ödəməlidir. Doğrusu, indi baxıram ki, şirkətlə bağladığım müqavilədə sığortanın barədə heç nə göstərilməyib. Bu isə iş qanunvericiliyinə ziddir. Bundan əlavə, müalicə pulu da alacağım vəsaitə əlavə olunmalıdır. Şirkət isə mənə müalicəmdən başqa sanki 900 manat “sus” pulu ödəmək istəyir”.

Şəkillərdə: Digər xəstəlik "kağızları"

 


Bosman “Palmali” şirkətlər qrupunun sədri Mübariz Mənsimovu xeyirxah adam kimi tanıdığını, hətta həbsdə olduğu zamanlar bütün riskləri gözə alaraq onu tərk etmədiyini bildirib: “Mübariz bəy həbsdə olduğu zaman digər dənizçilər ondan və şirkətdən şikayət edəndə mən onun şəkilini qaldırıb onu və şirkətini müdafiə etmişəm. Əslində isə həmin vaxt maaş ala bilmirdik, yemək problemimiz vardı. Mən isə onun uğrunda özümü fəda etməyə hazırdım. Bunların qarşılığıdırmı mənə göstərilən “diqqət”? Qədirbilməzlər, çətin günlərini unudanlar!”.


 Şəkildə: Mübariz Mənsimov öz bosmanını qəbul edir

Nəsimi Şükürov qeyd edib ki, Mübariz Mənsimov həbsdən çıxanda onun qəbulunda olub: “Xidmətlərimi nəzərdə alıb mənə demişdi ki, sənin üçün nə edə bilərəm? Mən də cavab vermişdim ki, sizin varlığınız yetər. İndi isə mən bu vəziyyətdəyəm, onların isə heç veclərinə də deyil. Bunların isçiyə verdiyi dəyərin şahidi oldum, çox təəssüflə qeyd edirəm ki, şirkətin rəhbər işçiləri barədə deyilənlər tədricən öz təsdiqini tapır”.

 

Şəkildə: Qəzanın həqiqətən də baş verdiyinə və bosmanın xəsarət aldığına dair gəmi kapitanının raportu


“Palmali” şirkətinin ona münasibətini “dilənçilik” kimi qiymətləndirən şikayətçi fikirlərini belə əsaslandırdı:

 

“Belə dilənçi insanlarla həyatda ilk dəfə rastlaşıram. Başqa şirkətlər Ukraynaya gedən dənizçilərə həyati təhlükəsi olduğuna görə kompensasiya ödəyir. Mən isə faktiki iş qəzası kecirmişəm, hər gün həyacan siqnalı çalınan İzmail şəhərində 20 gün xəstə yatmışam, bunlar isə mənə heç bir şey etmək istəmirlər”. 

 

P.S. “Palmali” şirkətlər qrupunun da mövqeyini işıqlandırmağa hazırıq.

 




Ana səhifəyə qayıt        Baxış: 5 519          Tarix: 17-01-2024, 11:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma