Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
“Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunun tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir”.
Ovqat.com xəbər verir ki, “Palmali” Şirkətlər Qrupunun təsisçisi, hazırda Türkiyədə həbsdə olan həmyerlimiz Mübariz Qurban oğlu Mənsimov barədə Vikipediya səhifəsində belə deyilir.
Məlumata görə, 3 milyard dollarlıq illik dövriyyəyə malik olan "Palmali" şirkətinin 129 gəmisi var. Bu gəmilərlə Aralıq dənizi, Ağ dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyan "Palmali"nin ən böyük müştərisi dünyaca məşhur olan "BP" şirkətidir”: “Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.
Dövlət Neft Şirkəti ilə ortaq olan "Palmali" bir müddət əvvəl "Tekfen inşaat"ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Türkiyə mətbuatı yazır ki, cənab Mənsimovun bu cəhdi onun qardaş ölkədə inşaat sahəsində irəliləmək mənasını verir. Bu razılaşma qarşılığında "Palmali" və "SOCAR" ortaqlığı 5 il ərzində "Tekfen İnşaat"a 37 milyard dollarlıq iş verəcək”.
Başqa sözlə desək, Sovet İttifaqı dağıldığı sıralarda hər birimiz kimi sadə bir vətəndaş olan Mübariz Mənsimov bir müddətdən sonra adı “Forbes” jurnalına ən varlı adamlardan biri kimi düşən insana çevrilir. Bəs bu “hündürə sıçrayış” necə baş tutub?
Avropanın Theblacksea.eu nəşrinin yazdığına görə, Mübariz Mənsimovun naxışı 2007-ci ildə Rusiyanın “United Shipbuilding Corporation”şirkətinə sifariş verdiyi “Ağdaş” adlı neft tankerin alınmasıyla tutub.
Türkiyənin “SOM Petrol” şirkətinin sahibi, Ərdoğanın yaxın dostu Sitki Ayanla birlikdə Mübariz Mənsimov da həmin gəminin pulunu ödəyib. İddiaya görə, 30 milyon dollar başa gələn gəminin qiymətinin 7 milyonunu Sitki Ayan, 23 milyonunu isə Mübariz Mənsimov ödəyib. Təbii ki, nəğdi yox. Bunun üçün Mübariz Mənsimov Latviyada yerləşən “Pareks Bank”dan 18,4 milyon dollar məbləğində kredit də istəyib. Bank əvvəl bu krediti verməyib.
Daha sonra Ərdoğanın yeznəsi Ziya İlgenin adına İrlanda yaxınlığında yerləşən və “ofşor cənnəti” kimi tanınan kiçik Man adasında "Boomerz Limited" adlı bir şirkət qurulur. Bir il əvvəl istənilən kredit bu şirkət qurulduqdan 1 gün sonra - 24 oktyabr 2008-ci ildə Mübariz Mənsimova verilir.
Soruşa bilərsiniz: Şirkət Ziya İlgenin adına qurulur, bəs, krediti niyə Mübariz Mənsimov alır?
Məsələ burasındadır ki, “Pareks Bank” bizim düşündüyümüz təmiz banklardan deyilmiş. O, uzun illər Şərqi Avropada və keçmiş sovet ölkələrində əldə edilmiş “qara pulların” yuyulması ilə məşğul olurmuş. Belə banklar “qara pulları” da düz adamlarla yox, digər korrupsioner siyasi xadimlərin vasitəsiylə “yuyurlar”. Di gəl ki, nüfuzlu siyasi xadimlərin qanunən bizneslə məşğul olmaq səlahiyyətləri yoxdur. Onlara “etibarlı” iş adamları, daha doğrusu, “ilan tutan Seyid Əhməd əli” də lazımdır. Görünür, Mübariz Mənsimovun naxışının tutmasında bu “etibarlıllığı” xüsusi rol oynayıb.
Üstəlik, Ərdoğanın “əniştəsi” Ziya İlgen təqaüdə çıxmış müəllim olub. Onun adına 18.5 milyon dollar dəyərində kredit verilməsi şübhə çəkə bilərdi. Nəşr “əniştə” barədə yazır: “Ərdoğanın baş nazir olduğu uzun illərdən sonra, güman ki, ticarətlə bağlı ailə məsələlərini öz üzərinə götürüb”.
Mübariz Mənsimovun adına götürülən kreditlə alınan “Ağdaş” gəmisi birbaşa əniştənin adına açılan “Bumerz Limited”-ə də təhvil verilmir. Gəmi əvvəl Maltada qeydiyyatda olan “Pal Shipping Trader One" şirkətinə satılır. Bir il ərzində Latviya, Niderland və Böyük Britaniya sahillərindəki neft terminalları arasında ticari səfərlərə çıxan “Ağdaş” 2008-ci ilin oktyabrında Ərdoğan ailəsinə məxsus “Bumerz Limited”-in adına keçirilir. Beləcə, Türkiyənin hakim ailəsi “nə yoğurur, nə yapır, hazırca kökə tapır”. Bundan sonra Mübariz Mənsimov da işi xeyli böyüdür.
“European Investigative Collaborations” (EIC) konsorsiumunun "Malta faylları" layihəsi çərçivəsində aparılmış bu tədqiqatları ilk dəfə ictimailəşdirən isə Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Kamal Qılıncdaroğludur. Türkiyə prezidentinin vəkilləri və AKP yetkililəri əvvəl “Malta faylarını” təkzib etsələr də, “European Investigative Collaborations”-un yaydığı sənədlərdə iddialar öz təsdiqini tapır.
Qeyd edək ki, “Ağdaş” tankerinin alındığı 2007-ci il Rəcəb Tayib Ərdoğanın ikinci dəfə Baş nazir seçildiyi dövrə düşür. Görünür, hakimiyyətini möhkəmlətdikdən sonra o, öz “şəxsi təsərrüfatı”nı yaratmaq eşqinə düşür. Theblacksea.eu nəşri də buna eyham vuraraq yazır: “Bundan doqquz il əvvəl Baş nazir Ərdoğan bir tərəfdən Yaxın Şərqdə Qərbsayağı demokratiya modeli qura biləcək siyasi xadim, digər tərəfdən isə Türkiyədə özünü və partiyasını qorumağa çalışan lider hesab olunurdu. 2008-ci ilin yay aylarında isə AK Parti Konstitusiya Məhkəməsinin onu bağlamaq davasından böyük zəfər qazanaraq çıxdı. Məhz bu qələbədən sonra Ərdoğan ailəsi pul qazanmağa başladı”.
Sənədlərə inansaq, 2008-ci ildən sonra “Palmali” də böyüyür. Qara dənizdə neft ticarətinin üçdə iki hissəsini bu şirkətə bağlı gəmilər həyata keçirir. Gücləndikcə güclənən Mübariz Mənsimov hətta ABŞ prezidenti Donald Trampın 2016-cı ilin yanvarında keçirilən andiçmə mərasiminə belə, qatılır. Bütün bunlar isə, təbii ki, Ərdoğan ailəsinə yaxın şəxs olduğu üçün baş verir.
Nəşrin yazdığına görə, M.Mənsimov “Pareks Bank”-dan götürdüyü krediti 7 ilə ödəyir - faizi ilə bərabər 21.5 milyon. Bunu Ərdoğana verilmiş çox böyük hədiyyə adlandıran sayt etiraf edir ki, bunun müqabilində azərbaycanlı iş adamına hər hansı imtiyaz verməsinə dair birbaşa sübut yoxdur: “Lakin aydındır ki, 2008-ci ildən sonra ticarətdə milyarder biznesmenin uğuru nəzərəçarpacaq dərəcədə artır. Azərbaycan-Türkiyə iş adamı 2010-cu ildə Bodrumda Yalıkavak limanını alır və super-dəbdəbəli körpünün tikintisini həyata keçirir. Daha sonra Bodrumda yerləşən Lisitsa körfəzinin özəlləşdirilməsinə dair tenderdə iştirak edir və 370 milyon funt sterlinq təklif edərək tenderi qazanır”.
Mənsimovun ən böyük layihəsi isə 2008-ci ildə səhmlərinin yarısını aldığı “Tekfen”-dir. Son illərdə “Tekfen” şirkəti Bakı-Ceyhan və TANAP boru kəmərləri üzrə böyük tenderlər qazanıb. “Tekfen”-in yalnız TANAP-dan aldığı tenderin dəyəri yarım milyard dollar təşkil edir”.
Nəşr iddia edir ki, Ərdoğan-Mənsimov münasibətləri qarşılıqlı maraqlar əsasında son dövrlərə qədər davam edib. Əsas əməkdaşlıq isə neft sahəsində olub: “2015-ci ildə Ankaranın Şimali İraq Kürdüstan Muxtariyyətindən Ceyhan limanına xam neft daşıdığı məlum olduqda İraq hökuməti buna sərt reaksiya verərək, ixracatla məşğul olan dəniz şirkətlərini qara siyahıya salır. M.Mənsimov bu diplomatik böhran zamanı hökumətə yardım üçün müraciət edir, kürd neftinin Ceyhandakı limandan nəqli yenidən təmin olunur”.
Mənsimovun vasitəçiliyi Türkiyə və Azərbaycan arasında neft ticarətində də özünü göstərir. “Palmali” Group SOCAR-la 2007 və 2008-ci illərdə imzaladığı 10 illik sazişə əsasən, Azərbaycanın bütün xam neftini Bakıdan Ceyhana daşımaq hüququ əldə edir.
Theblacksea.eu nəşri bu yerdə bir qədər təhrifə yol verərək, Bakı neftinin Ceyhana boru kəməriylə nəqlinin “Palmali”yə verildiyini iddia etsə də, bunun yanlış olduğu ortadadır. Məsələ burasındadır ki, Azərbaycan neftinin böyük hissəsi (82%) ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) tərəfindən boru xəttiylə nəql olunur. Yerdə qalan 18% isə SOCAR tərəfindən gəmilərlə Türkiyən Ceyhan və ya İtaliyanın Augusta limanına göndərilir. Həmin limanlarda müştəriyə satılan satılır və daha sonra pulu neft şirkətinə ödənilir. Görünür, nəşr də eynilə bizim kimi, boru xətti olduğu halda, SOCAR-ın həmin nefti gəmilərlə niyə daşınmasını anlaya bilməyib.
Ovqat.com-un məlumatına görə, SOCAR neftini məhz bu səbəbdən, etibarlı tərəfdaş hesab etdiyi “Palmali”yə verirmiş. “Palmali” isə Türkiyədəki əlaqələrinə güvənib satılan neftin dəyərini “borc dəftərinə” yazırmış. Nəticədə SOCAR bu alış-verişdən 80 milyon dollar ziyana düşüb.
The Black Sea-nin araşdırmalarına görə, “Palmali” ilə sövdəsi pozulduqdan sonra SOCAR BMZ Group-a məxsus beş neft tanker satın alıb: “2017-ci ilin yanvarında baş tutan bu alış-verişdən sonra məlum olub ki, həmin şirkət də Ərdoğan ailəsinə aiddir”.
Qısası, Malta sənədləri təsdiq edir ki, birdən-birə dünyanın ən böyük gəmiçilik şirkətlərindən biri olan “Palmali” Mübariz Mənsimovun hesabına “Palmali” olmayıb və belə görünür ki, indi həmin şirkətin əl dəyişmək zamanı çatıb, əsl sahibinə dövr edilir.
Sənədlər
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar