Xəbər lenti


Bu gün Naxçıvan MR İnzibati Məhkəməsində ötən ilin oktyabr ayında Naxçıvan Perinatal Mərkəzində (keçmiş Doğum Evi) əməliyyat zamanı dünyasını dəyişən Sveta Xudiyevanın yaxınlarının şikayəti əsasında hazırlıq  iclası keçirilib.

 

Məlumatı Ovqat.com-a mərhumun oğlu Cəlil Xudiyev verib.

 

Onun sözlərinə görə, hakim Tural Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclası təxirə salınıb. Çünki qarşı tərəf məhkəməyə gəlməyib:

 

“Naxçıvan Səhiyyə Nazirliyini məhkəməməyə vermişdim. Çünki anamın ölümündə şübhəli bildiyim  xəstəxananın icraçı direktoru Ülkər Bayramovanı və baş həkim Nəzakət Gülməmmədovanı cinayət məsuliyyətindən yayınmaq üçün xəstəlik tarixçəsini gizlədib mənə vermək istəmirlər. Bu isə məni öz mərhum valideynimin haqqını müdafiə etmək imkanımı məhdudlaşdırır.  Naxçıvan Prokurorluğu cinayət işini açmadığına görə mən xəstəlik tarixçəsini Bakı şəhərində tibbi ekspertiza etdirməyə çalışıram. Anamın ölüm səbəbi hələ də bizə məlum deyil. Perinatal Mərkəz kamera görüntülərini sildirib işin gedişatına mane olub, aldıqları rüşvətə isə şirinlik donu geyindirirlər”. 

 

Cəlil Xudiyevin iddialarına inansaq bu gün Naxçıvan İnzibati Məhkəməsində cavabdeh Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmədə iştirak etməkdən boyun qaçırıb: “Çünki etdikləri qanun pozuntusunu necə əsaslandıracaqlarını bilmirlər”.

 

 

Qeyd edək ki, bu qalmaqallı hadisə ilə əlaqədar ilk dəfə “Gündəlik Naxçıvan”  xəbər kanalı bu ilin yanvar ayında məlumat yaymışdı. Məlumatda deyilirdi:

 

Nəzakət Gülməmmədovanın ittiham olunduğu son ölüm hadisəsi ötən ilin oktyabrında baş verib. Onun mərkəzdə əməliyyat etdiyi Babək qəsəbə sakini 43 yaşlı Sveta Xudiyeva növbəti gün vəfat edib. Mərhumun qohumları bildirir ki, onlardan 700 manat rüşvət ala bilsin deyə, Nəzakət Məmmədova əməliyyata fiziki cəhətdən hazır olmayan xəstəni bıçaq altına salıb. Məsələ ictimailəşdikdən sonra Naxçıvan prokurorluğu onun haqqında rüşvət alma və səhlənkarlıq səbəbindən ölümə səbəb olma ittihamı ilə müvafiq maddələrlə cinayət işi açmışdı.
  

Bu hadisədən sonra mərkəzin o vaxtkı baş həkimi Kifayət Məmmədova vəzifəsindən istefa vermişdi. Onun burda tüğyan edən, həddini aşmış rüşvətxorluq və müxtəlif səbəblərdən qarşısını ala bilmədiyi çoxsaylı ölüm hallarına etiraz olaraq istefa verdiyi bildirilir. Məlumata görə o, mərhum Sveta Xudiyevanın əməliyyat olunmasına qarşı çıxsa da, Nəzakət Gülməmmədova buna məhəl qoymayıb.
  

Nəzakət Gülməmmədovanın baş həkim təyin olunması ilə bağlı məlumatı Perinetal Mərkəzin əməkdaşları da təsdiq edirlər:


  “Sveta Xudiyevanın xəstəxanadakı səs-küylü ölümündən sonra hamı onun həbs olunacağını gözləyirdi. Lakin, onu baş həkim təyin ediblər. Artıq, dünəndən bu vəzifədə fəaliyyətə başlayıb. Gəldi, dedi ki, 80 min manat verib, işi bağladım, məni istəməyənlər qalsınlar yana-yana. Xəstələri soyub, nazirliyə yaxşı pul qazandırdığı üçün onu gözlərinin üstündə tuturlar. Doğuşa gələn hər bir xəstəyə xüsusi iynə vurub, keysəriyyə əməliyyatına məcbur edir və hərəsindən min manat rüşvət alır. Başqa qanunsuz əməlləri ilə də pul qazanır. Təbii ki, bu pulu tək yemir, yarıdan çoxu yuxarıya gedir”.

  

Şikayətçidən aldığımız son dəqiqə xəbərinə görə, anasının ölümü ilə bağlı Naxçıvan şəhər Prokrorluğunda yenidən cinayət işi açılıb. Bu barədə ona rəsmi məlumat göndərilib.

 

Maraqlıdır ki, şikayətçinin anasının ölümündə ittiham etdiyi şəxslərdən biri – Ülkər Bayramova vaxtilə Vasif Talıbovun 14 illik ombudsmanı olub. Ombudsan olduğu dövrdə hətta Cəlil Xudiyevi “İnsan haqları günü” münasibəti ilə fəxri fərmanla da mükafatlandırıb. İndisə Ülkər xanım Naxçıvan Perinatal Mərkəzinə rəhbərlik edir. Bir sözlə, onu rahatlıqla dünya elm tarixinə düşəcək ombudsman-ginekoloq da adlandırmaq olar.



 




Ana səhifəyə qayıt        Baxış: 5 453          Tarix: 13-02-2024, 21:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma