Xəbər lenti

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

Ovqat.com “azadliq.org”a istinadla xəbər verir ki, Səbuhi Şirinov məhkəmədə dindirilərkən cinayəti törətdiyini etiraf edib.

Cinayət işində iddia edilir ki, F.Mustafanın dini mövzuda səsləndirdiyi fikirlərlə əlaqədar ona sui-qəsd planı İranın Rey şəhərində müzakirə olunub. Həmin planın icrası üçün tapşırıq verilib və təqsirləndirilən şəxslərdən Rəşad Əhmədov vasitəsilə 30 min dollar pul göndərilib. O da həmin pulu təqsirləndirilən A. Səricanova çatdırıb. Ardınca sonuncu da pulun bir hissəsini hadisədən sonra Səbuhi Şirinova verib.

S.Şirinov deputata sui-qəsdə görə pul alması barədə ittihamı təkzib edir. O, A.Səricanova pul verdiyini təsdiqləyir, amma bunun hadisə ilə bağlı olmadığını iddia edir: “Mənə borc kimi vermişdi ki, evimi təmir eləyim. Həbs olunanda, heç onu xərcləməmişdim. Mənə Fazil Mustafaya görə kimdənsə pul almaq lazım deyildi”.

O, F.Mustafanı avtomatla vurmasını isə deputatın dini mövzuda səsləndirdiyi fikirlərlə əlaqələndirib. Onun sözlərinə görə, F.Mustafanın söylədiyi fikirlər onların dini inancına toxunduğundan, bu üzdən onu cəzalandırmaq qərarına gəliblər.

S.Şirinov məhkəmədə danışıb ki, öncə millət vəkilinin evinin ətrafında müşahidə aparıb, birinci dəfə yanında uşaq olduğuna görə ona yaxınlaşmayıb. Dediyinə görə, öncə onu bıçaqla yaralamaq niyyəti olub, amma sonradan fikrindən daşınıb. 

O, hadisə günündən danışarkən bildirib ki, deputata təxminən 20-25 metr məsafədən atəş açıb. Güllə atışını avtomat rejimə qoyduğundan, həmin vaxt neçə dəfə atəş açıldığını bilməyib 

“Hadisə yerinə bir neçə dəfə getmişəm, lakin Fazil Mustafanın yanında uşaq var idi. Evin yerini Elşad Əsgərov demişdi, silahı isə (7.62 mm-lik avtomat) Azər Səricanov vermişdi. Ora getməzdən qabaq silahın darağı dolu idi. Məqsədim onu qorxutmaq idi. 25-30 metr məsafədən Fazil Mustafaya təxminən 7 güllə atdım. Sərbəst və həyəcanlanmadan hadisə yerindən uzaqlaşdım” - deyə, bildirib.

Xüsusi Təyinatlı Qüvvələrin tərkibində kəşfiyyatçı kimi xidmət etdiyini, Aprel döyüşlərinin iştirakçısı olduğunu yada salan S.Şirinov deyir ki, sərrast güllə ata bilir. Ancaq F.Mustafanı öldürmək niyyəti olmadığından, ona ölümcül xəsarət yetirməyib: “Yoxlamaq istəyirsinizsə, bura maket gətirin, necə nişan ala bildiyimi görün. Onu öldürmək fikrim olsaydı, alnından vurardım".

S.Şirinovu hadisə yerinə gətirib-aparmış təqsirləndirilən E.Əhmədov da məhkəmədə dindirilib. O bildirib ki, əvvəllər neft şirkətində çalışıb, son dövrlərdə isə taksi fəaliyyətilə məşğulmuş. Elə S.Şirinovla da taksidə tanış olduqlarını deyir: “Söhbətləşəndə gördük ki, Fazil Mustafanın dini fikirlərilə bağlı məsələdə də həmrəyik. Onun dini fikirləri bizim üçün təhqir idi”.

E.Əhmədovun sözlərinə görə, 8 dəfə İrana gedib-gəlməyini ona qarşı ittihamın sübutu kimi təqdim edirlər: “Mən 5 dəfə də Rusiyaya gedib-gəlmişəm, bunun məsələyə nə dəxli var?”.

O, hadisə günü S.Şirinovu olay yerinə aparıb-gətirdiyini məhkəmədə təsdiqləyib. Əməlinə görə cəza çəkməyə hazır olduğunu da əlavə edib.

İttihama görə, deputata sui-qəsddə istifadə olunan odlu silah təqsirləndirilən şəxslərdən E.Əliyarovun evindən çıxıb. O, digər təqsirləndirilən A.Səricanovun 20 illik dostudur.

E.Əliyarov dostunun onun evinə çantada bağlama gətirib gizlətdiyini təsdiqləsə də deyir ki, bağlamanın içində silah olduğunu bilməyib: “Nə olduğunu soruşmadım, özü də demədi. Ancaq onu dedi ki, “sizdə qalsın”. Bir də evimizə polis gəlib silahı götürəndə bilmişəm ki, silah imiş. Amma həmin gün Azər narahat idi, səbəbini soruşanda cavab verdi ki, Fazil Mustafa hadisəsini biz eləmişik...”

F.Mustafa məhkəmə iclaslarına qatılmayıb. Təqsirləndirilən şəxslər və onların vəkilləri deputata sualları olduqlarını deyiblər.

Hakim bildirib ki, növbəti məhkəmə iclasına da F.Mustafa dəvət olunacaq. 

Bu hadisə ilə bağlı növbəti məhkəmə iclası martın 15-də keçiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 3 677          Tarix: 2-03-2024, 22:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma