Xəbər lenti


 

Azərbaycan dünya dövlətləri arasında özünün rasional xarici siyasəti ilə seçilən ölkələrdəndir və bu rasionallığı səciyyələndirən əsas amil odur ki, rəsmi Bakı ölkənin coğrafi yerləşməsini, geosiyasi mövqeyini, malik olduğu resursları, dəyişən regional və qlobal geosiyasi konyukturu nəzərə alaraq xarici siyasətini həyata keçirir. Və xarici siyasətdə müəyyən edilən yeni hədəflər da qeyd etdiyimiz rasionallığın çərçivəsini aşmır. 

 

Bütün bunlarla bərabər qeyd edək ki, son illərdə Azərbaycanın xarici siyasət prioritetlərinə yenidən nəzər salmağa vadar edən çox mühüm hadisələr baş verdi. Daha dəqiq desək, 2020-ci ilin payızında baş vermiş 44-günlük İkinci Qarabağ Müharibəsi (Vətən müharibəsi) Azərbaycanın xarici siyasətinə əhəmiyyətli dərəcədə təsir etdi. Münaqişə illərində Azərbaycan diplomatiyasının əsas qayəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin ədalətli həlli, ərazi bütövlüyünün bərpası idi. Uzun illər ərzində davam edən işğal ölkənin xarici siyasət gündəliyini məşğul etmiş, ölkənin potensialına uyğun daha fəal xarici siyasət həyata keçirməsinə maneələr yaratmışdır. Artıq münaqişənin həlli nəticəsində bu maneələr aradan qalxıb və Azərbaycan daha fəal, çoxşaxəli xarici siyasət yürütmək imkanı əldə edib

 

Post-münaqişə dövründə formalaşan yeni geosiyasi reallıqlara uyğun olaraq, rəsmi Bakı xarici siyasət strategiyasını yenidən şəkilləndirir. Azərbaycan regionda qalib dövlət və ərazi bütövlüyünü bərpa etmiş tərəf kimi mövqeyini möhkəmləndirərək beynəlxalq münasibətlər sistemində rolunu artırıb. Bu fikrin davamı olaraq qeyd edə bilərik ki, Azərbaycan son illərdə milli və regional çərçivədən çıxaraq qlobal məsələlərdə də daha fəal iştirak edir və beynəlxalq aləmdə “orta güc” (middle power) hesab olunan dövlətlər sırasına daxil olub. 

 

Yeni geosiyasi reallıqlar və fəal xarici siyasət 

 

İkinci Qarabağ Müharibəsinin zəfərlə yekunlaşması Azərbaycanın xarici siyasət gündəliyində köklü dəyişikliklərə yol açdı. Prezident İlham Əliyevin vurğuladığı kimi, “əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan–Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir”. Yeni mərhələdə Azərbaycan diplomatiyası regionda yaranmış geosiyasi vəziyyətə uyğun çevik addımlar atır, yaranan imkanlardan milli maraqlar naminə maksimum istifadə etməyə çalışır. 

 

Bölgədə yaranmış reallıqlardan biri Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin daha da güclənməsi, Cənubi Qafqazda güc nisbətinin Azərbaycanın xeyrinə dəyişməsidir. Azərbaycan və Türkiyə arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki ölkənin təhlükəsizlik və müttəfiqlik münasibətlərini ən yüksək mərhələyə çıxarıb. Bu əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, regionda ümumi sabitliyə təsir edən amil kimi də çıxış edir. 

 

Müharibədən sonra Cənubi Qafqazda kommunikasiyaların açılması perspektivi ortaya çıxıb. Beləliklə, post-münaqişə mərhələsində Azərbaycan regionda yeni nəqliyyat-kommunikasiya layihələrinin təşəbbüskarı qismində çıxış edərək həm iqtisadi dividendlər qazanmağa, həm də geosiyasi çəkisini artırmağa çalışır. 

 

Post-müharibə dövründə Azərbaycanın xarici siyasətində fəallıq və təşəbbüskarlıq xeyli artmışdır. Ölkəmiz regionun hüdudlarını aşaraq beynəlxalq miqyasda bir sıra təşəbbüslərlə çıxış edir. Məsələn, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə qlobal pandemiya ilə mübarizədə irəli sürdüyü təşəbbüslər, o cümlədən BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması təklifi ilə yadda qaldı. Son illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı çərçivəsində sülhə və bərabərliyə təhdid olan “neo-kolonializm” əleyhinə beynəlxalq müzakirələr başladıldı. Həmçinin, Azərbaycan iqlim dəyişikliyi, islamofobiya ilə mübarizə kimi qlobal xarakterli məsələləri də siyasi - diplomatik gündəliyinin ayrılmaz hissəsinə çevirib. Qeyd etmək yerinə düşər ki, rəsmi Bakı 2024-cü ildə COP29-a ev sahibliyi etmişdir. Bütün bunlar post-münaqişə mərhələsində Azərbaycanın daha proaktiv və çoxşaxəli xarici siyasət yürütməsinin nümunələridir. 

 

Xarici siyasətdə davamlılıq: milli maraqlar, çoxvektorlu balans və risklərin azaldılması 

 

İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə bir sıra yeni hədəflər ortaya çıxsa da, Azərbaycanın xarici siyasətinin xarakterini müəyyən edən əsas strateji xətt dəyişməz qalıb. Azərbaycan 1990-cı illərin ortalarından formalaşdırdığı milli maraqlara əsaslanan çoxvektorlu siyasəti davam etdirir. Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış diplomatiya kursu ötən onilliklərdə sınaqdan çıxaraq öz effektivliyini, faydalılığını təsdiq edib. Bu kursun əsasında Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün beynəlxalq münasibətlərdə strateji manevr imkanlarını geniş saxlamaq dayanır. Başqa sözlə, Bakı eyni anda bir neçə güc mərkəzi ilə qarşılıqlı faydalı əməkdaşlıq quraraq, hər hansı birinə həddən artıq asılı olmamağa çalışır. Belə çoxşaxəli siyasət, beynəlxalq münasibətlər nəzəriyyəsində “risklərin azaldılması” (strategic hedging) adlandırılan strategiyaya uyğundur. Belə ki, “risklərin azaldılması” strategiyası məhz çoxvektorlu xarici siyasət yürütməklə potensial itkilərin minimallaşdırılmasına xidmət edir və Azərbaycan diplomatiyası üçün xarakterik cəhətdir. 

 

Bu balans siyasətinin konkret təzahürləri ondan ibarətdir ki, Azərbaycan uzun illərdir heç bir hərbi-siyasi bloka qoşulmur, eyni zamanda müxtəlif güc mərkəzləri ilə tərəfdaşlıq münasibətlərini paralel inkişaf etdirir. Məsələn, ölkəmiz Rusiya ilə strateji tərəfdaş səviyyəsində əlaqələr saxladığı halda, NATO ilə də fəal əməkdaşlıq edir (sülhməramlı əməliyyatlarda iştirak, birgə hərbi təlimlər və s. vasitəsilə). Eynilə, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq qlobal neytrallıq prinsiplərinə sadiqliyini göstərir, bununla yanaşı, Avropa İttifaqı ilə enerji və ticarət sahələrində strateji əməkdaşlıq qurur. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi transmilli layihələr həm Qərb dövlətləri, həm də region ölkələri ilə qarşılıqlı asılılıq yaradaraq Azərbaycanın geostrateji mövqeyini gücləndirmişdir. Digər tərəfdən, Azərbaycan Türkiyə ilə müttəfiqlik, Pakistan, Çin ilə strateji tərəfdaşlıq, bir sıra ərəb ölkələri ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirməklə siyasi əlaqələr şəbəkəsini mümkün qədər çoxspektrli edir. 2023-cü ildə Qarabağ bölgəsinin tam reinteqrasiyasından sonra Bakı Ankara və Moskva ilə sıx münasibətlərini saxladığı kimi, eyni zamanda Pekin, Tehran, Brussel, Vaşinqton, Tel-Əviv və Ər-Riyadla da əlaqələri gücləndirməyə xüsusi önəm vermişdir. Beləliklə, çoxvektorlu siyasət Azərbaycanın müstəqilliyinin ilk illərindən formalaşmış strateji xətti kimi qalır və post-müharibə mərhələsində də ölkənin xarici siyasət qərarlarının ana xəttini təşkil edir. 

 

Daxili siyasi sabitliyin qorunması, milli təhlükəsizliyin təmin edilməsi və suverenliyin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin dəyişməz məqsədləridir. Bu məqsədlərə çatmaq üçün Bakı beynəlxalq arenada imkanları daxilində riskləri azaltmaq xəttini üstün tutur. Məsələn, Azərbaycan balans siyasəti çərçivəsində qonşu İranla münasibətlərində də həssas mövqe tutur: bir tərəfdən, ölkəmiz İranın ərazi bütövlüyünə hörmət etdiyini və onun daxili işlərinə qarışmadığını bəyan edir; digər tərəfdən, qonşu dövlətin Azərbaycana qarşı təhdidedici ritorikasına sərt diplomatik cavab verməklə suveren hüquqlarını qoruyur. Suveren hüquqların qorunması, qarşılıqlı hörmət və maraqların nəzərə alınması digər ölkələrlə də münasibətlərdə riayət olunan əsas prinsiplərdəndir. Bu cür həssas tarazlıq siyasəti bölgədə mümkün gərginlik risklərini minimuma endirməyə hesablanıb. Bütövlükdə, Azərbaycanın xarici siyasəti son 30 ildə dəyişməyən prinsiplərə - müstəqilliyin qorunması, milli maraqların təmin edilməsi, suverenliyə xələl gətirə biləcək avantüralardan yayınma, çoxtərəfli əməkdaşlıq və risklərin azaldılması prinsiplərinə - əsaslanır və yeni mərhələdə də bu xətt ardıcıllıqla davam etdirilir.

 

 Türk dünyasına inteqrasiya - Azərbaycan diplomatiyasının strateji hədəfi 

 

Azərbaycanın xarici siyasətində türk dünyasına inteqrasiya xüsusi önəm daşıyan strateji istiqamət kimi formalaşıb. Ölkəmiz müstəqilliyini əldə etdiyi ilk illərdən etibarən qardaş Türkiyə və Mərkəzi Asiyanın digər türkdilli respublikaları ilə yaxın siyasi, iqtisadi və mədəni əlaqələr qurmağa çalışmışdır. Bu strateji xətt nəticəsində son 20 il ərzində türk dövlətləri arasında çoxsaylı inteqrasiya yönümlü təşəbbüslər gerçəkləşib. 

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının - Türk Şurasının (indiki Türk Dövlətləri Təşkilatının - TDT) yaradılmasında Azərbaycan təsisçi dövlətlərdən biri kimi mühüm rol oynayıb. 2009-cu ildə Naxçıvanda imzalanan qurucu bəyannamə məhz Azərbaycanın dəstəyi ilə reallaşıb. Ötən illər ərzində Bakıda TürkPA (Türk Dövlətləri Parlament Assambleyası) və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahlarının yerləşdirilməsi Azərbaycanın türk birliyinə verdiyi önəmin göstəricisidir. Bu kimi addımlar ölkəmizin Türk dünyasının inteqrasiya prosesində fəal mövqe tutduğunu sübut edir. 

 

2020-ci ildə Qarabağ zəfəri qazanıldıqdan sonra türk dövlətləri ilə həmrəyliyimiz daha da gücləndi. Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar Mərkəzi Asiya ilə əlaqələrin daha da dərinləşməsi üçün ciddi zəmin formalaşdırdı. Xüsusilə Zəngəzur dəhlizinin perspektivdə açılması Türkiyə, Azərbaycan və Orta Asiya ölkələri arasında birbaşa nəqliyyat əlaqələri quraraq Türk dünyasının inteqrasiyasına ciddi töhvələr verəcək. Bu imkanlar fonunda TDT-nin əhatə dairəsi təkcə iqtisadi, mədəni-humanitar müstəvidə deyil, eyni zamanda siyasi və hərbi sahədə də genişlənir. Hətta çox da uzaq olmayan perspektivdə Türk Dövlətləri Təşkilatı birgə təhlükəsizlik sistemi üçün platforma rolu da oynaya bilər. 

 

Rəsmi Bakı açıq şəkildə bəyan edir ki, Türk dünyası ilə inteqrasiya ölkəmizin xarici siyasətində aparıcı yer tutur. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, “bizim ailəmiz Türk dünyasıdır”. Dövlət başçısı vurğulamışdır ki, Azərbaycanın siyasəti Türk Dövlətləri Təşkilatını gücləndirməkdir və bu Təşkilatın qlobal miqyasda önəmli bir güc mərkəzinə çevrilməsi üçün ortaq səylər göstərmək lazımdır. Prezident İlham Əliyevin sözlərinə görə, geniş coğrafiyanı, böyük iqtisadi və hərbi potensialı, zəngin təbii sərvətləri və gənc əhalini birləşdirən Türk Dövlətləri Təşkilatı birlikdə hərəkət edəcəyi təqdirdə qlobal arenada mühüm aktora çevrilə bilər. Bu strateji vizyon Azərbaycanın xarici siyasət hədəflərinin mərkəzində türk dünyası ilə bütün sahələrdə inteqrasiyanın dayandığını göstərir. 

 

Azərbaycanın türk dünyasına inteqrasiya siyasətinin ideoloji və praktiki əsasları da möhkəmdir. Müstəqilliyin ilk illərində milli özünüdərk prosesinin güclənməsi, türk köklərinə qayıdış meylləri ölkəmizi TÜRKSOY, Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə görüşləri kimi təşəbbüslərdə ön sıraya çıxardı. Bu platformalar Azərbaycanın “yumşaq güc”ünü (soft power) xaricdə proyeksiya etməsi üçün vacib tribuna oldu. Siyasi-strateji aspektdən isə Azərbaycan coğrafi və mədəni baxımdan Türkiyə ilə Orta Asiya arasında körpü rolunu oynadığını qəbul edir və özünü həm Avropa, həm İslam, həm də Türk dünyasının bir parçası kimi təqdim edir. Bu unikallıq sayəsində Azərbaycan müxtəlif inteqrasiya layihələrində - Avropa İttifaqı proqramlarından tutmuş İƏT (Ekonomik Əməkdaşlıq Təşkilatı) və TDT-yə qədər - rahatlıqla iştirak edir. Bütün bunlar Azərbaycanın çoxvektorlu siyasətini dəstəkləsə də, türk dövlətləri ilə strateji yaxınlıq xüsusi əhəmiyyət daşıyır. 

 

Nəticədə, hazırda Azərbaycanın xarici siyasət strategiyasında Türk Dövlətləri Təşkilatı xətti prioritet istiqamətlərdən biri kimi müəyyənləşib. Ölkəmiz TDT çərçivəsində ticarət, nəqliyyat, enerji, mədəniyyət, təhlükəsizlik sahələrində ortaq layihələrin reallaşmasına çalışır. Məsələn, Transxəzər Beynəlxalq Orta Dəhliz layihəsi üzrə Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq gücləndirilir ki, bu da bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyasına xidmət edir. Eyni zamanda, Türk İnvestisiya Fondunun yaradılması, vahid logistik şəbəkənin formalaşdırılması kimi təşəbbüslərdə Bakının fəal rolu gözə çarpır. Bütün bunlar onu göstərir ki, Azərbaycan üçün türk dünyasına inteqrasiya təkcə mədəni-mənəvi bağlılıq məsələsi deyil, eyni zamanda geosiyasi və geoiqtisadi yüksəliş strategiyasının tərkib hissəsidir.

 

Orta güc kimi çıxış və beynəlxalq arenada artan rol 

 

Son illərdə Azərbaycan beynəlxalq siyasətdə “orta güc” kateqoriyasına aid edilən ölkələrdən hesab edilir. Orta güc anlayışı adətən regional səviyyədə ciddi nüfuza malik, regional, qlobal məsələlərin həllinə töhfə verə bilən, lakin supergüc olmayan dövlətlərə aid edilir. BMT tribunasından səslənən təşəbbüslər, Qoşulmama Hərəkatına sədrlik, Türk və İslam dünyasında birləşdirici mövqe - bütün bunlar Azərbaycanın artan orta güc rolunun əlamətləridir. Ölkəmiz həm regionda güc mərkəzi kimi çıxış edir, həm də müxtəlif qütblər arasında dialoq platformalarına ev sahibliyi etməklə qlobal səviyyədə moderator (fasilitator) imicini möhkəmləndirir. 

 

Ayrıca qeyd etmək lazımdır ki, Azərbaycanın “orta güc” statusuna iddiası təkcə siyasi-diplomatik fəallıqla məhdudlaşmır, eyni zamanda iqtisadi və enerji gücünə əsaslanır. Ölkəmiz zəngin karbohidrogen ehtiyatlarına sahibdir və son dövrlərdə Avropanın enerji təhlükəsizliyində rolu artmaqdadır. Xüsusilə, Rusiya –Ukrayna müharibəsi fonunda Avropanın enerji təchizatını şaxələndirməyə çalışdığı bir vaxtda Azərbaycan etibarlı qaz təchizatçısı kimi strateji önəm qazanıb. 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında imzalanmış enerji anlaşması Avropaya qaz ixracımızı 2027-ci ilədək iki dəfə artırmağı nəzərdə tutur. Bu, Azərbaycanın iqtisadi gücünü siyasi nüfuza çevirməsi üçün əlverişli zəmin yaradır. Eyni zamanda, Çin ilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində fəal əməkdaşlıq qurulur. 2025-ci ildə Prezident İlham Əliyevin Pekinə dövlət səfəri zamanı Azərbaycan-Çin əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldı. Hazırda Bakı üçün Orta Dəhlizin inkişafı prioritet istiqamətlərdən biridir və Çin də Azərbaycanı Cənubi Qafqazda etibarlı tərəfdaş, Qara dəniz regionuna çıxış qapısı kimi görür. Bu baxımdan, Azərbaycan Avrasiya məkanında həm Qərb (Avropa İttifaqı), həm də Şərq (Çin, Mərkəzi Asiya) üçün önəmli əlaqələndirici həlqəyə çevrilir ki, bu da onun orta güc mövqeyini gücləndirir. 

 

Diplomatik müstəvidə isə Azərbaycan bir sıra vasitəçilik təşəbbüsləri ilə fərqlənir. Son zamanlar Azərbaycan Türkiyə və İsrail rəsmilərinin gizli danışıqlarına, Suriya və İsrail nümayəndələrinin, həmçinin, digər qarşı duran dövlətlərin təmsilçilərinin görüşlərinə ev sahibliyi edib. Bu cəsarətli diplomatik addımlar göstərir ki, ölkəmiz artıq öz regionunda vasitəçi və dialoq qurucusu kimi çıxış etməkdən çəkinmir. Bəzi xarici təhlilçilərin təbirincə desək, Azərbaycanın son aylardakı “diplomatik çabaları” onun bölgədə artan əhəmiyyətini nümayiş etdirməklə yanaşı, Bakının özünü çevik və bacarıqlı bir orta güc kimi mövqeləndirmək səylərindən xəbər verir. Yəni, Azərbaycan həm yaxın qonşuluğunda təsir göstərə bilən, həm də rəqib qlobal güclərlə eyni zamanda tərəfdaşlıq etməyi bacaran bir ölkə imicini formalaşdırır.

 

Orta güc olaraq Azərbaycanın çoxşaxəli diplomatiyası, təkcə öz milli maraqlarını təmin etmək üçün deyil, eyni zamanda daha ədalətli və çoxtərəfli dünya düzəninin təşəkkülünə töhfə vermək məqsədi də daşıyır. Məsələn, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi inkişaf etməkdə olan ölkələrin hüquqlarını beynəlxalq arenada müdafiə edir. Eyni zamanda, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında fəal üzv kimi islamofobiyaya qarşı beynəlxalq kampaniyalara liderlik edir. Türk Dövlətləri Təşkilatında da ölkəmiz bir növ lokomotiv rolunu oynayaraq, üzv dövlətlərin ortaq maraqlarının müdafiəsində təşəbbüskar mövqe tutur. Bütün bu çoxşaxəli aktivlik sayəsində Azərbaycanın qlobal miqyasda nüfuzu artır. Yəni, Azərbaycan müharibədən qalib çıxmaqla əldə etdiyi siyasi kapitalı səmərəli istifadə etməklə, özünü regionun lider dövləti və beynəlxalq arenada orta güc kimi təsdiqləməkdədir. 

 

Nəticə 

 

İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan xarici siyasətində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu yeni dövrdə ölkəmiz illərlə həllini gözləyən münaqişənin aradan qalxması ilə əldə etdiyi strateji manevr azadlığından maksimum yararlanaraq, daha fəal, təşəbbüskar və çoxşaxəli diplomatiya həyata keçirir. Lakin xarici siyasətin əsas meyarları dəyişməz olaraq qalır - milli maraqların qətiyyətlə qorunması, müstəqilliyin təminatı, balanslaşdırılmış çoxvektorlu xəttin davam etdirilməsi və risklərin minimuma endirilməsi

 

Post-münaqişə reallıqları kontekstində Azərbaycan yeni hədəflərə yönəlmiş strateji prioritetlərini müəyyənləşdirib. Bu prioritetlərdən ən mühümlərindən biri türk dünyası ilə inteqrasiyanın dərinləşdirilməsidir. Bununla yanaşı, Azərbaycan İslam əməkdaşlığı platformasında və Qoşulmama Hərəkatında da fəal iştirakı davam etdirməklə özünü fərqli sivilizasiyaları və qlobal cənubu birləşdirən körpü kimi aparır. Azərbaycan eyni zamanda Orta Dəhliz, enerji kəmərləri və tranzit kommunikasiyaları vasitəsilə beynəlxalq sistemdə özünün strateji əhəmiyyətini artırır

 

Beləliklə, Azərbaycan artıq təkcə Cənubi Qafqaz regionunun çərçivəsi ilə məhdudlaşmayan, daha geniş coğrafiyada maraqları olan və qlobal gündəmin mühüm məsələlərinə münasibət bildirən bir dövlət kimi çıxış edir. Orta güc statusuna uyğun şəkildə, Bakı böyük güclərlə münasibətlərində müstəqil və çoxtərəfli xətt yürüdür, heç bir siyasi blokdan asılı olmadan milli maraqlarını təmin edir. İkinci Qarabağ Müharibəsindən sonra formalaşan geosiyasi reallıqlar Azərbaycanın bu statusunu möhkəmləndirmək üçün əlverişli zəmin yaradıb. Hazırda beynəlxalq müşahidəçilər Azərbaycanın bölgədə və qlobal miqyasda yüksələn rolunu xüsusi qeyd edir, onun çevik xarici siyasətini regional sabitlik və əməkdaşlıq üçün həlledici faktor kimi dəyərləndirirlər. Nəticə etibarilə, Azərbaycan yeni hədəflər kontekstində xarici siyasət strategiyasını ardıcıl şəkildə həyata keçirərək həm milli maraqlarını qorumaqda, həm də yerləşdiyi region da daxil olmaqla daha geniş coğrafiyada sülh, əməkdaşlıq və inteqrasiya gündəliyini təşviq etməkdə uğur qazanır. 

 

Müəllif: Mətin Məmmədli, 

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi




Ana səhifəyə qayıt        Baxış: 3 516          Tarix: Bu gün, 11:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma