Ukrayna əlavə səfərbərlik həyata keçirməlidir.
Ovqat.com-un məlumatına görə, bunu NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer Kiyev Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.
Generalın sözlərinə görə, müharibəni lazımi səviyyədə həyata keçirmək üçün Ukraynaya təkcə silah deyil, həm də insanlar lazımdır.
"Sizə təkcə qumbara yox, ölənləri və yaralıları əvəz edəcək insanlar lazımdır. Bu isə səfərbərlik deməkdir. Mən insanları liberal demokratiyaya inandırmağın nə qədər çətin olduğunu başa düşürəm. Amma görürəm ki, bu düşüncə getdikcə dəyişir", - Bauer çıxışında vurğulayıb.
Bauer cəmiyyəti Ukraynanın müharibədə qalib gəlmək qabiliyyəti barədə pessimist olmamağa çağırıb və Kiyevə davamlı dəstəyin veriləcəyini qeyd edib. O əlavə edib ki, pessimistlər müharibələrdə qalib gəlmir.
“Əgər dünya 2023-cü ildə həddindən artıq optimist idisə, biz 2024-cü ildə həddən artıq pessimist olmaq kimi səhvə yol verməməliyik”, - NATO Hərbi Komitəsinin sədri deyib.
Bauerin fikrincə, faktlara nəzər salsaq, Ukraynanın Rusiya Federasiyası ilə müharibədə uğur qazanmağa qadir olduğunu söyləmək üçün bütün əsaslar var.
"Sizə lazım olan yeganə şey bizim köməyimizdir. NATO və dünyanın bir çox başqa ölkələri Ukraynaya misli görünməmiş səviyyədə dəstək verir və bu, həqiqətən də dəyişiklik yaradıb. Lakin Ukraynanın daha da çox dəstəyə ehtiyacı var", - deyən generalın sözlərinə görə, ukraynalı müdafiəçilər müasir müharibənin bir çox aspektlərini kökündən dəyişiblər: "Birinci Dünya Müharibəsi səngərləri və artilleriya zərbələrinin 21-ci əsrin pilotsuz təyyarələri və süni intellektlə kombinasiyası ilə qarşılaşaraq, siz tez uyğunlaşdınız və müqavimət göstərdiniz. Siz sovet texnologiyasının müasir Qərb silahları ilə birləşməsindən istifadə edərək yeniliklərə öncülük edirsiniz".
Qeyd edək ki, NATO Hərbi Komitəsinin sədri bu sözləri Ukraynanın bəzi rəsmilərinə verilmiş cavab kimi başa düşülüb. Belə ki, bundan Ukrayna Baş naziri Denis Şmıqal yarım milyon ukraynalının səfərbər olunması zərurətini şübhə altına almışdı. Onun sözlərinə görə, indi buna ehtiyac yoxdur.
“Artilleriya mərmiləri, uzun və orta mənzilli raketlər üzrə tərəfdaşlarımız tərəfindən dəstək olarsa, mübarizəni davam etdirəcəyik”, - Şmiqal Bloomberg-ə müsahibəsində demişdi.
Həmçinin, Dəniz Təhlili Mərkəzinin baş əməkdaşı Maykl Kofman bildirmişdi ki, ukraynalıların əksəriyyəti “səfərbərliyin indi birtərəfli bilet olduğuna” inanır. Onun sözlərinə görə, belə fikirlər üzündən Ukraynanın gələcəyi onu daha çox narahat etməyə başlayır.
“İndi Ukraynada səfərbər olunsanız və orduya çağırılırsınızsa, bu, bir çox cəhətdən birtərəfli biletdir, xüsusən də piyada qüvvələrinə gedirsinizsə. İtkilərin təxminən 70%-i, bir qayda olaraq, piyada qüvvələrində baş verir. Və yeganə “çıxış yolu” döyüş zamanı həlak olmağınız və ya yaralanmağınızdır”, - Kofman söyləmişdi.
Paylaş: