Xəbər lenti

Sülhəddin Əkbər: "Bu savaşda kimin resursu çoxdursa, o da qalib gələcək. Mən burada ABŞ başda olmaqla kollektiv Qərbin qalib gələcəyini düşünürəm"

"Putinin geopolitik məqsədi imperiyanı yeni şərait və şərtlərə uyğun bərpa etmək, yeni dünya düzənində imperiyaya uyğun yerini almaqdır"

Ukrayna Rusiyanın hərbi təcavüzü qarşısında müqavimət göstərir, tab gətirir. Putinin paytaxt Kiyevi almaq və Zelenski hökumətini devirmək cəhdləri hələlik baş tutmur. Əksinə, Ukrayna ordusu ruslara sarsıdıcı zərbələr vurmağı, onları dayandırmağı bacarır. Bununla paralel olaraq Rusiyanın dünya iqtisadi sistemindən təcrid edilməsi davam edir, Moskva getdikcə təklənir. Ukrayna müharibəsinin nə ilə nəticələnəcəyi qəti bilinməsə də, artıq dünyada Anti-Putin koalisiyasının formalaşması müşahidə olunmaqdadır.

“AzPolitika.info” mövzunu Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbərlə müzakirə edib.

Onunla müsahibəni təqdim edirik:

- Sülhəddin bəy, Qərb kəşfiyyatı günlərdir rəsmi Kiyevə və dünyaya “Putin Ukraynanın işğalına başlayacaq” deyə xəbərdarlıq edirdi. Amma zamanla bu xəbərdarlıqlar qeyri-ciddi təsir bağışlamağa başladı. Nəhayət, Putin Rusiyası Ukraynaya hərbi təcavüz etdi. Son durumu necə qiymətləndirirsiniz?

- Yalançının evi yandı, heç kim inanmadı, məsəli var. Qərb kəşfiyyatının uğursuzluğu və ya məqsədyönlü hərəkəti olduğu üçün beynəlxalq ictimai rəydə fərqli fikir yaranmışdı. Amma indi belə məlum olur ki, ABŞ kəşfiyyatının hələ ötən ilin iyun ayından Rusiyanın bütün planları haqqında məlumatı olub və bu məlumatlar əksər ölkələrlə bölüşülüb. Yəni ABŞ və böyük dövlətlər, hətta dost Türkiyəyə bu məlumatlar verilib. Çinin də informasiyası olub. Ona görə də hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini bir sıra aparıcı dövlətlər bilirdi.

Nəhayətdə Ukraynaya hərbi təcavüz edildi. Rusiya 2008-ci ildə Çin olimpiadası zamanı Gürcüstana hücumunu nəzərə alaraq, bu dəfə nəticə çıxardı. Zamanında Gürcüstana Çində keçirilən olimpiada oyunları zamanı hücum etmişdi. Amma 2008-ci illə müqayisədə indi Çin daha da güclənib, nüfuzu artıb. Həm də Çin-Rusiya münasibətlərinin xarakteri dəyişib. Yəni hərbi və diplomatik baxımından, eləcə də qlobal təhlükəsizlik baxımından Moskva Pekinin üstünlüyünü qəbul edib. Bu səbəbdən də Ukraynaya təcavüzün tarixi Pekin olimpiadasından sonraya təsadüf edib.

Əslində mən hesab edirəm ki, Ukraynaya təcavüzün tarixi 2022-ci ilin 21 fevralından götürülməlidir. Dəfələrlə qeyd etmişəm ki, indi müharibələr strateji xarakter alıb və biz heç də müharibənin düşündüyümüz formada başlayacağını gözləməməliyik.

Birincisi, müharibə siyasi-diplomatik cəbhədə başladı. İki qondarma respublikanın müstəqilliyinin tanınması, onlarla müqavilələrin bağlanması, ardınca Putinə hərbi qüvvələri xaricə göndərilməsinə dair səlahiyyət verilməsi ilə. Fevralın 23-də Rusiyada ordu və donanma günüdür. Fevralın 24-ü, səhər saat 05:00-da hücum əmri verildi. Çində olimpiada yarışları fevralın 20-sində bitdi, 21-də Putin siyasi baxımdan müharibəyə başladı. Ona görə strateji baxımdan müharibənin başlamasını fevralın 21-dən, qondarma respublikaların tanınmasından götürülməsini doğru sayıram. Amma klassik mənada müharibənin - sərt hərbi gücdən istifadənin fevralın 24-ü, səhər saat 05:00-dan başlandığını deyə bilərik.

- Prezident Putinin hədəfi Ukraynadır, bəs məqsədi nədir?

- Putinin geopolitik məqsədi imperiyanı yeni şərait və şərtlərə uyğun bərpa etmək, yeni dünya düzənində imperiyaya uyğun yerini almaqdır. Ukraynaya yönəlik məqsədi isə demokratik yolla seçilən hakimiyyəti devirərək oyuncaq hakimiyyət qurmaqla, Ukraynanı öz təsir sferasına qaytarmaqdır. Çünki Ukraynanı öz təsir sferasına qaytarmadan imperiyanı qurmaq mümkün deyil. Bütün Ukraynanı bir kənara qoysaq belə, imperiyanın tarixi legitimliyi baxımından Ukrayna vazkeçilməzdir. Ukrayna yoxdursa, hansısa rus imperiyasından danışmaq doğru deyil. Çünki imperiyanın tarixi legitimlik mənbəyi məhz Kiyev Rus Dövlətidir.

Qısası, Putinin geopolitik məqsədi imperiyanı bərpa etməkdir. Ukrayna ilə bağlı məqsədi də Kiyevdə demokratik yolla seçilən hakimiyyəti devirməklə oyuncaq rejim qurmaq və buranı Rusiyanın təsir sferasına qaytarmaqdır. Artıq Belarus və Qazaxıstan hazırdır. Böyük respublikalardan Ukrayna qalır. Digər respublikalardan danışmaz isə yersizdir.

- Belə görünür ki, 150 minlik rus ordusu Ukrayna ərazisinə daxil olub, Kiyevə desantlar çıxara bilirlər. Nəticələri necə görürsünüz?

- Mən insanlara məsləhət görərdim ki, Ukrayna rəsmi mənbələrinin informasiyasını əsas götürsünlər. Çünki nə məlumatları şişirtmək, nə də təhrif etmək Ukrayna mətbuatının maraqlarına uyğun deyil. Nəzərə alın ki, məlumatları şişirtdikdə öz xalqı panika və qorxuya düşür, təhrif etdikdə isə xaricdən yardım ala bilmir. Bu baxımdan Ukrayna hakimiyyət orqanları çalışırlar ki, maksimum obyektivliyi qorusunlar. Rus ordusunun Ukrayna dərinliklərinə irəliləməsi haqda məlumatlara gəldikdə, mən bunu doğru saymazdım. Ukrayna rəsmi məlumatlarını izlədikdə görərik ki, yeganə narahatlıq yaradan məqam Kiyev istiqamətidir. Nəzərə almaq lazımdır ki, Kiyev Ukraynanın strateji dərinliyində deyil. Belarus ərazisindən istifadəni nəzərə aldıqda Kiyev yaxındır. Bu baxımdan Belarus ərazisindən istifadə Putin üçün strateji məna kəsb edir. Lukaşenkonun sanksiyalara cəlb edilməsi və cəza masasına qoyulması məhz bununla bağlıdır. Yəni hərbi anlamda rusların strateji dərinliyə irəliləməsi yanlış fikirdir.

- Faktiki olaraq rus desantçılar Kiyevdən 20 kilometr aralıda yerləşən Qostomel hava bazasındadır və bu Kiyev hökuməti üçün ən böyük təhdiddir...

- Deyirəm ki, Kiyevin özü Ukraynanın strateji dərinliyində deyil , Belarus sərhədinə yaxındır. Yeri gəlmişkən, mən daima deyirdim ki, Azərbaycan xüsusi əməliyyat qüvvələri hazırlamalıdır. Çünki gələcək müharibələrdə əməliyyat qüvvələrinin önəmi artacaq. Xüsusi təyinatlı qüvvələri demirəm, xüsusi əməliyyat qüvvələrini nəzərdə tuturam. Bu qüvvələr kəşfiyyat, əks-kəşfiyyat və hərbi işi bilirlər. Məncə, Rusiya gördü ki, klassik yolla hücumlar alınmır, başladı xüsusi əməliyyat qüvvələrinə üstünlük verməyə. Burada da iki istiqaməti görürük.

Birincisi, kəşfiyyat-təxribat qruplarından istifadə, ikincisi, hava-dəniz desantından istifadə.

- Hazırda ukraynalılar ən ağır şərtlər altında döyüşür, rus işğalına müqavimət göstərir. Bu savaşın nəticələrinə dair proqnozunuz varmı?

- Əvvəla, onu deyim ki, müharibə uzanacaq. Bu strateji məqsədi olan geopolitik savaşdır. Savaş uzunmüddətli olacaq, tükəndirməyə hesablanacaq. Bu savaşda kimin resursu çoxdursa, o da qalib gələcək. Mən burada ABŞ başda olmaqla kollektiv Qərbin qalib gələcəyini düşünürəm. Bu, çoxtərəfli və zamana yayılan savaş olacaq. Burada həm siyasi, həm diplomatik, iqtisadi, sosial, informasiya, psixoloji mübarizə olacaq, savaş cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edəcək. Burada bir sıra istiqamətdə dərinliklər də olacaq. Məsələn, dini dərinlik olacaq. Qərbi və Şərqi Ukrayna olmaqla provaslav və ortodoks Ukrayna, qərb və şərq yönümlü Ukrayna var, sosial-mədəni baxımından fərqlilik var. Bu baxımdan Ukraynanın bölünməsi ehtimalı var. Mən, dini, sosial-mədəni, fiziki-coğrafi baxımdan deyirəm.

Bu baxımdan birinci hədəf Ukraynanın dənizə çıxışını kəsməkdir. Putin bilir ki, qarşı tərəfin məqsədi savaşı uzatmaqdır. Bu baxımdan ən qısa müddətdə savaşı bitirmək istəyirdi. Bunun üçün dənizdən çıxışın qarşısını almaq, yəni yardımın qarşısını almaq, Kiyevi mühasirəyə alaraq mövcud hakimiyyəti devirmək idi. Hələlik “ildırım sürətli müharibə” planı baş tutmur. Bunu ötən gün NATO-nun baş katibinin, bu gün isə Pentaqonun açıqlamasından görürük. NATO Ukrayna xalqı və ordusunun müqavimət göstərib-göstərməyəcəyini gözləyəcək. Əgər ordu və xalq müqavimət göstərəcəksə, yardım da artacaq. Və bu zaman müharibə başqa fazaya keçəcək, daha qanlı və amansız olacaq. Bir sözlə, savaş uzanacaq, daha uzunmüddətli və qanlı olacaq. Əlbəttə, böyük güclərin diplomatik səyləri də var, hər an vəziyyət dəyişə də bilər. Fransa Prezidentinin son açıqlamasını da nəzərə alsaq, görünən odur ki, ciddi dövlətlər uzunmüddətli strateji savaşa hazırlaşırlar.

Onu da qeyd edim ki, savaşın ilkin hərbi nəticələri Ukraynanın xeyrinədir. Ukraynaya hərbi yardım baxımından NATO ikinci fazaya keçdi. Daha modern və ölümcül silahlar verməyə başlayacaq. Ukraynaya həm kəşfiyyat, həm hərbi, həm də hərfi-texniki yardım artacaq. Bunu biz, Zelenskinin Prezident Ərdoğana təşəkküründən də gördük.

- Putinin məqsədi Kiyevi götürməkdir. Mümkündürmü?

- Putin bunu gizlətmir, hətta Ukrayna generallarına mesaj göndərir ki, hakimiyyəti devirin, sizinlə danışmaq daha asandır.

Amma mən hərbçi deyiləm. Mənim ehtimalım belədir ki, yaxın 2-3 gündə Kiyevi götürmək mümkün olmayacaq. Başqa sözlə, Kiyev yaxın 2-3 gündə dayanmalı, nəyin bahasına olursa-olsun qorunmalıdır. Bu baxımdan Kiyev üçün qarşıdakı günlər olduqca kritikdir. Məncə, NATO, onun xüsusi qüvvələri Kiyevə kömək edə bilərlər. Çünki bu gizli savaşdır, bayraq göstərmədən müharibə gedir. İstəsələr Kiyevə yardım göstərə bilərlər. Xüsusilə, təxribat, kəşfiyyat sahəsində. Eləcə də Rusiya hərbi kəşfiyyatının təxribatçı qruplarının zərərsizləşdirilməsi istiqamətində. Həm kəşfiyyat- informasiya, həm də kəşfiyyat-əməliyyat sahəsində dəstək verilə bilər. Əslində indi Kiyevin daxilində kəşfiyyat savaşı gedir. Ukraynaya kəşfiyyat sahəsində gizli dəstək verilə bilər və mənə elə gəlir ki, veriləcək də.

- Sizcə, hazırda verilmir?

- Zelenskinin əhval-ruhiyyəsini nəzərə alsaq, deyəsən verilir.

- Ukraynaya nümayişkəranə hərbi təcavüz Rusiya hökumətinin vahid mövqeyidir, yoxsa Putinin?

- Sözsüz ki, burada Putin və ona sadiq olan Müdafiə Nazirliyi, Baş Qərargah, Baş Hərbi Kəşfiyyat İdarəsi aparıcı rol oynayır. Neçəki Putin güclüdür, hələlik ciddi uğursuzluq olmayıb, komanda daxilində fərqli fikirlər olsa da, birliyi qoruyub saxlayacaq. Amma ciddi bir uğursuzluq olsa, biz əvvəlcə gizli, sonra açıq səsləri eşitməyə başlayacağıq. Birbaşa olmasa da, onlara bağlı qüvvələrin təsiri ilə bunu hiss edəcəyik. Məsələn, 1800-dən çox mədəniyyət və incəsənət xadiminin müraciəti, 55 şəhərdə anti-müharibə çıxışları ciddi siqnallardır.

- “Facebook”-un Azərbaycan seqmentində Qərbin Ukraynanı qızışdıraraq Rusiyanın qabağına itələdiyi, sonra meydanda tək qoyduğu haqda ciddi tənqidlər səsləndirilir. Bu nə dərəcədə həqiqətdir?

- Doğru olan budur ki, Qərb 2008-ci ildə strateji səhvə yol verdi. Həmin ilin fevralında Kosovanı tanıdıqları və Rusiyanı və onun maraqlarını tapdadıqları halda, həmin ilin aprelində keçirilən Buxarest sammitində Gürcüstan və Ukraynaya yaşıl işıq yandırmadılar. Rusiya da 2008-ci ilin avqustunda Gürcüstana hücum etməklə əvəzini çıxdı, cavab verdi. Bu ciddi strateji səhv idi.

İkinci ciddi strateji səhv 2008-ci ilin 8 avqustunda Rusiya Gürcüstana müdaxilə edəndə lazımı cavabın verilməməsi oldu.

Üçüncü strateji səhv - 2014-cü ildə Krım və Donbasın işğal-ilhaqı zamanı lazımı cavab olmadı. Bu üçünün strateji səhv olduğunu mən də isbat edirəm.

Bu gün Ukraynanın qızışdırılmasına gəldikdə, hələ ötən ilin iyun ayından Rusiyanın davranışlarına dair kəşfiyyat məlumatları var idi, bu Ukrayna rəhbərliyinə də çatdırılmış, digər tərəfdaşlara məlumat verilmişdi. Hətta Pekinə belə çatdırılmışdı ki, tərəfdaşı Rusiya ilə danışsın, ona ağlını başına yığmasını tövsiyə etsin. Çünki bu qorxunc strateji xəta olar. Yəni bu Ukrayna rəhbərliyi üçün görünməz və gözlənilməz məsələ deyildi. Əksinə, Ukrayna rəhbərliyi Qərbi ittiham edirdi ki, siz məsələni şişirdir və panika yaradırsınız. Kiyevdə düşünürdülər ki, Ukraynaya hücum gözlənilmir. Bu mənada tənqid də ədalətli olmalıdır.

Bu günə gələndə, Qərbin strateji səhvi yoxdur. Üstəlik, birbaşa elan olunurdu ki, Ukrayna müharibəsinə birbaşa hərbi müdaxilə və dəstək olmayacaq. Amma Ukraynanın hərbi cəhətdən gücləndirilməsinə dəstək veriləcək. Hazırda Ukraynaya maliyyə dəstəyi, iqtisadi dəstək, hərbi-texniki, müşavir dəstəyi verilir. Üstəlik, öldürücü silahlar da verilir. Zamanla, Ukrayna dirəndikcə bu dəstək artacaq. Bir sözlə, Ukrayna rəhbərliyi aldanılmayıb.

- Ukrayna bu savaşa hazır idimi?

- Ukrayna hərbi qüvvələri hazırlıq keçib. NATO-nun Ukrayna ilə birlikdə “Ukrayna- 2020” hazırlıq planı olub. 2018-ci ildə Ukrayna Müdafiə Nazirliyinin hazırlığı başa çatıb, 2020-ci ildə də Ukrayna Silahlı Qüvvələrinin. Ukraynada 400 minlik silahlı qüvvə hazırlanıb. Bunun 200 mini aktiv, 150 mini də rezervdir. Mən hələ xüsusi əməliyyat qüvvələrindən danışmıram. Bugünkü müqaviməti göstərən də hazırlanan qüvvələrdir.

- Rusiyaya ölümcül sanksiyalar tətbiq edilib. Putini dayandırmaq mümkündürmü?

- Mən 1992-ci ildə milli təhlükəsizlik nazirinin müavini olanda bizə siyasi kəşfiyyat materialı daxil olmuşdu. Əgər 1992-ci ildə Azərbaycan kəşfiyyatı Rusiyanın geopolitik maraqları, imperiyanı imkan yaranan kimi bərpa edəcəyini bilirdisə, deməli bunu əksər dövlətlər bilirdi. Odur ki, heç kim dəvəquşu kimi başını quma soxub deməsin ki, heç nədən məlumatım yoxdur.

Rusiyanın indiki dərin dövləti, hərbi-siyasi elitası belə düşünür ki, yeni dünya düzəni qurulur və burada oyunçu olmaq lazımdır. Böyük oyunçu olmaq üçün də imperiya olmaq lazımdır. Ona görə də imperiyanı bərpa etmək istəyirlər. Bu il həm də SSRİ-nin yaranmasının 100 illiyidir. Yəni bu uzunmüddətli strateji plandır, hər iki tərəf buna hazırlanıb. Və hər iki tərəf bilirdi ki, bu strateji toqquşmadan yayınmaq mümkün deyildi. Bir il tez, bir il gec, bu toqquşma olacaqdı. Biz zamanında oxucularımıza deyirdik ki, 2021-ci ildən Rusiya məsələsi beynəlxalq gündəmə gələcək. Əgər bunu bir partiya sədri bilirsə, aparıcı ölkələrin kəşfiyyatları dünəndən bilir.

- Putini dayandırmaq mümkündürmü?...

- Rusiyanın dərin dövlətini və qərarvericiləri dayandırmağın bir yolu var. O da bu gün Ukraynada uğursuzluğudur. Bu baxımdan Boris Conson haqlı olaraq deyir ki, Rusiya heç bir sahədə - nə siyasi, nə diplomatik, nə iqtisadi, nə də hərbi sahədə uğur qazanmamalıdır, ona belə imkanı vermək olmaz. İlk uğursuzluqdan Putin və komandası çətinə düşəcək. Üstəlik, sanksiyaların təsiri üçün müəyyən zaman da lazımdır.

- Rusiyanın 650 milyard dollar pul ehtiyatı, 150 tondan çox qızıl ehtiyatı var...

- Bəli, hazırlıqları var, strateji savaşa hazırlaşıblar. Bu səbəbdən də deyirəm ki, Rusiyaya gözlə görünən uğursuzluğu lazımdır. Yəqin ki, Qərb strateqləri bunu nəzərə alırlar. Birinci uğursuzluq görünməyə başlayır. İki-üç gün ərzində də Putin istədiyi nəticəni almasa, bu o deməkdir ki, “ildırımsürətli müharibə” planı baş tutmadı. Bu halda biz ilkin nəticələri görəcəyik. - Belə çıxır ki, Putin, ABŞ başda olmaqla, kollektiv Qərbin strateji tələsinə düşdü.

- Türkiyənin bu prosesdə rolu nədən ibarətdir?

- Qısaca deyim ki, Ukraynaya ən ciddi yardım edən üç dövlət var: ABŞ, Britaniya və Türkiyə. Fransızlar isə yeni qərar qəbul ediblər. Paris öncə diplomatik sahədə liderliyi üzərinə götürmək istədi. Amma gördülər ki, BMT Təhlükəsizlik Şurasında Rusiya-Ukrayna məsələsi müzakirə edildiyi, rus diplomatın iclasa sədrlik etdiyi vaxtda Putin müharibə əmri verdi. Bu Paris üçün siqnal oldu. Odur ki, indi Paris tələsəcək. Artıq Ukraynaya silah göndərirlər.

Yeri gəlmişkən, ən ciddi məsələlərdən biri kimi Finlandiya və İsveçin NATO üzvlüyünə qəbul məsələsinin gündəmə gəlməsidir. Məncə, bu Putinin Ukrayna avantürasına ciddi zərbə olacaq. Eləcə də Avropa Birliyində Ukraynanın üzvlüyə qəbul edilməsinə dair müzakirələrin başlaması güclü mesaj olacaq. Eyni zamanda Ukraynaya hava hücumundan müdafiə silahlarının verilməsi. Məncə, bunlar ciddi əlamətlər olacaq.

Rasim ƏLİYEV

“AzPolitika.info”



Ana səhifəyə qayıt        Baxış: 3 910          Tarix: 27-02-2022, 18:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma